Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunları güləşçilərimizin uğurlu çıxışları ilə yadda qaldı. Belə ki, pəhləvanlarımız ümumilikdə 3 qızıl, 2 gümüş medal əldə etdilər. Sərbəst güləşçilərimiz İqbal Hacızadə (100 kq) və Teymur Məmmədov (63 kq) bütün rəqiblərini üstələyərək Olimpiya çempionu adını qazandılar. Yunan-Roma güləşçilərimizin də nəticələri uğurlu oldu. Belə ki, İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov isə gümüş medala sahib çıxdı. Qadın güləşçimiz Leyla Qurbanova (52 kq) da gümüş medal əldə etdi. Bu uğurlar güləş idman növünün ölkəmizdə yüksək səviyyəli inkişafını bir daha sübuta yetirir. Xatırladaq ki, güləşçilərimiz Nankin Yay Olimpiya Oyunlarına vəsiqələri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qazanmışdılar.
Bugünlərdə Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovla görüşərək, Azərbaycan güləşçilərinin Nankində keçirilən II Yay Olimpiya Oyunlarındakı çıxışları ilə bağlı söhbət etdik.
- Azərbaycan güləşçilərinin Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında çıxışlarını necə qiymətləndirərdiniz?
- Yeniyetmə güləşçilərimiz hər zaman yüksək nəticələr əldə ediblər. Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında da onlara bəslənilən ümidləri doğrultdular. Nankində qazanılan uğur ölkəmizdə güləşin yüksək səviyyədə inkişafını bir daha nümayiş etdirdi. Bu nəticə göstərdi ki, gənclərdən ibarət yığma komandamızın heyətində istedadlı, perspektivli güləşçilər var. Bu yaş qrupu üzrə ehtiyat qüvvənin formalaşması Azərbaycan güləşinin parlaq gələcəyindən xəbər verir. Bilirsiniz ki, Nankində güləş üzrə yarışlarda 5 idmançımız qüvvəsini sınadı. Onlardan 3-ü Olimpiya çempionu tituluna layiq görüldü, 2-si gümüş medal əldə etdi. Bu, yüksək nəticədir.
- Ümumilikdə Azərbaycan komandasının Nankindəki çıxışları ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Komandamız yüksək səviyyəli çıxışını qazandığı medallarla bir daha nümayiş etdirdi. Sinqapur-2010 Olimpiya Oyunları ilə müqayisədə, olimpiyaçılarımız medalların sayını 8-dən 12-yə çatdırdılar. Nankində əldə olunan nəticə, 200-dən çox ölkə arasında komandamızın ilk 10-luqda yer alması Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübuta yetirdi. Xatırladım ki, budəfəki oyunlarda idmançılarımız daha çox sayda idman növündə medal qazandılar. Yeniyetmə olimpiyaçılarımız boks, cüdo, taekvondo, avarçəkmə, güləş, atletika idman növlərində medallara sahib çıxdılar. İlk dəfə Olimpiya oyunlarında taekvondo, avarçəkmə, atletika idman növlərində medalların əldə olunması bizi sevindirir. Bu, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu gün ölkəmizdə ən mötəbər yarışlar keçirilir, təmsilçilərimiz bu yarışlarda medallar qazanırlar. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib.
- Əjdər müəllim, güləşçilərimiz Nankində inamla şəkildə mübarizə apardılar. Siz onların yarışlarını birbaşa izləyirdiniz. Bir mütəxəssis kimi pəhləvanlarımızın çıxışlarını necə şərh edərdiniz?
- Azərbaycanın idman ictimaiyyəti güləşçilərimizdən yüksək uğur gözləyirdi. Sevindirici haldır ki, komandamızın hər bir üzvü döşək üzərinə özünə inamlı, qələbə əhval ruhiyyəsi ilə çıxdı. Yunan-Roma güləşi üzrə təmsilçimiz İslambek Dadov finalda parlaq çıxışı ilə rəqibi üzərində 3:0 hesablı qələbə qazandı. Ümumiyyətlə, İslambek rəqiblərinə, demək olar ki, aman vermədi. O, bütün rəqiblərini böyük xal fərqi ilə üstələdi. Cabbar da qızıl medal qazanmağa çox yaxın idi. Qadın güləşçimiz Leyla Qurbanovanın da çıxışı uğurlu oldu. Sərbəst güləşçilərimiz isə inamlı çıxışları ilə ümidlərimizi tam doğrultdular. Teymur Məmmədov və İqbal Hacızadə bütün rəqibləri ilə inamla mübarizə apardılar və Olimpiya çempionu oldular. Xüsusilə qeyd etmək istərdim ki, Olimpiya çempionu olan güləşçilərimizin keçirdikləri bütün görüşlər ərzində rəqiblərinə böyük üstünlüklə qalib gəlmələri və heç bir xal verməmələri yüksək hazırlığın nəticəsidir.
Qürur hissi ilə deyə bilərəm ki, bu gün digər ölkələrin təmsilçiləri Azərbaycan güləşçilərini güclü rəqib kimi qəbul edir, pəhləvanlarımızdan çəkinirlər. Hər bir yarışda Azərbaycan güləşçiləri döşək üzərinə medallara iddialı, potensial rəqib kimi çıxırlar.
- Yəqin ki, əldə olunan uğur Azərbaycan Güləş Federasiyası rəhbərliyinin bu növə göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
- Güləşə göstərilən dövlət qayğısı güləşçilərimizin dünya arenalarındakı uğurlarının get-gedə artmasına şərait yaradır. Eyni zamanda, Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi də daim güləşçilərimizi diqqətdə saxlayır.
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov və AGF-ın I vitse-prezidenti Namiq Əliyev tərəfindən pəhləvanlarımız üçün hər cür şərait yaradılıb. Federasiyanın rəhbərliyi tərəfindən yeniyetmə güləşçilərimizə xüsusi qayğı ilə yanaşılır, onların çıxışları daim nəzarətdə saxlanılır. Etiraf edim ki, yeniyetmə güləşçilərimizdən hər zaman uğurlu nəticələr gözləyirik. Məlum olduğu kimi, böyük idmanın təməli yeniyetmə idmanından başlanır. Məhz buna görə də federasiya rəhbərliyi tərəfindən yeniyetmə və gənc güləşçilərin inkişafı proqramı təsdiqləndi və bu gün uğurla icra edilir. Çünki yeniyetmə idmanının hərtərəfli inkişafı gələcək uğurlardan xəbər verir.
Təsadüfi deyil ki, bu gün Azərbaycan güləşi dünya reytinqində ən yüksək pillələrdə yer alır. İnanıram ki, güləşçilərimiz bundan sonra da Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edəcəklər.
- Yeniyetmələr arasında Olimpiya oyunları kimi mötəbər yarışların keçirilməsini necə dəyərləndirirsiniz?
- Bu yarışın əhəmiyyəti təkcə qazanılan medallarla ölçülməməlidir. Əsas odur ki, yeniyetmə idmançılarımız bu cür yarışlarda iştirak etməklə təcrübə qazanırlar. Kiçik yaşlarından belə möhtəşəm yarışda iştirak edən idmançılar Olimpiya Hərəkatı haqqında geniş təsəvvürə malik olur, Olimpiya həyəcanını yaşayırlar. Bu isə böyük idmana gedən yolda stimuldur. Bu gün yeniyetmələr arasında yarışlarda çıxış edən idmançılar sonradan böyüklər arasında yarışlarda qüvvələrini sınayırlar. Yeniyetmələr arasında Olimpiya oyunlarında iştirak böyüklərdən ibarət yığmaya keçməyə hazırlaşan idmançılara əlavə üstünlük qazandırır. Ümumiyyətlə, Olimpiya oyunlarının təşkili dostluğa, sülhə, xidmət edir. Oyunların təşkilində məqsəd xalqlar arasında dostluq yaratmaqla yanaşı həm də, uşaqların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaqdır.
- Ümumilikdə 2014-cü ilin geridə qalan ayları Azərbaycan güləşi üçün hansı uğurlarla yadda qalıb?
- Xatırladım ki, bu il yeniyetmə və gənc güləşçilərimiz Avropa və dünya çempionatlarında uğurlu nəticələr qazanıblar. Məhz builki nəticələrə əsasən pəhləvanlarımızın Nankində uğurlu çıxış edəcəklərini proqnozlaşdırmaq mümkün idi. Yeniyetmə güləşçilərimizin Olimpiya oyunlarında qazandıqları bu nailiyyət, bütövlükdə Azərbaycan Güləş Federasiyasının sistemli və düzgün istiqamətli fəaliyyətinin nəticəsi olmaqla yanaşı, həm də Azərbaycan güləşinin gələcəyinin etibarlı əllərdə olduğunun göstəricisidir. Güləşçilərimiz bu il iştirak etdikləri mötəbər beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında yüksək əyarlı medallar qazanıblar. Bu ilin 8 ayı ərzində, güləşçilərimiz tərəfindən ümumilikdə 282 medal qazanılıb. Bunların 72-si böyüklərdən, qalanı isə gənc və yeniyetmələrdən ibarət komandalarımızın payına düşür. Qazanılan medallardan 100-ü qızıl, 76-sı gümüş, 106-sı isə bürüncdür.
Yeri gəlmişkən, bu ilin may ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya kuboku yarışarında Azərbaycan milli komandası güləş tariximizdə yeni səhifə yazmağı bacardı. Güləşçilərimiz tarixdə ilk dəfə Dünya kuboku yarışlarında 3-cü yeri tutaraq, bürünc medala sahib oldular.
Qarşıda bizi ilin ən böyük yarışı - böyüklər arasında dünya çempionatı gözləyir. İnanıram ki, güləşçilərimiz bu mötəbər yarışda da inamla çıxış edərək, uğurlu çıxışları ilə xalqımızı sevindirəcəklər.
Aysel Sultanova