Qədim döyüş növü inkişaf yolundadır

Qədim döyüş növü inkişaf yolundadır
Bu gün dünyada müxtəlif döyüş idman növləri mövcuddur. Nəzərə alsaq ki, döyüşlərə insanlar qədim zamanlardan maraq göstəriblər, döyüş idman növlərinin bu gün daha çox populyarlıq qazanması təəccüblü deyil. Ən qədim döyüş növlərindən biri sayılan kunf-fu Çində yaranıb. Kunq-fu sözünün mənası çin dilində "mahir insan” deməkdir. Kunq-fu bir yol, həmin yolun yolçusu isə mahir insandır. Dünyada bu növ üzrə federasiyalar, klublar, mərkəzlər fəaliyyət göstərir. Populyar döyüş növünün bu gün sevilməsində filmlərin önəmli rolu var. Bəzi döyüş filmlərində kunq-fu fəndlərindən istifadə olunması bu növün sevilməsində əvəzsiz rola malikdir. Dünyaca məşhur çinli aktyorlar kunq-fu sənətinə dərindən yiyələnərək onu tamaşaçıya ən gözəl şəkildə çatdırmağı bacarıblar.

Olimpnews.az saytının məlumatına görə, kunq-fu çox geniş və maraqlı döyüş sənətidir. Bu sənətlə insan istənilən yaşda məşğul ola bilər. Onun müxtəlif üslubları (tay-çi, katalar) təbiətdən ilhamlanaraq yaradılıb və estetikliyi ilə yanaşı, həm də özündə güclü müdafiə texnikalarını birləşdirir. Əsl kunq-fu döyüşçüsü heç vaxt aqressiyaya yol verməməli və bildiklərini yalnız müdafiə məqsədi ilə tətbiq etməlidir.

Qədim növün -tarixi
Döyüş hünəri nə deməkdir? O, haradan meydana gəlib? Əl və ayaqların çoxşaxəli hərəkətləri yalnız nümayiş etdirilmək və şəxsi mübarizədə istifadə olunmaq üçünmü yaranmışdır? Döyüş sənətindən əvvəllər ilk növbədə bədəni möhkəmləndirmək və sağlamlıq vasitəsi kimi istifadə ediblər. Kunq-fu idman növü heyvanların həyatını daha yaxından öyrənmək, onlardan müdafiə olunmaq, düşmənə hücum zamanı maneənin aradan qaldırılması yollarının axtarışının nəticəsi kimi meydana gəlib. Bu idmanın növünün bir-birindən fərqlənən çoxlu fəndləri var.Yaranma tarixi nöqteyi-nəzərindən onların bəzilərinin yaşı bir neçə min il bundan qabaqkı dövrlərə təsadüf edir. Kunq-fu fəndlərinin çoxu irs kimi nəsildən-nəslə keçərək günümüzə gəlib çatıb. Şaolin məbədinin yaranmasının dəqiq tarixi məlum deyil. Amma əksər tarixçilər belə fikirdədirlər ki, bu, məşhur bir din xadiminin Hindistandan Çinə səfəri ilə əlaqədardır. Yəni tarixi mənbələrə görə həmin din xadimi Çinə gələrək, Şaolin adlı ərazidə məskunlaşıb. Bu əraziyə zaman-zaman insanlar toplaşıblar. Hindistandan gələn və tarixdə Budid Harma, Darumatişer, Tamu adları ilə tanınan bu adam uzun illər boyu Şaolinə gələn insanlara öz elmini öyrədən bir rahibə çevrilib. Bugün bütün dünyada məşhur kunq-fu ustalarının yetişdiyi Şaolin məbədinin əsası bu rahib tərəfindən qoyulub.

Kunq-fu Azərbaycanda sevilir
Bütün dünyada olduğu kimi ölkəmizdə bu döyüş növü artıq uzun illərdir ki, öyrənilir. Kunq-fu Azərbaycanda ilk dəfə Davud Mahmudzadə tərəfindən 1992-ci ildə tədris olunub. 1993-cü ildə Azərbaycan Coriyo Kunq-fu Federasiyası rəsmi fəaliyyətə başlayıb. Davud Mahmudzadə hazırda federasiyanın prezidenti və baş məşqçisidir. Bu təşkilat Beynəlxalq Kunq-fu Federasiyasının Azərbaycanda milli nümayəndəliyidir. Bu növ üzrə milli komandamız qitə və dünya çempionatlarında hər il ölkəmizi təmsil edir, bayrağımızı dalğalandırır, himnimizi səsləndirir. Federasiyanın idmançıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Təsadüfi deyil ki kunq-fu ustaları arasında dünya çempionları, beynəlxalq yarışların qalibləri kifayət qədərdir. İdmançılar Türkiyə, Bolqarıstan, Portuqaliya, Kuveytdə keçirilən dünya çempionatlarında istirak edərək, medallar qazanıblar. Millimizin üzvləri Araz Abdulov (2009-2010), Veysəl Qəmbərov (2009), Ceyhun Babayev (2009), Qoşqar Əliyev dünya çempionlarıdır. Bundan əlavə, 2011-ci il də Küveytdə keçirilən dünya çempionatında 6-idmançımız Rövşən Məhərrəmzadə, Orxan İsabəyli, Bəhruz Həsənov, Elnur Abbaszadə, Qoşqar Əliyev qızıl medal qazanıblar. Əmin Məcidli isə gümüş medala sahib olub. Federasiyanın prezidenti Davud Mahmudzadə Çində kunq-fu idman növünün dərinliklərinə yiyələnib. O, Şaolində 18 heyvan və 18 slah stillərini öyrənib. Bu fəndlərə yiyələnərək vahid Coriyo formlarını yaradıb. Davud müəllim bizimlə söhbətində bildirdi ki, kunq-fu ölkəmizdə sevilən idman növlərindən biridir. "Ölkəmizdə idmanın həm Olimpiya, həm də qeyri-Olimpiya növləri inkişaf etdirilir. Dövlətimizin idman sahəsinə göstərdiyi diqqət və qayğı danılmazdır. Bizim federasiyamız da idmanın inkişafında müəyyən rol oynayır. Kunq-fu ustalarımız beynəlxalq arenalarda Azərbaycanı yüksək şəkildə təmsil edirlər. Təsadüfi deyil ki, idmançılarımız arasında dünya çempionları, beynəlxalq turnirlərin qalibləri var. Yeri gəlmişkən deyim ki, kunq-fu insanlara öz fəlsəfəsi ilə fayda verir. Bu növlə məşğul olanlar özünümüdafiə qaydalarına daha çox əməl edirlə. Məşğələlərdə özünümüdafiə, kunq-fu formları və silahları, kunq fu layt kontakt, kunq-fu ful kontakt, kunq-fu ekstra ful, tueişo, 18 heyvan üsullarını və soyuq silahla davranmanın 18 formu öyrədilir.

Çalışırıq ki, gənclərin fiziki sağlamlığını qoruyan, onları mənəvi cəhətdən tərbiyə edən kunq-fu idman növünün kütləviliyinə nail olaq”, - deyə federasiya prezidenti əlavə etdi.