Adı: Zeyd
Soyadı: Ələsgərov
Təvəllüdü: 22.02.2008
İdman növü: cüdo
Çəkisi: -60 kq
Nailiyyətləri: Avropa Kubokunda I yer (Samorin, 2025), Avropa Kubokunda III yer (Tbilisi, 2025), Avropa Kubokunda I yer (Quba, 2025), Yeniyetmələr arasında Avropa çempionatında I yer (Skopye, 2025), XVIII Avropa Gənclər Olimpiya Festivalında (Skopye-2025) II yer.
İdmanda istedad, zəhmət və düzgün istiqamət bir araya gələndə nəticə özünü çox gözlətmir. Son illər yeniyetmə cüdoçularımızın beynəlxalq arenada qazandığı uğurlar Azərbaycan cüdosunun bu sahədə necə sistemli şəkildə irəlilədiyini açıq şəkildə nümayiş etdirir. Bu uğurların qəhrəmanlarından biri də yeniyetmələr arasında Avropa çempionu, EYOF-2025-in gümüş medalçısı Zeyd Ələsgərovdur.
Zeyd 6 yaşından cüdo ilə məşğul olmağa başlayıb və qısa müddətdə böyük potensial nümayiş etdirərək, həm yerli, həm də beynəlxalq turnirlərdə yadda qalan nəticələr əldə edib. O, bu yaxınlarda Şimali Makedoniyanın Skopye şəhərində keçirilən XVIII Avropa Gənclər Olimpiya Festivalında -60 kq çəki dərəcəsində ölkəmizin bayraqdarı kimi çıxış etdiyi mötəbər yarışı gümüş medalla başa vurdu. Zəhmətkeşliyi, mübarizliyi, taktiki və fiziki hazırlığı ilə seçilən bu yeniyetmə cüdoçu artıq növbəti böyük hədəfi olan dünya çempionatına hazırlaşır.
Zeyd Ələsgərov Olimpnews.az saytının oxucuları üçün idman karyerasının vacib mərhələləri, EYOF təəssüratları və gələcək planları barədə səmimi fikirlərini bölüşüb.
- Zeyd, istərdik söhbətimizə cüdoya gəlişinlə başlayaq. Əvvəldən cüdo ilə məşğul olmusan, yoxsa birbaşa bu idman növünü seçmisən?
- İdmana 6 yaşımdan atamın təşəbbüsü ilə başlamışam. O, uzun illər karate ilə məşğul olub və idmana böyük maraq göstərib. Məni və böyük qardaşımı da idmana yönəltdi. İlk gündən cüdoya maraq göstərdim və bu sahədə inkişaf etməyə başladım. Yarışlarda ardıcıl nəticələr əldə etdikcə motivasiyam daha da artdı. Bu uğurları görən atam da daim yanımda oldu, məni ruhlandırdı və dəstəklədi.
- Skopye-2025-dəki uğur münasibətilə səni təbrik edirik. Bilirik ki, hər yarış bir idmançının yaddaşında fərqli iz buraxır. Bəs EYOF-2025 sənin üçün nə ilə yadda qaldı?
- Təşəkkür edirəm. EYOF-2025 yaddaşımda yüksək təşkilatçılıq səviyyəsi və olduqca gərgin idman mübarizələri ilə qaldı. Hətta qeyd edə bilərəm ki, bir ay əvvəl iştirak etdiyim Avropa çempionatı ilə müqayisədə bu yarışda qarşılaşmalar daha məsuliyyətli və çətin keçdi. Bundan başqa festivalın açılış mərasimində Azərbaycan bayrağını daşıyan idmançılardan biri olmaq mənim üçün böyük qürur anı idi. EYOF yarışları elə turnirlərdəndir ki, bir idmançı karyerasında ən yaxşı halda bir-iki dəfə bu festivallarda iştirak etmək şansına nail olur. Bu baxımdan Skopye-2025 mənim üçün təkcə idman uğuru ilə deyil, həm də unudulmaz emosiyalar və zəngin xatirələrlə əlamətdar oldu.
- Festivalda finala gedən yola birlikdə nəzər salaq. Turnirin ən çətin qarşılaşması yəqin ki, Gürcüstan təmsilçisi ilə oldu. Bu görüşdə 6 dəqiqədən çox davam edən “qızıl xal” mübarizəsi barədə nə deyə bilərsən?
- İlk görüşdə italiyalı rəqibim üzərində ipponla qələbə qazandım. Növbəti mərhələdə çexiyalı idmançını da ipponla məğlub edərək, yarımfinala yüksəldim. Həmin mərhələdə isə yarışın ən çətin görüşü sayılan Gürcüstan idmançısı ilə üz-üzə gəldim. Qeyd etdiyiniz kimi, bu görüş 6 dəqiqədən çox “qızıl xal” mübarizəsi ilə davam etdi və yekunda yuka xalı ilə qalib gəldim. Ümumilikdə həmin idmançı ilə 10 dəqiqədən çox güləşdim. EYOF yarışından bir ay əvvəl, elə Skopyedə keçirilən Avropa çempionatının finalında da bu gürcü idmançıya qalib gəlmişdim. Məşqçilərim həmin görüşə əsaslanaraq, məni xüsusi taktiki hazırlıqla bu qarşılaşmaya kökləmişdilər. Düzü, görüş çətin keçdi, amma nəticədə rəqibə bu dəfə də qalib gəldim.
- Əslində həmin görüşdə müəyyən hakim ədalətsizliyi də müşahidə olundu. Bir neçə fənd yerinə yetirsən də, xal verilmədi. Amma sonda qalib gəldin.
- Bəli, həmin qarşılaşmada haqsızlıqlar açıq şəkildə hiss olunurdu. Mən daim hücum edən, aktiv güləşən tərəf idim. Rəqib isə əsasən müdafiəyə çəkilir, passiv güləşməyə üstünlük verirdi. Buna baxmayaraq, ona xəbərdarlıq (şido) verilməli olduğu vəziyyətlərdə qərar çıxarılmadı, əvəzində isə mənə xəbərdarlıq verildi. Məşqçilərim də bu ədalətsiz qərarlara etiraz etdilər. Mən özüm də döyüş zamanı bu haqsızlığı hiss edirdim. Başa düşürdüm ki, yalnız fənd atmalıyam ki, qalib gəlim. Dəqiqələr keçdikcə yorğunluq özünü göstərməyə başlayırdı. Nəzərə alsaq ki, görüş 10 dəqiqədən çox davam etdi, bu həm fiziki, həm də psixoloji baxımdan böyük gərginlik tələb edirdi. Amma Allaha şükür edirəm ki, sonda bu haqsızlıq cavabsız qalmadı. Rəqibim üzərində qələbə qazandım. Bu qələbə ilə təkcə rəqibə yox, həm də ədalətsiz qərarlara layiqli cavab verdim.
- Finalda ukraynalı Xəzər Heydarovla qarşılaşdın. Qızıl medal üçün nə çatmadı? Axı cəmi 27 gün əvvəl elə həmin məkanda Avropa çempionu olmuşdun.
- Düzünü desəm, yarımfinal qarşılaşması bütün gücümü aldı. Həmin görüş yarışın ən uzun və gərgin döyüşlərindən biri oldu. Bu səbəbdən finalda fiziki yorğunluq özünü açıq şəkildə göstərdi. Yorğunluq təkcə əzələlərdə deyil, ümumi ritmdə hiss olunurdu. Finalda öz potensialımı tam nümayiş etdirə bilmədim. Xəzər Heydarovla ilk dəfə idi ki, qarşılaşırdım. Döyüş zamanı komanda yoldaşlarım da bildirirdilər ki, mən öz tipik güləş tərzimi nümayiş etdirə bilmədim. Əllərim və ayaqlarım sanki donmuşdu, reaksiyalarım zəifləmişdi. Bu da nəticəyə birbaşa təsir göstərdi. Amma bütün bunlara baxmayaraq, finala qədər gəlib çatmaq və gümüş medal qazanmaq da mənim üçün önəmli təcrübə və dəyərli nəticə oldu.
- Final qarşılaşmasından sonra bir-birinizi qucaqladınız. Bu anın emosional tərəfi ilə bağlı nə deyə bilərsən?
- Xəzər özü də azərbaycanlıdır. Hərçənd bu yarışda fərqli komandaları təmsil edirdik, amma tatamidən kənarda çox yaxın dostuq. Aramızda sağlam rəqabət var. Final qarşılaşmasından sonra bir-birimizi qucaqlayıb təbrik etdik, hətta bir az da söhbət etdik. Mən onun xətrini çox istəyirəm. Bir idmançı kimi davranışını və insanlığını yüksək qiymətləndirirəm. Bu, idmanın gözəlliyidir. Rəqib olsaq da, dostluq və qarşılıqlı hörmət hər şeydən vacibdir.
- Skopye-2025 festivalının təşkilati tərəfləri barədə nə deyə bilərsən? Yarış mühiti, infrastruktur və ümumi təşkilatçılıq səviyyəsi səni qane etdimi?
- Ümumilikdə təşkilatçılıq yüksək səviyyədə idi. İdmançılar üçün yaradılan şərait, yerləşdiyimiz hotel, məişət imkanları və yarışların keçirildiyi arena tam qənaətbəxş idi. Bütün bu amillər idmançıların özünü rahat hiss etməsinə və yüksək nəticə göstərməsinə şərait yaradırdı.
- 2025-ci ilin indiyədək sənin üçün kifayət qədər uğurlu keçdiyini söyləmək olar. Bu ili necə dəyərləndirirsən?
- Bəli, bu il iştirak etdiyim bütün yarışlardan yüksək nəticələrlə qayıtdım. Deyə bilərəm ki, 2025-ci il indiyədək karyeramın ən düşərli illərindən biri olub. Hələ 2024-cü ilin sonunda Salonikidə keçirilən Avropa Kubokunda çempion oldum. Ardınca bu ilin əvvəlində Samorində təşkil olunan Avropa Kubokunda da qızıl medala sahib çıxdım. Daha sonra Tbilisidə keçirilən Avropa Kubokunda bürünc, Qubada təşkil olunan həmin yarışda isə yenidən qızıl medal qazandım. İyun ayında isə Skopyedə təşkil olunan Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdım. Bu nəticələr mənim üçün həm böyük təcrübə, həm də növbəti məqsədlərim üçün güclü motivasiya oldu.
- İstərdik ki, bir qədər də qarşıdakı hədəflərindən danışasan.
- Qeyd etdiyim ki, bu il mənim üçün kifayət qədər uğurlu keçir. İştirak etdiyim bütün turnirlərdə yüksək nəticələr qazanmışam. Qarşıdan isə daha bir məsuliyyətli yarış - yeniyetmələr arasında keçiriləcək dünya çempionatı gəlir. Avqustun sonlarında Bolqarıstanın paytaxtı Sofiyada təşkil təşkil olunacaq bu mötəbər turnirdə Azərbaycanı -60 kq çəki dərəcəsində təmsil edəcəyəm. Hədəfim yalnız qızıl medal qazanmaqdır. Çox çalışıram və inanıram ki, bu yarış mənim üçün də, ölkəmiz üçün də uğurlu olacaq.
- Cüdoda ideal hesab etdiyin və özünə nümunə götürdüyün idmançı kimdir?
- Gələcəkdə özümü böyüklər arasında dünya, Avropa və Olimpiya çempionu kimi görmək istəyirəm. Bu, mənim ən böyük arzularımdandır və bu istiqamətdə səylə çalışıram. Cüdoda nümunə götürdüyüm şəxslərdən biri isə şəxsi məşqçim İlqar Müşkiyevdir. O, dünya arenasında böyük təcrübəyə malik idmançıdır və bu gün də həmin bilik və təcrübəsini bizimlə bölüşür. Ondan motivasiya alıram, onun yolu mənim üçün örnəkdir. Ümid edirəm ki, gələcəkdə adımı beynəlxalq arenalarda, ən yüksək zirvələrdə eşidəcəksiniz.
- Bu uğurun əldə olunmasında sənə dəstək olan insanlara, ailən, müəllimlərin və dostlarına nə demək istərdin?
- Hər yarışdan sonra ilk növbədə məni cüdoya gətirən və hər an yanımda olan atamla, anamla əlaqə saxlayıram. Onlar çətin anlarımda mənə böyük dayaq olublar. Daha sonra şəxsi məşqçim İlqar Müşkiyev ilə danışır, məsləhətlərini alıram. Fürsətdən istifadə edərək yeniyetmə oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Emin İsgəndərov, məşqçi Nicat Şıxəlizadəyə xüsusi minnətdarlığımı bildirirəm. Onların üzərimdə böyük zəhmətləri var. Həmçinin Anar və Şahin həkimlərə də dərin təşəkkürümü çatdırıram. Bundan başqa, Milli Olimpiya Komitəsinə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə və bütün komanda heyətinə yüksək səviyyədə hazırlıq və dəstək üçün təşəkkür edirəm. Onların peşəkarlığı və diqqəti mənim uğurlarımda böyük rol oynayır.
Azər Əlizadə