Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında beynəlxalq təhsil sahəsində sıx əlaqələr var

Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında beynəlxalq təhsil sahəsində sıx əlaqələr var


Azərbaycanla Beynəlxalq Olimpiya Akademiyası arasında sıx əməkdaşlıq mövcuddur. Akademiyanın prezidenti İsidoros Kuvelos və direktoru Diyonisis Qanqas ilə 2013-cü ildə Gənclər və İdman Nazirliyində keçirilmiş görüş zamanı Beynəlxalq Olimpiya Akademiyasının professor və müəllimləri Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında Olimpiya təhsili mövzusunda mühazirələrlə çıxış etmişlər. Azərbaycanlı tələbələrin Beynəlxalq Olimpiya Akademiyasında təhsil alması, Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş tələbə-gənclərin təcrübə məqsədi ilə həmin akademiyaya səfərlərinin təşkili, beynəlxalq idman tədbirlərində çalışan könüllülər və idman jurnalistləri üçün qısamüddətli kursların təşkili, həmçinin digər məsələlərlə bağlı əməkdaşlığa dair razılıq əldə edilib.
Beynəlxalq Olimpiya Akademiyası 1929-cu ildə təsis olunmuş, lakin 1961-ci ilə qədər rəsmi olaraq təqdim olunmamışdır. Təşkilatın məqsədi bütün dünya üzrə Olimpiya əhval-ruhiyyəsinin yayılması və Olimpiya Hərəkatının prinsiplərinin təcəssüm edilməsidir.1998-ci ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Milli Olimpiya Akademiyası yaradılmışdır. Akademiyanın prezidenti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru professor Ağacan Abiyevdir. Milli Olimpiya Akademiyası ölkəmizdə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos artıq bir neçə dəfə Bakıda olub və müvafiq qurumlarla Akademiya ilə Azərbaycan arasında əlaqələrin gələcək perspektivləri, Bakı-2015 İlk Avropa Oyunları çərçivəsində Akademiya ilə həyata keçiriləcək layihələrə dair müzakirələr aparıb. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi sayəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlıq haqqında razılıq əldə edilib. Həmin razılığa əsasən, avqustun 2-dən 13-dək Yunanıstanın Olimpiya şəhərində, Beynəlxalq Olimpiya Akademiyasında Azərbaycandan olan gənc məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil edilmişdir. Həmçinin 11-25 iyun 2013-cü il tarixində Yunanıstanda Beynəlxalq Olimpiya Akademiyası tərəfindən təşkil edilmiş Gənc iştirakçıların 53-cü sessiyasında Azərbaycandan 6 nəfər iştirak edib. Avqust ayında isə Akademiyada Azərbaycandan 40 gənc məşqçi-müəllim, idman jurnalistləri, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil olunub. İyunun 12-də tədbirin açılış mərasimi keçirilmiş, iştirakçı ölkələrin təqdimatı olmuşdur. Afinanın tarixi yerləri ilə qısa tanışlıqdan sonra iştirakçılar qədim Olimpiya kəndinə yola düşmüşlər.
Afina, həqiqətən, muzey-şəhərdir. Amma o yalnız Qərb təfəkkürünün tarixini yox, həm də bugününü gözəl əks etdirir. Belə ki, Afinanın küçələrində son dövrlərə aid heykəllər, fiqurlar görmək mümkündür. Bunlardan iki detal məni təəccübləndirdi: biri yunan heykəltəraşı Kostas Varotsosun Olimpiya oyunlarında marafon qaçışlarında iştirak edən idmançıların şərəfinə şüşədən düzəltdiyi "Qaçan insan” heykəli idi. İkinci detal isə daşdan düzəldilən və şəhər boyu qoyulan insan bədəninin ayrı-ayrı hissələrinin - ayaqların, barmaqların, əllərin və s. fiqurları idi. İnsanı hissə-hissə daşda təsvir etmək və bununla diqqəti hərəkətə, plastikaya yönəltmək ənənəsi hələ fransız Oqüst Roden tərəfindən qoyulub. Qəribədir ki, "Düşünən insan”ı ilə məşhur olan heykəltəraş həm də başsız və əlsiz "Addımlayan”ın da müəllifidir. İndi bu ənənənin nəticələri Afinanın küçələrinə səpələnmişdir.
Afinadakı bu iki detalı - iki yaradıcılıq əsərini tutuşduranda, yunan heykəltəraşlarına ürəkdən əhsən deyirəm. Qərb insanını bu qədər dəqiqliklə yalnız qərbli özü təsvir edə bilərdi.
Proqrama əsasən, tədbirin ikinci günündə - avqustun 3-də məktəbin iştirakçıları Delfi şəhərinə gəliblər. Qonaqlar əvvəlcə şəhərin mərkəzində yerləşən arxeoloji muzeylə tanış olublar. İştirakçılara muzeyin tarixi və eksponatlar barədə ətraflı məlumat verilib. Onlara bildirilib ki, muzey 13 zaldan ibarətdir və burada 1500-dən artıq eksponat nümayiş olunur. Eramızdan əvvəl VI əsrdən indiyədək qorunan mədəniyyət nümunələrini seyr edən azərbaycanlı qonaqlar muzeydən xoş təəssüratlarla ayrılıblar. Delfidə açıq səma altında fəaliyyət göstərən tarixi qoruğu ziyarət, xüsusilə böyük maraq doğurub. Azərbaycanlı qonaqlar burada qədim afinalıların istifadə etdikləri xəzinə və qədim yunanların allahı olan Zevsin məbədinin dövrümüzədək gəlib çatan qalıqlarını ziyarət ediblər.
Azərbaycanlı qonaqlar ilk Olimpiya oyunlarının keçirildiyi stadionda da olublar. Onlara bu mötəbər yarışın tarixi barədə ətraflı məlumat verilib. Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasında Beynəlxalq Olimpiya Akademiyası ilə Azərbaycan arasında əməkdaşlığa və Azərbaycan gənclərinin Olimpiya təhsilinə böyük töhfə vermiş Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının "Olimpiya mükəmməlliyi” xüsusi fəxri mükafatı təqdim edilib. Akademiyanın prezidenti İsidoros Kuvelos mərasimdə çıxış edərək Olimpiya Hərəkatının yaranmasının 200 illiyinin tamam olduğunu bildirib. O, Olimpiya Hərəkatının inkişafına göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya minnətdarlıq edib.
Birinci xanım Mehriban Əliyeva tədbirdə çıxış edərək demişdir: "Beynəlxalq Olimpiya Komitəsi tərəfindən mükafata layiq görülmək və qədim yunan torpağında bu nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu gün sizin hamınızla birlikdə bu gözəl mərasimdə iştirak etmək məndə məmnunluq hissi doğurur. Beynəlxalq Olimpiya Akademiyasının prezidenti cənab İsidorosa və akademiyanın bütün üzvlərinə Olimpiya dəyərləri və prinsiplərinin təbliğində mənim fəaliyyətimə yüksək qiymət verdikləri üçün dərin minnətdarlığımı bildirmək istəyirəm.
Biz Azərbaycanda Olimpiya Akademiyasının Olimpiya dəyərlərinin qorunması, inkişafı və bütün dünyada paylaşılması işindəki nailiyyətlərini yüksək qiymətləndiririk. Biz birlikdə Azərbaycan gəncləri, eləcə də idmanla bağlı rəsmi şəxslər, Avropa gəncləri üçün təhsil proqramları hazırlamışıq. Bu gün Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvüdür. İdmanın inkişafı, Olimpiya dəyərləri və ideallarının təbliği bizim ölkəmizin siyasətinin prioritetlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra biz Beynəlxalq Olimpiya Komitəsinin ölkəmizdə idmanın inkişafına verdiyi diqqəti həmişə hiss etmişik. Şəxsən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bizim təşəbbüslərimizi dəstəklədiyi üçün təşəkkürümü bildirmək istəyirəm”. Beynəlxalq Olimpiya Akademiyasının direktoru Dionissis Gangas demişdir ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında əlaqələr yüksək səviyyədədir. O bildirmişdir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə dörd illik müddətə müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində Azərbaycan nümayəndə heyəti akademiyada olacaq, Olimpiya Oyunlarının tarixi, dəyərləri və digər mövzularda mühazirələr dinləyəcək və Yunanıstanın tarixi yerlərini gəzəcəklər.
2006-cı il mayın 23-də Milli Olimpiya Komitəsində (MOK) "Azərbaycanda Olimpiya təhsili sisteminin yaradılmasının aktual məsələləri” mövzusunda seminar keçirilmişdir. MOK-un məsul əməkdaşı Cəmaləddin Rəhmanov Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsi ilə keçirilən bu seminarın əhəmiyyətindən, Olimpiya təhsili barədə qəbul olunmuş beynəlxalq proqramda əksini tapmış məsələlərin ölkəmizdə tətbiqi ilə bağlı müzakirələrin aparılmasının vacibliyindən danışmışdır. 2014-cü il noyabrın 17-də Azərbyacan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (AzDBTİA) akt zalında "Olimpiya idmanının fizikası, kimyası və fəlsəfəsi” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. Tədbirdə Almaniya, Rusiya, İngiltərə, Belarus, Ukrayna və Litvadan olan idman mütəxəssisləri Olimpiya Hərəkatı və idman sahəsi ilə bağlı müxtəlif mövzularda mühazirələr oxudular. Müasir Olimpiya Hərəkatının intibah və inkişafının ideoloji və fəlsəfi əsasları mövzusunda həm yerli, həm də əcnəbi mütəxəssislər mühazirələrlə çıxış etdilər.
Bakı-2015 Oyunları Akademiyasının məzunları may ayının axırlarında özlərinin Məzun Kamilliyi Proqramı üzrə təlim kurslarını bitirərək Oyunların keçiriləcəyi binalarda və əməliyyat mərkəzlərində öz konkret vəzifələrini icra etməyə başladılar. 163 nəfəri Azərbaycandan, 25 nəfəri isə müxtəlif Avropa ölkələrindən olmaqla, cəmi 188 nəfər məzun Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin (BAOƏK) tam ştatlı əməkdaşlarına çevrilməsini təmin edən bu yenilikçi proqramda uğurla iştirak ediblər.

Dilqəm Quliyev,
AzDBTIA-nın prorektoru, professor