Mükəmməl fiziki hazırlıq keyfiyyətli təlim-məşqlərdən çox asılıdır

Mükəmməl fiziki hazırlıq keyfiyyətli təlim-məşqlərdən çox asılıdır

Bədən tərbiyəsi və idmanla məşğul olmaqla bir sıra çətinlikləri dəf etmək mümkündür. Belə ki, insan orqanizmi fəallaşdıqca, hərəkət qabiliyyəti artdıqca yad təsirlərə qarşı müdafiə də güclənir. Bu baxımdan uşaq və yeniyetmələrin fiziki tərbiyəsi əsas vəzifələrdən biri sayılır. Cəmiyyətdə yüksək yerlər tutmaq, vətənə ləyaqətlə xidmət etməkdən ötrü isə həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaq vacibdir.

Bəs bunlara necə nail olmaq mümkündür?
Olimpnews.az saytının məlumatına görə, hər bir insana təbiətin bəxş etdiyi fiziki göstəricilər, insanın əməksevərliyi, müntəzəm keçirilən məşqlər bu sualın cavabıdır. Əgər qeyd olunan bu amillər insanda formalaşıbsa, deməli, həmin insandan idman nailiyyətləri gözləməyə dəyər. İdmanla ciddi surətdə məşğul olan hər bir kəs bu sahədə psixologiyanın da son dərəcə önəmli rol oynadığını bilir. Psixologiya idman nailiyyətlərinin əldə olunmasında ən mühüm amildir. Bu, sınanmış təcrübələrdə öz təsdiqini tapıb. İnsanın psixoloji imkanları bütün orqanizmi idarə etmək iqtidarındadır. Bu zaman orqanizmin tükənməz gücü də qorunur. Psixoloji imkanlarından istifadə etməyi bacaran insanın idmanda uğur qazanması, belə demək mümkünsə, çox asandır. Şübhəsiz ki, bu zaman əvvəlki iki faktor - təbiətin bəxş etdiyi fiziki göstəricilər və əməksevərlik də "yerində” olmalıdır. Bununla yanaşı, kiçikyaşlı uşağı hər hansı bir idman bölməsinə yazdırarkən onun bacarığı, fiziki imkanları nəzərə alınmalıdır. Unutmaq olmaz ki, uşağın fiziki inkişafı çox ciddi məsələdir. Məhz buna görə də hər hansı bir idman bölməsinə getməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Bu zaman bölməyə rəhbərlik edən təcrübəli idman mütəxəssisləri ilə də söhbət etmək vacibdir. Valideynin əsas işlərindən biri mütəxəssislərin rəyini dinləmək olmalıdır. Məhz bundan sonra qərar vermək lazımdır. Mütəxəssislərlə söhbət zamanı valideynə izah olunur ki, uşağı hansı idman bölməsinə yazdırmaq lazımdır və idmanla yenicə məşğul olmağa başlayan həmin uşağın imkanları hansı səviyyədədir, yəni o, çiyinlərinə düşəcək "yükü” ram etmək gücünə malikdirmi? Valideyn bu halları nəzərə almalıdır. Əks təqdirdə, idmanla məşğul olmağa başlayan uşağı xroniki yorğunluq əldən salar, o, özünü digərlərindən gücsüz hiss edər və idmanda heç nəyə nail ola bilməyəcəyini düşünər. Belə halda uşaq istər-istəməz idman bölməsindən uzaqlaşacaq.

Hazırda respublikamızda kifayət qədər idman məktəbləri fəaliyyət göstərir. Bu idman ocaqlarında minlərlə uşağın sağlamlığı təmin olunur. İdman məktəblərində və təyinatı üzrə fəaliyyət göstərən bölmələrin qarşısına qoyulan məqsədə nail olmaq təlim-məşq proqramının illik planlaşdırılmasından çox asılıdır. Düzgün planlaşdırma hazırlıq prosesinin effektli və məşq metodikasının səmərəli aparılmasına zəmin yaradır. Təlim-məşq prosesini planlaşdırarkən tədris qrupunun qarşısına qoyulan məqsədin tələblərə cavab verməsi də nəzərə alınır. Məktəbin və ya bölmənin maddi-texniki imkanları göstərilməklə yanaşı, qarşıya qoyulan perspektivlər və illik nəticələr də planda öz əksini tapır. Adətən, idman məktəblərində hər tədris qrupu üçün 2 və ya 4 illik perspektiv plan hazırlanır. Konkret olaraq tədris qrupu üçün bu bölmələr daxil edilir;

a) təlim qrupunun qısa xarakteristikası;
b) planlaşdırılmış dövr ərzində əsas məqsəd;
c) hazırlıq dövrləri, onların müddəti və bu dövrlərdə məşq prosesinin istiqamətləri;
ç) əsas yarışlar;
d) illər ərzində idman göstəricilərinin modeli;
e) təlim-qruplarının komplektləşməsi;

Çoxillik təlim-məşq prosesinin nəticəsində yüksək dərəcəli idmançılar yetişir ki, bu da onların yarışlarda yüksək nəticələrə nail olmalarına şərait yaradır. Lakin idman məktəblərində ilkin hazırlıq dövründə əsas vəzifə - sağlamlığın qorunması, hərəkətlərin düzgün ardıcıl və tez yerinə yetirilməsinə fikir verilməsidir. Bunlara nail olmaq üçün əsas etibarı ilə mütəhərrik oyunlara, idman oyunlarına və spesifik olmayan hərəkətlərə (atletika, üzgüçülük, gimnastika, akrobatik hərəkətlər və s.) diqqət yetirilməlidirlər. İlkin hazırlıq dövründə qız və oğlanları gələcək illərdə yüksək səviyyəli bir idmançı kimi yetişdirmək üçün həmin idman növünün onlara sevdirilməsi ən vacib şərtlərdən biridir. Məşq prosesi dövründə uşağın daxili aləmi, onun həyata baxışı, seçimi barədə müşahidələr aparmaq həlledici əhəmiyyətə malikdir. Bu prosesi müvəffəqiyyətlə başa çatdırmaq üçün məşqçi-müəllimdən böyük qayğıkeşlik, uşaq psixologiyasına bələdçilik, obyektivlik, uzaqgörənlik və məharətlilik tələb edir. Onların arasında keçirilən yarış xarakterli oyunlarda əsasən idmançının öyrəndiyi hərəkətlərin icrasına və fiziki yükün onların orqanizminə necə təsir etdiyinə fikir vermək lazımdır. Təcrübə xarakterli görüşlərin əsasən 1,5 və ya 2 aydan bir keçirilməsi idmançıya ona qarşı qayğının və diqqətin olduğunu göstərir, uşağın ruhlanmasına kömək edir. 12-14 yaş dövründə məşq üçün hərəkət vərdişlərinin və idman-məşq saatlarının artırılması daha əlverişlidir. Lakin burada cinsi əlamətlər nəzərə alınmalıdır. Unutmaq olmaz ki, sürət-qüvvə keyfiyyətləri daha çox 10-12 yaşlı qızlarda və 13-15 yaşlı oğlanlarda dəyişir. İlkin məşq prosesi dövründə əsas etibarı ilə ümumi fiziki hazırlığa diqqəti artırmaq lazımdır ki, yeniyetmə idmançı fiziki cəhətdən hərtərəfli inkişaf etsin və yorğunluqdan əziyyət çəkməsin. Bu yaşda olan idmançıların texniki hazırlığına diqqəti daha da artırmaq və hər məşq prosesində onlara yeni fəndləri aşılamaq lazımdır. Çünki yeniyetmə 12-14 yaşında texniki fəndləri daha tez mənimsəyir və yaş artdıqca mənimsəmə qismən zəifləyir. Fiziki və texniki hazırlıqları yüksək səviyyədə olan idmançılarla məqsədəuyğun taktiki hazırlıq prosesini qurmaq asan olur. Həmin yaş dövrü ərzində fərdi, qrup halında olan taktiki hazırlığa fikir verilir, gələcəkdə bu fəndlər mürəkkəbləşdirilir və yerinə yetirilməsinə nəzarət artırılır. 14-16 yaş dövründə təlim-məşq prosesinin dərindən öyrənilməsi və təkmilləşdirilməsi dövrü başlayır. Buna görə də, mürəkkəb hərəkət vərdişlərinə yiyələnmə prosesinin məhz bu dövrdə həyata keçirilməsi vacibdir. Bu yaşlarda yeniyetmə idmançılarda bir sıra psixi proseslər yaxşılaşır. Məsələn, qavrama, yaddaş fikirləşmə, təsəvvür. Onlarda nəinki öz fəaliyyət proqramını xatırlama prosesi, həm də nəticəni qabaqcadan görmə prosesi sürətlə inkişaf edir və bu keyfiyyətlərinə görə onlarda taktiki fəaliyyət qabiliyyəti müsbət xarakter alır. Yəni bu mərhələdə yeniyetmə idmançıların fiziki və texniki inkişaf səviyyəsinin tədricən artırılması imkan verir ki, onlar fərdi və qrup halında taktiki cəhətdən inkişaf etsinlər. Bu zaman taktiki fəaliyyəti tədricən daha da mürəkkəbləşdirmək olar. Hərtərəfli hazırlıq mərhələsi - hazırlıq dövrünün sonuna (14-16 yaş) təsadüf edir. Bu zaman yeniyetmə idmançıların funksional sistemlərinin formalaşması başa çatır. Lakin bu zaman orqanizmin sistemləri arasında bir qədər qeyri-müəyyənlik ola bilər. Yəni ürək-damar və tənəffüs sisteminin fəaliyyətinin güclənməsi, funksional göstəricilərin artması zamanı fiziki dözümlülük zəifləyə bilər. Ona görə də məşq prosesində fiziki yükün artırılmasına diqqətlə yanaşmaq lazımdır. UGİM, OEUGİM-lərdə yaradılmış qrupların əsas işlərindən biri də məşq və nəzəri dərslərdə və eləcə də yoxlama yarışlarında iştirak etməkdir. Bunlardan başqa, təlim-məşq toplanışlarında, sağlamlıq düşərgələrində, tibbi bərpa tədbirlərində iştirak etmək, aparıcı komandaların yüksək səviyyəli oyunlarının video yazılışına baxış təşkil edilməsi də yeniyetmələrin fiziki inkişafına təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, ilkin hazırlıq və birinci il təlim-məşq qruplarında bir dərsin vaxt yükü 2 saatdan artıq olmamalıdır. Təlim-məşq günlərinin həftə ərzində sayının təyin olunması UGİM rəhbərliyinin üzərinə düşür və çalışmaq lazımdır ki, bu dövr ərzində tələb olunan proqram materialları yerinə yetirilsin. Təlim-məşq prosesinin və təlim-tərbiyə işlərinin təşkili idman məktəblərinin əsasnaməsinə uyğun aparılır.

Təlim-məşq
prosesinin məzmunu və hazırlığın əsas mərhələləri
Təbii ki, uşaqların fiziki cəhətdən sağlamlığında və onların idmançı kimi yetişməsində təlim-məşqlər xüsusi rol oynayır. Məlum məsələdir ki, məşq etmədən, hər hansı bir idman növünün incəliklərinə dərindən yiyələnmədən uğur qazanmaq mümkün deyil. Təlimlər eyni məqsəd daşısa da, onun məzmunu fərqli ola bilər. Təlim-məşq prosesində hazırlığın əsas məsələləri aşağıdakılardır:
1. Sağlamlığın möhkəmlənməsi və düzgün fiziki inkişafa kömək;

2. Ümumi fiziki hazırlığın yüksəldilməsi (xüsusən sürət, çeviklik, zirəklik, sürət-güc kimi keyfiyyətlər);
3. Yarışda iştirak etmək vərdişlərinin aşılanması;
4. Uşaqların maraqlarının möhkəmləndirilməsi;
5. Təlim-məşq qruplarına bacarıqlı uşaqların seçilməsi;

6. Hərtərəfli fiziki təsir vasitələrinin geniş diapozonu olan ümumi fiziki hazırlıq;
İbtidai hazırlıq qruplarında keçirilən təlim-məşq dərslərinin tərkibinə isə bunlar daxildir:
- texniki-taktiki üsulların yiyələnməsinə imkan yaradan əsas və uyğunlaşdırıcı hərəkətlər;
- proqram üzrə nəzəri məşğələlər;
- işlənmiş testlər əsasında idman məşğələləri üçün bacarıqlı və qabiliyyətli uşaqların seçilməsi
İbtidai hazırlıq qruplarında təlim-məşq işinin qurulmasının əsas prinsipi bütün məşq edənlərə qarşı vasitə və üsulların seçimində, hər bir məşq edənin xüsusiyyətlərinin dərindən öyrənilməsi və fərdi yanaşma tələblərinə riayət edilməsindən ibarətdir. Proqramın əsas məqsədi gənc idmançıların texniki-taktiki hazırlığını yüksək fiziki səviyyəyə gətirmək, çoxillik mərhələli məşq prosesinə hazırlamaqdır.

Ümumi fiziki hazırlıq
Fiziki hazırlıq idmanda təməl rolunu oynayır. Bu mərhələdə idmanın "əlifbası” öyrədilir.
Qrup üçün tapşırıqlar: Düzülüş, sıra sayı, raport vermək; Yerində və hərəkətdən dönmələr; Bir xətt boyunca düzlənmə, ikiyə bölünmə; Yenidən qaçışa və yaxud əksinə, qaçışdan yerişə keçmək, qaçış zamanı sürəti dəyişmək.

Əşyasız hərəkətlər: Əyilmələr, dairəvi hərəkətlər, gərilmə-düzəlmə, sürətli qaçış qol və çiyin əzələlərinin inkişafı üçün yerinə yetirilir. Əyilmələr, başı müxtəlif istiqamətlərə döndərmə, arxası üstə uzanaraq yığılmış və düz vəziyyətdə olan ayaqların qaldırıb endirilməsi boyun əzələlərini möhkəmləndirir. Dabanların qalxması, daban, pəncə üzərində yerişlər, pəncənin daxili və xarici ilə yerişlər, daban hissəsi əzələlərinin yığılıb açılması ayaqların gücləndirilməsinə xidmət edir. Müxtəlif vəziyyətlərdə tullanmalar da eyni xarakteri daşıyır.
Əşya ilə yerinə yetirilən ümumi fiziki hərəkətlər: Ağır topu baş üzərinə qaldırmaqla əyilib-qalxmalar, topun qarşı tərəfdə, başın və bədənin arxasında bir əldən digərinə ötürülməsi ümumi fiziki inkişaf üçün əhəmiyyətlidir. Topla hərəkətlər yerində durmaqla ayaq üstə, oturmuş vəziyyətdə, uzanaraq yerinə yetirilir. Topla müxtəlif hərəkətlər iki məşq yoldaşı arasında da yerinə yetirilə bilər.

İplə hərəkətlər: Tək və cüt ayaqla hoppanmalar, ipi irəliyə və geriyə hərəkət etdirməklə, dönmələrlə, oturuşda və yarım oturuşda, eləcə də ipi qısaldıb uzatmaqla hoppanmalar.

Kiçik toplarla hərəkətlər: Topun atılması, yuxarı atılan, yerə dəyib qalxan, divardan qayıdan topun yerində, tullanışla mayallaq aşdıqdan sonra tutulması.

Akrobatik hərəkətlər: Oturmuş vəziyyətlərdə irəli və geriyə mayallaq aşmalar, "körpü” vəziyyəti üçün hazırlıq, yoldaşın köməyi ilə "körpü” vəziyyəti almaq.

Yüngül atletika hərəkətləri: sürəti artırmaqla 30-40 m məsafəyə qaçış; aşağı və yuxarı sürətlə qaçış; 30-60 m məsafəyə aşağı sürətli qaçış; 60 m məsafəyə mərhələlərlə estafet qaçışı; 400 m məsafəyə yerişlə qaçış, 300-500 m məsafəyə kross qaçışı. Yerindən və qaçaraq uzunluğa tullanma, üçtəkanla tullanma, yerində hoppanmalar, təkanla tullanma və qaçaraq hündürlüyə tullanma hərəkətləri ümumi fiziki inkişafın ilkin mərhələsi sayılır.
Üzgüçülük: üzmə texnikasınınöyrədilməsi, 25 m məsafəyə sərbəst üsulla üzmək; Suya tullanmaq.
Yuxarıda qeyd olunan bu cür hərəkətlər (oyunlar) uşaq və yeniyetmələrin müxtəlif idman növlərinin texnikası ilə dərindən tanış olmağa imkan verir. Eyni zamanda bu hərəkətlər uşaqlarda dəqiqlik, sərrastlıq, kollektiv oyunlara alışmaq kimi vərdişlər aşılanmasına kömək edir.

Əxlaqi-iradi hazırlıq yeniyetmələr üçün vacibdir
Yarışlarda keçirdiyi həyəcan hissi müqabilində uşaq fiziki və psixoloji çətinliklərlə üzləşir. Bu iki amilin təsirindən bəzi hallarda idmançıların təlim-məşq prosesindəki faydalı işinin məhsuldarlığı aşağı düşür. Bu cür hallar nəinki onun idman nəticəsini korlayır, hətta onun gələcəkdə bir insan kimi formalaşmasına mənfi təsir edir. Ona görə də məşqçi-müəllim təlim-tərbiyə işini düzgün qurmalıdır ki, yeniyetmə idmançı təlim-məşq prosesindən faydalana bilsin. Əxlaqi-iradi hazırlıq bütün yeniyetmələr üçün vacibdir. Hər bir idmançının daxili aləmini bilmək, onlara pedoqoji nöqteyi-nəzərdən yanaşma metodlarından istifadə etmək çox əhəmiyyətlidir. Yeniyetmə idmançılarla təlim-tərbiyə işini qurmaq üçün məşqçi- müəllim çoxillik təcrübəsindən istifadə edərək onlara fərdi metod və vərdişləri aşılamaqla bu prosesi təkmilləşdirir. Təlim-tərbiyə planına əsasən məşqçi-müəllimin çalışdırdığı qrup üçün fərdi iş planı tərtib etməsi vacibdir. Təlim-tərbiyə işi əsas etibarı ilə bir təlim qrupuna, bir və ya bir neçə qrupa, həmçinin fərdi olaraq bir idmançıya tətbiq edilir. Kütləvi halda bu tədbir 2-3 aydan bir keçirilir. Qrup halında olan idmançılar üçün keçirilən tədbirlər əsasən yaş fərqindən, onların təliminin və bacarığının səviyyəsindən, təlim-məşq prosesinin tədris cədvəlindən asılıdır ki, bu da planın tərtibində öz əksini tapmalıdır. Mənəvi tərbiyə işinə söhbətlər (etik və idman tədbirlərinə aid), disputlar, görkəmli idmançılarla görüş, bayram günlərinin qeyd olunması və s. aiddir. İlk növbədə bu tədbirləri yerinə yetirmək üçün kompleks metodlardan istifadə etmək lazımdır ki, bu işləri yeniyetmələr özləri planlaşdıraraq icra edə bilsinlər. Məşqçi-müəllimlər tədbirin keçməsinə nəzarət edir və işin gedişinə öz köməklərini göstərirlər. Bu işlər o zaman baş tutur ki, məşqçi-müəllim möhkəm, dəyanətli bir kollektiv yaradıb, qəbələ və məğlubiyyəti hər bir qrup üzvünün ümumi işi olduğunu izah etmiş olsun. Məktəbdən kənar təlim-tərbiyə işinin qurulması və həyata keçirilməsi də məşqçi-müəllimin üzərinə düşür. Belə ki, idman-sağlamlıq düşərgələrində, təlim-məşq toplanışlarında, komanda (qrup) yarışlara başqa şəhərlərə dəvət aldıqda, idmançı vərdiş etdiyi şəraitdən, ailədən, məktəbdən, dostlardan kənarda olur. Belə hallarda məşqçi-müəllim yeganə rəhbər kimi təlim-tərbiyə işinin qurulması və həyata keçirilməsinə məsuliyyət daşıyır. Təlim-məşq toplanışları zamanı idmançının asudə vaxtı düzgün təşkil edilmədikdə idmançıda darıxma halları baş verir. Bu hallara yol verməmək üçün məşqçi-müəllim qabaqcadan şəraitdən asılı olaraq vaxt bölgüsü aparır. O həm də təlim-məşq prosesinin intensivliyini artırmaq və effektli olmasına çalışmaqla kollektivin asudə vaxtının təşkili üçün təlim-tərbiyə planı işləyib hazırlayır. Təlim-məşq qruplarında idmançının iradi keyfiyyətləri formalaşmaqla onun düşüncəsi də möhkəmləndirilməlidir. Bu dövrdə yeniyetmələrin hər birinə fərdi yanaşmaq vacibdir. Təkmilləşmə qruplarında əsas amil odur ki, komanda daxilində həmişə qarşılıqlı anlaşma olsun. Bu yaş dövründə yeniyetmə idmançılar öz əməllərinə tənqidi yanaşır və öz hərəkətlərinə cavab verməyə hazır olurlar. Məşqçi-müəllim və yeniyetmə idmançı arasındakı münasibət tələbkarlıq və qarşılıqlı hörmət əsasında qurulur. Bütün bunların nəticəsi olaraq ustalığın artması isə yüksək nəticələrin əldə olunmasına gətirib çıxarır. Məşqçi və həkim artan fiziki yükə qarşı reaksiyanı müəyyən etmək üçün yeniyetmə üzərində daha diqqətli müşahidə aparmalıdır. Hələ ilk məşqlərdən yeniyetmə idmançılara ən vacib gigiyena bilik və vərdişlərini aşılamaq lazımdır. İdman formasının saxlanılması üçün qurulmuş iş rejminə riayət edilməsinin də mühüm əhəmiyyəti vardır. Rejmin pozulması müvəffəqiyyətlərin tez əldən çıxmasına və idmandakı texniki nəticələrin aşağı düşməsinə şərait yaradır. Yeniyetmələrin geyiminin və ayaqqabılarının da gigiyenik əhəmiyyəti vardır. Zədələnmiş idmançının bərpa prosesi müəyyən olunmuş qaydalar əsasında aparılmalıdır. İdman praktikasında müxtəlif masaj növlərindən - hamamdan, saunadan, fizioterapiyalardan istifadə etməklə bərpaya nail olunur. Fizioterapektiv müalicələrin həkimin tövsiyəsi olmadan həyata keçirilməsi ziyan verə bilər. Bərpa prosesini ixtisaslaşmış həkimlərin məsləhəti ilə həyata keçirmək lazımdır. Mütəxəssilər hesab edirlər ki, fizioterapektiv müalicələri həddindən artıq apardıqda orqanizmində mənfi dəyişikliklər baş verir. Yeniyetmə idmançılar üçün hər seansda ancaq bir müalicə növü tətbiq edilə bilər (masaj, sauna, vanna). Bu isə həkim tərəfindən həftədə 1 və ya 2 dəfə həyata keçirilə bilər. Psixoloji bərpa isə idmançının çətin məşq prosesində, yarış zamanı onun orqanizminin fiziki yükə dözümlülüyünü, əsəb-psixoloji anları bərpa etmək üçün istifadə olunan metoddur. Məşqçi-müəllim yeniyetmələrin asudə vaxtının təşkilində də bu metodu tətbiq etməlidir. Düzgün verilmiş məsləhət idmançı orqanizminin bərpasına kömək edir. Əgər idmançıya yarışqabağı eyni sözlər təkrar-təkrar deyilirsə, bu, ona psixi təsir göstərəcək, idmançı təkləndiyini hiss edərək, çaşqın vəziyyətə düşəcək. Ona görə də psixi təsir metodundan istifadə zamanı kompleks təsir metodundan istifadə edərək bərpa prosesini qurmaq lazımdır. Əgər bərpa prosesi adi formada aparılarsa, məşqin səmərəsi azala, yeniyetmənin fiziki hazırlığı isə pisləşə bilər.