ADBTİA-da elmi-praktiki konfrans keçirilmişdir

ADBTİA-da elmi-praktiki konfrans keçirilmişdir



03-04 iyul 2018-il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında «MÜASİR DÖVRDƏ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANIN İNKİŞAF PERSPEKTİVLƏRİ» mövzusunda professor–müəllim heyətinin elmi-praktiki konfransı keçirilmişdir. Tədbirdə ölkənin tanınmış bədən tərbiyəsi və idman xadimləri, Akademiyanın professor-müəllim heyəti iştirak edib. Plenar iclası açıq elan edən Akademiyanın Tədris və Elmi işlər üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru Təhminə Tağı-zadə bu ali təhsil ocağında kadrların hazırlanması sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış, ətraflı fikir mübadiləsi aparmışlar.
Natiq çıxışının sonunda konfrans iştirakçılarına müzakirələrdə fəal iştirak etməyi, ortaya əməli nəticələr qoymağı və bütövlükdə tədris prosesini müasir tələblərə uyğun qurmağa tövsiyə edərək konfransın işinə uğurlar arzulayıb.

Plenar iclasda çıxış edənlərlərin - ADBTİA –nın İdman işləri üzrə rektorun müşaviri, prof. D.Quliyev « Müstəqilliyimiz dövründə ADBTİA-nın tələbələrinin asudə vaxtının təşkili yolları», ADBTİA –nın "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” kafedrasının müdiri, prof. N. Məcidov "Fiziki tərbiyə müəllimi hazırlığının məzmunu», ADBTİA –nın "Kütləvi-sağlamlıq idman növləri” kafedrasının müdiri, prof. E. Nərimanov «Bədii gimnastika üzrə Azərbaycanın yığma komandası üzvlərinin fiziki hazırlığına nəzarət və qiymətləndirmə metodları», ADBTİA –nın Tədris və Elmi işlər üzrə prorektorun elmi işlər üzrə müşaviri, tibb e.n. R.Qabulova «İdmanda qəfləti ölüm», Polis Akademiyasının tədris metodiki şöbəsinin baş inspektoru, polis polkovnik-leytenant p.ü.f.d. H.Şərifov «UGİM – də pedaqoji və metodiki işin modelləşdirilməsi”» və ADBTİA –nın "Sosial elmlər" kafedrasının müəllimi E. Babayeva «Lİnqvistik imperializmin inkişaf faktoru kimi idman sahəsində funksionallaşmasi» adlı məruzələri iştirakçıların marağına səbəb oldu.

Sonra konfrans öz işini 3 elmi bölmədə- Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması, yüksək dərəcəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi, bədən tərbiyəsi və idmanın idarə edilməsi və sosial-iqtisadi aspektləri bölmələrində davam etdirib. Konfransda ümumilikdə 30 yaxın məruzə dinlənilib.
Məruzələrdə fənlərin tədrisinin məqsəd və vəzifələri, mövcud vəziyyəti, aktual problemləri, imkan və perspektivləri, mövcud problemləri, idmançıların qanında müqayisəli tədqiqi, fiziki tərbiyə dərslərinə olan təsirinin tədqiqi, pedaqoji-metodik işin modernləşdirilməsi, təhsildə keyfiyyətin idarə olunmasında beynəlxalq təhsil tədqiqatlarının rolu, valideyn övlad münasibətlərinin yeniyetmənin özünüqiymətləndirməsinə təsiri, tələbələrin asudə vaxtının təşkili yolları, fiziki tərbiyə müəllimi hazırlığının məzmunu, fiziki hazırlığına nəzarət və qiymətləndirmə metodları, İdmanda qəfləti ölüm, lİnqvistik imperializmin inkişaf faktoru kimi idman sahəsində funksionallaşmasi, təlim prosesində yeni öyrənmə modelləri, mənəvi-əxlaqi dəyərlərin təhsilə tətbiqi, ali məktəbdə təhsilin məzmununa texnoloji yanaşmaların xüsusiyyətləri və digər mühüm məqamlar yüksək səviyyədə öz əksini tapıb. Bölmə iclaslarında məruzələr müzakirə edilib, maraqlı və dəyərli təkliflər irəli sürülüb.
Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, yekun qərar qəbul edilib.
Konfransın məqsədi: Müasir dövrdə bədən tərbiyəsi və idmanin inkişaf perspektivlərini aşkarlamaq, aktual problemlərin həlli yollarını müəyyənləşdirmək, elmi baxışları, yanaşmaları və metodları formalaşdırmaq.
ADBTİA –nın İdman işləri üzrə rektorun müşaviri, prof. D.Quliyev məruzəsində "Müstəqilliyimiz dövründə ADBTİA-nın tələbələrinin asudə vaxtının təşkili yolları”ndan danışıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 200 tələbəsi arasında keçirdiyimiz rəy sorğusunun materialları üzrə tələbələrin asudə vaxtdan istifadə etməsinin və bədən tərbiyəsi və idmanın tələbatının onların təhsilindən asılılığı haqqında aşağıdakı rəqəmləri göstərir:



Aparılmış tədqiqat göstərmişdir ki, Akademiyanın I kurs tələbələrin 14,5 faizi kinoya, 1,9 faizi teatra getmiş, 2,5 faizi mühazirədə olmuşlar. Onların 1,5 faizi muzeydə, 2 faizi isə klubda olmuşlar. Akademiyanın IV kurs tələbələri I kursa nisbətən daha aktiv iştirak edirlər. Ümumi I kurs 20%, II kurs 40%, III kurs 60% və IV kurs 80% tədbirlərdə iştirak etmişlər.
İstirahət günləri asudə vaxtın mənzərəsi bir qədər dəyişir. Burada şəhər gəzintisi birinci yeri, qonaq getmək, dostlarla görüşmək ikinci yeri tutur. Sonrakı yerləri televiziya verilişlərinə tamaşa, passiv istirahət, bədii ədəbiyyat mütailəsi tutur. Aparılmış tədqiqat çox aydın göstərir ki, Akademiyanın tələbələrinin asudə vaxtının əsas məzmununu (80 faizini) idman məşqləri təşkil edir. Qalan tələbələrin asudə vaxtınıdan istifadə olunmasında kortəbilik hökm sürür, asudə vaxtın strukturu təsadüfi amillərin təsiri altında, yaxud da fərdi zövqlər və öz-özünə əmələ gələn, sosial cəhətdən tənzim oluna bilməyən qeyri-formal qrupların ənənələri nəzərə alınmaqla formalaşır.
Tədqiqatın nəticələri Akademiyanın həmkarlar komitəsində, gənclərin bircə iclasında müzakirə olunmuşdur. Beş əsas bölməni əhatə edən tövsiyyələrin həyata keçirilməsi üçün tədbirlər müəyyən edilmişdir:
1) asudə vaxtı artıran ehtiyyatlardan istifadə etmək; (tələbələri yataqxana ilə təmin etmək);
2) vaxt keçirilməsinin strukturunu təkmilləşdirmək;
3) asudə vaxtdan istifadə edilməsinin məzmununa təsiri gücləndirmək.
4) hər bir tələbədə öz asudə vaxtından səmərəli istifadə etmək arzusu və bacarığı tərbiyə etmək vəzifəsi;
5) asudə vaxtından səmərəli istifadə etmək üçün lazımi şərait yaratmaq vəzifəsi Akademiyanın ictimai təşkilatların diqqət mərkəzində durur.
Asudə vaxta dövlətin rəhbərliyi problemi çoxcəhətli problemdir. Dövlətin qərarına əsasən beşgünlük iş həftəsinə keçidlə əlaqədar olaraq daha kəskin şəkildə durmuşdu. Təhsil ocağımız beşgünlük dərs sisteminə keçmişdir. Məlumdur ki beşgünlük iş sisteminə keçid asudə vaxtın sadəcə olaraq genişlənməsi, təhsil sahəsində boş saatların miqdarının sadəcə olaraq artması deyil, bunların yenidən bölüşdürülməsi deməkdir.
Bu problem fərdi asudə vaxt fondunun tənzim olunmasının və ondan istifadə edilməsinin bütün istiqamətlərini əhatə edir.
Təhsil ocaqların əsas tərbiyəvi rolunu qeyd edərkən nəzərə almaq lazımdır ki, beşgünlüyə keçid bilavasitə təhsil ocağında tələbələrin tərbiyəsi üçün istifadə edilən asudə vaxtın azalmasına səbəb olmuşdur. İndi asudə vaxtın təqribən yarısı həftənin axırında uzun sürən iki günlük dövrlərdə təmərküzləşir. Deməli problem ondan ibarətdir ki, təhsil ocaqlarında təhsil alan tələbələrə göstərildən təsirin zəifləməsinə bu şəraitdə yol verilməsin.
ADBTİA –nın "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” kafedrasının müdiri, prof. Nazim Məcidov mərüzəsində "Fiziki tərbiyə müəllimi hazırlığının məzmunu» haqqında danışıb.

Tədqiqatın aktuallığı. Son illər ölkə iqtisadiyyatının yüksək inkişaf tempi, bütün
sahələrdə olduğu kimi, təhsildə də ciddi irələyişlərə səbəb olmuş bütün təhsil pillələrini əhatə edən inkişaf proqramlarını, o cümlədən Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramını həyata keçirməyə əlverişli şərait yaratmışdır. Dövlət başçısı İlham Əliyev «təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının öncül istiqamətlərindən biridir» fikrini bəyan etməsi ölkədə təhsilin ən priotet sahə olduğunu göstərir, bu sistemin qarşısında mühüm vəzifələr qoyur. Təhsil sistemində islahatın zəruriliyi respublikanın sosial-iqtisadi, ictimai siyasi quruluşunda baş verən köklü dəyişikliklər ilə bağlıdır. Azərbaycanda yeni təhsil sisteminin qurulması bütün fəaliyyəti vahid bir məqsədə yönəltməyi vacib bilir. Cəmiyyət üçün ən qiymətli kapital olan kamil insan, şəxsiyyət, yüksək ixtisaslı kadr (bizim misalda fiziki tərbiyə müəllimi) formalaşdırmaq üçün imkanların yaradılması və onların reallaşdırılması diqqət mərkəzində saxlanılır.
Tədqiqatın məqsədi: Fiziki tərbiyə müəllimi hazırlığının məzmununun təkmilləş-məsindən ibarətdir.
Tədqiqatın vəzifələri:
• Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığının tədris planlarını təhlil etmək;
• Fiziki tərbiyə müəllimi hazırlığı məzmununun təcrübədə mövcud vəziyyətini müəyyənləşdirmək;
• Fiziki tərbiyə müəllimi hazırlığının elmi əsaslandırılmış məzmununu hazırlamaq.
Vəzifələrin həlli üçün ümumi qəbul edilmiş elmi pedaqoji metodlardan istifadə
olunub: ədəbiyyatların təhlili, pedaqoji müşahidə, sorğu, riyazi hesablama metodları.
Tədqiqatın obyekti: Fiziki tərbiyə müəllimi hazırlığının məzmunu.
Tədqiqatın müzakirəsi və nəticələri: Aparılan tədqiqatlar zamanı müəyyən edilib ki, bədən tərbiyəsi və idman sahəsində müxtəlif istiqamətli peşələr vardır. Bunlara misal olaraq bir neçəsinin adlarını qeyd etmək olar:
- fiziki tərbiyə müəllimi;
- idman növləri üzrə məşqçilər;
- bədən tərbiyəsi və idman işləri üzrə menecer;
- idman sahəsində elmi işçilər;
- bədən tərbiyəsi və idman üzrə kütləvi səhnələr hazırlığı üzrə rejisor;
- idman psixoloqu;
- idman tibbi və reablitasiyası üzrə təlimatçılar və ya həkimlər;
- fiziki məhdudiyyəti olan insanların fiziki hazırlığı üzrə məşqçi-müəllimlər;
- orduda fiziki hazırlıq üzrə təlimatçılar;
- idman jurnalistləri və sairə.
Aparılan araşdırmalardan müəyyən olunub ki, heç də hər yerdə eyni cür bədən tərbiyəsi və idman kadrları hazırlanmır.
I. Bir sıra ölkələrdə müxtəlif idman növləri üzrə məşqçiləri xüsusi «Məşqçi məktəblərində» hazırlayırlar.
Fiziki tərbiyə müəllimləri isə digər fənn müəllimləri kimi «Pedoqoji ali məktəblərin fiziki tərbiyə fakültələrində» hazırlanır (Türkiyə).
II. Bəzi ali məktəblərdə isə kadr hazırlığı üç istiqamətdə aparılır:
1. Uşaqlar, yeniyetmələr və aşağı dərəcəli idmançılar ilə işləyən müəllim-məşqçilər;
2. Gənclər, dərəcəli idmançılar ilə işləyən müəllim-məşqçilər;
3. Yüksək dərəcəli idmançılar, yığma komandalar ilə işləyən məşqçi-müəllim və
menecerlər.
III. Həmçini müəyyən edilib ki, bir sıra ali məktəblərdə birinci və ikinci kursda ümumi fənlər üzrə dərslər keçirilir. Tələbələr üçüncü kursa keçəndə xüsusi testlər vasitəsilə bilik və bacarıqları, onların konkret ixtisasa (fiziki tərbiyə müəllimi, seçilmiş idman növü üzrə məşqçi, idman meneceri və s.) meyli və istedadları nəzərə alınmaqla istiqamətlərə ayrılırlar. Üçüncü kursdan ayrı-ayrı ixtisaslar üzrə konkret peşə hazırlığı gedir.
Polis Akademiyasının tədris metodiki şöbəsinin baş inspektoru, polis polkovnik-leytenant p.ü.f.d. Hicran Şərifov mərüzəsində «UGİM – də pedaqoji və metodiki işin modelləşdirilməsi”» haqqında danışıb.
Azərbaycan Respublikasının təhsil sistemində əsaslı islahatlar həyata keçirilir. İslahat məktəbdənkənar təhsil müəssisələrindən olan Uşaq –gənclər idman məktəblərini də (UGİM) əhatə edir. UGİM-də təlim prosesinin səviyyəsini yüksəltməyin yollarından biri də onun pedaqoji-metodik təminatından asılıdır, bunun üçün burada həyata keçirilən işin məzmununu, formasını, texnologiyasını, metod, vasitə və yollarını, idarəetmə sistemini, qiymətləndirmə üsullarını yeniləşdirmək lazımdır.
Fəaliyyətin təşkili vəzifələrinə: təlim-məşq prosesinin texniki təminatı; idman məktəbini idarəedənlərin ölkədaxili və xarici ölkələrlə əlaqəsi; reklam və piyar fəaliyyəti; müəssisənin büdcədənkənar idman-fiziki fəaliyyəti və müəssisə rəhbərinin fəaliyyəti aiddir.
Müəyyən olunmuş iş müəssisənin məqsəd və funksiyasına uyğun olaraq nəticənin yaxşılaşdırılmasına xidmət göstərəcəkdir. Əsas məqsəd, funksiyanın təyin edilməsi, funksiyaya bələdlik və fəaliyyətin müəssisənin məqsədinə uyğunluğudur.
Təlim fəaliyyəti bloku, yeni istiqamətdə diferensiallaşdırma aparmağı irəli sürür:
- təşkilati fəaliyyət istiqamətli iş;
- təlim-məşq və yarış prosesi fəaliyyət istiqamətli iş;
- səriştəli idarə edənin fəaliyyət istiqamətli işi;
- nəzarət-fəaliyyət istiqamətli iş.
Təlim fəaliyyətinin planlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Gələcək hadisələri, prosesləri öncə görmədən, bilmədən məqsədəyönlü və səmərəli idarə etmək, həyata keçirmək çətindir. Ona görə də, pedaqoji planlaşdırmada bu prosesə uyğun gələn çoxsaylı hüquqi-normativ sənədlər yaranır.
Planlaşdırma nəinki pedaqoji hadisələrin inkişafında qeyri-müəyyənliyi lazımi qədər azaltmağa, hətta bugünkü və sabahkı hərəkətlərin ardıcıllığını təmin etməyə, eləcə də məktəblilərin təlim prosesinin gedişini qaydaya salmağa imkan verir.
Planlaşdırmada əvvəlcə funksiyalar müəyyənləşdirilir ki, bunlara aşağıdakılar aid edilə bilər:
- istiqamətləndirici funksiya. Bura, planlaşdırma prosesində pedaqoji fəaliyyətin əhəmiyyətinin öyrənilməsi, işin məqsədi, məzmunu, onun konkret istiqamətləri və növlərinin təyini daxildir;
- proqnozlaşdırıcı funksiya. Planın hazırlanmasında pedaqoji fikir formalaşır, pedaqoji sistemin gələcək vəziyyəti layihələşir, onun funksiyalaşmasının və inkişafının nəticələri aydınlaşır;
- koordinasiya və ya təşkilati funksiya. Məşqçi-müəllimlərə səmərəli hərəkətlərin köməyi ilə yoxlama aparmağa və qarşısına qoyduğu məqsədə çatmağa imkan yaradır;
- reproduktiv (əksetmə) funksiya. Kiçik bir fasilədən sonra görülmüş işin məzmun və həcminin bərpa edilməsini nəzərdə tutur.
Bu fəaliyyətin əsasını modelləşmə təşkil edir, təlim-məşq işinin planı – idman məktəbinin idarəedilməsi prosesinin gələcək vəziyyətinin fraqmentlərindən birinin modelidir.
Planlaşdırmanın uğurlu alınması üçün pedaqoji modelləşdirmənin prinsiplərinə riayət etmək lazımdır. Bunun üçün tərbiyənin sistemlilik, konkretlik, optimallıq, dialoq, fərdilik, elmilik, fasiləsizlik prinsiplərindən istinad olunur.
Uzun illər bu sahədə olan təcrübəmiz və idman məktəblərinin idarə edilməsinin optimallaşdırılması üzrə apardığınız araşdırma təsdiq edir ki, fərziyyədə irəli sürdüyümüz variant olan idarəetmə sisteminin təşkili modeli rakursundan baxdıqda, təhsil prosesində keyfiyyətin dinamikasının müsbət olduğunu görürük.


ADBTİA –nın "Kütləvi-sağlamlıq idman növləri” kafedrasının müdiri, prof. Elşad Nərimanov məruzəsində «Bədii gimnastika üzrə Azərbaycanın yığma komandası üzvlərinin fiziki hazırlığına nəzarət və qiymətləndirmə metodları» haqqında danışıb.
XXII Olimpiya Oyunlarınnın başa çatmasından sonra bədii gimnastika populyarlaşaraq məhz bu idman növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsinə dəlalət yaratdı.
Azərbaycanın qızlardan ibarət bədii gimnastların Olimpiya Oyunlarında debütü 2008-ci ilə təsadüf edilir. Azərbaycan iki gimnastla (fərdi) və qrup halında çıxış edən komanda ilə təqdim olunmuşdur.
Aktuallıq Beynəlxalq arenada rəqabət – məşq prosesinin idarəetmə sahəsində və idmançıların fiziki qabiliyyətinə olan əsas müasir tələbat elmi tədqiqatla müəyyənləşdirilir.
Təqdim olunan məqalədə eksperimental tədqiqatlar təqdim olunaraq həmin tədqiqatda bədii gimnastika üzrə Azərbaycan Respublikasının yığma komandası da iştirak etmişdir.
Tədqiqatın metodları.
Elmi-metodiki ədəbiyyatların, proqram materiallarının və yarış qaydalarının ümumiləşdirilməsi və nəzəri təhlili.
Anketləşdirmə növü kimi ixtisasçıların sorğusu.
Pedaqoji nəzarət.
Testləşdirmə.
Ekspert qiymətləndirmə.
Pedaqoji eksperiment
İşin məqsədi
Bədii gimnastların xüsusi fiziki hazırlığına pedaqoji nəzarət.
Tədqiqatın nəticələri
Bədii gimnastikada yüksək nəticələr hərəki təzahürlərin müxtəlif tərəfləri arasında olan xüsusi əlaqələrlə müəyyənləşir. Yalnız iki keyfiyyəti – koordinasiya və elastikliyi mümkün qədər maksimal səviyyəyədək inkişaf etdirməyi xüsusilə qeyd etmək olar.
Əzələ fəaliyyəti zamanı təzahür olunan və bir-biri ilə qarşılıqlı əlaqədə olan hərəki və ya psixomotor qabiliyyətlərin inkişafı olmadan gimnastika hərəkətlərinin texnikasını müvəffəqiyyətlə qavramaq, onları keyfiyyətlə yerinə yetirmək qeyri-mümkündür.
Nəticə
Gimnastların fiziki hazırlıq profollərinin quruluşu gimnastların fiziki imkanlarının təcili informasiya almasına imkan yaradır, testləşmə isə yeni elementlərin öyrənilməsinə hazırlıq yaradır, gimnastların məşq sistemini təkmilləşdirir.
Gimnastların funksional təkmilləşməsinin mühüm prinsipləri aşağıdakılardır:
- mövqe və müvazinətlərin nizama salma mexanizminin təkmilləşməsi;
- elastikliyin inkişafı;
- xüsusi testlər üzrə gimnastların funksional vəziyyətlərinin dinamikası haqqında müntəzəm informasiya.
ADBTİA –nın Tədris və Elmi işlər üzrə prorektorun elmi işlər üzrə müşaviri, tibb e.n. Rəhimə Qabulova məruzəsində «İdmanda qəfləti ölüm» haqqında danışıb.
ADBTİA –nın "Sosial elmlər" kafedrasının müəllimi Elvira Babayeva mərüzəsində «Lİnqvistik imperializmin inkişaf faktoru kimi idman sahəsində funksionallaşması» haqqında danışıb.
Çağdaş dünyanın dil mənzərəsinin nə qədər zəngin və rəngarəng olmasına baxmayaraq, insan fəaliyyətinin hər sahəsində özünü göstərən qloballaşma bu mənzərəyə əsaslı şəkildə təsir göstərməkdədir. 1951-ci ildən bu yana vaxtaşırı nəşr olunan Etnoloq jurnalının 2018-ci ildə dərc olunan 21-ci sayında göstərilir ki, dünya üzərində 7097 dil vardır və ilbəil bu dillərin bir çoxu ölüb aradan çıxır [12].
Alman alimi H.Haarmanın fikrincə XXI əsrdə hazırki dünya dillərinin 40%-i artıq "ölü dil” statusu almış olacaq [10, s.5].
Dillə bağlı bu məsələnin gələcəkdə hansı istiqamətə yönələcəyi barədə indidən bir şey söyləmək doğru olmazdı. Hər halda, son illərdə dünyada təkdilliliyə meyil daha da güclənməkdədir.
Material metodları: Tədqiqat işində, əsasən, təsviri (deskriptiv) və müqayisəli-qarşılaşdırma metodlarından istifadə olunmuşdur.
Təcrübələr: İdmanın inkişafı ilə əlaqədar olaraq hər bir cəmiyyətə daxil olan ingilis dili mövcud dili zamanla sıxışdıra və ondan istifadəni azalda bildiyi kimi, həm də idman kontekstində hərtərəfli inkişafa, bunun təsiri ilə dolayı yolla da olsa istifadəsində məhdudiyyət yaratmış olduğu dilin və onun xas olduğu mədəniyyətin təbliğat dilinə çevrilmiş olur. Dünyanın bir çox ölkəsində ayrı-ayrı müəlliflər bu barədə müxtəlif elmi əsərlər ərsəyə gətiriblər [8]. Fikrimizi daha da aydın ifadə etmək üçün belə bir fakta nəzər salaq: ADBTİA-ın "Sosial Elmlər” kafedrasının təşəbbüsü ilə təşkil edilmiş danışıq klublarında iştirak edən idmançı tələbələr arasında keçirilmiş sorğuya əsasən deyə bilərik ki, ingilis dilini bilməyin idmançılar üçün bir çox üstünlüyü vardır. İngilis dilini qısa müddətdə mənimsəməyə çalışan idmançı tələbələrin bu məqsədlərinin arxasındakı maraqlar araşdırmamız üçün irəli sürdüyümüz fikri bir daha təsdiq edir. Sorğuda iştirak edən tələbələrin cavabları arasında ən çox üst-üstə düşən və maraqlı olan məqamları təqdim edirik:
Danışıq klublarında müntəzəm iştirak edən professional idmançılar hesab edirlər ki, ingilis dili onların kariyerasındakı inkişafda böyük rol oynayacaq. İngilis dilinin, idman sahəsində fəaliyyət göstərən hər bir şəxs üçün müstəsna bir üstünlüyü vardır. Bunun əsas səbəbi odur ki, idman beynəlxalq əhəmiyyətə malik olan bir sahədir. Bu baxımdan idman sferasında fəaliyyət göstərən hər bir şəxs daha çox inkişaf etmək, dünya miqyaslı fəaliyyət göstərmək və uğurlar əldə etmək üçün beynəlxalq yarışların əsas dilinə - ingilis dilinə yiyələnməlidir. Bildiyimiz kimi, ayrı-ayrı sahə idmançılarının fərdi xüsusiyyətlərini əks etdirən xüsusi idman saytları vardır. Futbol, basketbol, volleybol, həndbol və s. kimi idman oyun növləri üçün xüsusilə perspektivli olan bu saytlarda idmançıların profillərinin açılması və onlar haqqında müvafiq informasiyaların verilməsi gələcəkdə uğurlu transferlər üçün zəmin yaradır. Nəticə etibarilə dil vasitəsilə beynəlxalq arenaya ayaq basmaq idmançılar üçün bir qədər də əlçatan olur. Mövcud vəziyyətdə idmançının qarşısında duran bütün imkanlar müsbət istiqamətdə dəyişmiş olur. Fəaliyyət sferası genişləndikcə idmançıların həm beynəlxalq aləmdə nüfuzu, həm də fərdi maddi gəliri də artmış olur.
Müzakirə: Linqvistik imperializm simasında ingilis dili ilə idman sahəsinin qarşılıqlı əlaqəsini analiz edərkən, bu dilin nəinki bu sahədə fəaliyyət göstərən ayrı-ayrı fərdlər üçün, habelə, sözügedən istiqamət üçün bir proses kimi xarici dilin əhəmiyyəti ayrıca qeyd olunmalıdır. Məlum olduğu kimi, Azərbaycan dəfələrlə dünyamiqyaslı yarışlara ev sahibliyi etmişdir. Məhz bu baxımdan, son illər (Bakı 2015 Avropa Oyunları, Furmula 1, Bakı 2017 İslam Həmrəyliyi oyunları) ölkəmiz üçün olduqca əlamətdardır. Yarışların təşkili ingilis dilinin idman sahəsindəki rolunu bir daha gözlər önünə sərdi. Tamaşaçılar, atletlər və hakimlər, media, protokol xidməti komandalarının fəaliyyətində ingilis dilinin əhəmiyyəti və funksionallığı dəfələrlə özünü göstərir. Buradan belə bir qənaətə gəlirik ki, bütün dünya üzərində get-gedə daha çox hegemonluq edən ingilis dili, idman sahəsində nəinki idmançılara, həm də, bu sahədə fəaliyyət göstərən hər kəsə daha böyük perspektivlər vəd edir.
Nəticə: Mədəniyyətlərin bir-birinə daha çox qovuşduğu multikulturalizm əsrində idman sahəsinin yeni trendin tətbiqində müstəsna bir rol oynadığını nəzərə alaraq, bu kontekstdə yer alan adresat və adresantların qarşılıqlı ünsiyyətdə olması, anlaşması, yəni bir dildə diskursa daxil olması, həqiqətən də, arzuolunandır. Dünyanın hər yerində getdikcə daha da aktuallaşan və sosial dilçiləri olduqca həyəcanlandıran linqvistik imperializmin geniş vüsət alması hər nə qədər milli mədəni dəyərlərin zərər görməsinə səbəb olsa da, onların zamanla daha çox işıq üzü görməsinə, dünyaya tanıdılmasına və son nəticədə təbliğatına yol açır. İdmanın bu istiqamətdəki rolunu və nə dərəcədə əhəmiyyət daşıdığını anlamaq üçün son illərdə Azərbaycanda baş tutan mötəbər idman yarışlarının nəticələrinə nəzər salmaq kifayətdir.