“Yüksək nəticə gözləmirdik, amma iki medal qazandıq”

“Yüksək nəticə gözləmirdik, amma iki medal qazandıq”

Azərbaycanda bütün idman növləri inkişaf etdirilir. Bu, qılıncoynatmaya da aiddir. Bu növdə mübarizə aparan idmançılarımız müxtəlif beynəlxalq yarışlarda ölkəmizə medallar qazandırırlar. Ötən il Bakıda təşkil olunan I Avropa Oyunları qılıncoyandanlarımız üçün uğurlu oldu. Belə ki, bu mötəbər yarışda təmsilçilərimiz bir gümüş, bir bürünc medal qazandılar.
Olimpnews.az saytının məlumatına görə, Azərbaycan qılıncoynatma yığmasının baş məşqçisi Fikrət Vəliyev redaksiyamızın qonağı oldu. O, idmançılarımızın ötən il əldə etdikləri nəticələrdən, qarşıda komandanı gözləyən yarışlardan söhbət açdı. "2015-ci ili qılıncoynadanlarımız üçün uğurlu hesab etmək olar. Sevindirici haldır ki, Sevil və Sevinc Bünyatova bacıları Bakı-2015 Avropa Oyunlarında iki medal qazanaraq xalqımızı sevindirdilər. Düzünü desəm, bacıların medal qazanmaq şansları o qədər də yüksək deyildi. Lakin onların əzmkarlığı və iradəsi nətiəsində ölkəmiz bu növdə də medal qazandı. Avropa Oyunlarında hər kəs Sabina Mikinadan mükafat gözləyirdi. Avropa Oyunları kimi mötəbər yarışda mükafatçılar sırasında yer almaq üçün fiziki hazırlıqdan başqa, psixoloji hazırlıq da vacib amil hesab olur. İdmançının yarışa texniki cəhətdən necə hazırlaşmasından asılı olmayaraq, o, mənəvi cəhətdən də yüksək səviyyədə hazırlıq keçməlidir. Düşünürəm ki, Sabinanın zəif çıxış etməsinin səbəbi hər kəs tərəfindən ona göstərilən etimad oldu. Böyük ehtimalla, o həyəcanlandı və uğursuz çıxış etdi. Həmçinin məlumdur ki, belə mötəbər yarışlardan əvvəl idmançılarla xüsusi psixoloqlar məşğul olurlar. Təəssüf ki, bizdə belə imkan yoxdur və çalışırıq ki, qılıncoynadanlarımıza federasiya rəsmiləri özləri dəstək olsunlar. Ümumiyyətlə, bütün yarışlarda uşaqlarla danışır, onlara psixoloji dəstək göstəririk. Buna görə hesab edirəm ki, idmançının özünü psixoloji cəhətədən yarışa hazırlaması ən vacib amildir. Sabinanın medal qazanamamasına məyus olsaq da, Bünyatova bacıları bizi sevindirdilər. Düzü, yüksək nəticə gözləmirdik, amma iki medal qazandıq. Qılıncoynatma növü günü-gündən daha da inkişaf etdiyindən bu növdə güclü idmançıların sayı artır. Onlarla rəqabət aparmaq isə elə də asan deyil. Həmçinin bu, elə bir növdür ki, burada yerlər tez-tez dəyişə bilir. Bəzən görürsən ki, ötən ilin dünya çempionu bu il təşkil olunan yarışda ilk onluğa belə daxil olmur. Qılıncoynatmanın inkişaf etdiyi ölkələrdən Ukrayna, Cənubi Koreya, İtaliya, Fransa təmsilçiləri Qran-pri yarışında yer almamışdılar. Bakı-2015 Avropa Oyunlarında hətta dünya reytinqində ən yüksək pillədə dayanmış qılıncoynadanlar mükafat qazana bilmədilər. Hər kəs məşhur ukraynalı qılıncoynadan Olqa Xarlanın Bakı-2015-in qalibi olacağına əmin idi. Lakin Olqa bu mötəbər yarışda zəif çıxış etdi 28-ci yerdə qərarlaşdı. Həmçinin Sabina Mikinanın lisenziya uğrunda mübarizədə əsas rəqiblərindən sayılan güclü Yunanıstan təmsiçilçisi də 5-ci oldu. Avropa Oyunları mənə Olimpiya Oyunlarını xatırlatdı. Olimpiadalarda hər zaman sürprizlərlə qarşılaşırıq. Bakı-2015-də gözlənilməz nəticələri ilə yaddaşlarda qaldı. Bəzi qılıncoynadanlar etimadı doğrultmadılar. Yeri gəlmişkən deyim ki, Avropa Oyunları təşkilatçılıq baxımından qonaqları heyran etdi. Bakı-2015 Olimpiya Oyunları ilə eyni səviyyədə keçdi. İyul ayının əvvəlində Rusiyanın paytaxtı Moskva şəhərində dünya çempionatı keçirildi. Bu çempionatı yüksək yerdə başa vurmasaq da, nəticəni qənaətbəxş hesab etmək olar. Təmsilçilərimiz 32-33 komanda arasında 9-cu yerə layiq görüldülər. İdmançılarımız İspaniya, Meksika, Macarıstan və Rusiya kimi güclü komandalara qalib gəldilər. Moskvada Rusiya təmsilçilərinə qalib gəlmək, həqiqətən də, uğurlu nəticədir. Qılıncoynadanlarımız ötən il dekabrın 12-də ABŞ-ın Boston şəhərində keçirilən Qran-pri turnirində güclərini sınadılar. Gərgin mübarizə şəraitində keçən yarışda Sabina Mikina bürünc medal qazanmağa nail oldu. Həmin turnirdə komanda hesabında Çin birinci, Rusiya ikinci yerə çıxdı. Təəssüf ki, qadın qılıncoynadanlarımızla müqayisədə kişilərdən ibarət komandamız bir qədər geri qalır. Daha yüksək nəticə əldə etmək üçün onlar mütəmadi təlim-məşq toplanışları və beynəlaxlaq yarışlarda iştirak etməlidirlər. İdmançılara təcrübələrini daha da artırmaq üçün hər il, ən azı, on yarışda iştirak etmək lazımdır. Kişi komanda qızlardan ibarət komandadan bir qədər zəif çıxış etdiyindən biz daha çox qızlarla işləməyə üstünlük veririk. Təbii ki, mailiyyə problemləri olmasa, oğlan qılıncoynadanlarımızı da təcrübə toplamaları üçün təlim-məşq toplanışlarına və müxtəlif beynəlxalq yarışlara yollamaq olar. Buna görə də çalışırıq ki, yaxşı nəticə əldə edən idmançıların üzərində işləyək və nailiyyətlər qazanaq”, - deyə Fikrət Vəliyev bildirdi.

Onu da bildirək ki, Rio-de Janeyro-2016 Yay Olimpiya Oyunlarına hazırlıqlar da sürətlə davam edir. Qılıncoynadanlardan hansının Oyunlara lisenziya qazanacağı aprel ayında məluma olacaq. Qeyd edək ki, Azərbaycan qılıncoynadanlarından lisenziya qazanmağa ən real namizəd Sabina Mikinadır. Lakin təmsilçilərimizi qarşıda hələ 3 lisenziya xarakterli beynəlxalq yarış gözləyir. İlk yarış yanvarın 29-31-də Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək. Qılıncoynadanlarımız daha sonra fevralın 18-20-də Belçikanın Gent şəhərində, martın 25-27-də isə Cənubi Koreyanın paytaxtı Seul şəhərində lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Qılıncoynatma yarışlarında lisenziya reytinq cədvəli üzrə əldə olunur. Aprel ayında bütün xalların hesablanmasından sonra lisenziya sahibləri məlum olacaq. Məlumat üçün deyək ki, bu gün komandamız Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək təlim-məşq toplanışına yollanacaq.