ACF iki illik fəaliyyəti və gələcək strategiyalar barədə hesabat verdi

ACF iki illik fəaliyyəti və gələcək strategiyalar barədə hesabat verdi

İyulun 16-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Rəşad Rəsullu  federasiyanın son 2 illik fəaliyyəti ilə bağlı məlumat verib. 
Bildirilib ki, Azərbaycanda cüdo idman növü ilə məşğul olanların sayı ötən illərlə müqayisədə artıb. Belə ki, 2024-cü ilin iyul ayına olan göstəriciyə əsasən ölkədə 19 min 454 idmançı cüdo ilə məşğul olur.  2022-ci ilin noyabr ayında isə bu rəqəm 16 min 27 olub. Federasiya rəsmisi qız cüdoçuların da sayında artım olduğunu vurğulayıb.
Rəşad Rəsullu həmçinin Azərbaycan Cüdo Federasiyasının 2022-ci ildən bu günə qədər Bakı və rayonlarda 86 idman zalına 6214 tataminin paylaşıldığını deyib. Federasiya rəsmisi həmçinin onu da qeyd edib ki, 1224 yeniyetmə və gənc idmançıya pulsuz məşq etməsi üçün federasiya rəhbərliyi tərəfindən şərait yaradılıb.
Azərbaycan Cüdo Federasiyasının 36 ay ərzində 106 təlim və seminar təşkil etdiyini deyən Rəşad Rəsullu bildirib ki, 130 məşqçi Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının müvafiq sertifikatını əldə edib. O, 68 mütəxəssisin təhsil aldığını, 250 məşqçinin isə müvafiq sertifikat almasını hədəfləndiyini vurğulayıb. 
Tədbirin gedişində həmçinin Azərbaycan Cüdo Federasiyası 2024-2028-ci illər üçün strategiyası da təqdim edilib. 
Rəşad Rəsullu bu barədə danışarkən qeyd edib ki, qarşıda duran ən əsas məqsəd Azərbaycanı cüdo üzrə dünyanın qabaqcıl ölkələrindən birinə çevirməkdir.
O, həmçinin 4 illik inkişaf planında 3 strateji istiqamət və dəstəkləyici amilləri açıqlayıb.
Strateji istiqamətlər kütləviliyin artırılması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi, elit idmanda nailiyyətlərin yaxşılaşdırılmasıdır.
Rəşad Rəsullu həmçinin çıxışında Paris-2024 Yay Olimpiya Oyunlarına 9 lisenziya qazandığını və hər bir idmançıya inandıqlarını bildirib.  
Federasiya rəsmisi çıxışında həmçinin Azərbaycanın və Gürcüstanın Cüdo federasiyaları arasında müxtəlif yaş qrupları üçün liqa təşkil ediləcəyi ilə bağlı məlumat verib. O, artıq bununla bağlı ilkin razılığın əldə olunduğunu, liqada 8 komandanın olacağını söyləyib.
Rəşad Rəsullu çıxışının sonunda media nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
Sonra Azərbaycan Cüdo Federasiyasının sosial layihələr (“Doğru yol budur!”, Adaptiv cüdo, “Qızlara ağ yaraşır”, “Söz verirəm”) barədə məlumat verilib. 
Rəsmi çıxışlardan sonra Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan cüdoçularla bağlı video çarx nümayiş olunub. 
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.