Sağlam həyat tərzinin formalaşmasında velosiped idmanının rolu

Sağlam həyat tərzinin formalaşmasında velosiped idmanının rolu

İdman sahəsinin lazımi səviyyədə inkişafı hər bir cəmiyyətin, dövlətin inkişaf səviyyəsinin göstəricilərindən biri olmaqla yanaşı, fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsinə şərait yaradır. İdmanın kütləviliyinin təmin olunması, hər bir fərdin bu əvəzsiz vasitədən istifadə etməsi cəmiyyəti saflaşdıran çoxsaylı amillərdən biridir. Məhz buna görə də, cəmiyyətin tarixi inkişafı mərhələlərində üstünlük verdiyi bir çox vacib məqamlar, dəyərlər arasında idman xüsusilə önəmli yer tutmuşdur. Azərbaycan Prezidenti, Milli Olmipiya Komitəsinin prezidenti İlham Əliyev idmanın inkişafı üçün bütün imkanlardan maksimum istifadə olunmasını tövsiyə edərək, xüsusi ilə uşaqların və gənclərin idmana cəlb olunmasını çox mühüm vəzifələrdən biri kimi dəyərləndirir.

Olimpnews.az saytının məlumatına görə, ölkəmizdə, uşaq, yeniyetmə və gənclərin fiziki inkişafının təminatı məhz idmanla əlaqəlidir. Xalqımızın gələcəyi olan gənc nəslin fiziki sağlamlığı idmana göstərilən yüksək səviyyəli qayğı və diqqət sayəsində mümkün olmuşdur. Respublikamızda uşaq və gənclərin fiziki sağlamlığının təmin edilməsi üçün lazımi şərait mövcuddur. İndi Azərbaycanın hər bir bölgəsində müasir tələblərə cavab verən idman qurğuları fəaliyyət göstərir. Uşaqların idmana cəlb olunması kütləvi xarakter alıb. Minlərlə yeniyetmə və gənc hər gün müxtəlif idman növləri ilə məşğul olmaq üçün klublara və idman bölmələrinə üz tutur. Sevindirici haldır ki, respublikamızın bütün bölgələrində uşaqların fiziki inkişafının təmin edilməsi üçün şərat yaradılır. Bu şərait Azərbaycanın gənc nəslinin sağlamlığına hesablanıb. Çünki sağlamlıq həyat rəhnidir, xoşbəxtliyin özülüdür. "İnsan üçün dünyada ən qiymətli şey nədir: var-dövlət, yoxsa şöhrət?” sualına qədim filosoflardan biri belə cavab vermişdir: "Nə var-dövlət, nə də şöhrət hələ adamı xoşbəxt etmir. Sağlam dilənçi xəstə adamdan xoşbəxtdir”. Doğrudan da, sağlamlıq ən böyük nemətdir. Sağlam orqanizm həyatın bütün çətinliklərinə sinə gərməyi bacarır. Lakin sağlam orqanizmə nail olmaq insandan fədakarlıq tələb edir.

Mətbuat səhifələrində "sağlam həyat tərzi”, "fəal həyat tərzi” anlayışlarına tez-tez rast gəlirik. Həmişə də bu məfhumlar dünya xalqlarının ümumi bəlasına çevrilmiş narkomaniya, alkoqolizm, siqaret çəkmək kimi zərərli vərdişlərdən yaxa qurtarmağın ən vacib vasitəsini ifadə edirlər. "Sağlam həyat tərzi”, "fəal həyat tərzi” ifadələri bir-birinə yaxın olan anlayışlardır. Belə ki, fəal həyat tərzi keçirmək istəyən insanın başlıca məqsədi öz sağlamlığını qorumaqdan ibarətdir. Sağlam həyat tərzi keçirmək, fəal fiziki hərəkətlərlə məşğul olmadan mümükün deyildir. Bu yazıda məqsədimiz insanlara belə zərərli vərdişlərə qarşı nifrət hissinin aşılanması, onlarda sağlam həyat tərzi keçirmək vərdişinin tərbiyə olunmasının bəzi yollarını və imkanlarını araşdırmaqdan ibarətdir.

Şəxsiyyətin hərtərəfli və harmonik inkişafının tərkib hissəsi olan fiziki tərbiyə yetişməkdə olan gənc nəslin sağlam həyat tərzinin formalaşması üçün böyük təsir qüvvəsinə malikdir. Bunun üçün ilk növbədə gündəlik həyat fəaliyyəti zamanı yaranan bir sıra zərərli vərdişlərdən uzaqlaşmaq lazımdır. Müasir dövrdə bu vərdişlərdən ən geniş yayılanları siqaret və spirtli içkilərə olan aludəçiliklərdir. Bu zərərli vərdişlərin tərgidilməsi üçün ən səmərəli vasitə yeniyetmələri fiziki tərbiyə məşğələlərinə cəlb etməkdir. Bu işdə bədən tərbiyəsi müəllimləri digər fənn müəllimləri və valideynlər ilə əlbir fəaliyyət göstərməlidir. Bir məsələni də unutmaq olmaz ki, sağlam həyat tərzinin əsası ailədən başlayır. Ailədə olan sağlam münasibətlər və uşağın şüurunda dərin iz buraxır. Cəmiyyətin ilkin özəyi olan ailədə, uşaq bizi əhatə edən aləm haqqında ilk təsəvvürləri yaradır. Gənc nəslin fiziki tərbiyəsində məktəb böyük rol oynasa da, bu işdə ailə və ictimaiyyətin köməyi olmadan keçinmək mümkün deyil.

Yetişməkdə olan gənc nəslin sağlam böyüməsi 
fiziki tərbiyənin başlıca vəzifələrindən biridir

Məlumdur ki, şəxsiyyətin ən müsbət cəhətləri əsasən, məktəbdə, təlim-tərbiyə prosesində formalaşır. Təcrübə göstərir ki, məktəb yaşı dövründə şagirdlərdə xoşa gəlməyən cəhətlər də yaranıb inkişaf edir. Məsələn, bütün pis vərdişlərin bünövrəsi hesab olunan siqaret çəkmək də çox vaxt məktəb vaxtlarından başlanır. Siqaret çəkməyin ardınca narkotik maddələrdən istifadə etmək "həvəsi” baş qaldırır, bunun ardınca spirtli içkilərə meyl yaranır. Onlar orqanizmdə gedən maddələr mübadiləsinə mənfi təsir göstərməklə, orqanizmin normal inkişafına mane olur. Bu zərərli vərdişlərdən uzaqlaşmağın asan yolu idmanla məşğul olmaqdır.

Uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının təminatında bütün idman növlərinin, o cümlədən velosiped idmanının rolu çox böyükdür. Bu idman növü respublikamızda uzun illərdir ki, təşəkkül tapıb. XX əsrin 30-cu illərindən başlayaraq, Bakı şəhərində fəaliyyət göstərən velosipedçilərimiz Azərbaycan çempionatlarında, Bakı birinciliklərində, dövrün populyar Zaqafqaziya ölkələri ərazisində keçirilən çoxnövçülük velosiped yarışlarında, o cümlədən, Ümumittifaq Spartakiadalarında və bir çox çempionatlarda müvəffəqiyyətlə iştirak edərək, Azərbaycanın şərəfini layiqincə qorumuşlar.

1936-cı ildə Azərbaycanda velosiped idman növü üzrə "Dinamo”, "Spartak”, "İnşaatçı”, "Neftçi” konüllü idman cəmiyyətləri yaradılıb. Həmin dövrdən velosiped idmanı inkişaf etmiş, ümumittifaq və beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalan idmançılar hazırlanmışdır. Hüseyn Zərgərli, Səbzəli Müseyibov, Sergey Romanov kimi mütəxəssislərin Azərbaycanda velosiped idmanının geniş yayılmasında əvəzsiz xidmətləri olmuşdur. Azərbaycanda iri miqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərin əvvəllərinə təsadüf edir. Həmin dövrlərdə respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilməyə başlanılmışdır. 1950-ci illərdən sonra Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər əldə olunmağa başlanılıb. Artıq Azərbaycan idmançıları SSRİ çempionatı və dünya birinciliklərində qüvvələrini sınayırdılar. Həmin illərdə, Aleksandr Averin, Ələddin Şabanov, Ramiz Rəhimov və başqaları yarışlarda uğurla iştirak edirdilər. Azərbaycan velosiped məktəbinin yetirməsi, həmyerlimiz, SSRİ-nin əməkdar idman ustası, SSRİ çempionatları və kubokunun 6 qat qalibi Aleksandr Averin 1978-ci ildə SSRİ yığma komandasının heyətində Dünya Turunun qalibi olmuşdur.

Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrün ilk illərində idmanın inkişafı, gənclərin sağlam ruhda böyüməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, idmanın kütləvliyinin artırılması, idmanın maddi-texniki bazasının daha da inkişaf etdirilməsi məqsədi ilə xeyli iş görüldü. Velosiped İdmanı Federasiyası da həmin dövrdə yaradıldı.

Azərbaycan Velosiped İdmanı Federasiyasının diqqə və qayğısı nəticəsində velosiped idmanı ölkəmizdə Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, "Neftçi” İdman-Sağlamlıq Mərkəzində, Sumqayıtın "Velosiped” idman klubunda, 8 saylı İdman Olimpiya Məktəbində, "Lokomotiv” İdman Cəmiyyətində, "Sərhədçi” İdman Olimpiya Mərkəzində, İsmayıllı və Oğuz rayonlarında inkişaf etdirilir. Federasiya ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılar ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir, velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin gənclərin sağlam həyat tərzinin formalaşmasi istiqamətində təbliğan işi aparır.

Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin köməyi ilə bu idman növünün maddi-texniki bazası yaradılıb. Hazırda velosipedçilərin çox gözəl məşq bazası var. Bu məşq bazası vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı velosiped idmanının əvvəllər ölkəmizdə o qədər də geniş yayılmadığını, lakin bu gözəl idman növünün və ekoloji cəhətdən səmərəli nəqliyyat vasitəsinin Azərbaycanda geniş yayılması üçün yeni işlərin görüləcəyini bildirib. Artıq İsmayıllıda velosiped zavodu inşa olunmaqdadır. Yaxın vaxtlarda bu zavod işə salınacaq. Zavod istifadəyə verildikdən sonra məktəblilər və peşəkar idmançılar lazımi avadanlıqlarla təmin ediləcəklər. Hazırda uşaqları velosiped idmanına cəlb edəcək məşqçiləri yetişdirmək əsas məsələ kimi qarşıda dayanır. Buyaxınlarda təşkil olunan "Olimpiya Hərəkatı” proqramının tərkibinə velosiped idmanı növü də daxil edilmişdi. Bu layihə velosiped idmanına marağı bir qədər də artırdı, yeniyetmə və gənclər arasında bu növə böyük həvəs yarandı. Məşqçilərə, təlimçilərə olan böyük ehtiyacı ödəmək üçün buyaxınlarda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Velosiped İdmanı Federasiyası arasında memorandum imzalanıb. Memoranduma uyğun olaraq Akademiyada velosiped idman növünün təşviq edilməsi və tələbələrin bu idmana marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər. Gələcəkdə bu idman növü üzrə müəyyən ödənişli əsaslarla mütəxəssislərin yetişdirilməsi, onların yerli və beynəlxalq yarışlarda iştirakına qarşılıqlı dəstək verilməsi istiqamətində də razılıq əldə olunmuşdur. Bundan əlavə, sənəddə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə yüksək ixtisaslı peşəkar kadr hazırlığını həyata keçirmək, federasiyanın ehtiyaclarını müəyyən edərək müvafiq təlimləri təşkil etmək, birgə elmi-tədqiqat işlərini aparmaq nəzərdə tutulur. Federasiyanın təşəbbüsü ilə bölgələrdəki velosiped məşqçiləri velotrekə dəvət edilərək onlar üçün təcrübəli mütəxəssislər tərəfindən ustad dərsləri keçiriləcək.

Onu da qeyd edək ki, velosiped idman növünün inkişafı, bu növə göstərilən qayğı idmançılarımızın uğurlarına yol açıb. Belə ki, ölkəmizin velosipedçiləri bir sıra beynəlxalq yarışlarda yüksək nəticələr qazanıblar. Sevindirici haldır ki, Rio-2016 Yay Olimpiya Oyunlarında ölkəmizin təmsil olunacağı idman növləri arasında velosiped idmanının şosse və trek növləri də var. Azərbaycanın 3 idmançısı bu növlər üzrə 4 lisenziya qazanıb. Ölkəmizin idman şərəfini Braziliyada 2 qadın və 1 kişi velosipedçi idmançı qoruyacaq. Maksim Averin və Yelena Pavluxina hərəyə 1 növdə (şosse velosipedi, qrup yarışı) çıxış edəcəklər. Olqa İsmayılova isə 2 növdə (trek velosipedi, sprint və keyrin) medal qazanmağa çalışacaq. Təmsilçilərimizin Rio Olimpiadasına lisenziya əldə etməsi bu növün ölkəmizdə inkişafından xəbər verir.

"Velosiped nəqliyyatının inkişafı” konsepsiyası 
bu idman növünün kütləviliyinə zəmin yaradacaq

Azərbayanda bütün idman növləri kimi, velosiped idmanı da inkişaf edir, populyarlaşır. Ölkəmizdə olan lazımı şəraiti və infrastrukturu nəzərə alaraq, "Velosiped nəqliyyatının inkişafı” adlı konsepsiya layihəsi hazırlanıb. Konsepsiyada dünya ölkələrindəki mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə velosipedçilər hərəkatının inkişafı üçün görülən işlərin təhlili aparılmış, ümumiləşdirilmiş və ölkəmizin coğrafi xüsusiyyətlərinə uyğunlaşdırılaraq yeni yanaşma təklif edilmişdir. Qəbul edilən sənəd müvafiq dövlət qrumlarının, eləcə də velosiped idmanının inkişafı məsələləri ilə birbaşa məşğul olan Azərbaycan Velosiped İdmanı Federasiyasının müzakirəsinə verilib. "Velosiped nəqliyyatının inkişafı” konsepsiyasında gələcəkdə inkişaf məqsədi ilə görülə biləcək işlər barədə məlumatlar öz əksini tapıb. İdman məktəblərinə, klublarına göstərilən xüsusi diqqət yeniyetmə və gənclərin velosiped idmanına marağını artırır. Maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı işlər davam edir. Velosiped nəqliyyatının inkişafı qlobal məsələdir. Bu işi həyata keçirmək üçün bütün vasitələrdən istifadə edilməlidir. Müvafiq qurumlara müraciətlər ünvanlamaq, daha çox insanı bu məsələnin həllinə cəlb etmək lazımdır. Layihənin həyata keçirilməsi müəyyən zaman tələb edir. Etiraf edək ki, bu gün ölkədə velosipeddən istifadə edənlərin sayı kifayət qədər deyil. Şübhəsiz ki, biz insanları birdən-birə velosiped sürməyə vadar edə bilmərik. Zamana ehtiyacımız var. Bununla belə, hesab edirəm ki, konsepsiya bu sahənin inkişafı üçün hazırlanmış digər sənədlər kimi diqqətəlayiqdir. Velosipedin bir idman və nəqiliyyat vasitəsi kimi inkişaf etdirilməsinə yeni bir töhfədir. Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı problemləri, ekoloji baxımdan çox önəmli nəqliyyat vasitəsi hesab olunan velosipedin ölkəmizdə populyarlaşdırılması istiqamətində görülə biləcək işlər uşaq, yeniyetmə və gənclərin fiziki inkişafına müsbət təsir göstərəcək. Şübhəsiz ki, velosiped idmanının kütləviliyinə nail olmaq üçün müəyyən infrastruktur yaradılmalıdır. Bu məsələdə Avropanın təcrübəsindən yararlanmaq olar.

Onu da deyək ki, velosiped Avropada gündəlik həyatın ayrılmaz hissəsidir. Qitə ölkələrində velosiped üçün xüsusi yollar var. Yunanıstanın paytaxtı Afinada, Hollandiyanın paytaxtı Amsterdamda velosipedçilər üçün yol xəritəsi mövcuddur. Avropada insanların bu nəqliyat vasitəsindən istifadə etməsi üçün hər şey nəzərə alınıb. Ona görə velosipedlərin rahat hərəkət etmələrinə yaxşı şərait yaradılır. Yaşayış məntəqələrində yollara paralel olaraq keyfiyyətli velosiped yolları salınmışdır. Demək olar ki, həmişə səkilər iki hissəyə bölünürlər - piyada və velosipedçilər üçün. Velosiped yolları günün istənilən vaxtında yaxşı görünür, keyfiyətli kərpic və ya tünd qırmızı örtüyə malik olur. Velosiped vaxtaşırı təmizlənir. Hər yerdə: məktəb yaxınlığında, mağazaların, istənilən ictimai idarələrin yaxınlığında, istirahət zonalarında, yaşayış binalarının girişlərində velosipedlər üçün xüsusi dayanacaqlar mövcuddur.

Velosiped ən "təmiz” nəqliyyat növüdür

Bütün idman növləri insanları fiziki sağlamlığına müsbət təsir göstərir. Yəni sağlamlığın qorunması ilk növbədə idmanla bağlıdır. İdmanla məşğul olmaq zərərli vərdişlərdən uzaq qalmaq deməkdir. Hər bir insan özünün fiziki sağlamlığını təmin etmək iqtidarındadır. Bunun üçün, sadəcə, idmana meyl salmaq, bədən tərbiyəsi ilə yaxından maraqlanmaq lazımdır. Bu, insanın sağlam həyat tərzi keçirməsi üçün çox vacibdir.

Qeyd etdiyimiz kimi bütün idman növləri sağlamlığın təminatçısıdır. Bu sözləri velosiped idmanına da aid etmək olar. Velosiped idmanı nəinki uşaq və gənclərin, o cümlədən yaşlı insanların fiziki sağlamğlığının bərpasına böyük fayda verir. Velosiped sürməyi öyrənmək o qədər də çətin iş deyil. İstənilən kəs bunu bacarar. Bununla belə deməliyik ki, velosiped idmanı gərgin əmək tələb edir. İl ərzində müxtəlif idman yarışlarında mübarizə aparan peşəkar velosipedçilər minlərlə kilometr məsafə qət edirlər. Bu, insandan dözüm, iradə və əzmkarlıq tələb edir. Velosiped idmanı silsiləli idman növlərinə aiddir və üzgüçülük, avarçəkmə, qaçış, xizək, diyircəkli konkisürmə kimi insan orqanizminin inkişafına müsbət təsir göstərir. Velosiped bəzi insanlar üçün bir nəqliyyat vasitəsi, başqaları üçün - istirahət mənbəyidir. Digərləri isə veloidmana dözümlülüyün, cəldliyin, çevikliyin, gücün, iradənin nümayişi kimi baxırlar. Məlumdur ki, velosipedi sürən zaman sürət piyadanın sürətindən 3-4 dəfə artıq olur. Onu da qeyd edək ki, ekologiya nöqteyi-nəzərindən velosiped ən "təmiz” nəqliyyat növüdür.

Velosiped vaxta və qüvvəyə qənaət etməkdən başqa, asudə vaxtını səmərəli keçirilməsi və sağlamlığın bərpası üçün yaxşı vasitələrdən biridir. Şəhər və qəsəbə ətrafında yerləşən səfalı yerlərə velosiped ilə gəzintiyə çıxmaq, isti yay günlərində istirahət üçün göl, çay və ya dəniz kənarına, dağların qoynuna, meşəyə getmək - bütün bunlar insanların təbiətlə qovuşmasına, eyni zamanda, onların sağlamlığının qorumasına kömək edir. Velosiped sürmək insan orqanizminə olduqca müsbət təsir göstərir. Bu zaman bədənin, xüsusən aşağı ətrafların əzələləri məhkəmlənməklə bərabər, ürək-damar, tənəffüs və sinir sistemlərinin fəaliyyətləri yaxşılaşır. Velosipeddə hərəkət zamanı insan orqanizminin fiziki qabiliyyəti də inkişaf edir. Dözümlülük, qüvvə, çeviklik və əzələ elastikliyi fiziki keyfiyyətlər sayılır. Velosipedi sürəndə insanda müəyyən vərdişlər də yaranır: müvazinəti və tarazlığı saxlamaq, diqqətlilik, dəqiqlik, qəflətən yaranmış əlverişsiz və çətin vəziyyətdən tez bir anda uğurla çıxmaq bacarığı və s.

Velosiped sürmək insanın ümumi fiziki inkişafı üçün əvəzedilməz və səmərəli vasitədir. Velosiped ilə yolda hərəkət edən zaman fiziki yükü dəqiq və düzgün bölüşdürmək mümkündür. Məlumdur ki, eyni məsafəni velosipedçi piyadadan 3-4 dəfə tez qət edir.

Sağlamlığın möhkəmlənməsi və stress vəziyyətindən qorunması üçün velosiped məqsədə uyğun bir vasitədir. Təmiz hava şəraitində fəal hərəkətlərin icrası həm uşaqlara, həm də böyüklərə hər zaman xeyirlidir. Velosipedi sürəndə fiziki yükü tənzimləmək çox asandır. Insanın fiziki durumundan və özünü hiss etməsindən asılı olaraq sakit və ya da yüksək sürətlə hərəkət etmək mümkündür. Belə hallarda insan orqanizmi "artıq” bədən kütləsindən və enerjidən azad olur, özünün funksional imkanlarını yüksəldir, səhhətini və sağlamlığını bərpa edir.

Dilqəm Quliyev,
professor

(Ardı var)