Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər
Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı bütün sahələrdə müşahidə olunmaqdadır. Uğurla həyata keçirilən iqtisadi siyasət ilk növbədə ölkə əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Azərbaycanda əhalinin keyfiyyətli içməli suya olan tələbatının ödənilməsi, əhaliyə fasiləsiz su verilməsi sahəsində görülən işlər də, sözsüz ki, iqtisadi inkişafın göstəricilərindəndir.

Azərbaycan vətəndaşlarının su ilə təminatı, ilk növbədə, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) üzərinə düşür. Səhmdar Cəmiyyətin həyata keçirdiyi layihələr respublikamızın, demək olar ki, bütün bölgələrini əhatə edir. Su təchizatı işinin uğurla davam etdirilməsi sahəsində respublikanın bölgələrində iri miqyaslı layihələr icra olunub.

Ölkəmizdə həyata keçirilən ən böyük layihələrdən biri Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlıdır. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu kəmərin inşası 2010-cu ildə başa çatdırılıb. 262,5 km uzunluğunda olan kəmərin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ölkəmizdə ən mühüm tarixi hadisədir. Bu gün tarixdə qalacaq. Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək. Su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava - biz bütün bunlara nail olmalıyıq”.

"Azərsu” ASC-nin həyata keçirdiyi önəmli işlərdən biri də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsidir. Ötən il oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu qurğu dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusudur. Kompleksin ən üstün cəhəti onun ənənəvi sutəmizləyici qurğulardan fərqlənməsidir. Belə ki, bu kompleksdə emal zamanı heç bir kimyəvi təmizləmədən istifadə olunmur, eyni zamanda, suyun mineral tərkibi tam şəkildə qorunur. Qurğuda 5280-dən artıq süzgəc quraşdırılıb və bu süzgəclərdən saniyədə 6,6 kubmetr su emal olunur. Həmin vaxt ərzində su yad cismlərdən, bakteriyalardan təmizlənir, bulanıqlıq, xoşagəlməz iy tamamilə aradan qaldırılır. Kompleksin tikintisi ilə yanaşı, suyun əhaliyə çatdırılması üçün burada dəniz səviyyəsindən 118 m hündürlükdə anbar kompleksi də yaradılıb. Həmçinin, Ceyrabatan-Zirə magistral su xətti inşa olunub.

Paytaxtda və...

Paytaxt Bakının və Bakıətrafı qəsəbələrin içməli su ilə təminatı "Master Plan” çərçivəsində həyata keçirilir. Abşeron yarımadasında içməli su problemi və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasını həyata keçirən "Master Plan”ın 2035-ci ildə başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, son 5 ildə yarımadada yaşayan əhalinin içməli suya olan tələbatını ödəmək üçün xeyli iş görülüb. Təkcə onu demək kifayətdir ki, hazırda Bakı sakinlərinin 80 faizi fasiləsiz olaraq içməli su ilə təmin edilir. Ötən illər ərzində Abşeronda 2100 km magistral və şəbəkə su xətti çəkilib. Paralel olaraq, kanalizasiya kollektoru (350 km), su anbarı (39 ədəd) istifadəyə verilib. Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə hazırlanan və Kürdəxanıda həyata keçirilən işlər sayəsində 4000 insanın içməli sudan fasiləsiz istifadəsinə şərait yaradılıb. Ceyranbatan-Zirə kəmərinin tikintisi, yeni su təchizatı sisteminin yaradılması yarımadanın bir sıra yaşayış massivlərinin (Mərdəkan, Şüvəlan, Hövsan, Balaxanı, Mehdiabad və s.) içməli suya olan tələbatını əhəmiyyətli şəkildə yaxşılaşdırıb. Abşeron yarımadasında kanalizasiya sisteminin tikintisi də davam etdirilir. Artıq Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya tunelinin inşası başa çatıb. Kanalizasiya kollektorlarının inşası, həmçinin Bakıdakı kollektorların yenidən qurulması sayəsində Xəzər dənizinə axıdılan çirkab suların həcmi xeyli azalıb. Bakı buxtasına tullantı suların axıdılmasının qarşısı isə tamamilə alınıb. "Azərsu” ASC-nin həyata keçirdiyi bu önəmli iş həm də ekoloji tarazlığın qorunmasına verilən töhfədir.

...bölgələrdə görülən işlər su təchizatını yaxşılaşdırır

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Respublikamızın 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri uğurla icra olunub. Bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib. Belə ki, layihə çərçivəsində Quba şəhərində su və kanalizasiya infrastrukturları tamamilə yenidən qurulub. Şəhərin 24 saat fasiləsiz içməli su ilə təchizatı təmin olunub. Ucar, Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab, İmişli və Biləsuvar şəhərlərində yeni su şəbəkələrinin tikintisi başa çatdırılıb. Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.

Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar şəhərində xeyli iş görülüb: içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi artıq yerinə yetirilib.

Qusar rayonu üzrə həyata keçirilən layihə mərhələli şəkildə icra olunmaqdadır. Birinci mərhələdə 3 ədəd su anbarı, 2,8 km uzunluğunda anbarlararası su xətti və yeni xlorator binası inşa olunub. Layihənin ikinci mərhələsində Qusar şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulur.

Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu tikilərək istismara verilmiş, şəhərdaxili su təchizatı sistemlərinin 85 faizinin inşası başa çatmışdır. Hazırda yeni yaradılmış şəbəkə vasitəsilə sakinlər 24 saat keyfiyyətli içməli su ilə təmin olunur.

"Azərsu” ASC əməkdaşlarının əməyi sayəsində bölgələrdə əhalinin içməli su ilə təminatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını ardıcıl şəkildə davam etdirir. Ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncədə də bu istiqamətlərdə mühüm işlər görülüb. Onu da deyək ki, qədim Gəncədə aparılan işlər mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə Gəncədə 4000 kub metr tutumu olan su anbarı tikilib. Göygöl su mənbəyindən bu anbarı su ilə təmin edən 24,5 km uzunluğunda xətt çəkilib. Layihənin ikinci mərhələsində magistral kəmər (4 km), ümumi tutumu 12000 kub metr olan 3 anbar və həmin anbarları bir-biri ilə əlaqələndirən xətt inşa olunub. Gəncə şəhərinin içməli su ilə təminatı, eləcə də, kanalizasiya sisteminin tikintisi növbəti illərdə davam etdiriləcək. Magistral və şəbəkə su xətlərinin, iri tutumlu su anbarının, kanalizasiya kollektorunun tikintisi perspektiv plana daxildir. Gəncənin içməli su ilə təminatını əhatə edən layihənin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulub.

"Azərsu” ASC tərəfindən həyata keçirilən layihələr ümumilikdə 43 şəhər və rayonu əhatə edir. Layihələr çərçivəsində 4800 km içməli su, 2800 km kanalizasiya xətti çəkilib və 79 ədəd su anbarı tikilib. Bölgələrdə görülmüş işlər də öz bəhrəsini verib. Belə ki, 370 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 450 min nəfərin isə su təchizatı fasiləsiz rejimə keçib.

Perspektiv planlar nə vəd edir?

Əhalinin içməli su ilə təminatını əhatə edən layihələr 2016-cı ildə, həmçinin növbəti illərdə həyata keçirilməsi nəzərdə tutulub. Perspektiv planda Gəncə şəhərində 15 km magistral, 136 km şəbəkə su xəttinin çəkilməsi, həmçinin 5000 kub metr su tutumlu anbarın tikintisi yer alıb. Bu qədim şəhərdə kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması da planlaşdırılır. Şəhərin tullantı suları Samux rayonu ərazisində inşa ediləcək təmizləyici qurğuda zərərsizləşdiriləcək. Bu işlər 2018-ci ildə başa çatdırılacaq. Astara şəhəri və rayonun 27 kəndinin su təchizatı işləri isə bu il yekunlaşdırılacaq. Bu il Ağcabədi şəhərinin su ilə təchizatına, həmçinin burada kanalizasiya sisteminin yenidən qurulmasına başlanılacaq. 2016-cı ildə Gədəbəy şəhərində, Daşkəsəndə su və kanalizasiya şəbəkəsinin tikintisinin yekunlaşdırılması, Qazax şəhərində yeni layihənin həyata keçirilməsi planlaşdırılır.

Qusar şəhərinin su təchizatı və kanalizasiya sisitemlərinin yenidən qurulması” layihəsi üzrə aparılan işlərin 2030-cu ildə başa çatrılıması planlaşdırılır. Layihə əsasında Qusar şəhərində 19,6 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Bu müddət ərzində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray, o cümlədən Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin içməli su problemi aradan qaldırılacaq, Ümumilikdə, layihədən 32 min nəfərə yaxın sakin faydalanacaq.

Hər gün Bakıya işə gələndə Ceyranbatan Su Anbarının yanından keçirəm. Əvvəllər anbarın mühafizə divarının üzərində belə bir cümlə var idi: "Su həyat mənbəyi olaraq qalır”. Hər dəfə istər-istəməz bu cümləni oxuyurdum. Bilmirəm bu ifadə kimə məxsusdur, divara nə vaxt yazılıb. Amma onu bilirəm ki, müzakirəsi mümkün olmayan bir ifadədir. Bu həyat mənbəyini Azərbaycan əhalisi üçün qoruyan, bizi su ilə təmin edən insanlar iyunun 5-də peşə bayramlarını qeyd edəcəklər. Bu münasibətlə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bütün əməkdaşlarını təbrik edirəm. Ömrünüz su kimi uzun olsun!

Hürrü Abdullayev,
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
 İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC)
 birgə təşkil etdiyi musabiqəyə təqdim etmək üçün