Fiziki tərbiyə sahəsində uğur qazanmaq bu işin səmərəli qurulmasından çox asılıdır

Fiziki tərbiyə sahəsində uğur qazanmaq bu işin səmərəli qurulmasından çox asılıdır

Psixoloqların fikrincə, insanların əqli cəhətdən mükəmməl olmaları üçün onların, ilk növbədə, fiziki cəhətdən kamilləşməsi vacibdir. Fiziki kamillik dedikdə nə nəzərdə tutulur? Bu suala cavab olaraq deyə bilərik ki, fiziki kamillik bədən quruluşunun normal formada olması, eyni zamanda, fərdin yaşına müvafiq olaraq çəkinin, boyun mütənasibliyidir. Bəs, fiziki kamillik hansı meyarlarla ölçülür? Daha dərin mənalı olan bu suala cavab vermək üçün bir qədər düşünmək lazım gəlir. Belə ki, əslində,insanın hansı fiziki vəziyyətinin yaxşı, hansının pis olmasını müəyyənləşdirmək üçün elə bir xüsusi etalon, metod yoxdur.

Antik dövrdə və intibah mərhələsində rəssamlar və heykəltəraşlar nümunəvi insan bədəninin obrazını yaratmağa çalışıblar. Lakin bu əsərlərdən hansı birinisə ideal nümunə kimi götürmək mümkün deyil. Qədim spartalılar fiziki cəhətdən möhkəm, iradəli, dözümlü və döyüşkən olublar. Afinalılar isə özlərini hərtərəfli şəkildə inkişaf etdirməyə çalışırdılar. Amma qədim dövrlərdən indiyə kimi bir şey dəqiq məlumdur ki, nümunəvi bədənə sahib olmaq və sağlamlıq, demək olar ki, paralel inkişaf edir. Yəni artıq çəkidən əziyyət çəkənlər, bədən quruluşlarında müxtəlif problemləri olanlar sağlamlıqlarını müəyyən qədər itirirlər.

İdmanla məşğul olmaq həmişə bir addım öndə olmaq deməkdir

Olimpnews.az saytının məlumatına görə, sağlamlıq idmanla başlayır. Əgər sağlam gələcək istəyiriksə, sağlam nəsil tərbiyə etməliyik. İdman insan həyatında mühüm rol oynayır. Bəzən belə düşünürlər ki, idmanla məşğul olmaq vaxtından tez qocalma və ya zədə almaq deməkdir. Doğrudur, idmanda da təhlükəli anlar ola bilir. Lakin hər bir şeyin mənfi və müsbət tərəfləri var. İdmanın müsbət və mənfi tərəflərinin müqayisə etdikdə, yaxşı cəhətlər üstünlük təşkil edir. Buna görə də idmanı seçən uşaq, yeniyetmə və gənc heç vaxt peşiman olmaz. İdmanla məşğul olan uşaqlar, fiziki və mənəvi cəhətdən sağlam olur, onlarda vətənpərvərlik ruhu güclü olur. Beynəlxalq arenalarda ölkəsinin bayrağını yüksəklərə qaldırmaq uğrunda mübarizə aparmaq Vətən sevgisi ilə bağlıdır. İdman həm də insanları mənəvi cəhətdən birləşdirir, onların arasında birlik yaradır. Hər hansı bir yarışa baxmağa gələn azarkeşlər ölkəsini təmsil edən idmançıya dəstək olmaq üçün birləşirlər. İdman xarakterin formalaşması üçün çox faydalıdır, həmçinin mənəvi dəyərlərin qorunub saxlanmasında, gənclərin vətənpərvərlik və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında çox mühüm əhəmiyyətə malikdir. Bundan əlavə , fiziki tərbiyə millətin sağlamlığı və xoşbəxt gələcəyinin təminatçısıdır. Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində idman gündən-günə inkişaf edir. Bu sahədə görülən işlərdən ən vacibi isə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsidir.

Sağlamlıq hər bir insan üçün ən vacib amillərdən biridir. Sağlam olmaq üçün isə, ilk növbədə, aktiv həyat tərzi keçirmək, idmanla məşğul olmaq lazımdır. Müşahidələr göstərir ki, sağlam bədəndə sağlam ruh, eyni zamanda iti düşüncə, müxtəlif çətin vəziyyətlərdən daha tez və itkisiz çıxış yolu tapmaq bacarığı olur. Dünyanın müxtəlif ölkələrində aparılan təcrübələrə əsasən deyə bilərik ki, səhərlər təmiz havada yüngül qaçışla məşğul olanlar gün ərzində daha fəal və gümrah olur, özlərini müxtəlif gözlənilməz situasiyalarda daha sərbəst aparırlar.

Statistikalar sübut edir ki, gündəlik idmanla məşğul olanlar daha uzun ömür sürürlər. Əlbəttə, bu da təsadüfi deyil. Çünki bədən tərbiyəsi və idman qan-damar sisteminin sabit dövr etməsinə, orqanizmin cavan qalmasına zəmin yaradır. Eyni zamanda gün ərzində idmana müəyyən qədər vaxt ayıranlar zərərli vərdişlərdən uzaq olurlar ki, bu da birbaşa sağlamlığa xidmət edir. İdmanın "bədən tərbiyəsi” kimi adlandırılması da təsadüfi deyil. Belə ki, idman, sözün əsil mənasında, bədəni tərbiyə edir, sağlam orqanizm formalaşdırır, insanda nizam-intizamı daha da artırır. Əslində, idmanın faydaları haqqında şox söz demək olar. İdman insanlarda vətənpərvərlik hissini daha da artırır. Son illər orta məktəblərdə müntəzəm olaraq "Cəsurlar” və "Şahinlər” adlı hərbi-idman oyunları keçirilir. Müşahidələr göstərir ki, belə yarışlarda iştirak edən uşaq və yeniyetmələrdə vətən, torpaq sevgisi daha da artır, eyni zamanda, onlar bu oyunlarda fiziki sağlamlıqlarını qorumuş olurlar. İdman həm də gənc nəslin mənəvi tərbiyəsində aparıcı rol oynayır. Ulu öndər Heydər Əliyev öz çıxışlarının birində demişdir: "İdmanla məşğul olanlar həm fiziki, həm də mənəvi cəhətdən inkişaf edirlər”.

Biz bu gün çox sevinirik ki, ölkəmizdə idman kifayət qədər geniş yayılıb. Xüsusilə, son zamanlar bir sıra beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməklə Azərbaycan dünyanın idman mərkəzinə çevrilib. Atletlərimizin beynəlxalq arenalarda, Avropa və dünya çempionatlarındakı uğurlarını görən gənc nəsil arasında bu sahəyə həvəs və maraq hər gün daha da artır, ölkəmizdə idman kütləvi xarakter alır. Bu da birbaşa ölkəmizdə sağlam cəmiyyətin formalaşmasına gətirib çıxarır. Bu gün Azərbaycan idmançılarımızın qazandığı yeni-yeni uğurlar nəticəsində bütün dünyada idman ölkəsi kimi tanınır. Bununla bərabər, yuxarıda da qeyd etdiyimiz kimi idmanın inkişafı nəticəsində kifayət qədər sağlam bir cəmiyyət formalaşır.

Fiziki tərbiyə şagirdlərin tədris fəallığının yüksəlməsinə, intensiv təşkilinə şərait yaradır

Mütəxəssislər hesab edirlər ki, hərəki qabiliyyətlərin gənc və yeniyetmələrə rəngarəng şəkildə aşılanması onların bacarıq və keyfiyyətlərinin üzə çıxmasına səbəb olur. Bu, uzun müddət gənclərin yadında qalır, hətta vərdişə çevrilir. Hərəki qabiliyyətlər (güc, qüvvə, cəldlik, çeviklik, sürət, iradə möhkəmliyi və s.) uşaqların möhkəm və davamlılığını daha da artırır, onların uzunömürlülüyünü təmin edir, dərketmə qabiliyyətini asanlaşdırır.
Bunlara nail olmaq üçün yalnız təlimin məzmunu və vəzifələrinin uyğunlaşdırılması ilə heç də kifayətlənmək olmaz. Uşaqların yaş xüsusiyyətləri, fiziki qabiliyyətləri, hazırlığı və inkişafı, səhhəti, əhval-ruhiyyəsi və emosionallığı diqqətdə saxlanılmalıdır. Bu və ya digər fiziki hərəkətlərin və oyunların təlimində vaxtilə öyrənilmiş bilik və bacarıqların, aşılanmış vərdişlərin də müvafiq şəkildə nəzərə alınması fəaliyyətlərin uzlaşdırılmasında özünəməxsus əhəmiyyətə malikdir. Bütün bunlar fiziki tərbiyə təliminin optimal təşkilinə zəmin yaradır. Əks halda, bədən tərbiyəsi müəllimləri və şagirdlər müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, müəllimlər tədris prosesinin optimallaşdırılmasına nail ola, şagirdlər isə onlara verilən tapşırıqları qısa zamanda yüksək keyfiyyətlə və sürətlə icra edə bilmirlər. Nəticədə, boş dayanmalar yaranır, vaxta qənaət etmək normaları pozulur. Digər tərəfdən isə şagirdlər ruhdan düşür, dərslərə o qədər də maraq və həvəslə yanaşmır, fəallaşmaq əvəzinə daha da çox passivlik yaranır. Şübhəsiz ki, bunlar təlimdə mənimsəmə səviyyəsinin minimuma enməsinə səbəb olur.
Fiziki tərbiyə təliminin məzmunu və vəzifələrinin düzgün qoyuluşu şagirdlərin tədris fəallığının yüksəlməsinə, bu prosesin intensiv təşkilinə şərait yaradır. Bir cəhəti də unutmaq olmaz ki, tədris prosesi əlverişlilik prinsipinə də əsaslanaraq təşkil olunmalıdır. Bu da təhsilalma və təhsilvermənin imkanlarının daha da genişlənməsinə, təhsilin səviyyəsinin yüksəlməsinə imkan verir.

Əldə olunan bacarıqlar məktəbdənkənar müəssisələrdə təkmilləşdirilir

Bədən tərbiyəsi yetişməkdə olan gənc nəslin formalaşması, əməyə, həyata, əməli fəaliyyətə hazırlanması, ailəyə yaxından kömək kimi mühüm məsələlərin yerinə yetirilməsinə xidmət edir. İdman uşaqların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir.

Fiziki hazırlıq məktəb və ailə tərbiyəsi ilə sıx əlaqədə olub, vəhdət təşkil etməlidir. Şagirdlər məktəbdə bədən tərbiyəsi proqramına müvafiq yiyələndikləri vərdiş və bacarıqları məktəbdənkənar müəssisələrdə təkmilləşdirirlər. Həmin müəssisələrdə şagirdlər üçün, ilk növbədə, kütləvi idman növləri ilə yanaşı, məktəbdə təşkil edilməsi çətin olan, yaxud da heç mümkün olmayan idman növləri üzrə bölmə məşğələləri də təşkil edilməlidir. Məsələn tennis, bədii gimnastika, üzgüçülük kimi növlərlə məşğul olmaq məktəbdənkənar bədən tərbiyəsi və idman işlərinin həyata keçirilməsinin bir hissəsidir. Məktəbdənkənar bədən tərbiyəsi və idman işləri ümumtəhsil məktəbinin təlim-tərbiyə işlərinə uyğun olmalı, onu davam etdirməli və dəyərləndirməlidir. Bədən tərbiyəsi müəllimi şagirdlərin məktəbdənkənar işlərinə diqqətlə yanaşmalı, onların bilik və bacarıqlarının digər sinif yoldaşlarına öyrədilməsinə nəzarət etməlidir.

Tələbələrin bədən tərbiyəsi dərslərinə marağını artırmaq çox vacibdir. Bədən tərbiyəsi müəllimləri ilk növbədə tələbələrindən tələb etməlidirlər ki, dərsə idman formasında gəlsinlər. Bəzən bu tələb şagirdlər tərəfindən birmənalı qarşılanmır, onların narazılığına səbəb olur. Lakin vaxt keçdikcə tələbələr bu vərdişə yiyələnirlər. Nizam-intizam qaydalarına əməl etmək, dərsə idman geyimində gəlmək şagirdlərin müxtəlif idman növlərinə marağını artırır. Təbii ki, bu, çox vacib amildir. Respublikamızın orta ixtisas məktəblərində, ali təhsil ocaqlarında dərs deyən bədən tərbiyəsi müəllimləri çalışırlar ki, tələblərin və şagirdlərin fiziki sağlamlığının keşiyində dayansınlar. Çünki sağlamlıq gümrah, cəsarətli və çevik olmaq deməkdir. Məktəblərdə əldə olunan bacarıq və biliklər gənclərin ordu sıralarında xidmət zamanı onlara böyük fayda verir. Fikrimizcə, hər bir müəllim əlindən gələni etməlidir ki, şagird və tələbələr orduya tam hazır vəziyyətdə yollansınlar. Çox yaxşı haldır ki, respublikamızda bu iş yüksək səviyyədə həyata keçirilir. Gənclərin savadlı, dünyagörüşlü, fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün bütün imkanlardan istifadə olunur. Uşaq, yeniyetmə və gənclərin gün ərzində zehni və fiziki hərəkət normalarına düzgün əməl etməsi də olduqca mühüm əhəmiyyətə malikdir. Ona görə ki, normalara uyğun hərəkət etmək orqanizmin fiziki sağlamlığında aparıcı rol oynayır. Normalara əməl olunması zədələrdən qorunmağa imkan verir, bədənin əlavə yüklənməsinə manne olur.

Fiziki tərbiyənin təlimində bir neçə meyardan eyni vaxtda istifadə etmək mümkündür

Fiziki tərbiyənin təlim işlərinin istənilən səviyyədə təşkilində əsas meyar tədris və ev tapşırıqlarına qoyulmuş vaxta, vaxt bölgüsünə düzgün riayət edilməsidir. Həmin tələbələrin nəzərə alınması şagird və müəllimlərin normadan artıq yüklənməsinin qarşısını alır. Fiziki tərbiyənin təlimində bir neçə meyardan eyni vaxtda istifadə etmək mümkündür. Bir cəhəti də unutmaq olmaz ki, tədris prosesinin həddindən artıq intensivləşdirilməsi növbəti hərəki bölmənin mövzularının şagirdlər tərəfindən mənimsənilməsini çətinləşdirir. Buna görə də şagirdlərin tədris prosesini səmərəli təşkil etmək lazımdır. Bu məqsədlə pedaqoji vasitələrin də tətbiqinə ehtiyac vardır. Fiziki tərbiyədə o variant müvafiq hesab olunur ki, eyni şəraitdə, eyni vaxt sərf etməklə tətbiq olunan təlim-tərbiyə yaxşı nəticə vermiş olsun. Burada qüvvənin qənaətlə sərf edilməsi də mühüm şərtdir.
Təhsil və tərbiyənin hazırkı tələbatında fiziki tərbiyənin səmərəliliyi və nəticəsi sərf olunan vaxtla sıx bağlıdır. Çünki, səmərəlilik bədən tərbiyəsi müəlliminin qısa vaxt ərzində az əmək sərf etməklə daha böyük müvəffəqiyyətlər qazanmasına imkan verir. Təlim-tərbiyədə uğur qazanmaq müəllimin işinin səmərəli qurulmasından asılıdır. Belə vəziyyətdə vaxt itkisi baş vermir, çəkilən zəhmət bəhrəsiz qalmır. Müasir təhsil sistemi məktəbin pedaqoji kollektivinin qarşısında yeni məqsəd və vəzifələr qoyur. Həmin məqsəd və vəzifələr ənənəvi tələblərdən tamamilə fərqlənir. Hazırda müəllim və şagirdlərin fəaliyyətinin tənzimlənməsində bir sıra prinsiplər tələb olunur. Bütün bunlar təhsildə əvvəllər mövcud olmuş təfəkkürün yenilənməsinə, tədris olunan fənlərin mahiyyətini cəmiyyətin tələbatına uyğun qurmağa, dünya təhsil sisteminə inteqrasiya etməsinə imkan yaradır. Pedaqoji kollektivin qarşısında duran ən vacib məsələ isə, şübhəsiz ki, uşaqların savadlı, mənəvi cəhətdən sağlam böyüməsidir. Mənəvi cəhətdən yüksək tərbiyə alan hər bir uşaq doğma yurdunu ürəkdən sevəcək, vətəninə, dövlətinə sadiq olacaq, milli dəyərləri qoruyacaq.

Nəzərə almaq lazımdır ki, təlimin prinsipləri formal xarakter daşımamalı, təsadüfən yaradılmış mühitə, şəraitə uyğun tətbiq edilməməlidir. Tələbələrin ümumi bilik və bacarıq fəaliyyətləri, hərəki qabiliyyətləri, vərdişləri nəzərə alınmalıdır. Xüsusən, qabaqcıl müəllim və məktəblərin iş təcrübəsi, direktiv tədris sənədlərinin tələbatı təlim fəaliyyətində əsas götürülməlidir.

Təlim prinsiplərinin reallaşdırılmasına nail olmaq üçün tələskənliyə, süniliyə yol verilməməlidir. Tədris metodu real faktları əks etdirməli, müəllim və tələbə arasında qeyri səmimiliyə, gərginliyə şərait yaradılmamalıdır. Müxtəlif növ maraqlı, cəlbedici və təsiredici fiziki hərəkət kompleksləri hazırlanmalı, onların tədrisi mərhələlər üzrə ardıcıllıqla aparılmalıdır. Hər bir fiziki hərəkət üzrə bilik, bacarıq və vərdişlərin qazanılmasının özünəməxsusluğu nəzərdən qaçmamalıdır. Dinamik inkişafı təmin edən hərəki bacarıqların formalaşdırılmasının ardıcıllıqla həyata keçirilməsi daha məqsədəuyğun sayılır.

Müəllimlər müasir təhsil metoddarına üstünlük verməlidirlər

Fiziki tərbiyə təliminin nailiyyətləri onun məzmunundan və qarşısında duran başlıca vəzifələrdən mühüm dərəcədə asılıdır. Bu mənada hərəki təlimin məzmunu və vəzifələri dövlət təhsil standartları əsasında hazırlanmış fiziki tərbiyə fənn kurikulumuna uyğun müəyyənləşdirilir.

Mütəxəssislərin fikrincə, digər ümumtəhsil fənlərində olduğu kimi, fiziki tərbiyə fənnində də məzmun yaşadığımız ictimai-siyasi mühitin təlabatına uyğun müəyyən edilməli, daimi təkmilləşdirilməli və yeniləşdirilməlidir. Müəllim və şagirdlərin təhsil fəaliyyətləri inkişafetdirici, tərbiyəedici, qabaqlayıcı mahiyyət daşımalı, hərəki bilik, bacarıq və vərdişlər təhsil metodu əsasında reallaşmalıdır. Bununla yanaşı, bu metod həm də öyrənənlərin nailiyyətlərinin düzgün stimullaşdırılmasına, təhlilinə və qiymətləndirilməsinə istiqamətləndirilməlidir. Bütün bunlar isə şəxsiyyətin hərtərəfli və harmonik inkişafına, ictimai mühitin və cəmiyyətin mənafeyinə, gənc nəsilin mənəvi inkişafına yönəldilməlidir.

Təlimin şüurlu surətdə qavranılması uşaqların psixoloji hazırlığında mühüm rol oynayır

Qeyd etmək lazımdır ki, fiziki tərbiyə üzrə tədris materiallarının müvafiq qaydada öyrədilməsi təlimin müsbət nəticələnməsinə öz təsirini göstərir. Müxtəlif növ yeriş, qaçış və gimnastika hərəkətlərinin musiqinin müşayiəti ilə yerinə yetirilməsi şagirdlərin fəallığını və həvəsini artırır. Bu cür hərəkətlər onların dərsə marağını da yüksəldir. Hərəkətlərin icraolunma tempi tədris materialının məzmunundan, onun icrasından (asan və ya mürəkkəb olmasından), nə məqsədlə yerinə yetirilməsindən də mühüm dərəcədə asılıdır. Hərəkətlər yüksək, orta və aşağı tempdə icra oluna bilər. Burada sinifin orta təlim tempi mütləq nəzərə alınmalıdır.

Mütəxəssislərin araşdırmaları zamanı gimnastika, atletika hərəkətləri, idman oyunları üzrə fəndlərin orta təlim tempinə uyğun həyata keçirilməsinin daha önəmli və təsirliliyi müşahidə olunmuşdur. Tədris prosesinin səmərəliliyinə zəmin yaradan amillərdən biri də təlim zamanı sərbəstliyin təmin olunmasıdır. Yəni şagirdlərin idrak fəallığı, təlimə şüurlu və düşüncəli yanaşması təmin edilməklə, onların müstəqilliyinə, sərbəst hərəkət etmələrinə də üstünlük verilməlidir. Bu, öyrətmə və öyrənmənin vahidliyinin gözlənilməsilə sıx əlaqədar olmaqla yanaşı, müəllimin və şagirdlərin fəaliyyətinin tənzimləməsini stimullaşdıran mexanizmlərdən hesab olunur.
Mütəxəssislər hesab edirlər ki, müxtəlif növ, rəngarəng fiziki hərəkətlər, mütəhərrik və əyləncəli oyunlar lazımi templərdə, tədris şəraiti nəzərə alınmaqla keçirilməlidir. Bu zaman həm öyrədən, həm də öyrənənlər məsuliyyət hiss etməlidirlər. Belə olmasa, həmin təlimin uğurlu nətiəsindən danışmaq olmaz. Təlimdə məsuliyyət daşıdığını anlayan hər bir şagirdin idrak fəallığı da da yüksəlir. Bu isə birbaşa təlimə şüurlu yanaşmanı, düşünərək təhlillər aparmanı, müəyyən qənaətə gəlməni təmin edir. Şərh olunanlar daha yaxşı qavranılır, yadda saxlamağa ciddi səy göstərilir. Təlimin şüurlu surətdə qavranılması uşaqların mənəvi və psixoloji hazırlığında mühüm rol oynayır. Yuxarıda sadalanan komponentlərdən kompleks istifadə olunması təlimdə nailiyyət qazanılmasında ən başlıca şərtlərdən sayılır.

Təcrübə göstərir ki, fiziki tərbiyənin təlim prosesinin düzgün təşkili və keçirilməsində pedaqoji təcrübə əsas rol oynayır. Fiziki tərbiyənin tədrisi zamanı məktəbli gigiyenasına riayət edilməsi, təlim üçün mənəvi-psixoloji və estetik şəraitin yaradılması da əhəmiyyətli komponentlərdəndir. Təlim prosesi üçün maksimum dərəcədə məqsədəuyğun sanitariya-gigiyena şəraitinin yaradılması da nəzərə alınmalıdır. Şagirdlərin təlim-tərbiyə işində və sürətli inkişafının təmin edilməsində tədris prosesinin optimallaşdırılması prinsiplərinin də tətbiqinə ehtiyac duyulur. Tədris zamanı təlimlərin kompleks şəkildə, ardıcıllıqla yerinə yetirilməsi uşaqların hərtərəfli inkişafına, şəxsiyyət kimi formalaşdırılmasına və mənəvi aləminin zənginləşdirilməsinə müsbət təsir göstərir.

Anar Əhmədov,
Kənan Novruzov