Novruz duyğuları...

Novruz duyğuları...



Mənə elə gəlir ki, Novruz bayramı ən çox mənim uşaqlıq illərimdə qalıb. Uşaqlığın Novruzu tamam baqşqa bir ölçü də olur. Bu gün də o hissi gözəl yaşayıram, amma görünür uşaqlar üçün Novruzun ayri bir dadı var.
Uşaq vaxtı əzbərləydiyim Səməd Vurğunun aşağıdakı şeiri də həmin uşaqlıq illərimin ən gözəl nümunəsidir.

Novruz bayramıydı, gülürdü dağlar,
Qonşumuz xınalı bir erkək kəsdi.
Bu bayram günündə anamı ağlar,
Görəndə üstümdən bir çovğun əsdi.

Novruz bayramının ilk səhəri anam həyat-bacanı su səpib süpürədrdi. Sonra o əlində su qabı ilə biz yatan otağa girərdi, suyu üstümüzə çiləyib uca səslə deyərdi: Uşaqlar bahar gəlib, durun ayağa, bu qədər yatmaq olmaz. Biz islanmamaq üçün yorğanı başımıza çəkərdik. Görəndə ki, mümkün deyil, həyətə qaçardıq. Anam arxamızca düşüb bizi həyətdə qovardı. Üzümüzə su dəyəndə biz ayılardıq.

Anam bayram axşamı deyirdi ki, gedin bir yerdə yumurta gizlədin, yanına bir qara , bir qırmızı karandaş qoyun. Səhər gedin baxın. Əgər yumurta qırmızı qələmlə cızılıbsa, demək, işləriniz yaxşı gedəcək, yox əgər, qara qələmlə çızılacaqsa, uğursuzluğunuz çox olacaq. Gizlətdiyim yumurtalarda heç bir yazı olmurdu, anam deyirdi ki, sən hələ uşaqsan, xöşbəxtliyin sənə tərəf yol gəlməkdədir. Ya da hərdən belə deyirdi:- "Yumurta ilə qələmi düz qoymamısan, ona görə yazmayıb”. Mən də təəssüflənirdim, başlayırdım novbəti Novruzu gözləməyə.
Novruz günlərində hər yerdən tonqal qoxusu gəlir. Elə bil göz dəyməsin deyə təbiət öz başına üzərrik yandırır.
Novruz bayramında evlərin içindəki əşyalar çölə tökülür, yorğan- döşək çırpılır, axşam səliqə ilə yenə evə yığılır. Yeni əşyalar, paltarlar alınır, əyin-baş təzələnir, nişanlı qızlara xonçalar aparılır, dünyadan köçənlər anılır. Bütün bunlar Növruzun bizə bəxş etdiyi sağlamlığın, etibarlığın və təmizliyin ən gözəl nümunəsidir.
Deyirlər gərək Novuzun öz evində keçirəsən, əgər bir dəfə keçimədinsə, demək, sən uzun müddət Novruzu evində keçirə bilməyəcəksən, yəni uzaqda olacaqsan. Bu inancın böyük tərbiyəvi əhəmiyyəti var. İnsanları öz evinə, ocağına bağlamaq, bir-birindən hal-əval tutmaq, şirinliyi artırmaq- kimi məslələlər Novruzun əsas özəlliklərindən biridir.
Uşaq vaxtı Novruz bayramına bir ay əvvəldən hazırlaşırdım. Qalın keçə tapırdım, onu yumaq eləyib simlə möhkəm bağlayırdım. Bayram axşamı şam yandırıb göyə atardım, hamı atırdı, bütün qonşular, kənd... Amma ən yaxşısı mən hazırlayan olardı... Səhər isə şamım yanmış külünə baxıb azca kədərlənərdim.
Iki-üç gün qabaq tonqal yandırmaq üçün ağacları baş-başa catardım, iri bir tonqal yandırıb ailəlikçə onun ətrafına toplanardıq. Tonqal bir az öləziyən kimi üstündən tullanardıq.

"Azarim-bezarım burda qalsın”, " sarılığım sənə, qırmızılığın mənə” və ya da "ağırlığım-uğurluğum bura tökülsün”- deyərdik.

Novruz bayramına qədər keçirilən su, yel, od və torpaq çərşənbələri dünyanın bu dörd ünsürdən yarandığını köstərən əsas faktdır. Təbiətin oyanmasında bu dörd çərşənmənin rolu çöx böyükdür.

Sovet dönəmində Novruz bayramını dini bayram hesab edib onun dövlət səviyyəsində keçirilməsini qadağan etmişlər. Azərbaycan içtimai fikrinin boyük nümayəndəsi Şıxəli Qurbanovun rəhbərliyi ilə 1967-ci ildə Qız qalasının ətrafında Novruz bayramı təntənə ilə qeyd edilir. Nəticədə Şıxalı Qurbanov həmin bayramının təntənəsinin qurbanı olur. Amma bütün qadağalara baxmayaraq, Novruz bayramı hər bir Azərbaycan ailəsində böyük şövq və istəklə keçirilir. Ölkəmiz müstəqillk qazandıqdan sonra artıq Novruz bayramı dövlət səviyyəsində qeyd edilir.

Novruz bayramında insanlar bir-birini təbrik edir, küsülülər barışır. Insanlar daha da bir-birinə yaxın olur.
Novruz yenilik, sağlamlıq, təzəlik, yeni gün rəmzidir. Novruz bol ruzi-bərəkət, dostluq, birlik deməkdir. Qoy həmişə canımız sağlam, ruzi-bərəkətimiz bol, səmənimiz könül oxşayan olsun.

Qəşəm Nəcəfzadə