Azərbaycanda idmana göstərilən dövlət qayğısı həm Olimpiya, həm də qeyri-Olimpiya növlərinin inkişafına təkan verib. Bu inkişaf qeyri-Olimpiya idman növlərində mübarizə aparan atletlərimizin də uğurlu çıxışlarının təminatcısıdır. Ölkəmizi qeyri-Olimpiya növləri üzrə keçirilən beynəlxalq yarışlarda ləyaqətlə təmsil edənlərdən biri də Tale Əkbərovdur. Redaksiyamızda olan təcrübəli karateçi idmana gəlişindən, ötən illərdə əldə etdiyi nailiyyətlərdən danışdı. Qeyd edək ki, 2013-cü ildə Əməkdar məşqçi adını alan müsahibimiz 6 qat Avropa, 5 qat dünya çempionudur.
- Tale, idmana gəlişin necə baş verib? Səni bu sahəyə kim yönəldib?
- İdmana uşaqlıqdan maraq göstərmişəm. Atamla, böyük qardaşımın da bu məsələd rolu çox olub. Düzdür, onlar idmanla məşğul olmayıblar. Sadəcə, evimizdəki abu-hava məni idmana, daha dəqiq desək, karatenin WKC növünə bağladı. 1998-ci ildən idmandayam. Hazırda həm WKC, həm də, peşəkar karate-do ilə məşğul oluram. Bu illər ərzində ölkədaxili yarışlarda dəfələrlə çıxış etmişəm. Bəzən qalib gəlmişəm, bəzən uduzmuşam. Məğlub olduğum yarışlar məni həvəsdən salmayıb. Əksinə, məşqlərə daha ciddi yanaşmış, uğurlar qazanmağa çalışmışam. Şükürlər olsun ki, səylərim, çəkdiyim zəhmət öz bəhrəsini verib.
- Yeri gəlmişkən, ilk məşqçin kimdir?
- Əvvəlcə məşqlərə Karate-do Federasiyasının prezidenti Nurəddin Quliyevin yanında başlamışam. Sonralar isə məşqçım Siyavuş Bayramov olub.
- Bildiyimizə görə, ən böyük uğurların beynəlxalq turnirlərdə olub. Analoji yarışlarda qazandığın ilk qələbəni necə xatırlayırsan?
- 2008-ci ildə Ukraynanın Odessa şəhərində Dünya kuboku keçirilirdi. Həmin turnirdə debut etdim və vətənə kubokun sahibi kimi qayıtdım. Elə həmin il Odessada Avropa çempionatında birinci yerə layiq görüldüm. Bundan sonra nailiyyətlərim biri-birini əvəzlədi. 2009-cu ildə keçirilən Dünya kubokunda (Ukrayna) fəxri kürsünün birici pilləsində yer aldım. 2011-ci il də idman karyeramda nailiyyətlərlə yadda qaldı. İlin sonlarında-noyabr ayında Ukraynada Avropa çempionatı keçirilirdi. Həmin turnirdə bütün rəqiblərimi üstələdim və ikinci dəfə qitə çempionu tituluna sahib çıxdım. 2012-ci il isə mənim üçün daha uğurlu oldu. Avropa çempionatının qızıl medalını və Dünya kubokunu əldə etdim. Həmin il dünya çempionu (Marina di Karana, İtaliya) tituluna da layiq görüldüm. Dünyanın ən güclüləri arasında birinci olmaq mənim üçün çox qürurverici idi. 2013-cü ildə beynəlxalq səviyyəli yarışlarda iştrak etdim və medallarımın sayını artırdım. İtaliyanın Verona şəhərində keçirilən dünya çempionatında öz çəkimdə planetin ən güclüsü olduğumu bir daha sübut etdim. Həmçinin Dünya kubokunu qazandım.
- Yola saldığımız 2014-cü il idman karyeranda necə iz buraxdı?
- Ötən il mənim üçün yaddaqalan oldu. İştrak etdiyim yarışlarda doğma yurdumuzu ləyaqətlə təmsil etdim. Aprel ayında Portuqaliyada keçirilən dünya çempionatında qızıl medala layiq görüldüm. Həmin turnirdə özümü ciu-citsu növündə də sınadım. Bu növdə ilk dəfə çıxış etsəm də, üçüncü yeri tutdum. Oktyabr ayında Polşada təşkil olunan dünya çempionatında titulumu qorudum. Ötən il qazandığım nəticələrlə Azərbaycanın üçrəngli bayrağını yüksəklərdə dalğalandırmağı, himnini səsləndirməyi bacardım, mənə göstərilən etimadı doğrultdum.
- Tale, 2008-ci ildən beynəlxalq arenalarda çıxış edirsən. Bu illər ərzində erməni rəqiblə qarşılaşmısan?
- Bir dəfə olub. Ötən ilin noyabr ayında Latviyanın paytaxtı Riqa şəhərində Avropa çempionatı keçirilirdi. Final mərhələsində erməni idmançı ilə qarşılaşdım.
- Həyəcanlanmırdın ki?
- Etiraf edim ki, həyəcan var idi. Ermənilərin vəhşiliyi, xalqımızın üzləşdiyi faciələr, dağılan şəhərlərimiz, kəndlərimiz yadıma düşdüyü üçün həyəcanlanırdım. Yalnız qələbə barədə düşünürdüm. Erməni rəqibimi nokautla məğlum etdim. Mükafatlandırılma mərasimi zamanı erməni idmançısı fəxri kürsüyə çıxmaq istəmədi. Bu, qaydalara zidd idi. Federasiyamızın prezidenti Nurəddin Quliyev və təşkilatçıların təkidli tələblərindən sonra erməni idmançı fəxri kürsünün ikinci pilləsindəki yerinə qalxdı.
- Hiss olunur ki, həlim xasiyyətli insansan. Adətən, bu cür insanlar bir sıra məsələlərdə güzəşt etməkləri ilə fərqlənirlər...
- Düz deyirsiniz. Bəzən, haqlı olsam da, güzəşt edir, insanları incitməməyə çalışıram. Lakin rinqdə heç bir rəqibimə güzəşt etməmişəm. Döyüşə yalnız qələbə üçün çıxıram.
- Yarışlara psixoloji cəhətdən necə hazırlaşırsan?
- Psixoloji hazırlıq çox mühüm məsələdir. Hər bir idmaçının psixoloji hazırlığı onun qələbəsinin yarısını təşkil edir. Qarşılaşacağın rəqibin titullarından çəkinirsənsə, deməli həmin döyüşdə qələbə barədə düşünməməlisən. Bununla belə, rəqibi zəif hesab etmək də düzgün deyil. Dediklərimin əsasında psixoloji hazırlıq dayanır.
- Bu il ölkəmiz ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. İdmaçılarımıza bu mötəbər yarışda nə arzulayardın?
- Azərbaycan idaman ölkəsidir. İdmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Respublikamızda idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Avropa Oyunlarının ölkəmizə həvalə edilməsi bir daha sübüt edir ki, Azərbaycan istənilən yarışa yüksək səviyyədə ev sahibliyi etməyə qadirdir. Avropa Oyunlarında çıxış edəcək idmançılarımıza qələbə arzulayıram. İnanıram ki, Olimpiya yığmamızın üzvləri xalqımıza sevinc bəxş edəcəklər. Bu il Karate-do Federasiyasını da mühüm turnirlər gözləyir. Komandamız Avropa və dünya çempionatında mübarizə aparacaq. Beynəlxalq arenalarda Azərbaycan bayrağını dalğalandırmağa, himnimizi səsləndirməyə çalışacağıq.
Hürrü Abdullayev