Avropa Olimpiya akademiyalarının ikinci beynəlxalq konfransı uğurla yekunlaşdı

Avropa Olimpiya akademiyalarının ikinci beynəlxalq konfransı uğurla yekunlaşdı


Oktyabrın 29-31-də paytaxtımızda "İlk Avropa Oyunları Milli Olimpiya akademiyaları üçün yeni çağırışdır” mövzusunda Avropa Olimpiya akademiyalarının ikinci beynəlxalq konfransı keçirildi. Tədbirdə ümumilikdə 20-yə yaxın ölkənin (Almaniya, Estoniya, Ukrayna, Bolqarıstan, Türkiyə, Rumıniya, Çexiya və s.) idman akademiyalarının rektor, direktor və professorları iştirak edirdilər. Tədbirin təşkilində məqsəd Olimpiya Hərəkatını təbliğ etmək, Olimpiya fəlsəfəsi və ideologiyasını dövlətlər və insanlar arasında yaymaq, təcrübə mübadiləsi aparmaq, beynəlxalq əlaqələri möhkəmləndirmək idi. Konfransda "Müasir dünyada Olimpiya idmanı”, "Şagirdlərin Olimpiya təhsili idmanla məşğul olmaq üçün mühüm motivasiyadır”, "Azərbaycan və Beynəlxalq Olimpiya akademiyaları arasında əlaqələrin möhkəmləndirilməsi” mövzularında müzakirələr aparıldı. Tədbirin yekununda iştirakçıları medal və sertifikatlar təqdim olundu.
Tədbirin yekununda yerli və xarici
mütəxəssislər konfransla bağlı fikirlərini
"Olimpiya dünyası” qəzeti ilə bölüşdülər.

"Milli Olimpiya akademiyaları Olimpiya Hərəkatının inkişafında mühüm rol oynayır”

Qanqas Dionisios, Beynəlxalq Olimpiya Akademiyasının direktoru:
- Bakıda olmaqdan çox məmnunam. Yüksək qonaqpərvərliyə, tədbirin mükəmməl təşkilatçılığına görə təşəkkürünü bildirirəm. Avropa Olimpiya akademiyalarının konfransı çox vacib tədbirdir. Konfransın keçirilməsində əsas məqsəd Olimpiya ideyalarını təbliğ etmək, Olimpiya Hərəkatının dünyaya sülh və əmin-amanlıq gətirdiyini diqqətə çatdırmaqdır. Milli Olimpiya akademiyaları Olimpiya Hərəkatının inkişafında mühüm rol oynayır. Avropanın Milli Olimpiya komitələri uğurla fəaliyyət göstərərək bir sıra məsələlərdə gözəl nəticələr əldə edirlər. Azərbaycan Milli Olimpiya Komitəsi də öz fəaliyyəti ilə nümunəvi qurumlar sırasındadır. Bakıda keçirilən Avropa Olimpiya akademiyalarının ikinci beynəlxalq konfransında müxtəlif ölkələrin Olimpiya komitələrinin nümayəndələri birlikdə çalışdı, müəyyən mövzularda müzakirələr apardı və yekun qərara gəldilər. Bakıda keçirilən bu tədbir dünya idmanının inkişafına böyük töhfədir. Beynəlxalq Olimpiya Akademiyası Azərbaycandakı müvafiq qurum, həmçinin, Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edir. Azərbaycandan çoxlu sayda tələbə və idmançı Yunanıstanda yerləşən Beynəlxalq Olimpiya Akademiyasının idman fakültəsində təhsil alıb. Onlar bu müddətdə çoxlu seminar və konfranslarda iştirak edib, təcrübə keçiblər. İnanıram ki, həmin tələbələr və idmançılar Azərbaycan idmanının uğuruna layiqli töhfələrini verəcəklər.


"Olimpizm ideyaları yüksək amallara xidmət edir”

Ağacan Abiyev, Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru:
- Avropa Olimpiya akademiyalarının ikinci beynəlxalq konfransı uğurla başa çatdı. Bu konfrans 2-ci dəfədir ki, keçirilir. Xatırladım ki, ilk konfrans 2013-cü ildə Almaniyada keçirilmişdi. Budəfəki tədbirdə 20-yə yaxın ölkədən Milli Olimpiya akademiyalarının nümayəndələri iştirak etdilər. Konfrans "İlk Avropa Oyunları Milli Olimpiya akademiyaları üçün yeni çağırışdır” mövzusunda keçirildi. Bildiyiniz kimi, bu il ölkəmiz tarixdə ilk dəfə I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Avropa Oyunlarının yüksək təşkilatçılığı bir sıra ölkələr üçün örnəkdir. Kofransda müzakirələr zamanı qonaqlar da Avropa Oyunlarının təşkili ilə bağlı müsbət fikirlər səsləndirdilər. Azərbaycan Milli Olimpiya Komitəsinin idmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətində gördüyü işlər, nümunəvi fəaliyyəti xüsusilə qeyd olundu. Əlbəttə ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən idmanın və Olimpiya Hərəkatının inkişafına göstərilən diqqət və qayğı sayəsində mümkün olmuşdur.
Qeyd edim ki, konfransın təşkilində əsas məqsəd Olimpiya ideyalarının təbliği idi. Hər bir ölkə çalışır ki, onun xalqı, milləti sağlam formalaşsın. Müasir Olimpiya Hərəkatının banisi Pyer de Kubertenin əsas amalı da məhz Fransa gənclərini sağlam, gözəl qamətli, ağıllı görmək idi. Bu ənənə indi də davam edir. Olimpizm özündə təhsili, elmi və mədəniyyəti birləşdirir. Bu üç amil olmadan idmanın hərtərəfli inkişafı mümkün deyil. Biz də çalışmalıyıq ki, gənclərimiz güclü, savadlı və mədəni olsunlar. İdman təkcə rinqdə, döyüş və yarış meydanında rəqiblə üz-üzə gəlmək deyil. Bəzən idmançılardan yalnız medal tələb olunur. Beynəlxalq arenalarda uğur qazana bilməyəndə isə onun idmanda sonrakı taleyi məşqçiləri maraqlandırmır. Olimpizmin təbliğində məqsəd odur ki, belə idmançlar hər hansı bir ixtisasa yiyələnsinlər ki, gələcəkdə mütəxəssis kimi formalaşsınlar. Biz məktəblərdə, ali təhsil ocaqlarında olimpizm ideyalarını gəncələrə təbliğ etməliyik ki, gənclərimiz hərtərfli böyüsünlər. Bir sözlə, Olimpizm ideyaları yüksək amallara xidmət edir. Buradakı çıxışların əsas mövzularından biri də məhz olimpizmin faydalı keyfiyyətlərini insanlara aşılamaq idi. Bununla yanaşı, Olimpiya təhsili sahəsində də müzakirələr və təcrübə mübadiləsi aparıldı. Qeyd edim ki, Ukrayna, Almaniya və Serbiya kimi ölkələr bu sahədə gözəl təcrübəyə malikdirlər. Bu ölkələrdə məktəblərdə gənclərlə xüsusi iş aparılır. Əcnəbi qonaqlar Bakıda onlar üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildirdilər. Bu insanlar arasında bəzi mütəxəssislər Bakı-2015 Avropa Oyunları zamanı da burada çalışmışdılar. Bu insanlar idmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətində Azərbaycanın işini yüksək qiymətləndirdilər. Qonaqlar qeyd etdilər ki, Azərbaycan dünyanın Olimpiya mərkəzlərindən biridir.