“Olimpiya hərəkatı və Olimpiya Oyunlarının təbliğində idman mətbuatının rolu” mövzusunda “dəyirmi masa” keçirilib

“Olimpiya hərəkatı və Olimpiya Oyunlarının təbliğində idman mətbuatının rolu” mövzusunda “dəyirmi masa” keçirilib

Mətbuat Şurasında "Olimpiya hərəkatı və Olimpiya Oyunlarının təbliğində idman mətbuatının rolu” mövzusunda "dəyirmi masa” keçirilib. Olimpnews.az saytının məlumatına görə, Mətbuat Şurası və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkil etdiyi tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MOK-un idarə rəisi Cəmaləddin Rəhmanov, «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev, idman və qeyri-idman mətbuatının nümayəndələri iştirak ediblər.

Ölkəmizdə mətbuatın kifayət qədər inkişaf etdiyini bildirən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu cür "dəyirmi masa”ların mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıb. «Tədbir Milli Olimpiya Komitəsi və Mətbuat şurasının təşkilatçılığı ilə keçirilir. Biz istədik ki, Braziliyada təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarından əvvəl jurnalistlərlə dəyirmi masa keçirək. Qeyd edim ki, bizim bundan sonra da jurnalistlərlə görüşlərimiz təşkil ediləcək. Jurnalistlərlə növbəti görüşümüz Azərbaycan nümayəndə heyətinin Braziliyaya getməsi ərəfəsində olacaq. Üçüncü görüş isə Azərbaycan idmançıları ölkəmizə böyük qələbələrlə qayıtdıqdan sonra keçiriləcək. Bugünki tədbirimizdə Olimpiya Hərəkatında və Olimpiya Oyunlarında idman mətbuatının rolu barədə müzakirələr aparacağıq. Azərbaycan mətbuatı kifayət qədər inkişaf edib. Bildiyiniz kimi, mətbuatda ixtisaslaşma uzun müddətdir ki, özünü göstərir. İdman jurnalistikası yeganə sahələrdən biridir ki, Azərbaycanın jurnalistika ailəsində özünün layiqli yerini tutub. Artıq Azərbaycan jurnalistikası deyəndə çoxsaylı qəzet və jurnalları, eyni zamanda xəbər saytlarını nəzərdə tuturuq. Azərbaycan mətbuatında ən inkişaf etmiş sahə idman jurnalistikasıdır. Bu sahənin inkişafında Milli Olimpiya Komitəsinin, o cümlədən digər qurumların da böyük rolu var. Ötən il ölkəmizdə Avropa Oyunları keçirildi. Bakı-2015-də yarışları təqribən 1200-ə yaxın jurnalist işıqlandırdı. Onlardan təxminən 600 nəfəri azərbaycanlı jurnalistlər idi. Həmin jurnalistlər nəinki, ölkəmizi, eyni zamanda bütün dünya ictimaiyyətini yarışla bağlı məlumatlandırdı. Azərbaycanda idmana maraq çox böyükdür. Azərbaycan dövləti idman sahəsində işini yüksək səviyyədə qurub. Müstəqillik əldə etdikdən sonra harada keçirilməsindən asılı olmayaraq idmançılarımız bütün Olimpiya Oyunlarında iştirak edib, medallar qazanıblar. Atletlərimiz Londonda keçirilən Olimpiya Oyunlarında 10 medala sahib çıxdılar. London Olimpiadasından əvvəl Pekində keçirilən Olimpiya Oyunlarında 7, Afinada 5, Sidneydə 3 medal qazanılıb. Atlanta Olimpiadasında isə ölkəmiz bir gümüş medala layiq görülmüşdü. Təbii ki, bu da ölkəmiz üçün yüksək nəticə idi. Qarşıda idmançılarımızı Rio Olimpiadası gözləyir. İnanıram ki, nailiyyətlərimiz əvvəlki Oyunlarla müqayisədə daha çox olacaq. Azərbaycanın idman mətbuatı xalqımıza xoş xəbərlər çatdıracaq», - deyə Əflatun Amaşov bildirib.

Mətbuat Şurasının sədri təklif edib ki, Olimpiya Oyunları ilə bağlı müsabiqə keçirilsin, obyektiv dəyərləndirmə aparılsın. Bu müsabiqədə qalib olan jurnalist, mükafat olaraq, Olimpiya Oyunlarına aparılsın.

Sonra söz Milli Olimpiya Komitəsinin idarə rəisi Cəmaləddin Rəhmanova verilib. O, Milli Olimpiya Komitəsi ilə Mətbuat Şurasının əməkdaşlığının əhəmiyyətindən danışaraq bu əməkdaşlığın təkcə Olimpiya dövründə deyil, bundan sonra da davam etdirilməsinin vacibliyini bildirib. «Buyaxınlarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə jurnalistlər arasında şahmat yarışı keçirildi. Biz bu qənatə gəldik ki, belə tədbirləri ardıcıl olaraq müxtəlif idman növləri üzrə davam etdirək. Bu il Olimpiya ili olduğuna görə müxtəlif qəzet və saytlarda Olimpiya Oyunlarına hazırlıqla bağlı müəyyən məqalələr yazılır. Biz istərdik ki, bu yazılar Avropa Oyunları ilə paralel olaraq aparılsın. Biz Avropa Oyunlarının tarixinin Bakıda yazıldığını unutmamalıyıq. Bunun üçün mətbuatımızda I Avropa Oyunlarını daim işıqlandırmalıyıq. I Avropa Oyunlarının formatı Olimpiya Oyunlarının formatı ilə demək olar ki, eyni idi. İstərdik ki, Avropa Oyunlarının və Olimpiya Oyunlarının talismanları arasında hansı əlaqələrin olduğuna jurnalist yazılarında yer ayrılsın. Avropa Oyunlarından sonra ən yaxşı yazılar mükafatlandırıldı. Bu, jurnalistlərin əməyinə verilən dəyərdir. Rio Olimpiadasına lisenziya qazanmış idmançılarla MOK-da görüşlər təşkil olunacaq. Bu tədbirlərdə yerli mətbuat nümayəndələri atletlərlə birbaşa təmasda olacaq, onları maraqlandıran suallara cavab almağa şərait yaradılacaq. İlk Avropa Oyunlarında olduğu kimi, Rio Olimpiadası çərçivəsində Milli Olimpiya Komitəsində "Zəfər günləri” təşkil olunacaq. Bu tədbirlər vasitəsilə yerli idman mətbuatına milli komandamızın Olimpiya Oyunlarındakı çıxışı barədə ətraflı məlumat veriləcək», - deyə Cəmaləddin Rəhmanov əlavə edib.
İdmançılarımızın Olimpiya Oyunlarındakı çıxışı barədə tədbir iştirakçılarına məlumat verən MOK-un vitse-prezidenti Xəzər İsayev ölkəmizdə idman mətbuatının inkişafı istiqamətində görülən işlərdən danışıb. Xəzər İsayev Olimpiya Oyunlarının tarixi barədə tədbir iştirakçılarını məlumatlandırıb və Olimpiadaya ev sahibliyi edəcək şəhərin seçilməsi proseduru haqqında fikirlərini bölüşüb. İdmanda ədalətlilik prinsipinin vacibliyini vurğulayan Xəzər İsayev ölkəmizin Dünya Ədalətli Oyunlar Hərəkatının fəal üzvlərindən olduğunu ifadə edib: «Ölkəmizdə «İdman» qəzeti 1932-ci ildən nəşrə başlayıb. Bu, Azərbaycanda idman mətbuatının tarixinin çox uzun dövrü əhatə etdiyinin göstəricisidir. İdman mətbuatı, ümumiyyətlə, idmanın inkişafında çox əhəmiyyətli rol oynayır. Bu sahənin təbliği jurnalistlərin gərgin və səmərəli iş fəaliyyətindən çox asılıdır. Mən hesab edirəm ki, idman mətbuatının fəaliyyətini daha genişləndirmək üçün mütləq tədris proqramı tərtib olunmalıdır.Həmin proqram Mətbuat Şurası və Milli Olimpiya Komitəsi tərəfindən hazırlana bilər. Jurnalistlərimiz üçün bu proqram çox faydalı olar. Məncə, belə tədbirlərin keçirilməsi çox vacibdir», - deyə Xəzər İsayev bildirib.

MOK-un aparıcı mütəxəssisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev öz çıxışında Olimpiya Oyunlarının dünyanın mötəbər idman tədbiri olduğunu «dəyirmi masa» iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Olimpiya Oyunları da daxil olmaqla, digər beynəlxalq yarışların işıqlandırılmasında mətbuatın, radio və televiziyanın gördüyü işlər çox yüksək qiymətləndirilir. «Müasir dövrdə kütləvi informasiya vasitələri (KİV) iri miqyaslı yarışların, birinci növbədə Olimpiya oyunlarının fəal iştirakçılarına çevriliblər. Bu gün dünyanın ən möhtəşəm idman bayramının uğurla keçib-keçməməsini təkcə yarış iştirakçılarının sayı, göstərdikləri nəticələr, habelə rekordların miqdarı ilə deyil, həm də yarışları mavi ekranlardan izləyən tamaşaçı sayına və akkreditasiyadan keçmiş jurnalistlərin sayına görə müəyyən edirlər. Ən vacibi isə budur ki, KİV-lər yarışları dəqiq və qərəzsiz işıqlandırmaqla onu tarixin yaddaşına yazırlar. Mən hesab edirəm ki, Milli Olimpiya Komitəsi və Mətbuat Şurası arasında yaranan bu əməkdaşlıq ümumi işin xeyrinə olacaq. Tərəflər arasında münasibətlər dövlətin idman siyasətinə və idman tarixinin sanballı yazılmasına töhfə verəcək. 1997-ci ildə cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinə (MOK) rəhbər seçildikdən sonra ölkənin idman və Olimpiya Hərəkatı yüksək inkişaf dövrünə qədəm qoydu. Düşünürəm ki, bu inkişafın fonunda idman mətbuatı hadisələrin axarından sanki geridə qaldı və ilk illərdə təbliğat zəif idi. Təbii ki, belə bir dövrdə idman və Olimpiya Hərəkatının inkişafı və təbliğinə xidmət edən mətbuat vasitələrinin yaranması labüd idi. MOK-un təsisçiliyi ilə 1998-ci ildə "Olimpiya” jurnalı, 2001-ci ildə "Olimpiya dünyası” qəzeti işıq üzü gördü. Bunun ardınca idmanın inkişafı və təbliğinə xidmət edən digər qəzet və saytlar fəaliyyətə başladı. Etiraf etməliyik ki, Azərbaycanda idman mətbuatı o dövrdən bu dövrə böyük inkişaf yolu keçib”, - deyə o əlavə edib.

Ötən ilin iyununda ölkəmizdə keçirilən I Avropa Oyunlarının tarixi əhəmiyyətindən də danışan M.Fərzəliyev bu mövzunun həmişə KİV-lərin diqqət mərkəzində olmasının vacibliyinə toxundu və bununla bağlı təhlili yazıların çox az olmasına təəssüfləndiyini bildirib: "Düşünürəm ki, idmanın təbliği kampaniya xarakteri daşımamalıdır və həmişə mətbuatın diqqət mərkəzində olmalıdır. Bizi qarşıda iki mötəbər idman tədbiri - bu ilin yayında Rio-2016 Olimpiadası və gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları gözləyir. Bu, ölkənin idman jurnalistlərindən böyük məsuliyyət və fədakarlıq tələb edir. MOK-un İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Cəmaləddin Rəhmanovun rəhbərliyi altında bu sahədə müəyyən işlər görülür. KİV nümayəndələrinin işinə peşəkar münasibəti, onlar tərəfindən hadisələrin və faktların obyektiv işıqlandırılması, nöqsanların araşdırılması mühüm şərtdir. Bizim ümumi məqsədimiz ölkənin idman siyasətinin təbliğinə xidmət etməkdir”.
Murad Fərzəliyev idman jurnalistikasının sahə jurnalistikası kimi təqdim olunması ilə bağlı narahatlığını «dəyirmi masa» iştirakçılarının diqqətinə çatdırıb. O bildirdi ki, idman birbaşa iqtisadiyyat, siyasət, mədəniyyət, turizm və digər sahələrlə sıx bağlıdır.

Baş redaktor çıxışının sonunda MOK və Mətbuat Şurası arasında əməkdaşlığın ölkədə idman jurnalistikasının inkişafına böyük töhfə verəcəyindən əminliyini ifadə edib.

Mətbuat Mərkəzi İB-nın sədri Rəhim Hüseynzadə öz çıxışında idman mətbuatının geniş informasiyalara müraciət etməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, belə tədbirlərin keçirilməsi idman jurnalistlərinin təcrübə qazanmasında əhəmiyyətli rol oynayır.

"Dəyirmi masa”da "İdmanda qadın”, "İdman və ətraf mühit” və "İdman hamı üçün” mövzularında müzakirələr aparılıb.

Tədbirdə idman mətbuatında mövcud problemlər və bu problemlərin həlli istiqamətində həyata keçiriləcək işlər də müzakirə olunub.

«Dəyirmi masa» başa çatdıqdan sonra tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.