Fiziki sağlamlıq və vətənpərvərlik gənclərimizin ən böyük amalıdır

Fiziki sağlamlıq və vətənpərvərlik gənclərimizin ən böyük amalıdır

Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunması üçün şərait yaradır.

Olimpnews.az saytının məlumatına görə, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu, bir həqiqətdir ki, fiziki sağlamlıq insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizəyə inam hissini gücləndirir.
Ölkəmizdə uşaq və gənclərin fiziki sağlamlığına xüsusi diqqət göstərilir. Sözsüz ki, fiziki sağlamlıq mənəviyyatın da inkişafına müsbət təsir edir. Fiziki sağlamlığın əsas amillərindən biri idmandır. İdmanla məşğul olan uşaq və ya gənc dözümlü, iradəli olur. Azərbaycan dövləti gənc nəslin bu cür keyfiyyətlərə malik olmasında maraqlıdır. Ölkəmizdə uşaq və gənclərə yaradılan şərait, inşa edilən müasir idman qurğuları məhz gələcəyimiz olan gənc nəslin xoş sabahı üçündür. İstər Bakıda, istərsə də bölgələrdə fəaliyyət göstərən idman ocaqları ən müasir idman avadanlıqları ilə təchiz edilib.

Ölkəmizdə, uşaq, yeniyetmə və gənclərin fiziki inkişafının təminatı məhz idmanla əlaqəlidir. Xalqımızın gələcəyi olan gənc nəslin fiziki sağlamlığı idmana göstərilən yüksək səviyyəli qayğı və diqqət sayəsində mümkün olmuşdur. Dəfələrlə qeyd etdiyimiz kimi, respublikamızda uşaq və gənclərin fiziki sağlamlığının təmin edilməsi üçün lazımi şərait mövcuddur. İndi Azərbaycanın hər bir bölgəsində müasir tələblərə cavab verən idman qurğuları fəaliyyət göstərir. Uşaqların idmana cəlb olunması kütləvi xarakter alıb. Minlərlə yeniyetmə və gənc hər gün müxtəlif idman növləri ilə məşğul olmaq üçün klublara və idman bölmələrinə axışır. Sevindirici haldır ki, respublikamızın bütün bölgələrində uşaqların fiziki inkişafının təmin edilməsi üçün şərat yaradılır. Son illər bölgələrdə idman infrastrukturunun formalaşması uşaq, yeniyetmə və gənclərin sağlamlığının qorunmasına təkan verən amildir.

Azərbaycana milli şüura malik, vətənpərvər gənclər lazımdır

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin məsuliyyətli məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur. Çünki gənclər dövlətin həm bu günü, həm də gələcəyidir.

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyini yaşayan Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ulu öndər Heydər Əliyev müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.

Gənclər dövlətin həm bu günü, həm də gələcəyidir

Vətən dünyaya göz açdığımız doğma el-oba sayılır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığı ilə vətənini öz şəxsiyyətində yaşatmalıdır.

Vətənpərvərlik elə bir hissdir ki, o, özü üçün deyil, eli, obası, xalqı üçün yaşamağı, insandan tələb edir. Vətənpərvər insan təkcə soyuq səngərlərdə, döyüş bölgələrində xidmət edən insan deyil. Hər bir kəs öz əməyi ilə vətənpərvər ola bilər. Bənna külüngü, diplomat siyasəti, alim elmi, yazıçı, şair qələmi, tarixçi üzə çıxartdığı həqiqətləri, analar böyütdükləri övladları, oğullarımız mərdliyi, qeyrəti, şagirdlərimiz təhsili ilə əsl vətəndaş ola bilərlər. Azərbaycanın tarixi keçmişinə bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətənpərvərdir.

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətəni naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğu üçün onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.

Danılmaz faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amillə bağlıdır. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Tariximiz həmişə sübut edib ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman övladlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidirlər. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər. Qarabağ problemi hamımız üçün ən aktual mövzudur. Ölkəmiz müharibə şəraitində olduğu üçün cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması çox vacibdir. Bunun üçün təhsil müəssisələrində, mətbuatda, cəmiyyət arasında hərbi-vətənpərvərlik, ordu, şəhidlər, milli qəhrəmanlar, düşmənlərin mənfur niyyətləri ilə bağlı söhbətlər aparılmalı, televiziya və radiolarda verilişlər nümayiş etdirilməlidir. Vətənpərvərlik həm də emosional hissdir. Hər bir insan bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalıdır.

Bəzən deyilir ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Bəli, bu hiss ən birinci ailədən başlanır. Ailə uşağa elə tərbiyə verə bilər ki, o, vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmənə isə nifrət hissləri ilə böyüsün. Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan bu "kiçik dövlət”lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib. Azərbaycanlılar üçün isə ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu mövqeyə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunların əsasında milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması durur.

Gənclər hər zaman mübarizənin önündə olublar

Qarabağ müharibəsi, qaçqın və məcburi köçkünlük həyatı, xalqımızın üzləşdiyi faciələr barədə gənc nəslin dolğun məlumatı olmalıdır. Azərbaycanın gənc nəsli, eləcə də uşaq və yeniyetmələr bilməlidirlər ki, tarix boyu həmişə xalqımıza arxadan zərbə vuran, əzəli Azərbaycan ərazilərinin hesabına Ermənistan yaradan bədnam qonşularımız ermənilər 1988-ci ildə yenə torpaq iddiası ilə çıxış etməyə başlamışdılar. Bu dəfə onlar keçmiş ittifaq rəhbərlərinin və xarici ölkələrdə ki, lobbilərinin köməyi ilə respublikamızın dilbər guşəsi olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb oz ərazilərinə qatmaq istəyirdilər. Bu məkrli planı həyata keçirmək üçün, ermənilər Ermənistanda uzun illər ata-baba yurdlarında yaşayan azərbaycanlıları zorla oradan qovur, soydaşlarımızın yaşadıqları kəndlərə silahlı hücumlar təşkil edir, evləri yandırır, günahsız insanları qətlə yetirirdilər. Ermənilərin hərəkətləri xalqın böyük qəzəbinə səbəb oldu. Bakıda və bölgələrdə etiraz dalğaları baş qaldırdı. Xalq mitinqlərə çıxaraq mərkəzi hakimiyyətdən azərbaycanlıların hüquqlarını bərpa etməyi, qanunlara tabe olmayan erməniləri cəzalandırmağı tələb edirdi. Lakin mərkəzi hakimiyyət açıq-aydın birtərəfli mövqe tuturdu. Respublikanın başında əyləşən o vaxtkı rəhbərlər də gözləmə mövqeyində durur, lazımi qətiyyət göstərmirdilər. Beləliklə, Azərbaycan xalqının torpaqlarımızın bütövlüyü uğrunda başladığı mübarizə həm də milli-azadlıq hərəkatı xarakteri almağa başladı. Bu hərəkatda fəallıq göstərən on minlərlə gənc var idi. Bu, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Azərbaycanın gənc nəsli Bakıda qırğın törətmək üçün şəhərə daxil olan sovet qoşunlarının qarşısından qaçmadı. Həmin gecə 131 nəfər soydaşımızın həyatına son qoyuldu, 744 nəfər xəsarət aldı, yaralandı. Onların içində əksəriyyəti gənclər idi. 20 Yanvar tariximizin yalnız faciə deyil, həm də şərəf, ləyaqət səhifəsidir. Dünya Azərbaycan xalqının ümummilli məsələlərdə birləşərək qətiyyət nümayiş etdirməsinin, müstəqillik, azadlıq uğrunda şəhid vermək əzminin şahidi oldu. Eyni zamanda faciə xalqın özünə inamını artırdı, insanların həmrəyliyi daha da möhkəmləndi. Respublikada imperiyanın, kommunist rejiminin süqutunu tezləşdirən milli-azadlıq mübarizəsinin yeni dalğası başlandı. Çox keçmədi ki, yumruq kimi birləşən xalqın kükrəyən qəzəbi zəfər çaldı. Müstəqillik əldə edən Azərbaycan erməni qəsbkarlarının yeni məkirli planları ilə üz-üzə qaldı. 1991-ci ilin may ayında əvvəlcə milli musiqimizin beşiyi, təbiətin incisi Şuşa şəhəri, ardınca Laçın rayonu işğal edildi. Bundan sonra azğınlaşan ermənilər öz təcavüzkar siyasətlərini daha da genişləndirərək Dağlıq Qarabağın ətrafındakı rayonları işğal etməyə başladılar. Düşmən qüvvələri 1993-cü ilin yazından etibarən bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan kimi rayonlarımızı da öz nəzarətləri altına keçirməyə nail oldular. İşğal nəticəsində təxminən 1 milyon soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. Ermənilərin zor gücünə zəbt etdikləri ərazilərdə çoxlu sayda mədəniyyət mərkəzləri, tarixi abidələr qalmışdır. Təcavüz nəticəsində respublikamıza külli miqdarda maddi ziyan vurulmuşdur. Bütün bunları ölkəmizin gənc nəsli mütləq bilməlidir.

Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək hər birimizin üzərinə düşən məsuliyyətli bir işdir. Azərbaycan Respublikasından kənarda on milyonlarla soydaşımız yaşayır. Onların içərisində çoxlu məşhur elm və mədəniyyət xadimləri, iş adamları, yüksək mənsəb sahibi olan insanlar var. Onları dünyada və Azərbaycanda tanıtmaq hər birimizin borcu olduğu kimi, bizim də onlardan öz tarixi vətənləri, doğma ata-baba yurdlarına münasibətdə qayğıkeş və təəssübkeş olmağı tələb etməyə haqqımız var. Hazırda qarşımızda duran ən vacib və taleyüklü vəzifələrdən biri də əl-ələ verərək dünya azərbaycanlılarının hər hansı bir ölkədə və mühitdə yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq, özünün milli-mənəvi dəyərlərini qoruması və inkişaf etdirməsindən ibarətdir. Hər bir insanın qəlbində ana kimi müqəddəs, ülvi və şirin bir hiss var. Bu, vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Vətən eşqi, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan ümmandır. Vətəni sevmək və bu sevgi uğrunda canından belə keçməyə hazır olmaq isə hər bir vicdanlı vətən övladının borcudur. İlahi tərəfindən millətimizə bəxş olunan torpağımız tarix ərzində müxtəlif zamanlarda igid oğullarımızın yağı düşmənlərə qarşı ölüm-dirim çarpışmalarında axıdılan qanından yoğrulmuşdur.

Bu səbəbdən Azərbaycan torpağı adi torpaq parçası deyil, bizi yaşadan və yaşamağa sövq edən müqəddəs torpaqdır. Əvvəlki zamanlar bu günə qədər xalqımızın mərd ogulları vətənin azadlıgı uğrunda xarici düşmənlərə qarşı igidliklə vuruşmuş, ana torpağı qorumağa çalışmış, nəticədə isə yenidən öz torpagının sahibi olmuşdur. Əlbəttə, onların hər biri öz övladlıq borcunu yerinə yetirib. Axı müqəddəs ana torpağını vətən edən onun vətəndaşıdır. Hər bir vətəndaş öz yurdunu qorumağa, çiçəkləndirməyə borcludur. Xalqımızın neçə-neçə qeyrətli oğulları bu şərəfli vəzifənin öhdəsindən inanılmaz qəhrəmanlıqla gəlib. Bəziləri sağlamlığını itirmiş, bəziləri itkin düşmüş, bəziləri isə şəhidlik zirvəsinə yüksəlmişlər. Onların hər biri vətən uğrunda canlarını qurban verərək əbədiyətə qovuşublar. Doğma torpaq uğrunda mübarizəyə qalxan minlərlə igid oğullarımız haqqında neçə-neçə əsərlər, kitablar yazılıb, dastanlar qoşulub. Bəlkə də, bunun nəticəsidir ki, torpaq uğrunda həlak olan şəhidlərimiz xalqımızın qəlbində yaşayır. Lakin onların ruhları hələ də narahatdır. Axı onların canlarından keçərək bizə əmanət etdikləri vətən torpağı hələ də düşmən əsarəti altındadır.

Mətbuat orqanlarında hərbi-vətənpərvərlik məsələlərinə geniş yer verilir

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı hərbi məktəblər vətən oğullarına vətən sevgisini, şərəfi, müstəqilliyi öyrədir. Azərbaycan ordusunun ehtiyaclarına cavab verəcək keyfiyyətlərə malik olan bacarıqlı zabitlərin yetişdirilməsi üçün hərbi məktəblərdə hərtərəfli imkanlar yaradılıb. Əgər SSRİ-nin dövründə Azərbaycandakı hərbi məktəblərdə çox az sayda soydaşlarımız oxuyurdusa, hazırda təhsil alanların hamısı azərbaycanlıdır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin zəhməti, uzaqgörənliyi, müdrikliyi sayəsində həyata keçirilib. Bu hərbi ocaqlarda vətən oğulları ilə yanaşı, qızlar da təhsil alırlar. Bu da onu deməyə əsas verir ki, məzun hərbçi oğullarımızla bərabər, məzun leytenant qızlarımız da az deyil. Azərbaycanda ordu mövzusu tarixən çox aktual olub. Çoxsaylı müharibələr, silahlı toqquşmalar və qarşıdurmalar meydanına çevrilən ölkəmiz üçün ordunun vəziyyəti, onun döyüş qabiliyyətinin möhkəmlənməsi həmişə öndə duran məsələlərdən biri olub. Bu baxımından, gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində "Şahin” və "Cəsurlar” hərbi-idman oyunlarının keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Şagirdlər bu oyunlar vasitəsilə hərbi biliklərə yiyələnir, orduya hazırlıq prosesi keçirlər. Hərbi idman oyunları şagirdlərin həm də fiziki hazırlığına müsbət təsir göstərir.

Azər Bağırov,
Əməkdar məşqçi,
Qabaqcıl təhsil işçisi