İdman mənəvi tərbiyənin də inkişafında mühüm əhəmiyyət kəsb edir

İdman mənəvi tərbiyənin də inkişafında mühüm əhəmiyyət kəsb edir

Ölkəmizdə gənclərin bədən tərbiyəsinə və idmana kütləvi şəkildə cəlb olunmasında məqsəd fiziki cəhətdən hərtərəfli inkişaf etmiş, sağlam və vətənin müdafiəsinə hazır olan, çətinliklərdən qorxmayan fəal cəmiyyət qurucuları yetişdirməkdir. Olimpnews.az saytının məlumatına görə, gənclərin birinci forumunda çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: "Mən istərdim ki, Azərbaycan gəncləri sağlam, güclü olsun, vətənimizin düşmənlərinə qarşı barışmaz olsun, öz xalqı uğrunda, torpağının tam azadlığı uğrunda vuruşmağı bacarsın. Siz özünüzü hər bir çətinliyə dözə bilən və hər bir çətinliyi aradan qaldırmağa qadir olun güclü, çevik və davamlı adam kimi hazırlamalısınız”.

Bütün bunlar isə bədən tərbiyəsinin aşağıda göstərilən konkret vəzifələrini həll etmək yolu ilə nail olmaq mümkündür:

a) fiziki qabiliyyətin hərtərəfli kamilliyinə, sağlamlığın möhkəmliyinə yönəldilmiş orqanizmin forma və funksiyasının ahəngdar inkişafı;
b) gənclərin fiziki cəhətdən normal inkişafını təmin etmək, onlarda güc, davamlılıq, çeviklik və hərəkət cəldliyini tərbiyə etmək;
c) gənclərə düzgün və dürüst biliklər vermək; onlarda həm ümumi-təbii hərəkətlər (yerimək, qaçmaq, alət tullamaq və s.), həm də xüsusi bədən tərbiyəsi hərəkətələri etmək (idmanın müxtəlif növləri, hərəkətli oyunlar, xüsusi gimnastika hərəkətləri) bacarıq və vərdişləri formalaşdırmaq;
ç) həyat üçün zəruri olan hərəkət bacarığının, vərdişlərin və xüsusi biliklərin təşəkkülü;
d) idmançılarda mənəvi və iradi keyfiyyətlər: vətənpərvərlik, mərdlik, iradə, təşəbbüskarlıq, cəsurluq və qətiyyət tərbiyə etmək.

Bütün bu vəzifələr bir-birilə üzvi surətdə əlaqədardır. Bədən tərbiyəsi işi düzgün qurulduqda bunların hamısı birlikdə həll edilir. Qeyd olunanların heç birinə etinasızlıq göstərmək olmaz. Gənclərimizin qarşısında fiziki və mənəvi tərbiyə kimi yüksək bir məqsəd qoyulmaqla bərabər, yuxarıda göstərilən vəzifələrin ən yaxşı şəkildə yerinə yetirilməsini təmin etmək vacibdir. Əgər hansısa gənc, fiziki cəhətdən kifayət qədər güclü deyilsə, insanlara xas olan mənəvi və iradi keyfiyyətlər onda lazımınca inkişaf etməmişsə, belə bir adamı vətənin müdafiəsinə hazır saymaq olmaz.

Azərbaycan dövlətinin həyata keçirdiyi mühüm vəzifələrdən biri sağlamlığın möhkəmləndirilməsi və ömrün uzadılmasıdır. Bu vəzifənin həlli, əsasən, fiziki tərbiyə işinin düzgün qurulmasından, bədən tərbiyəsi və idmanın xalqın gündəlik məişətinə (gigiyena gimnastikası, müalicə gimnastikası, idmanla, ümumi hazırlıqla məşğul olmaq, tibb nəzarətindən və gigiyena amillərdindən istifadə etmək) daxil edilməsindən asılıdır. Fiziki tərbiyə orqanizmin forma və funksiyasının inkişafını təmin edir, onun bütün sistemlərini möhkəmləndirir və kamilləşdirir.
Qüvvə, sürət, dözümlülük, çeviklik və cəldlik kimi fiziki keyfiyyətlər olmadan hərəki fəaliyyət göstərmək mümkün deyil. Həmin keyfiyyətlər hərəki bacarıq və vərdişlərin yaranması ilə qarşılıqlı əlaqədə inkişaf edir. Tərbiyənin əsas vəzifələrindən biri beş hərəkət keyfiyyətini (qüvvə, sürət, dözümlülük, çeviklik və cəldlik) inkişaf etdirməkdən ibarətdir. Unutmaq olmaz ki, idman fəaliyyəti qeyd olunan keyfiyyətlərin inkişaf səviyyəsindən asılıdır.

Bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmaq sağlamlığın qorunması deməkdir
Hərtərəfli fiziki tərbiyə sağlamlığın möhkəmlənməsi, əmək qabiliyyətinin artması, ömrün uzadılması üçün təməl rolunu oynayır. Fiziki hərəkətlər orqanizmin möhkəmləndirilməsi və xəstəliklərə qarşı mübarizədə orqanizmə kifayət qədər kömək edir.

Bədən tərbiyəsi və idmanla müntəzəm surətdə məşğul olanda sağlamlıq artır və orqanizm möhkəmlənir. Həm də bədən tərbiyəsi və idman məşğələləri sanitariya nöqteyi-nəzərindən yaxşı şəraitdə keçilməlidir. Kifayət qədər təmiz havası olmayan, yaxud orqanizmin dözümlüyünü azaldan isti bir zalda məşğələ keçmək bədən tərbiyəsi ilə məşğul olanların sağlamlığına zərərli təsir göstərir. Məlumdur ki, insan bədəninin inkişafı çox gec başa çatır. Məsələn, skeletin bəzi hissələri çox zaman ancaq 25 yaşına yaxın bərkiyib sümüyə dönür. Bədən tərbiyəsi müəllimi və idman məşqçisi bədən tərbiyəsi və idmanla məşğul olanların fiziki inkişafının xüsusiyyətlərini və səviyyəsini daim nəzərə almalıdırlar. Onlar məşğələləri təşkil etməli, gimnastika hərəkətlərini, oyunları, idman növlərini düzgün seçməli, məşğələlərin metodikasını elə hazırlamalıdırlar ki, bu, böyüməkdə olan orqanizmin normal inkişafına kömək etsin. Bu zaman insan həyatı üçün ən vacib daxili orqanların (ürək, ağ ciyər, sinir-əzələ sistemi) və müvazinət orqanlarının normal inkişaf etməsinin qayğısına qalmaq lazımdır. Həmçinin boy-buxunun, bədənin xarici formasının düzgün inkişaf etməsinə də diqqət yetirmək vacibdir. Skeletin təşəkkül tapmasına və skelet əzələlərinin inkişafına təsir göstərən hərəkətlər bunun üçün əsasdır.

Gənclərin fiziki cəhətdən inkişaf etdirilməsi sahəsində məktəblərin qarşısında xüsusilə böyük vəzifələr durur. Pedoqoji kollektiv uşaqların məktəbə daxil olduqları ilk günlərdən etibarən onların fiziki cəhətdən inkişaf etməsi və boy-buxununun düzgün olmasına diqqət göstərməlidirlər.

Xarici amillər uşaq orqanizminə asanlıqla təsir göstərir. Pedoqoqlar uşaqların hərəkətlərini nəzarət altında saxladıqda onların orqanizmi ahəngdar surətdə inrkişaf edir. Uşaqların parta arxasında düzgün oturmasına, düzgün dayanmasına kifayət qədər fikir verilmədikdə isə, əksinə, şagirdlərin bədənində uzun müddət davam edən nöqsanlar əmələ gələ bilər.

Şagirdlərin sağlamlığını artırmaq və onları fiziki cəhətdən inkişaf etdirməklə bərabər, onlara hərəkətləri yerinə yetirmək üçün müəyyən bacarıq və vərdişlər aşılanmaldır. Bədən tərbiyəsi və idman proqramlarında bədən tərbiyəsi hərəkətlərinin növləri göstərilmiş, müvafiq vərdişlərin növləri və dərəcəsi müəyyən edilmişdir. Bədən tərbiyəsi proqramı həyati cəhətdən vacib olan hərəkətlərin yerinə yetirilməsi üçün şagirdlərin düzgün vərdişləri mənimsəməsini tələb edir. Məktəbdə bədən tərbiyəsi dərslərində uşaqlara düzgün yerimək, qaçmaq, tullanmaq, alət tullamaq və sairə öyrədilir.

Azərbaycan gənclərinin fiziki sağlamlığı məsələsi ümummilli liderimiz Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub. Heydər Əliyev gənclərin ikinci forumundakı demişdir: "Biz istəyirik ki, müstəqil dövlətimizin gəncləri hərtərəfli inkişaf etsin, yaxşı yüyürsün, yaxşı üzsün, qıvraq, sağlam, vətənin müdafiəsinə hazır bir adam olsun, bədəncə inkişaf etməklə bərabər, mənəvi cəhətdən də düzgün inkişaf etsin”.

Bədən tərbiyəsi müəlliminin qarşısında idman yarışlarında, stadionda, idman meydançasında, hovuzlarda, habelə bu və ya digər gimnastika alətində hərəkətləri yerinə yetirərkən istifadə edilən bacarıq və vərdişləri öyrətmək vəzifəsi durur. Bu idman vərdişlərinin tamamilə spesifik olmasına baxmayaraq, onlar bədən tərbiyəsi işində olduqca böyük əhəmiyyətə malikdir.

Bədən tərbiyəsi müəllimlərinin və idman məşqçisinin apardığı iş gənclərimizdə milli vətənpərvərlik hissi, vətənə, öz idman kollektivinə və idmana məhəbbət hissi tərbiyə edir, həmçinin onlarda idman nailiyyətləri uğrunda, idmanın ən mühüm növləri üzrə dünya rekordları qazanmaq uğrunda mübarizədə özünəinamı möhkəmlətmək məqsədi daşıyır.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idmanın və bədən tərbiyəsinin əhəmiyyətindən danışarkən demişdir: "Biz idmançıları elə tərbiyə etməliyik ki, onlar öz qüvvələrinə inansınlar, idman nailiyyətlərini yorulmadan yaxşılaşdırmağa dərin vətənpərvərlik hissi ilə çalışsınlar. Milli komandalarımızın hər bir üzvü beynəlxalq yarışda müstəqil dövlətimizin şərəfini ləyaqətlə, müvəffəqiyyətlə qorumağa borcludur”.

Ölkəmizin tanınmış idmançıları da əldə etdikləri nailiyyətləri vətənpərvərlik hisslərinin böyük rol oynadığını qeyd ediblər. Olimpiya çempionu Namiq Abdullayev deyib: "Yarış zamanı güləşərkən mən bir dəqiqə belə yaddan çıxarmırdım ki, burada mən müstəqil Azərbaycan idmanının nümayəndəsiyəm və ölkəmin bayrağını yüksək tutmalıyam. Bu fikir məni və komanda yoldaşlarımı qələbəyə ruhlandırırdı. Əldə etdiyimiz qələbələr və doğma Vətənimizin şöhrətini daha da artırır”.

Fiziki tərbiyədə başlıca yeri fiziki hərəkətlər tutur
Bədən tərbiyəsi və idman məşğələləri gənclərimizdə, öz idman kollektivinə məhəbbət hissi, öz şəxsi mənafeyini kollektivin mənafeyinə tabe etmək bacarığı tərbiyə edir. İdman kollektivinin yaradılması, onun möhkəmləndirilməsi və kollektivin işinin düzgün təşkil edilməsinin qayğısına qalmaq məşqçilərin idmançılar arasında apardıqları işin ən mühüm tərəfidir.

Bu vəzifə yerinə yetirilərkən idman kollektivinin necə təşkil edilməsi və onun ən xarakterik xüsusiyyətləri haqqında aydın təsəvvürə malik olmağın əhəmiyyəti böyükdür. Bəziləri belə güman edirlər ki, kollektiv eyni mənafeyin birləşdirdiyi adamlar qrupudur. Bu, əlbəttə, doğrudur. Lakin idman kollektivinin bütün məzmunu yalnız müəyyən bədən tərbiyəçiləri qrupunun idman mənafeyindən ibarət deyil. Əsl idman kollektivin başlıca xüsusiyyəti həmin kollektivin ümumi vəzifələrini yerinə yetirmək uğrunda onun bütün üzvlərinin mübarizə aparmasından ibarətdir. Düzgün təşkil edilmiş kollektivin ümumi məqsəd və vəzifələri olur. Bu məqsəd və vəzifələr kollektivin bütün üzvlərinin birgə səyi ilə yerinə yetirilir. İdman bölməsinin üzvləri kollektivin işində iştirak etməyi yalnız öz idman ustalıqlarını təkmilləşdirməyə çalışmaqla məhdudlaşdıra bilməzlər. İdman kollektivi idmanın müvafiq növünü inkişaf etdirmək, idmanın müəyyən növünə gənclərin cəlb edilməsi uğrunda mübarizə aparmaq, idman məşğələlərini avadanlıq və ləvazimatla daha yaxşı təchiz etmək qayğısına qalmalıdır. Kollektiv özünün bütün üzvlərinin idman hazırlığını daha da artırmaq və ümumi qələbəyə nail olmaq uğrunda çalışmalıdır.

Hər bir idman kollektivinin tədris və idman məşğələləri üçün möhkəm qaydaları mövcuddur. Kollektivin bütün üzvləri bu qaydalara ciddi əməl etməyə və onları düzgün yerinə yetirməyə borcludurlar. Yaxşı idman kollektivinin özünün müəyyən edilmiş ənənələri olmalıdır. Təşkilata yeni daxil olan idmançı, bir qayda olaraq, burada yaranmış ənənələrin və idman fəaliyyətinin ümumi xətti olduğunu, kollektivin üzvləri arasında düzgün vəzifə bölgüsü aparıldığını və bu vəzifələrin yerinə yetirilməsinin vacibliyini anlayır.

İdmançının intizamı onun idman təşkilatlarının müəyyən edilmiş qaydalarına sadəcə tabe olması demək deyil. Bu, hər şeydən əvvəl, idman kollektivinin mənafeyini hamının birlikdə müdafiə etməsinin zəruri olduğuna əsaslanan şüurlu intizamdır. Mütəxəssislər hesab edirlər ki, idmançı yalnız öz şəxsi intizamı üçün deyil, bütün kollektivin intizamı üçün də məsuliyyət daşımalı və öz kollektivində yüksək intizam uğrunda fəal mübarizə aparmalıdır.

İdmançılarda iradə möhkəmliyi, təşəbbüskarlıq, cəsurluq, qətiyyət, mətinlik, çətinlikləri və maneələri aradan qaldırmaq bacarığı kimi mənəvi keyfiyyətlərin tərbiyə edilməsi bədən tərbiyəsinin qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün böyük əhəmiyyətə malikdir. Bədən tərbiyəsi müəllimləri və məşqçilər öz gündəlik işlərində gəncləri fiziki cəhətdən tərbiyə emək yolu ilə onlarda mənəvi keyfiyyətləri inkişaf etdirə bilərlər. İnsan idmanın müxtəlif növləri ilə məşğul olmaqla öz iradəsinin möhkəmliyini artırır, özündə mətanətli olmaq, çətinliyi aradan qaldırmaq bacarığını və başqa keyfiyyətləri inkişaf etdirir. Sözsüz ki, yuxarıda göstərilən keyfiyyətlərin yaradılması prosesində gənclərə düzgün istiqamət verilməlidir. Aydın bir istiqamət olmasa, bədən tərbiyəsi məşğələləri gənclərimizin xarakterində eqoizm, özünü öymək, lovğalıq, kollektivi saymamaq və başqa bu kimi mənfi keyfiyyətlərin əmələ gəlməsinə səbəb ola bilər.

Deməli, gənclər arasında idman və bədən tərbiyəsi sahəsində aparılan iş çox mühüm və məsuliyyətli bir işdir. Bu, məşqçilərdən öz işlərinə böyük məsuliyyətlə yanaşmağı tələb edir. Hər bir məşqçi, hər bir bədən tərbiyəsi müəllimi məşğələləri elə qurmalıdır ki, uşaq və gənclər yalnız bədəncə deyil, zehni cəhətdən də inkişaf etsinlər, onlarda müəyyən estetik görüşlər əmələ gəlsin. Əlbəttə, bu, heç də o demək deyil ki, əqli, mənəvi, estetik tərbiyə, əmək tərbiyəsi yalnız bədən tərbiyəsi vasitələri ilə yerinə yetirilə bilər. Ölkəmizdə bu vəzifə pedoqoji tərbiyə işinin düzgün təşkili ilə də öz həllini tapır. Fiziki tərbiyənin göstərilən vasitələri arasında başlıca yeri fiziki hərəkətlər tutur. Bu, onunla izah olunur ki, fiziki hərəkətlər orqanizmə böyük təsir göstərir və onlar (fiziki hərəkətlər) orqanizmin fəaliyyətini, sağlamlığını inkişaf etdirmək məqsədi ilə tətbiq olunur. Fiziki hərəkətlər fiziki tərbiyə vəzifəsini həll etmək üçün xüsusi təşkil olunmuş hərəkət fəaliyyətidir. Hərəkət fəaliyyəti isə insanın fəallığının səciyyəvi komponenti olan hər hansı bir hərəkətdir. Yerinə yetirilən konkret hərəkətlər və fəaliyyət bunların dəfələrlə təkrarı prosesi kimi başa düşülür. Fiziki hərəkətlər insanın fiziki keyfiyyətlərini inkişaf etdirir, onun hərəkət sahəsini təkmilləşdirir, bacarıq və vərdişlər aşılayır. Bununla yanaşı, fiziki hərəkətlər duymağı, hiss etməyi, hər hansı bir hadisəni təsəvvürdə canlandırmağı, yəni psixoloji sferanı təkmilləşdirir. Təcrübəli mütəxəssislər hesab edirlər ki, beyin fəaliyyətinin özünü büruzə verməsi yalnız bir hərəkətdə - əzələ hərəkətində özünü göstərir. Beləliklə, fiziki hərəkətlə məşğul olmaq insanı həm fiziki, həm əqli, həm də mənəvi cəhətdən təkmilləşdirir.

Fiziki tərbiyə üçün müxtəlif vasitələrdən, o cümlədən ümumi pedoqogikadan istifadə olunur. Fiziki tərbiyə vasitələrini və onların xarakteristikasını tam həcmdə bilməsi hər bir müəllimə bütün vasitələrdən kompleks halında istifadə etməyə, daha effektli fiziki hərəkətləri seçib ayırmağa, fiziki hərəkətlərin yeni sistemlərini işləyib hazırlamağa imkan verir. Hərəkətləri kompleks halında tədbiq etmək fiziki tərbiyə üçün xarakteriktir. Sözsüz ki, bura gigiyena amilləri də daxildir. Bununla belə, fiziki tərbiyənin aparıcı qüvvəsi və spesifik vasitəsi fiziki hərəkətlərdir. Bir qayda olaraq, fiziki tərbiyə təcrübəsində hər hansı bir vasitə təcrid olunmuş halda deyil, digər vasitələrlə müəyyən qrup təşkil edərək kompleks halında tədbiq olunur.

Təbii amillərin də insanın sağlamlığı üçün böyük əhəmiyyəti var. Təbii amillərdən metodiki cəhətdən düzgün istifadə edilməsi, bir tərəfdən, onları fiziki tərbiyə vasitəsinə, digər tərəfdən, fiziki hərəkətlərin daha yaxşı təsir vasitəsinə çevirir.

Qeyd etdiyimiz kimi, fiziki tərbiyə vasitələri kompleks şəkildə tətbiq olunmalıdır. Yalnız bu yolla fiziki tərbiyə vəzifələrini yerinə yetirmək və bədən tərbiyəsi sisteminin qarşıya qoyduğu məqsədə çatmaq olar.
Gimnastika hərəkətləri bədən tərbiyəsinin başlıca vasitələrindən biridir. Gimnastikanın vəzifəsi müəyyən bədən tərbiyəsi hərəkətlərini, o cümlədən həmin hərəkətlərin xüsusi gimnastika alətlərində və alətlərlə yerinə yetirməyin düzgün üsullarını öyrətməkdən, beləliklə, gənclərin fiziki cəhətdən hərtərəfli inkişafını təmin etməkdən ibarətdir. Gimnastika məşğələlərində bədən tərbiyəsi hərəkətləri düzgün, dürüst və gözəl şəkildə yerinə yetirilməlidir. Buna isə hərəkətləri uzun müddət və müntəzəm surətdə öyrənmək prosesində nail olmaq mümkündür.
Gimnastika hərəkətləri məktəblərin bədən tərbiyəsi proqramında geniş yer tutur. Məktəbdə gimnastika dərsləri müəyyən edilmiş sxem üzrə, şagirdlərin fəal və şüurlu iştirakı ilə keçirilir. Orta məktəblərin bədən tərbiyəsi proqramı yüngül hərəkətlərdən ağır hərəkətlərə, sadə hərəkətlərdən mürəkkəb hərəkətlərə keçməyi nəzərdə tutur. Əldə edilən bilik və vərdişlər öyrənilmiş materialın müntəzəm surətdə təkrar edilməsi yolu ilə möhkəmləndirilir. Bütün bunlar uşaq, yeniyetmə və gənclərin fiziki inkişafında əhəmiyyətli rol oynayır. Fiziki sağlamlıq isə mənəvi tərbiyənin, vətənpərvər ruhda böyümənin əsasını təşkil edir.