Ağ dördküncün “qara kəpənəyi”

Ağ dördküncün “qara kəpənəyi”


O, bəşəriyyətə bəxş edilən bir möcüzə idi. Bu "möcüzə” 1942-ci il yanvarın 17-də Luisville (Kentukki ştatı, ABŞ) şəhərində doğuldu və Kassius Marsellus Kley (sonradan isə Məhəmməd Əli) adlandırıldı.
Məhəmməd Əli boks dünyası üçün doğulan bir möcüzə sayıla bilər. Onun döyüş stilini yaşlı nəsil yaxşı xatırlayır. 192 sm boyu, 97 kq çəkisi olan boksçu rinqdə çox yüngül, gözəl və cəld hərəkət edirdi. Adama elə gəlirdi ki, rinqdə çox yüngül çəkili boksçunun döyüşünü izləyir. Məhəmməd Əli rinqdə kəpənək kimi uçur, arı kimi sancırdı.
Əfsanəvi boksçu rinqdə keçirdiyi 20 il ərzində cəmi üç döyüşdə məğlub olub. Məğlub olduğu döyüşlərdə də özünü zəif kimi göstərməyib. O, ayaqları ilə elə hərəkət edirdi ki, sanki rinqdə rəqs edirdi. Azarkeşlər isə ondan böyük zövq alırdılar.
Məhəmməd Əlinin əfsanəvi boksçu kimi tanınmasında məşqçisi Anjelo Dandinin böyük rolu olub. Dandi çox ağıllı bir insan idi. Onun Məhəmməd Əli ilə görüşü bir telefon zəngi ilə baş tutub. 16 yaşlı Kassius Kley gələcək məşqçisinə zəng edərək deyib:
- Cənab Dandi, siz məni mütləq öz yanınıza götürməlisiniz. Mən 2 ildən sonra Olimpiya çempionu olacağam.
Məşqçi gənc oğlanın danışığını bəyənməsə də, "yaxşı, gəl görüşək”,- deyə bildirib.
Elə ilk görüşdə Dandi hiss edir ki, bu gənc oğlanın böyük gələcəyi olacaq. 16 yaşlı Kassiusun güclü əzələləri var idi. O, rinqdə nə baş verəcəyini, elə bil ki, əvvəlcədən hiss edirdi. Elə ilk döyüşlərində o, incə hərəkətlərə (tryuk) malik olduğunu göstərib. Onun bütün hərəkətləri Anjelo Dandini qane edirdi.

"Döyüşməyi öyrən, oğlum”
Əli orta səviyyəli bir ailədə yaşayırdı. Anası ona şəkil çəkməyi öyrədirdi. Atası isə bədii ədəbiyyata maraq göstərməsinə kömək edirdi. Günlərin bir günü atası Kassius üçün velosiped alır. Elə həmin gün bir xuliqan velosipedi Kassiusun əlindən alır və onu döyür. O, ağlaya-ağlaya gedərək polisə şikayət edir. Polis isə ona cavabında deyir ki, oğlum, o xuliqanı tapmağa çalışarıq. Ancan sənə bir tövsiyyəm var, döyüşməyi öyrənmək lazımdır. Co Martin adlı bu polis təkcə məsləhət vermir, həm də Kassiusa boksun sirlərini öyrədir. Co Martin boksçu olmasa da, ona deyirdi: "Boksda hər şeyi cəldlik həll edir. Bunu unutma”. Rinqdə cəld olmaq, zərbələrdən qorunmaq üçün Kley özünəməxsus metoddan istifadə edib. Belə ki, həyətdə olan daşları bir yerə toplayıb və kiçik qardaşı həmin daşları Kassiusun sifətinə vurmağa çalışıb. O, atılan daşlardan yayınmağa çalışaraq cəldlik xüsusiyyətlərini əldə edirdi. Kassius iki-üç ay məktəbə üz-gözü şişmiş vəziyyətdə gedirdi. Lakin bir müddət sonra həmin daşlar artıq onun sifətinə dəymirdi. Cəldlik bacarığı uzun illər Məhəmməd Əlini rinqdə sifətinə zərbə almaqdan qoruyub. Elə döyüşlər olub ki, Əlinin yaraşıqlı sifətinə bir zərbə belə dəyməyib.

Oqayo çayına atılan Olimpiya medalı
17 yaşlı Kassius Kley 1959-cu ildə keçirilən "Qızıl əlcək” turnirinin qalibi olub. Bu qələbə ona ABŞ Olimpiya yığmasının tərkibində Romada (1960) keçirilən Olimpiya oyunlarında iştirak etməyə imkan verdi. Romada yarımağır çəkidə keçirdiyi bütün görüşləri qalib kimi başa vuran Kley doğma şəhəri Luisvillə qızıl medalla qayıdır. Burada o, üzərində "yalnız ağlar üçün” sözləri yazılmış kafeyə girir. Lakin qaradərili Olimpiya çempionuna nəinki qulluq edilir, əksinə, Kley kafedən qovulur. Sevinci kədərə çevrilən gənc boksçu Oqayo çayının sahilinə gedərək Olimpiya oyunlarında qazandığı qızıl medalı çaya atır.
İstedadlı həmyerliləri barədə xəbərlər Luisvill sakinləri arasında geniş əks-səda doğurmuşdu. Şəhərin varlı adamları Keyə kömək etmək üçün pul toplamaq qərarına gəlirlər. Maddi kömək Kleyin peşəkar səviyyədə yetişməsinə sərf olunacaqdı. Şəhərin 11 nəfər varlı şəxsləri arasında Uilyams Faverhem adlı bir nəfər də var idi. Milyonçu Faverhemin çox cüzi məbləğ ayırması şəhər sakinlərini təccübləndirmişdi. Kasius Kley sonralar bu barədə danışarkən demişdi: "O, mənim məşq etdiyim zala gəlir, sorğu-sual aparır, əmin olmaq istəyirdi ki, ayırdığı məbləğ başqa yerə xərclənmir. Foverhem mənim haqqımda yazılan qəzetləri zala gətirir və buna görə məndən bir neçə sent alırdı”.


"Ən ağıllı mənəm”
Həmin dövrlərdə boksda Olimpiya medalı qazananlara peşəkar boksda reytinq üzrə 9-10-cu yerləri verilirdi. Kley isə peşəkarlar arasında çempionluğa can atırdı. Lakin onun böyük nüfuzu yox idi. Çoxları Kleyə uşaq kimi baxırdı. Bu "uşaq” populyarlıq qazanmağın yollarını axtarır və tapır: O, rəqiblərini söyür, hədələyir, rinqə çıxan hər kəsi əzib keçə biləyəcəyini bəyan edirdi. Kameralar qarşısına çıxan Kassius o dövrün ən məşhur boksçusu Sonni Listonu belə, hədələməkdən çəkinmirdi. "Mən ən ağıllı və savadlıyam. Mən cəsarətli, mədəni və şən bir insanam. Mənim çatışmayan cəhətim yoxdur. Mən hər kəsi məğlub edə biləcək bir dahiyəm”. Bu sözlər peşəkarların "uşaq” adlandırdığı Kleyə məxsus idi. Populyarlığa can atan boksçunun bu metodu işə yaradı. Artıq Kassius Kley bütün Amerikaya səs salmışdı.

Kassius Kley və Sonni Liston
Gənc boksçunun əsas məqsədi Sonni Listonla qarşılaşmaq idi. Lakin Liston Luisvill şəhərindən olan bu uşağın hay-küyünə məhəl qoymurdu. Hətta Kassiusun tanınmış boksçu Arçi Mur üzərindəki qələbəsi də Listonu narahat etmədi. Lakin Sonni Listonun səhv etdiyini hamı gördü. Çünki o, gənc Kleyin qələbə ehtirasını, istedadını, cəsarətini nəzərə almırdı.
1964-cü ilin fevral ayındı Kassius Kley titul uğrunda döyüşdə güclü boksçu Sonni Listonla qarşılaşdı. Liston döyüşdən əvvəl rəqibinə psixoloji cəhətdən təsir edə bilməmişdi. O, rinqdə də heç nə edə bilmədi. Görüşün 7-ci raundunda Liston çiyninin zədələndiyini deyərək döyüşü dayandırdı. 22 yaşlı Kassius Kley ilk böyük qələbəsini qeyd etdi. Hamıya elə gəlirdi ki, o, artıq sakitləşəcək, qalmaqal yaratmayacaq. Lakin belə olmadı. Əksinə, Kassius Kleyin atdığı addım hamını heyrətləndirdi. Kley İslam dinini qəbul etdi və bundan sonra Məhəmməd Əli adı ilə tanındı. Daha bir qalmaqal isə Ümumdünya Boks Assosiasiyası ilə (WBA) yaşandı. Assosiasiya təklif etdi ki, Əli çempionluq uğrunda başqa bir boksçu ilə qarşılaşsın. Ancaq o, bu təklifi rədd etdi və yalnız Sonni Listonla döyüşəcəyini dedi. Məhəmməd Əli yarımçıq qalmış döyüşü davam etdirmək istəyirdi. Gənc boksçunun fikirlərində məntiq var idi. Liston ilk döyüşdən zədələndiyini deyərək imtina etmişdi. Bundan əsəbləşən Əli ikinci döyüşün təşkilini vacib sayırdı. Əlacsız qalan WBA prezidenti Bob Evans və qurumun üzvləri Məhəmməd Əlini dünya çempionu titulundan məhrum etdilər. Lakin buna məhəl qoymayan boksçu hamıdan güclü olduğunu, çempion kəmərinin əlindən alınması ilə heç nə baş vermədiyini deyirdi. WBA istəyirdi ki, Məhəmməd Əli titul uğrunda Erni Terrel ilə döyüşsün. 2 metr boyu olan Erni çempionluğa əsas namizəd sayılırdı. Hətta onu "təyin olunmamış çempion” adlandırırdılar.
WBA -nın heç bir qərarına əhəmiyyət verməyən Əli WBC versiyası üzrə döyüşdə çoxdan arzuladığı Sonni Listonla qarşılaşdı və qalib gəldi. Sonrakı iki il ərzində daha bir neçə güclü boksçu Əliyə uduzdu. Floyd Petterson, Zora Folli, Corc Çuvalo, Henri Kupper, Brayan London kimi məşhur rinq ustaları 24 yaşlı Əliyə çox asanlıqla məğlub oldular.
Nəhayət, "Təyin olunmamış çempion”a - Erni Terrelədə növbə çatdı. 6 fevral 1967-ci ildə Hyustonda keçirilən döyüşdə Məhəmməd Əli Ernini əzdi. Hər bir raunddan əvvəl Əli rəqibini güclü zərbələri ilə silkələyir, lakin onu nokauta salmırdı. Erninin əzabları 15-ci raundda başa çatdı. Üz-gözü qan içində olan Erni rinqdən birbaşa xəstəxanaya aparıldı.
Məhəmməd Əlinin daha bir qalmaqalı hərbi xidmətdən imtina etməsi ilə bağlı oldu. Psixoloqlardan ibarət komissiyanın yoxlanışı zamanı, o, özünü dəli kimi apardı və Şekspiri ABŞ prezidenti adlandırdı. Həmin dövrdə amerikalılar Vyetnamla müharibə aparırdılar. Əli isə hərbi forma geyinməkdən və müharibədə iştirakdan imtina etdi. Əslində, əfsanəvi boksçu bu hərəkəti ilə müharibəyə etirazını bildirdi. Boksçunun etirazı bütün Amerikanı heyrətləndirdi. WBA isə Əlini 2-ci dəfə çempionluq titulundan məhrum etmək qərarıqa gəldi. Bu hadisədən 1 ay sonra isə Məhəmməd Əli məhkəmə tərəfindən 5 il müddətinə həbs olunmaqla cəzalandırıldı. Həmçinin 10 min dollar ödəməli idi. Maraqlıdır ki, qalmaqallı boksçu nə həbs olundu, nə də cərimə ödədi.

Əfsanəvi boksçu Moskvada
Əlinin qeyri-adi hərəkətlərindən biri də 1978-ci ildə Moskvaya səfər etməsi idi. Həmin illərdə SSRİ ilə ABŞ arasında "soyuq müharibə” gedirdi. Məhəmməd Əlinin Moskva səfərini az qala bütün dünya izləyirdi. "Metropol” hotelində qalan dahi boksçu Qızıl Meydana, Leninin Mavzoleyinə baş çəkdi. O, hər gün səhər yarımçılpaq vəziyyətdə Qızıl Meydanda qaçırdı. Ruslar qaradərili, cüssəli birinin yarımçılpaq vəziyyətdə qaçmasını heyrətlə seyr edirdilər. Bu, həmin dövr üçün qeyri -adi bir hadisə idi. SSRİ Daxili İşlər Nazirliyi məşhur qonağın tərcüməçisi Yuri Markova tapşırdı ki, Əlini bu vəziyyətdə çölə buraxmasın.
Məşhur boksçu Moskvada Leonid İliç Brejnevlə də görüşdü. Ona Brejnevin yazdığı "Kiçik torpaq” əsəri və qızıl saat hədiyyə olundu. Görüşdən sonra dərhal mətbuat konfransı keçirən amerikalı qonaq Vyetnamda aparılan müharibəyə görə ABŞ-ı tənqid etdi. Dahi idmançı MOİK klubunun rinqində SSRİ boksçuları İqor Qorskov, Oleq Zayev və Vadim Vısotski ilə nümunəvi döyüşlər də keçirdi.
Qeyd edək ki, Moskva səfərində Əlini həyat yoldaşı Veronika müşayiət edirdi.

"Cəngəllikdə hay-küy”
Məhəmməd Əli rinqdə 25 titul döyüşü keçirib. Bu, rekord sayıla bilərdi. Lakin Co Luis bir döyüş çox keçirdiyi üçün Əlini qabaqlayır. Əli peşəkar boksda olduğu illər ərzində cəmi 3 dəfə uduzub. Onun ilk məğlubiyyəti Co Frezerlə döyüşdə olub. 1971-ci ildə Nyu-Yorkda təşkil olunan bu qarşılaşma "qara Marçiano” ləqəbli Co Frezerin nüfuzuna çox böyük təsir etdi. 1973-cü ildə isə Yamaykada daha bir əzəmətli döyüş oldu. Frezer boks aləminin məşhurlarından biri olan Corc Formenlə üz-üzə gəldi. Qarşılaşmann 2-ci raundunda Formen Co Frezeri nokauta saldı. Boks dünyası növbəti gərgin bir qarşılaşmanı səbirsizliklə gözləyirdi: Məhəmməd Əli- Corc Formen döyüşünü. Qeyd edək ki, bu görüş peşəkar boksda "dahilərin unudulmaz qarşılaşması” adlanır. Qarşılaşma ilə bağlı "Cəngəllikdə hay-küy” adlı musiqi hiti və eyni adlı film çəkilib.
İki dahi boksçunun döyüşü 1974-cü ildə oktyabrın 30-da Zairin paytaxtı Kinşas şəhərində təşkil olundu. Kinşas Məhəmməd Əlinin təkidi ilə seçilmişdi. Buranın gözəl təbiəti, gözəl mənzərəsi hər kəs kimi, əfsanəvi boksçunu da özünə cəlb etmişdi.
7-ci raunda qədər heç bir şey baş vermədi. Daha doğrusu, Formen rəqibinin güclü yumruqlarına tab gətirdi. 8-ci raundda Məhəmməd Əli aldadıcı kombinasiya qurdu və Formenin çənəsinə qarşısıalınmaz zərbə vurdu. Formen zərbənin təsirindən ləngərlədi və üzü üstə rinqə yıxıldı. Bəli, dahi boksçu, rəqiblərinə güzəşt etməyən, qarşısına çıxanı əzib keçən Corc Formen nokauta düşmüşdü. Bir neçə ildən sonra - 42 yaşında yenidən rinqə qayıdan Corc bir neçə güclü boksçunu məğlubiyyətə uğratdı.

"Əsrin döyüşü” və ya "Maniledə həyəcan”
Peşəkar boksçu əzəmətli qarşılaşmalarından birini isə 1975-ci il oktyabrın 1-də keçirdi. Titul uğrunda döyüş revanş xarakteri idi. Məhəmməd Əli karyerası ərzində ilk dəfə məğlubiyyətə uğradığı Co Frezerlə üz-üzə gəlmişdi. Həmin vaxt Əlinin 33 yaşı var idi. Amma o, əvvəlki kimi güclü, cəsarətli və cəld görünürdü. Döyüşdən əvvəl keçirilən mətbuat konfransına gətirdiyi kuklanı iynə ilə deşən Əli rinqdə rəqibini bu cür deşik-deşik edəcəyini dedi. Soyunub-geyinmə otağından ağ xalatla çıxan Əli uca səslə bildirdi ki, bu döyüşdən sonra kimsə xəstəxanaya aparılacaq. 7 raund ərzində Əli "görünmədi”. 182-sm boyu, güclü ayaqları olan Frezer ardıcıl zərbələr endirir, Məhəmməd Əlini rinqin küncünə sıxırdı. Tamaşaçılara elə gəlirdi ki, əfsanəvi boksçu əvvəlki formasında deyil, artıq hər şey arxada qalıb. Amma Əli bu döyüşdə də fantastik bir bacarıq nümayiş etdirdi. Əli imkan yaratmışdı ki, Frezer bacardığı hər şeyi etsin.
Beləliklə, Frezer, ağıllı və güclü rəqibinin tələsinə düşdü. Zərbələrini sağa-sola "səpələyən” Frezer yoruldu, onun enerjisi tükənmək üzrə idi.
Döyüşün 8-ci raundundan sonra vəziyyət dəyişdi. Əli rəqibini sıxışdırmağa başladı. Frezer artıq nə edəcəyini bilmirdi. 13-cü raundda Əli açıq döyüşə başladı. Onun zərbələri Frezeri silkələyir, ləngərlədir, lakin Co yıxılmırdı. Qonq çalındı və Co Frezerin sekundantı onun növbəti raunda çıxa bilməyəcəyini elan etdi.
Bu döyüş göstərdi ki, Məhəmməd Əli, sözün əsil mənasında güclü, ağıllı, texnikalı boksçudur. Həmin qarşılaşmada güclü, ağıllı, texnikalı boksçudur. Həmin qarşılaşmadan sonra Co Frezer dünya çempionluğu uğrunda döyüşə bir daha çıxmadı. Əli isə 1980-cı ilin payızında Las-Veqas şəhərində Larri Holmsla qarşılaşdı. Boks dünyasının kralı 10-cu raundda məğlub oldu.
Adətən, sönən ulduzların sonrakı həyatı cəmiyyət üçün maraq kəsb etmir. Ancaq Məhəmməd Əli bu gun də unudulmur.
40 yaşı olarkən Əli Parkinson xəstəliyinə (mərkəzi sinir sisteminin ağır şəkildə pozulması) tutuldu. Bu xəstəliyə tutulanların başı və əlləri əsir, onlar sözləri düzgün tələffüz edə bilmirlər. Xəstəlikdən əziyyət çəkən əfsanəvi boksçu indi çox sakit danışır, bəzən onu eşitmək çox çətin olur. Bəzən isə söhbət edərkən qəflətən yuxuya gedir. İlk baxışda, Əli ağılsız insan təsiri bağışlayır. Lakin bu, belə deyil: Parkinson xəstəliyi onun ağlını əlindən almayıb.
Məhəmməd Əlinin ailə həyatı heç də ürəkaçan olmayıb. Üç nigahdan doğulan 8 övladı indi atalarından ayrı yaşayırlar. Məşhur boksçunun hər üç həyat yoldaşı boşandıqları zaman onu külli miqdarda xərcə salıblar. Bir neçə il hətta boksçu kasıb vəziyyətdə yaşayıb.
Xoşbəxtlik, ailə həyatında uğurlar qonşuluqda yaşayan Lonni adlı qızla tanışlıqdan sonra balayıb.
Lonni Əlidən 15 yaş kiçik idi və məşhur boksçu qonşu qıza maraq göstərmirdi. Lakin tale bu iki insanı birləşdirdi. Lonni və Əlinin xoşbəxt ailəsi hazırda Miçiqan (ABŞ) ştatında yaşayır. Evləri 30 hektar sahəni əhatə edir. Övladlığa götürdükləri Əsədin bütün qayğıları ilə Lonni məşğul olur. Məhəmməd Əlinin yetərli qazanc gətirən biznesi var. Bəzən dəvət olunduğu tədbirlərdəki çıxışı Əliyə 150-200 min dollar qazandırır. Keçmiş boksçu tez-tez uşaq xəstəxanalarına, Parkinson xəstəliyindən əzab çəkənlərin milli fonduna pul köçürür.
Əfsanəvi boksçu bütün dünyaya sübut etmək istəyir ki, o, xəstəliyə tabe olmur, ağlı, iti düşüncələri isə yerindədir. Məhəmməd Əli ilə söhbət edənlər onun zəkasına, istənilən məsələyə təhlili yanaşmaq qabiliyyətinə heyran qalırlar.
ABŞ mətbuatına verdiyi müsahibələrin birində əfsanəvi boksçu bildirib ki, Parkinson xəstəliyinə tutulan boksçuların sayı, heç də adi adamlardan çox deyil.
"Bütün dünyada iki milyondan artıq adam Parkinson xəstəliyindən əzab çəkir. Məgər onların hamısı boksçulardır? Nə vaxtsa rinqə çıxanları xatırlayın, baxın görün ki, onlardan neçəsi Parkinson xəstəliyinə tutulub? Mən bir vaxtlar zirvə idim. Ən cəld, yaraşıqlı və ən yaxşı boksçu sayılırdım. İndi isə əllərim və başım əsir. Mən indi Parkinson xəstəliyindən əzab çəkən 2 milyondan biriyəm”, - deyə Məhəmməd Əli qeyd edib.
İslam dinini qəbul edərkən Əlini qınayanlar çox idi. Lakin o, heç kimə fikir vermədən islama sadiqliyini nümayiş etdirdi. 59 yaşlı keçmiş boksçu bu gün də 5 dəfə namaz qılır, əllərini açaraq Allaha dualar edir. Bir vaxtlar rəqiblərinə nifrətlə yanaşan Əli indi bu hisslərdən uzaq bir insandır. Bu yaxınlarda dərc olunan "Etiraf” adlı kitabda o, insanları nifrət hisslərindən uzaq olmağa çağırıb: "Bəli mən çoxlarına nifrət etmişəm. Bu hiss məndə o qədər güclü idi ki, başqa bir şey haqqında düşünə bilmirdim. İndi başa düşürəm ki, insanlara nifrətlə yanaşmaq olmaz”.
Qeyd etdiyimiz kimi, dünya Məhəmməd Əlini unutmur. 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında ona göstərilən hörmət deyilənlərin bariz nümunəsidir. Atlanta Olimpiadasının məşəlinin alovlandırılması kimi şərəfli bir iş ona tapşırılmışdı. Əfsanəvi boksçu məşələ yaxınlaşaraq titrəyən əlləri ilə onu alovlandırdı və bu səhnəni minlərlə insan göz yaşı ilə seyr etdi. Titrəyən bu əllər bütün dünyanı heyrətləndirən, adı boks tarixinə qızıl hərflərlə yazılan, "ağ dördküncün qara kəpənəyi” Kassius Kleyə - Məhəmməd Əliyə məxsus idi.
Hazırladı:
Leyla Əsədova