Bədən tərbiyəsi və idman mütəxəssisləri hazırlayan ali məktəb

Bədən tərbiyəsi və idman mütəxəssisləri hazırlayan ali məktəb


Öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlamaqda yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (Azərb.DBTİA) 85 illik tarixi var. Əsası 1930-cu il noyabrın 8-də qoyulmuş və Cənubi Qafqazda ilk ali məktəb olan Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutunun (ZDBTİ) açılışı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında təntənəli şəkildə hayata keçirilib. Bu institutun başlıca vəzifəsi bədən tərbiyəsi müəllimləri, məşqçilər, kütləvi bədən tərbiyəsi və idman işləri üzrə təşkilatçılar, müalicə bədən tərbiyəsi metodistləri hazırlamaq idi. İlk illər institutda fakültələri şöbələr əvəz edirdi. Şöbələrə ümumi rəhbərlik isə tədris hissəsi tərəfindən aparılır, bu üç il davam edir.
Görkəmli alim və maarif xadimləri A. M.Şuşinski, A.Qəniyev, S.Qasımov, E. Rəhimov, S.Hacıyev, N.Anserov, İ.Kravçuk, İ.Soldatov, O.Retelski, A.Şmit, İ.Semensti, İ.Merkuris, A.Kyurdyukov, Z.Georqadze, B.Nuriyev və başqaları institutun ilk müəllimləri olmuşlar. İnstitutun fəaliyyətinin yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar rektorun 19 yanvar 1932-ci il tarixli 4 saylı əmrinə əsasən 3 illik təhsil müddəti 4 il ilə əvəz edilmişdir. 1933-cü ildə ZDBTİ-nin 39 (6 qız, 33 oğlan) nəfərdən ibarət ilk buraxılışı olmuşdur. Maraqlıdır ki, institutu bitirən ilk 6 qız məzundan yalnız bir nəfəri azərbaycanlı idi. Bu qız Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndindən olan Məsumə Fərzəliyeva idi.
1933-34-cü tədris ilində institutun Azərbaycan şöbəsi yaradıldı. Həmin ildə burada 265 nəfər təhsil alırdı.1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. İki dəfə-1938-ci və 1940-cı illərdə institut ÜİHİMŞ və ÜİLKGİ MK-nın keçici qırmızı bayrağını almışdır.

İkinci Dünya müharibəsi zamanı Bədən Tərbiyəsi İnstitutunda təhsil alan tələbələrin sayının kəskin surətdə azalması ilə əlaqədar olaraq respublikada Azərbaycan KP MK və Xalq Komissarları Sovetinin 11 dekabr 1941-ci il 5157 saylı qərarı ilə Bədən Tərbiyəsi İnstiututu Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Müharibə dövründə institutun şəxsi heyətindən 314 nəfər cəbhəyə yola düşdü. Azərbaycan bədən tərbiyəsi və idman təşkilatlarının yetirmələri Böyük Vətən müharibəsində misilsiz rəşadət göstərdilər. Onların bir qismi - Z.Rzayeva, L.Baqri, Q.Qəniyev, S.Əliyev, V.Litvinova, D.Qədirli və başqaları isə arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün fədakarlıqla çalışırdılar.
1943-cü ildə respublikamızın idman həyatında böyük dönüş yarandı. İdman işlərində canlanma başlansa da, kadr hazırlığına olan ehtiyac lazımi səviyyədə təmin edilmirdi. Məhz buna görə Azərbaycan K(b)PMK və Xalq Komissarları Sovetinin 9 iyul 1943-cü il tarixli qətnaməsi və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1943-cü il tarixli 53 saylı qərarı ilə institutun öz keçmiş adı - Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu - bərpa edildi.
Müharibədən sonrakı illərdə Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatı yenidən vüsət aldı, idmançılarımız SSRİ çempionatlarında uğurla çıxış etdilər. Atlet Xandadaş Mədətov ilk dəfə uzununa tullanmada SSRİ rekordunu təzələdi. Güləşçilər və boksçular ümumittifaq və beynəlxalq yarışlarda nailiyyətlər qazandılar. 1952-ci ildə SSRİ-nin iştirak etdiyi ilk XV Olimpiya Oyunlarında Azərbaycan pəhləvanı Rəşid Məmmədbəyov ölkəmizə sərbəst güləş idman növündə ilk gümüş medalı gətirdi. 1950-1960-cı illərdə Azərbaycan idmanı daha da inkişaf etmiş, institutun müəllimləri, tələbə və müdavimləri SSRİ-də bir çox yarışların qalibi və mükafatçıları olmuşlar.
1960-cı illərdə bədən tərbiyəsi və idmanı əhali arasında yaymaq və gəncləri kütləvi şəkildə idmana cəlb etmək üçün bir neçə qərar qəbul edilmişdir. 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Respublikaya rəhbər seçildikdən sonra institut üçün yeni binanın tikintisinə başlanmış və 1972-ci ildə onun açılışı olmuşdur. İnstitut yeni binaya köçdükdən sonra əyani şöbəyə 350, qiyabi şöbəyə isə 100 nəfər tələbə qəbul edilmişdi. Kafedraların sayı isə 20-yə çatdırılmışdı.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 23 mart 42 saylı qərarına əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilmişdir. Hazırda akademiyada fəaliyyət göstərən kafedralar 4 qrupa bölünür: nəzəri-pedaqoji fənlər kafedraları, idman-pedaqoji fənlər kafedraları, tibbi-bioloji fənlər kafedraları, ictimai fənlər kafedraları.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Şöhrəti muzeyi fəaliyyət göstərir. Muzeydə bir cox eksponatlarla yanaşı, 1930-cu ildən başlayaraq, Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının inkişaf tarixini əks etdirən fotoşəkillər də yer almışdır.

İnstitutun nəzdində 1500-ə qədər tamaşaçı tutan stadion, idman meydançası, üzgüçülük hovuzu, güllə atıcılığı üzrə nişangah və idman zalları fəaliyyət göstərir. Akademiyanın rektoru professor Ağacan Abiyevin yaxından köməyi ilə idman qurğularının tikintisi, təmiri və abadlaşdırılması aparılmış, bütün idman qurğularında nümunəvi səliqə-səhman yaranmışdır.
85 il ərzində bu qocaman ali məktəb 16 min nəfərdən artıq mütəxəssis hazırlamışdır. Akademiyanın bir çox məzunları bacarıqlı müəllim və məşqçi, elmi işçi, bədən tərbiyəsi hərəkatının təşkilatçısı kimi yetişmişdir. Onların hazırlanmasında A.Ağalarovun, R.Baxşəliyevin, İ.Dadaşovun, Ə.Səfərovun, Ə.Məmmədovun, E.Kərimovun, T.Abbasovun, A.İsgəndərovun, P.Kotsevinin, Ş.Şamxalovun, N.Merkulovanın, Ə.Babayevin, Z.Rzayevanın, B.Batyaykinin, M.Vahabovun, B.Deykunun, İ.Dyaçkovun, N.Səadətxanın, R. Talıbovun, A.Abiyevin, O.Ağayevin, H.Ağayevin, T.Bəhramovun, C.Qurbanovun, B. Nərimanovun, M.Məmmədovanın və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır.
Akademiya öz məzunlarından Olimpiya çempionları V.Mineyev, İ.Rıskal, V. Lantratova, L. Şubina, R. Şabanova, L. Savkina, B. Koretski, İ. Ponomaryov, İ. Məmmədov, N. Hüseynov, V. Belenki, Z. Meftəhətdinova, N.Abdullayev, F. Mansurov, gümüş mükafatçılar Məmmədbəyov,Y.Konovalov, K.Aleksandr, bürünc mükafatçılar A.İbrahimov, Z.Bortkeviç, E.Quseva, V.Ələkbərov, F.Aslanov, A.Məmmədov, İ.Aşumova, dünya çempionları X.İsayev, M.Allahverdiyev, A.Niftullayev, C.Məmmədov, Z.Hüseynova, N.Paşayev, Ü.Abdullayev, A.Abdullayev, Avropa çempionları R.Hacıyev, Ş.Qasımov, R.Hüseynov, N.Eyvazov, N.Əlicanov, V.Rəhimov, SSRİ çempionları M.Babayev, P.Dadaşov, Ə.Məmmədov, R.İsmayılov, M.Novruzov, H.Məmmədbəyov və b. ilə haqlı olaraq fəxr edir.
Təkcə onu demək kifayətdir ki, son 5 il ərzində (2010-20105) tələbə idmançılarımız beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında və birinciliklərində 515, o cümlədən 185 qızıl medal qazanmışlar, 2500 nəfər idman normativlərini yerinə yetirmişdir (28 beynəlxalq dərəcəli idman ustası, 707 idman ustası, 738 idman ustalığına namizəd).
2008-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Elmi Xəbərlər” jurnalı, 1998-ci ildən isə "İdmançı” qəzeti nəşr olunmağa başlamışdır. Akademiyada baş verən dəyişikliklərdən ən əsası tərəfdaşlarla əlaqələrin gücləndirilməsi və müvafiq beynəlxalq qurumlara üzvlükdür. Qeyd etmək lazımdır ki, tələbə və müəllim mübadiləsi üçün bu, çox vacibdir. Hazırda akademiya bir neçə xarici universitetlərlə əməkdaşlıq edir. Onların arasında Türkiyə Cümhuriyyətinin Mərmərə Universiteti, Moskva Bədən Tərbiyəsi və İdman Akademiyası, Kiyev Pedaqoji Universiteti, Təbriz Universiteti və b. vardır. Akademiya tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə müəllim kollektivinin diqqət mərkəzində olmuşdur. Qarabağda baş verən hadisələrdə igidlik və şücaət göstərdiklərinə görə akademiyanın üç məzunu (Əliyar Əliyev, İlqar İsmayılov və Mədət Quliyev ) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 33 tələbə və məzun torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş, 24 tələbə və məzun isə yaralanmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, akademiyada aparılan tərbiyəvi xarakterli işlər nəticə etibarilə tələbələrdə zəhmətsevərlik, vətənpərvərlik kimi keyfiyyətlər tərbiyə edir.
Azərbaycanda təhsilin inkişafında bu ali təhsil ocağının da xidmətləri böyükdür. Belə ki, akademiya yarandığı 85 il ərzində təkcə idmançı hazırlamaqla kifayətlənməmiş, eyni zamanada, bu təhsil ocağı böyük elmi-pedaqoji mərkəzə çevrilməyi bacarmışdır. Akademiyanın professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırlar. Onlar idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirlər. 1991-2010-cu illərdə 22 kafedrada dövlət büdcəsindən maliyyələşdirilən 16 mövzu üzrə elmi-tədqiqat işləri aparılmışdır. Elmi-tədqiqat işlərinə 198 professor-müəllim, 58 elmi işçi cəlb olunmuşdur. Onlardan 10 nəfəri professor, 49 nəfəri elmlər namizədidir. Akademiyanın müəllimləri 1500-dən artıq dərslik, monoqrafiya, elmi-metodiki vəsait və məqalənin müəllifidirlər. Elmi-tədqiqat işlərinin nəticələri 1991-2010-cu illərdə nəşr olunmuş 375 monoqrafiyada, 136 dərslik və dərs vəsaitində, 230 metodiki vəsaitdə, 340 elmi məqalədə (onlardan 35-i xaricdə dərc olunmuşdur), 425 məruzə və tezisdə öz əksini tapmışdır. 1950-1990-cı illərdə 61 məzunumuz müxtəlif mövzularda namizədlik dissertasiyası müdafiə etmişdir. ADBTİA tələbələrinin on doqquz elmi-praktik konfransı keçirilmiş və onların 860 məruzəsi dinlənilmişdir. Hər bir tələbənin məruzəsi xüsusi olaraq seçilmiş müstəqil münsiflər qrupu vasitəsilə əvvəlcədən elan edilmiş meyarlar əsasında bal sistemi üzrə qiymətləndirilmişdir. 1998-ci ildə akademiyanın bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, ölkəmizdə Olimpiya ideallarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildən Milli Olimpiya Akademiyası ənənəvi olaraq "Olimpizmin tarixi və fəlsəfəsi” mövzusu üzrə konfranslar keçirir, bu konfranslarda Rusiya və Gürcüstanın Milli Olimpiya akademiyalarının nümayəndələri də iştirak edirlər.
1998-ci ildən etibarən ADBTİA-da müasir texniologiyaların tədris, elmi-tədqiqat və nəşr işinə tətbiqi istiqamətində bir sıra dəyərli layihələr həyata keçirilməyə başlanmışdır. ADBTİA-da müasir kompüter avadanlığı ilə təchiz olunmuş kompüter mərkəzi təşkil edilərək, tələbələrin isifadəsinə verilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1970-82-ci illərdə institutun 22 kadrı Moskva və başqa ölkələrdə təhsil almış, müxtəlif mövzularda namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-2015-ci illərdə Akademiyanın kadrları 19 namizədlik dissertasiyası müdafiə etmişdir. Onlardan 16-sı pedaqoji elmlər üzrədir.
Ümumiyyətlə, 1950- 2015-ci illərdə akademiyanın kadrları illər üzrə 80 namizədlik dissertasiyası müdafiə etmişlər. Onlardan 71-i pedaqoji, 9-u isə bioloji elmlər namizədidir. Namizədlik dissertasiyası müdafiə edənlərin 65 nəfəri azərbaycanlı, 14 nəfəri rus, 1nəfəri isə gürcüdür.
1936-cı ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (Az.DBTİ) nəzdində kitabxana fəaliyyətə başlayıb. İnstitut yarandığı ilk dövrdə ana dilində dərsliklər çatışmırdı. 1946-cı ilə kitabxananın fondunda 13.053; 1950-1972-ci illərdə 44.359; 1974-1980-cı illərdə 52.673; 1980-1987-ci illərdə 45.653; 1987-1990-cı illərdə isə - 4036 kitab var idi. Azərbaycan DBTİA-nın kitabxanası yerli kitab mağazaları hesabına zənginləşir. Kitabxanadan 2920 tələbə, 220 nəfərdən ibarət professor-müəllim heyəti, 350 digər əməkdaş istifadə edir. 1954-1955-ci tədris ilində kitabxanada kitabların sayı 28885 idisə, 2005-2006-cı tədris ilində 200 000 olmuşdur. Kitabxananın zəngin qəzet və jurnal fondu var. Burada 1930-cu ildən başlayaraq idman qəzet və jurnalları saxlanılır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorluğu kitabxanaya daima qayğı göstər. Son illər kitabxanada ixtisaslaşmış yeni oxu zalı (dövri mətbuat) açılmış, otaqların çoxu təmir olunmuş, kitabxana yeni rəflərlə və avadanlıqlarla təmin edilmişdir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi Şurasının qərarına əsasən görkəmli şəxslər akademiyanın fəxri doktoru adına layiq görülmüşlər. Onlardan 1994-cü ildə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin doktoru, professor Ahmət Həmdi Turqud, 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sabiq prezidenti Xuan Antonio Samaranç, 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudri, 1995-ci ildə EABA-nın prezidenti Emil Jeçev, 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq, 2005-ci ildə beynəlxalq Taekvondo Federasiyasının prezidenti Çunq Von Ço Layiq, 2007-ci ildə FİFA-nın prezidenti Yozef Blatter, 2007-ci ildə AOK prezidenti Patrik Hikkey, 2007-ci ildə AİBA-nın I vitse-prezidenti Qafur Rəhimov, 2015-ci ildə isə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bu fəxri adı almışlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1993-cü il tarixli əmrinə əsasən ADBTİA-da ilk dəfə bakalavr səviyyəsində mütəxəssis hazırılığına başlandı. Bununla əlaqədar bütün tədris planlarında və fənlərin məzmununda əsaslı dəyişikliklər aparıldı. Yeni proqramlar, dərslik və dərs vəsaitləri hazırlandı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 1993-cü il tarixli qərarı ilə "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı” təsdiq olundu. 1992/1993-cü tədris ilində Tədəbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ADBTİA-ya da bakalavr səviyyəsində ilk tələbə qəbulu keçirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29 iyul 1993-cü il tarixli qərarına uyğun olaran dövlət ali məktəblərində plan daxilində boş qalan yerlərin hesabına ödənişli təhsil qruplarının yaradılması məqsədəuyğun sayıldı.
2004-cü ilin 4 oktyabrında Prezident İlham Əliyev Azərbaycan müəllimlərinə müraciətində Azərbaycan təhsil sistemində aparılan islahatların xalqımız üçün əhəmiyətindən bəhs edərkən iftixar hissi ilə qeyd etmişdir ki, zəngin maarifçilik ənənələrinə malik təhsil sistemimiz aparılan islahatlar nəticəsində bu gün müasir beynəlxalq standartlara cavab verməkdədir. Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XXI yüzillikdə milli təhsilin davamlı inkişafı və dünya təhsil sisteminə intneqrasiyası üçün əllərindən gələni edəcəklərinə, bu sahədə artıq dönməz xarakter almış islahatlar prosesini uğurla davam etdirəcəklərinə əmin olduğunu bildirmişdir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Prezidentin tələblərini həyata keçirməklə öz fəaliyyətini daim genişləndirir.
İlk bakalavr buraxılışı olduqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş "Magistr hazırlığı haqqında Əsasnamə”yə uyğun olaraq Təhsil Nazirliyinin 17 iyun 1997-ci il tarixli əmri ilə ADBTİA-da da magistr hazırlığı aparılmasına icazə verildi. Bununla bağlı akademiyada geniş hazırlıq işləri aparıldı. ADBTİA-da magistratura şöbəsi yaradıldı. Magistr hazırlığı aparılacaq istiqamətlər və ixtisaslar müəyyənləşdirildi. Magistr təhsil proqramları əsasında tədris planları və fənn proqramları tərtib olundu. Magistratura səviyyəsini təmin edə biləcək dərslik və dərs vəsaitlərinin hazırlanmasına başlandı. 1997/1998-ci tədris ilində ilk dəfə olaraq ADBTİA-nın magistratura səviyyəsinə tələbə qəbulu aparıldı. 9 nəfər bakalavr məzunu magistrant adına layiq görüldü.

1998-ci ildən etibarən ADBTİA-da müasir texnologiyaların tədris, elmi-tədqiqat və nəşr işinə tətbiqi istiqamətində bir sıra dəyərli layihələr həyata keçirilməyə başladı. ADBTİA-da müasir kompüter avadanlığı ilə təchiz olunmuş kompüter mərkəzi yaradılaraq tələbələrin isifadəsinə verildi.
Azərbaycan Prezidentinin 15 iyun 1999-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” təsdiq olundu. Proqramın əsas məqsədi təhsilin digər pillələrində olduğu kim, ali təhsil sahəsində də mövcud potensialı saxlamaq və inkişaf etdirməkdən, müvafiq normativ-hüquqi bazanı yaratmaqdan, cəmiyyətin Azərbaycan Respublikası Konstitusiyasında, "Təhsil Qanunu”nda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşdirilməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarət idi.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası İslahat Proqramının qarşıya qoyduğu məqsədin reallaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirdi. Belə ki, Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnamə və qaydalara uyğun olaraq, ADBTİA-nın spesifik xüsusiyyətlərini əks etdirən normativ sənədlər hazırlandı. İxtisas strukturuna yenidən baxıldı, akademiyaya tələbə qəbulu və kadr hazırlığının istiqamətləri üzrə aparılmış işlər təkmilləşdirildi. Təhsil Nazirliyinin 10 avqust 1999-cu il tarixli əmri ilə "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə” təsdiq olundu. Həmin Əsasnaməyə uyğun olaraq ADBTİA-da eksperiment olaraq tələbələrin yalnız birinci kurs üzrə biliyinin qiymətləndirilməsində 100 ballı sistemə keçildi. Sonrakı illərdə bu sistemin tətbiqi akademiyanın başqa kurslarını da əhatə etdi.
2005-ci il mayın 19-da Azərbaycan Balonya sisteminə qoşuldu. Məlumdur ki, Bolonya sistemi məqsədi işçi qüvvəsi və mütəxəssislərin vahid Avropa bazasını yaratmaq, Avropa birliyinə daxil olan dövlətlərin təhsil sistemlərini və vətəndaşlarının düşüncə tərzlərini bir-birinə yaxınlaşdırmaq, ortaq dəyərlər ətrafında birləşmək və ali təhsil müəssisələri arasında məhsuldar əməkdaşlıq qurmaqdır. Bununla əlaqədar olaraq "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu”nda dəyişikliklər aparıldı. Yeni struktura uyğun olaraq Təhsil Nazirliyinin 4 avqust 2006-cı il tarixli əmri ilə təsdiq olunmuş Dövlət Standartları əsasında ADBTİA tərəfindən 2 istiqamətdə ixtisas üzrə tədris planları hazırlandı. Sonrakı illərdə ADBTİA-da kredit sistemi ilə tədrisin təşkilinin əhatə dairəsi daha da genişləndirildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərfindən təhsil sahəsində hazırlanmış konsepsiya bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. 2008-ci ilin yanvarında Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycanın ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda Azərbaycan təhsilinin Avropa məkanına inteqrasiyasına geniş yer verilir və əsas vəzifələr müəyyənləşdirilir. Sənəddə ali təhsilin bütün sahələrinin hərtərəfli inkişafı, Avropa və dünya təhsil sisteminə qoşulması, bu işin, əlbəttə ki, düzgün seçilmiş kadrların üzərinə düşməsi vurğulanır. Fəaliyyət planına müvafiq olaraq akademiyanın proqramı hazırlandı. Hazırda proqramın yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Son dövrlərdə ölkəmizdə bütün sahələrdə baş verən dəyişikliklər 85 illik tarixə malik Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının da fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldırmışdır. Ümumiyyətlə, ADBTİA-nın rektoru professor Ağacan Abiyevin bu akademiyanın inkişafındakı fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Belə ki, akademiya menecmentində keyfiyyətə nəzarətin müasir sistemlərinə də mühüm yer verilmişdir. Burada başlıca məsələlərdən biri tələbələrin akademiyada idarəetmə proseslərinə cəlb olunmasıdır. Akademiyanın bütün strukturlarında tələbə kollektivinin iştirakı təmin edilmişdir. Dərsə davamiyyətə nəzarət avtomatlaşdırılmış nəzarət sistemi olan işıqfor proqramı yaradılmış, tələbələrə xidmətin keyfiyyətini daha da artırmaq məqsədini daşıyan "Elektron dekanlıq” layihəsinin gerçəkləşdirməsinə başlanılmışdır. Hazırda tələbələr akademiyanın böyük Elmi Şurasından tutmuş fakültələrin ictimai təşkilatları da daxil olmaqla bütün seçimli orqanlarda iştirak edirlər. İnanırıq ki, 85 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkəmizdə ali təhsil sisteminin flaqmanlarından biri kimi, bundan sonra da yüksək səviyyədə fəaliyyət göstərəcəkdir.