Qibtə dosta, paxıllıq düşmənə xas xüsusiyyətdir

Qibtə dosta, paxıllıq düşmənə xas xüsusiyyətdir

Pessimist təkcə tuneli, optimist tunelin sonundakı işığı, 
realist tunellə birlikdə işığı və gələcək qatarı görər.

(J. Harris)

Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Qısa zaman kəsiyində böyük sınaqlardan üzüağ çıxan ölkəmiz böyük layihələri uğurla həyata keçirdi. Hər bir sahədə əldə olunan nailiyyətlə bizi dünyaya tanıdır. Liderlərin və peşəkarların hesabına əldə olunan qələbələr Azərbaycanın ərazi cəhətdən deyil, görülən işlər baxımından dünyanın inkişaf etmiş dövlətləri ilə eyni cərgədə dayanmaq iqtidarında olduğuna bir sübutdur.
Ölkə rəhbərinin uğurlu siyasəti Azərbaycan ın siyasi sferada kifayət qədər nüfuz qazanmasına səbəb olub. Səsimizi bütün dünya eşidir. Bütün dünya bilir ki, Azərbaycan sıradan bir ölkə deyil. Onun üçün canını fəda edən minlərlə övladları, müstəqil ərazisi, suverenliyi və milli atributları var. Heç bir ölkədən asılı olmayan, imzalar içərisində imzası olan ölkəmiz iqtisadi gücü ilə fərqlənir.
Belə olan halda təbii ki, bu uğurlara mane olmaq istəyənlər də az olmur.

Qibtə dosta, paxıllıq düşmənə xasdır

Məhşur bir aforizmdə deyildiyi kimi, əgər düşmən qazanmaq istəyirsinizsə, dostlarınızı keçin. Yox əgər dost qazanmaq istəyirsinizsə, icazə verin dostlarınız sizi keçsin. Elə yazının da əsası, nüvəsi bu fikirə köklənir. Biz bir xalq kimi, həmişə dostu dost bilmişik. Onun üçün hər şey etmişik. Lakin düşmənlərimiz də az olmayıb. Çünki uğur qazanılanda paxıllıq və qibtə anlamı ortaya çıxır. Kimisi bu uğurları həzm edə bilmir, kimisə də qibtə edib, həmin uğurları təkrarlamağa çalışır. Qibtə dosta, paxıllıq düşmənə xas xüsusiyyətdir. Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlər çoxlarını qıcıqlandırır. Bir çoxları da bu nailiyyətlərə qibtə ilə yanaşır. Paxıllar xar oldu, uğurumuza sevinənlər isə bizdən güc aldı.

Bizdən nə yazıldı,
nə danışıldı?
Uğurlarımız o qədərdir ki, saymaqla bitməz. Bu uğurlarımızdan biri də tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etməyimiz oldu. Bütün Avropa və dünya bizdən danışdı, bizdən yazdı. Danışıldı ki, qitənin ərazisinə görə kiçik ölkələrindən bir olan Azərbaycan böyük dövlətlərin risk edə bilmədiyi işi qısa zamanda yüksək səviyyədə gördü. Yazıldı ki, Azərbaycan Avropa Oyunlarının vətəni kimi Oyunların necə keçirilməsini irsə çevirdi. Azərbaycandan sonra Avropa Oyunlarına ev sahibliyi edəcək ölkələr ən azı örnək götürməli, təcrübədən yararlanmalıdır. O da yazıldı ki, Azərbaycanın insanları gülərüz, mehriban və sülhsevərdir. Bu ölkə heç kimin ərazi bütövlüyünə, sərhədlərinə göz tikmir, onun adət-ənənələrinə sahib çıxmır və digər milli-mənəvi dəyərləri mənimsəmir. Azərbaycanın buna ehtiyacı yoxdur. Çünki Azərbaycanın elmi, mədəniyyəti, bütün müsbət keyfiyyətləri dünyada sayılıb, seçilir. I Avropa Oyunlarından sonra dünya, Azərbaycanı daha yaxşı tanıdı. Daha bundan sonra Azərbaycan deyəndə, "Xəzər dənizinin sahili”, "Eurovision”, "Qafqaz” və s. kimi ifadələr deyil, Avropa Oyunlarının vətəni kimi ifadəsi yada düşəcək. Düzdür, Xəzər dənizinin sahilidə, Qafqazda yerləşən ölkəmiz həm də "Eurovision” mahnı müsabiqəsində də bütün dünyanın diqqətini özünə cəlb etmişdi. Xatırladaq ki, qitənin ən böyük musiqi festivalına da Azərbaycan yüksək səviyyədə hazırlaşmışdı. 365 gün ərzində yarışın keçirilməsi üçün möhtəşəm "Crystall Hall” tikilmişdi. Avropa Oyunlarına hazırlıq isə 30 ay ərzində başa çatmışdı. 

Bu o deməkdir ki, Azərbaycanın bütün möhtəşəm tədbirləri qısa zaman ərzində, lazımi səviyyədə təşkil etmək imkanı var.
Azərbaycan. Bu vətənin hər daşı, hər qarışı bizə doğmadı. Biz bu torpağın övladıyıq. Vətənimiz bizim adımız, şərəfimizdi. Uğrunda canımızı verməyə, ona uzanan çirkli əlləri kəsməyə hər zaman hazır olmalıyıq. Amma yaşamalıyıq. Yaşamalıyıq ki, bu millətin gələcəyi daha işıqlı olsun. Yaşadıqca yaratmalıyıq ki, gələcək nəsillərə irs qoyaq, onlara firavan həyata bağlayan hisslər bəxş edək.

P.S. Yazının girişindəki epiqrafa nəzər salsaq, belə deyə bilərik: Azərbaycan realist bir ölkədir. Sabahı və gələcəyi görmək üçün optimist və realist olmaq gərəkdir.

Anar