Tanınmış alimin yaradıcılıq gecəsi keçirildi

Tanınmış alimin yaradıcılıq gecəsi keçirildi

"Cahan idman klubu” İctimai Birliyinin təşkilatçılığı və "Olimpiya dünyası” qəzetinin informasiya dəstəyi ilə tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, yazıçı, astroloq Firudin Qurbansoyun doğum gününə həsr olunmuş yaradıcılıq gecəsi keçirildi. Olimpnews.az saytının məlumatına görə, "Cahan idman klubu” İB-in konfrans zalında təşkil olunan tədbirdə İctimai Birliyin sədri Elçin Eyvazov, Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, baş redaktorun müavini Aslan Şirəliyev, filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdiri Sənan Talıbov, qurumun baş metodisti İrina Özçoban və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Elçin Eyvazov qonaqları salamlayaraq Firudin Qurbansoyun qələmə aldığı pyeslərin, təmsil və satirik hekayələrin, həmçinin bir sıra məqalələrin ədəbiyatşünaslıqda öz layiqli qiymətini aldığını bildirdi. Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov Firudin Qurbansoyun əsərlərinin tarixi şəxsiyyətlərdən bəhs etdiyini vurğuladı. "Azərbaycanda çoxlu sayda elmlər namizədi, elmlər doktoru var. Fikrimcə, həqiqi alimlər intibah dövrünün alimləri olublar. İntibah dövrünün alimləri fəlsəfə, fizika, kimya və başqa elimləri də gözəl bilirdilər. Bu baxımdan mən Firudin müəllimi intibah dövrünün alimi hesab edirəm. O, fəlsəfə, ədəbiyyat, tarix və musiqini çox gözəl bilir. Yəni mədəniyyət və incəsənətin elə bir sahəsi yoxdur ki, orada Firudin Qurbansoyun öz imzası olmasın. Buna görə də Firudin müəllimin yaradıcılığı yüksək qiymətləndirilir”, - deyə o əlavə etdi. Filologiya üzrə fəlsəfə doktoru Şəlalə Hümbətli Firudin Qurbansoyla tanışlığınıdan, onun Azərbaycan ədəbiyyatının və elminin inkişafındakı danılmaz xidmətlərindən danışdı. Firudin müəllimin Azərbaycan Jurnalistlər Birliyinin üzvü olduğunu söyləyən Şəlalə xanım onun mətbuatda da öz imzası ilə tanındığını və bir sıra elmi məqalələrin müəllifi olduğunu qeyd etdi. "Firudin müəllim mənim üçün çox dəyərli insandır. Ədəbi yaradıcılığa tələbəlik illərindən başlayan Firudin müəllimin ilk qələm təcrübəsi "Kirpi” jurnalında işıq üzü görmüşdü. Onun hələ 8-ci sinifdə yazdığı şeirinin mahiyyəti mənə çox təsir etdi. Firudin müəllim həm də astoroloq kimi tanınr. Astrologiya çox böyük elimdir. Bu elm sahəsi ilə məşğul olmaq hər insana nəsib olmur. Bunun üçün bilik və bacarıq tələb edilir. Mən Firudin müəllimi doğum günü münasibəti ilə təbrik edir, ona böyük uğurlar arzulayıram”, - deyə Şəlalə Hümbətli bildirdi.

Tədbirdə çıxış edən MOK-un aparıcı məsləhətəçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev Firudin Qurbansoyun yaradıcılığına verilən yüksək qiymətdən danışdı. "Firudin müəllim gözəl alim və astronomiya elminin ən görkəmli nümayəndələrindən biridir. O, öz məntiqi və səlis nitqi ilə insanlara dayaq olan dəyərli ziyalılarımızdandır. İdman elə bir çoxşaxəli sahədir ki, bu sahədə çalışanların arasında jurnalist, alim, incəsənət xadimi və ədəbiyyatçı da var. İdman təkcə insanın fiziki gücünün nümayişi deyil, eyni zamanda insanın daxili aləminin, mənəvi gücünün də göstəricisidir. Bir sözlə, idman bir çox mənəvi dəyərləri özündə birləşdirən və inkişaf etdirən əhəmiyyətli bir sahədir. Firudin müəllimlə idmançılarımız, onların psixoloji hazırlığı ilə bağlı dəfələrlə maraqlı söhbətlərimiz olub. O, idmançıları yarışlara psixoloji cəhətdən necə hazırlamaq lazım olduğunu çox yaxşı bilən az sayda olan mütəxəssislərdəndir. Belə peşəkar, hərtərəfli hazırlıqlı mütəxəssislərə isə həmişə böyük ehtiyac vardır. Çünki Firudin müəllim kimi, insanlardan daim nəsə faydalı bir şey öyrənmək mümkündür. İnanıram ki, Firudin Qurbansoy kimi ziyalılarımız cəmiyyətin mənəvi cəhətdən daha da saflaşmasına öz töhfəsini həmişə verəcəkdir”, - deyə Murad Fərzəliyev bildirdi.

Musiqiçi Mahmud Səlah, "Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev, Əməkdar İncəsənət Xadimi Rafiq Sadıqov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Məmmədova, "Cahan idman klubu” İB-in sədr müavini Nizami Zeynalov, Nardaran kəndinin baş axundu Musa Rza, şairə Dilarə Şahid öz çıxışlarında Firudin Qurbansoyun poeziyasının bənzərsizliyindən danışdılar. Tədbir iştirakçıları onun yaradıcılığına verilən yüksək qiymətdən, həyat və fəaliyyətindən geniş söhbət açdılar. Hazırda Azərbaycan Milli Konservatoriyasında çalışan Firudin Qurbansoyun həm də səmimi dost, yüksək insani keyfiyyətlərə malik olduğu vurğulandı. Qeyd olundu ki, Firudin Qurbansoyun ilk yazısı 1968-ci ildə "Kirpi” jurnalında nəşr olunub. "Xətai”, "Canım Qırat, gözüm Dürat”, "Dədə Qorqud sorağında” adlı pyesləri əsasında hazırlanan tamaşalar Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Kukla Teatrında və digər teatrlarda səhnələşdirilib. O, unudulmaz şair Mikayıl Müşfiqə həsr olunmuş "Göylərin lacivərd ətəklərində” adlı kitabın, həm də görkəmli dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən "Etiraf” filminin ssenari müəllifidir.

Firudin Qurbansoy idman və mədəniyyəti birləşdirən gecənin təşkilinə görə "Cahan idman klubu” İctimai Birliyinin sədri Elçin Eyvazova təşəkkür etdi. O, özü haqqında deyilən xoş sözlərin gələcək fəaliyyətində daha məsuliyyətlə çalışmasına zəmin yaradacağını dedi.

Tədbirin sonunda "Cahan idman klubu” İB-in üzvü Şamil İsmayılov və Kəmaləddin Məmmədov Azərbaycanın ölməz şairi Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş tədbiri keçirilməsində yüksək səviyyədə iştirak etdiklərinə görə fəxri fərmanla təltif olundular.