Dilqəm Quliyev: “Vətənə sevgi təkcə sözlə deyil, əməl ilə sübut olunur” - MÜSAHİBƏ

Dilqəm Quliyev: “Vətənə sevgi təkcə sözlə deyil, əməl ilə sübut olunur” - MÜSAHİBƏ

Azərbaycanın idman və pedaqogika tarixində iz qoyan, həyatını bədən tərbiyəsi və elmin inkişafına həsr edən görkəmli alim, pedaqogika üzrə elmlər doktoru, professor, Prezident təqaüdçüsü, “Tərəqqi” medallı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Dilqəm Quliyev bu günlərdə 75 illik yubileyini və 50 illik elmi-pedaqoji fəaliyyətini qeyd edir.
Yüzlərlə elmi-pedaqoji əsərin, onlarla dərslik, monoqrafiya, metodik və tədris vəsaitlərinin müəllifi olan professor Dilqəm Quliyev Azərbaycan idman təhsilinin formalaşması və inkişafında xidmətlər göstərib.
Bu münasibətlə onunla keçdiyi zəngin həyat yolu, elmi uğurları və ictimai fəaliyyəti barədə söhbətləşdik. Yubilyarla həmin müsahibəni oxuculara təqdim edirik.

 - Dilqəm müəllim, Sizi 75 illik yubiley münasibətilə təbrik edirik. İstərdik ki, söhbətimizə uşaqlıq və ilk təhsil illərinizdən başlayaq.
 - 1950-ci il avqustun 6-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşam. İlk təhsilimi 1958-1967-ci illərdə doğma kəndimizdə - Şahtaxtı kənd orta məktəbində almışam. Hələ o dövrdən idmana, xüsusən də güləşə marağım böyük idi.
 
- Ali təhsil və idmanla ilk ciddi tanışlığınız necə başladı?
- Orta məktəbdən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul oldum, sonra isə hərbi xidmətə çağırıldım. 1968-1970-ci illərdə Lipetsk şəhərində xidmət etdim. Maraqlıdır ki, məhz hərbi xidmətdə olarkən beşnövçülük üzrə idman ustası normasını yerinə yetirdim. 1972-ci ildə sərbəst güləş üzrə də idman ustası oldum. O illərdə Bakı Maliyyə-Kredit Texnikumunu da bitirmişdim. Texnikumu bitirdikdən sonra bir müddət doğma kəndimizdə Şahtaxtıda əmək haqqı üzrə mühasib kimi işə başladım. Elə həmin illərdə, 1973-1974-cü illərdə Naxçıvan Muxtar Respublikası Rayon Xalq Maarif Şöbəsində baş mühasib vəzifəsində çalışdım. Amma idmandan uzaq qala bilmirdim. 1972-1974-cü illərdə əvəzçilik əsasında Naxçıvan MR “Spartak” Könüllü İdman Cəmiyyətində sərbəst güləş üzrə məşqçi kimi fəaliyyət göstərdim. Gənclərlə işləmək, onları yarışlara hazırlamaq mənə xüsusi ruh verirdi. Nəhayət, 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan İdman Akademiyası) qəbul oldum və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdim.
   
- Elmi fəaliyyətiniz necə formalaşdı?
- Akademik həyatım 1978-ci ildən başlayır. Bitirdiyim institutda əvvəlcə baş laborant, sonra müəllim, baş müəllim kimi çalışdım. Daha sonra, uzun illər akademiyada prorektor vəzifələrində oldum. 1984-cü ildən elmi araşdırmalara başladım və 2017-ci ildə bədən tərbiyəsi və idman sahəsində ölkədə ilk dəfə elmlər doktoru dissertasiyası müdafiə etdim. Dissertasiyam müstəqillik dövründə idmanın inkişaf istiqamətlərinə həsr olunmuşdu.
  
- Elmi yaradıcılığınız olduqca zəngindir. Bu qədər işin öhdəsindən necə gəlmisiniz?
- Fəaliyyətimin böyük bir hissəsini elmi tədqiqatlara həsr etmişəm. Bu illər ərzində elmi-publisistik fəaliyyətim kifayət qədər geniş olub. Hazırda 500-dən çox elmi və publisistik əsərim, 300-ə yaxın qəzet məqaləm işıq üzü görüb. Bunlardan 200-dən çoxu kitab formasındadır. Eyni zamanda 11 dərslik, 35 monoqrafiya, 21 metodik vəsait, 10 metodiki göstərici müəllifliyimlə nəşr olunub. Əsərlərim təkcə Azərbaycanda deyil, Rusiya, Polşa, Türkiyə, Yunanıstan və digər ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilib.
 
- Dilqəm müəllim, elmi-pedaqoji fəaliyyətinizin 50 illiyi tamam olur. Elmi rəhbərlik fəaliyyətiniz və bu sahədəki təcrübəniz necə formalaşdı?
- 2000-ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə dissertant və aspirantlara elmi rəhbərlik etmək səlahiyyəti qazandım. Bu illər ərzində 27 nəfərə elmi rəhbərlik etmiş, 2 nəfərin dissertasiyasına opponentlik etmişəm. Rəhbərlik etdiyim tədqiqatlar əsasən fiziki tərbiyənin aktual məsələlərinə həsr olunub. Bu gün həmin dissertantlar ölkəmizdə və xaricdə elmi fəaliyyət göstərirlər.
 
- İctimai fəaliyyətiniz də olduqca genişdir. Bu sahədəki yolunuz sizin üçün nə məna daşıyır və hansı uğurları xüsusilə qeyd etmək istərdiniz?
- İlk təltiflərim 1994-cü ilə təsadüf edir. Həmin il mənə “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” və “Bədən Tərbiyəsi və İdman Əlaçısı” fəxri adları verildi. Elə həmin ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundum. Eyni zamanda, Türkiyənin nüfuzlu Mərmərə Universitetinin doktoru, professor Ahmət Həmdi Turqut adına xüsusi təqaüdə layiq görüldüm. Bu mənim beynəlxalq elmi ictimaiyyətdə tanınmağımın başlanğıcı idi. 1996-cı ildə mənə “Əməkdar məşqçi” fəxri adı verildi. 1998-ci ildən Azərbaycan Olimpiya Akademiyasında “Kütləvi İdman” bölməsinin sədri, elə həmin ildən də AİA-nın “İdmançı” qəzetinin baş redaktoruyam. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün böyük şərəf idi. 2004-cü ildə mənə professor elmi adı verildi və elə həmin il Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsində məqalələrim dərc olundu. 2006-cı ildə isə daha bir yüksək təltifə - “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görüldüm. 2018-ci ildə isə “İlin elm adamı” seçilməyim mənim üçün xüsusi dəyər daşıyır.
   
- Bütün bunlarla yanaşı, vətənpərvərlik fəaliyyətinizdə də fəallıq göstərmisiniz. Bu istiqamətdə gördüyünüz işləri necə xatırlayırsınız?
- 1989-cu ildə könüllü olaraq Ağdam, Xocalı və Şuşada fəaliyyət göstərdik. 30 min rubl qazancımızı köçkünlər üçün xərclədik. Qarabağ müharibəsi zamanı şəhid ailələrinə yardımlar etdik, tədbirlər keçirdik. “Şəhid idmançılar” (1995), “Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” (1996), “XX əsrin qan yaddaşı” (1998), “Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili” (2007), “İlqar İsmayılovun şəhidlik zirvəsi - 50”, Etibar Quliyev və Aytən Quliyevanın həmmüəllifliyi ilə “Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım”, “Xocalım sağalmaz yaram mənim” və başqa kitablar yazmışam.  Azərbaycan KİVNİH rəhbərliyi həmin kitablara görə məni general Həzi Aslanov adına fəxri diplomla (1995), “Nailiyyət” (1995) mükafatı ilə təltif edib.
   
- Siz həm də bir çox kitabların, dərsliklərin müəllifisiniz. Bunlar arasında hansı əsərlər xüsusi əhəmiyyət daşıyır?
- Tədqiqatlarıma uyğun çoxsaylı elmi-pedaqoji ədəbiyyatlar araşdırıb, “Şəhid idmançılar” (1995), “XX əsrin qan yaddaşı” (1998), “Azərbaycan ulduzları Olimpiya Oyunlarında” (1996), “Bədən tərbiyəsi və idmana dövlət qayğısı” (2001) mövzusunda yazılmış bu və ya digər kitabları xalqımızın ümummilli lideri Heydər Əliyevə, “Azərbaycanda cüdo” (2002), “Azərbaycan idmanının dünəni və bu günü” (2003), “İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu” (1997-2007) və b. kitabları isə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən təqdim etmişəm və yüksək mükafatlara layiq görülmüşəm. Bu kitablar ölkənin idman tarixini əks etdirən mühüm mənbələrdir. “Şair qəlbli qəhrəman”, “Tələsmə könlüm” adlı məqalələrim rus dilində olan məktəblərin 9-cu sinif dərsliklərində (Bakı-2009) və ibtidai siniflərdə folklor materiallarının öyrədilməsi metodikasında (Bakı-2000) çap olunub.
Müəllifi olduğum “Azərbaycanın ustad pəhləvanları”, “İdman və Olimpiya Oyunlarında İlham Əliyevin rolu”, “Azərbaycan idmanının dünəni və bu günü”, “Helsinkidən başlayan yol”, “Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və başqa kitablar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Dövlət Qulluğuna qəbul testlərində istifadə olunan ədəbiyyatların siyahısına daxil edilib. Bundan böyük təqdir ola bilməz. Həmçinin həyatım haqqında publisist şair Tapdıq Əlibəylinin müəllifliyi ilə “Yol gedənindir” - 50, (2000), Tapdıq Əlibəyli və Etibar Quliyevin həmmüəllifliyi  ilə “Nurlu insan” - 60 adlı kitablar yazılıb.
 
- Qarabağla bağlı yazdığınız kitablar və iştirak etdiyiniz səfərlər haqqında nə deyə bilərsiniz?
- Qarabağda üç dəfə olmuşam. İlk dəfə 1989-cu ildə könüllü döyüşçü kimi Şuşada. Sonrakı illərdə “Qarabağın idman tarixi” kitabımın təqdimatını Bülbülün ev muzeyində keçirdik. Xankəndidə Qarabağ Universitetinə kitabımı təqdim etdim. Bu səfərlər həm tarixi borc, həm də mənəvi rahatlıq idi.
 
- Dilqəm müəllim, gənclərə nələri tövsiyə edərdiniz?
- Gənclərə üz tuturaq demək istəyirəm ki, oxuyun, öyrənin, xalqa, dövlətə sadiq olun. Vətənə sevgi təkcə sözlə deyil, əməl ilə sübut olunur. Hər zaman Vətənə xidmət amalı başlıca olmalıdır. Mən bütün həyatım boyu bu prinsiplərlə yaşamışam, yaşayıram və yaşamağa davam edəcəyəm.

- Dilqəm müəllim, redaksiyamız adından Sizi 75 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və gələcək elmi-pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
- Çox sağ olun. Mən də öz növbəmdə göstərdiyiniz diqqət və dəyərə görə redaksiyanızın rəhbərliyinə və yaradıcı kollektivinə dərin minnətdarlığımı bildirirəm.

Azər Əlizadə

Dilqəm Quliyev: “Vətənə sevgi təkcə sözlə deyil, əməl ilə sübut olunur” - MÜSAHİBƏ