Ən yaxşı qol şeirdə şah misra kimidir

Ən yaxşı qol şeirdə şah misra kimidir

Həmişə sevgilərdə idman ön planda olur. Sevgilisini idmançı kimi görmək, ona arxalanmaq bütün qızların ən böyük arzusudur. Sevdiyinin xoşuna gəlmək üçün oğlanlar da həmişə idmanla məşğul olublar. Demək, idman sevgini saflaşdırır, insanı qəhrəmana çevirir, hətta sevgililər öz xəyallarında dünya çempionluğuna qədər gedib çıxırlar. Özlərini yüksək kürsülərdə təsəvvür edirlər. Görəsən, niyə?
Çünki bizim xalq həmişə qəhrəmanlığı, igidliyi sevib və onu yüksək dəyərləndirib. İnsanı ancaq qaranlıq quyulardan, yeddibaşlı əjdahalardan qəhrəmanlar qurtara bilərlər. Qəhrəman idmançı olanda isə, demək, burda qələbə yüz faizdir.
Mən ən çətin anlarımda özümü ən güclü futbolçu kimi hiss etmişəm. Xəyallarımda yeganə qolun müəllifi mən özüm olmuşam. Əgər bu qolların sayı artacaqsa, şübhəsiz, bu qolların da yeganə müəllifi mən özüməm.
Ən yaxşı qol şeirdə şah misra kimidir. Həyatımın uğursuz anlarında xəyallarımda özümü dünyanın əl-əl gəzilən futbolçusu hesab eləmişəm. Ayrı heç nədə özümü tapmamışam. Qapıya ən gözəl qolları mən vurmuşam. Bu qollara görə sevgilim mənimlə barışıb və kəndimiz məni gül-çiçəklə qarşılayıb. Anamı, atamı danışdırıblar, müsahibələr alıblar, şəklimi qəzetlər çap eləyib, dünyanın hər yerindən mənə dəvətlər gəlib, bir sözlə, adım dillərdə əzbər olub.
Xəyaldan ayılanda görürəm ki, hələ də yazı masamın üstündə köntöy bir misranı heykəltəraş kimi yonmaqla məşğulam. Hə, necə də çətindir bir misranın (lap elə topun) nazı ilə oynamaq. Bu çətinlik bir az da uzansa, lazımdır ki, xəyalımda rəqib qapısına qol vurum. Özü də mən qolu yerlə qaça-qaça yox, süzə-süzə, uça-uça vururam. Mənim "Qol”umun ləzzəti də elə bundadır. Elə ki qolu vurdum, adamlar məni atıb-tutdular, elə onların qolları arasında yazı masama, uzun müddətdir tamamlaya bilmədiyim şeirimin üstünə düşürəm. Dərhal görürəm ki, əhvalım yaxşılaşıb, özümdə əzəmətli mənəvi bir güc hiss edirəm, ruhlanıram, nadir və əzəmətli "Qol”un müəllifi kimi şeirimi bitirirəm.
Uşaq vaxtı xəyallarımda qəhrəman olmaq istəyirdim, bu, mənim arzum idi. Nədənsə xəyallarımdakı arzularım ancaq futbolla gerçəkləşirdi. Çətin anlarımda xəyallarımda futbol meydançalarına köçürəm. Sözümü vurduğum "qol”la deyirəm.
Harda bir işim ləngiyir, gedirəm xəyalımda rəqib qapısına "qol” vurmağa. Özü də işimi ləngidən, adamı rəqib komandanın qapıçısı hesab edirəm. Topu qapıdan keçirməklə qələbə qazanıram. Bu, mənim futbolumdur. Çıxış yolum, qəhrəmanlıq yolum, həyat yolum... Azərbaycanın bayraqları ilə bəzədilmiş stadionda özünü yeganə qolun müəllifi kimi hiss eləmək hər adama nəsib olmur. Çünki qəhrəmanlığı xəyal eləmək də hər adama nəsib deyil. Çünki çox adamın heç xəyalı da olmur.
Əgər mənim xəyalarımda futbol meydançalarım olmasaydı, vurduğum qollar dadıma yetməsəydi, azarkeşlərim məni atıb tutmasaydı, gül-çiçək dənizinə batmasaydım və hər oyunumda Azərbaycan bayrağını yuxarı qaldırıb dalğalandırmasaydım mən çoxdan yox olmuşdum. Məni saxlayan futboldur.
Futbol ən çox hisslərlə bağlıdır. Topu rəqib qapısına vuran ayaqdan öncə ürəkdir, beyindir, düşüncədir. Futbolu təkçə ayaqla oynamırlar. Şeirdə qələmi hərəkətə gətirən ilhamdırsa, futbolda da ürəkdir, hisslər və duyğulardır.
Qəşəm Nəcəfzadə