Sağlam həyat tərzinin formalaşmasında velosiped idmanının rolu

Sağlam həyat tərzinin formalaşmasında velosiped idmanının rolu

Əvvəli: http://olimpnews.az/8269/get+Sa%C4%9Flam+h%C9%99yat+t%C9%99rzinin+formala%C5%9Fmas%C4%B1nda+velosiped+idman%C4%B1n%C4%B1n+rolu#.V6SPL9SLTyM

Metodiki cəhətdən düzgün təşkil olunmuş praktiki məşğələlər insanların fiziki hazırlıqlarını yüksəldir və velosiped sürmək üçün lazım olan qabiliyyətlərin aşılanmasına, həmçinin velosipedçilər tərəfindən mükəmməl surətdə mənimsənilməsinə kömək edir.

Qeyd edək ki, bu növ praktiki məşğələlər həvəskar velosiped sürənlər üçün Sumqayıt şəhərində 2011-ci ilin aprel ayından, Bakıda isə, (Milli parkda) 2012-ci ilin may ayından təcrübəli məşqçilər və təlimatçılar tərəfindən müntəzəm olaraq xüsusi cədvəllər üzrə keçirilir. Bu şəhərlərdə 2011-2013-cü illərdə həvəskar velosipedsürənlər üçün stimullaşdırıcı veloyürüşlər keçirilib. Məsələn, Sumqayıt şəhərində 200 nəfərdən artıq müxtəlif yaş qrupları üzrə velosipedçilər böyük fəallıq göstəriblər.

Bakıda 2012-ci il iyulun 24-də də Milli parkda Velosiped İdmanı Federasiyası tərəfindən keçirilən və "İdman ili”nə həsr olunmuş veloyürüşdə 300 nəfərə qədər həvəskar velosipedsürən iştirak edib (15-30 yaşlı və 40-60 yaşlı insanlar). 2013-cü il aprelin 30-da Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Dənizkənarı parkda həvəskar velosipedçilər üçün "7-dən - 77-yə” adlı veloyarış təşkil olunub. Paytaxtımızın sakinləri böyük fəallıqla bu yarışda iştirak ediblər. 300 nəfərdən artıq velosipedçi dörd yaş qrupunda mübarizə aparıb. Qaliblər "BMW” velosipedləri ilə mükafatlandırılıblar.

Bu növ veloyürüşlərin təşkili və keçirilməsi respublikamızda veloidmanın kütləviliyinin artmasına və əhalinin sağlam həyat tərzinin yaxşılaşmasına kömək edə bilər. Respublikamızın şəhər və rayonlarında velosiped bölmələrinin, veloklubların təşkil edilməsi, həmin bölgələrdə müxtəlif miqyaslı velosiped yürüşlərin və yarışların keçirilməsi Olimpiya Hərəkatına da dəstəkdir. Təəssüf ki, hal-hazırda respublikamızın yollarında və traslarda velosiped cığırları mövcud deyil. 2012-ci ilin iyun ayında Dənizkənarı parkda (bulvarda) velosiped sürmək üçün 2 km-lik xüsusi yol inşa edilib ki, bu, Bakı əhalisinin bir qisminin sağlamlığı və mədəni istirahəti üçün xeyirlidir. Milli parkda inşa olunmuş velosiped yolunun ətrafında əhaliyə velosipedlərin kirayə verilməsi də təşkil olunub və burda təlimatçılar da fəaliyyət göstərirlər. Bu, əlbəttə, ilk addımlardır. Gələcəkdə velosiped sürənlər üçün yol kənarlarında velocığırlar inşa olunacaq və velosipeddən ekoloji "təmiz” nəqliyyat vasitəsi kimi istifadə edilməsi mümkün olacaqdır.

Velosiped sürmək insan orqanizminə olduqca müsbət təsir göstərir

Velosiped ilə gəzintilər, səyahətlər və veloturizm yürüşləri gənclərin, o cümlədən digər insanların fəal istirahəti, həmçinin asudə vaxtlarının faydalı, səmərəli keçməsi üçün ən yaxşı vasitələrdən biridir. Velosipedlə doğma diyarına səyahətə çıxan insanlar vətənin tarixi abidələri, səfalı yerləri, təbiəti və respublikanın indiki həyatı ilə yaxından tanış olur, ölkələri haqqında biliklərini zənginləşdirir, eyni zamanda, dünya görüşlərini genişləndirirlər.
Velosəyahət zamanı gənclərin sağlamlıqları və səhhətləri möhkəmlənməklə yanaşı, orqanizm üçün vacib olan fiziki keyfiyyətlər də (dözümlülük, qüvvə, cəldlik, çeviklik, sürət) inkişaf edir. Velosiped sürmək insan orqanizminə olduqca müsbət təsir göstərir. Veloturizm səyahətləri zamanı insanda müəyyən bacarıq və vərdişlər: tarazlığı və müvazinəti saxlamaq, dəqiqlik və diqqətlilik, qəflətən yaranmış əlverişsiz vəziyyətdən tez bir anda uğurla çıxmaq bacarığı, iradi keyfiyyətlərin inkişafı və s. də möhkəmlənir.

Veloturizm yürüşləri Velosiped Federasiyası və veloidman klubları tərəfindən təşkil olunaraq həyata keçirilir. Velosiped turizminin ən sadə formalarından biri səyahətlərin təşkil olunmasıdır. Bu növ səyahətlər hər-hansı bir marşrutla, müxtəlif yaş qrupları üzrə müəyyən bir müddətə keçirilə bilər. Veloturistlərin maraqlarını artırmaq məqsədilə vahid veloturizm təsnifatı təsdiq edilir. Bu təsnifata uyğun olaraq, veloturizm səyahətləri üçün müəyyən dərəcələr təyin olunur. Həvəskar veloturizm yürüşünə hazırlaşan velosipedçilərin sayı hər qrupda 4-8 nəfər ola bilər. Həmin qruplara fiziki cəhətdən eyni hazırlıqlı, aralarında böyük yaş fərqi olmayan, ən əsası isə, veloyürüş üçün lazım olan bacarıq və vərdişlərə yiyələnmiş şəxslər daxil edilməlidir. Səyahətin marşrutu veloyürüş iştirakçılarının maraqlarına uyğun və hazırlıq səviyyələrindən asılı olaraq seçilir. Birinci dəfə yaxın bir rayonun ərazisində 2-3 günlük veloturizm səyahətinin keçirilməsi daha məqsədəuyğun olar. Sonrakı dövrlərdə daha uzaq yerlərə 5-10 günlük veloyürüşlər keçirmək məsləhət görülür.

Belə səyahətlər yaxşı hazırlanmış həvəskar veloturistlər üçün keçirilir. Bu növ yürüşlərin ümumi məsafəsi 400-600 kilometr olur. Turist səyahətinə çıxmazdan əvvəl planlaşdırılmış yürüş marşrutunu böyük xaritədə diqqətlə öyrənmək lazımdır. Yolun 80-85 faizi mütləq velosipedlə qət edilməlidir, marşrutun 15-20 faizini isə çətin sahələrdən, sərt yoxuşlardan, enişlərdən keçməsi daha məqsədəuyğun olar.

Velosiped sürmək və pedalla işləmək texnikasına görə məşq aparılan vaxt məşğul olanların velosiped üstündə düzgün oturmalarını, pedalla qənaətbəxş işləməsi eniş və yoxuşların qət edilməsini, aparıcının arxasınca getməyi nəzarətdə saxlamaq lazımdır. Uzun məsafəli yürüşlərdə iştirak edən nisbətən zəif hazırlıqlı həvəskar velosipedçilərin, ilk növbədə, yuxarı ətraf əzələləri yorulur. Bu əzələləri möhkəmlətmək üçün gimnastika hərəkətlərindən, idman oyunlarından (voleybol, əl topu, basketbol) istifadə etmək məsləhət görülür. Səfərə hazırlaşan zaman turistlərə velosiped üstündə qollar, çiyinlər və bel əzələləri üçün sadə fiziki hərəkətlərin icrasını öyrətmək lazımdır. Bundan başqa, yürüşə hazırlaşanlar velosiped üstündə yük daşımağı, velosipedi çiyinlərində aparmağı bacarmalı, müxtəlif iqlim şəraitində velosiped sürmək bacarıqlarına yiyələnməlidirlər.

Velosiped turizmi ilə yeni məşğul olanlar üçün seçilən yol marşrutu yaşayış məntəqələrinin yaxınlığından və nisbətən hamar yerlərdən keçməlidir. Seçilmiş yol marşrutunu dəqiq bilmək üçün səyahətə çıxanlar həmin rayonun xəritəsindən başqa, rayon barədə olan ədəbiyyatı, o cümlədən yol göstəricilərini diqqətlə öyrənməlidirlər. Səyahət hər hansı bir velosipedçilər qrupu tərəfindən təşkil edilə bilər. Bu qrup 4 nəfərdən az olmamalı və bu səyahət mütləq rayon ya da şəhər turizm bölməsinin marşrut komissiyasında qeydiyyatdan keçirilməlidir. Qeydiyyatdan keçmək üçün qrupun səfərə çıxmasına bir ay qalmış səyahətin planı, iştirakçıların siyahısı, hərəkət cədvəli, ləvazimatın miqdarı, marşrutun sxemini, eləcə də qidalanmanın təşkili və rabitə növləri haqqında məlumatı təqdim etmək lazımdır.

Səyahətin başlanmasına bir-iki həftə qalmış turist qrupu Turizm Şurasının və idman sağlamlıq mərkəzlərinin rəsmi icazəsini almalıdırlar. Səyahət üçün icazə marşrut kitabçası, ya da marşrut vərəqəsi şəklində tərtib olunmalıdır. Yürüşün rəhbərinin üzərinə mühüm və ciddi vəzifə düşür. Onun turist səyahətlərinin keçirilməsində böyük təcrübəsi olmalıdır. Yürüşün rəhbəri veloturist qrupunun ümumi iclasında təsdiq edilir.
Veloturizm səyahətlərinə səmərəli hazırlıq aparılması üçün Bakı şəhərinin cənubunda Şıx istirahət zonasında Azərbaycan Velosiped İdmanı Federasiyasına məxsus "Velopark”da məşğələlərin təşkil olunması daha faydalı olar. "Velopark”da 4,2 km-lik dairəvi şosse yolunda keyfiyyətli velosiped məşqlərinin keçilməsi mümkündür. Sumqayıt şəhərindəki Respublika Paralimpiya İdman Kompleksinin ətrafında inşa olunmuş trasda da məşq etmək olar.

Veloidman Olimpiya idman növlərinə aiddir. Bu idman növünə şosse, trek, kross, "dağ velosipedi” və BMX yarışları daxildir. Veloturizm yürüşləri veloidman növünün kütləviliyinin artmasına kömək edir, veloidmanın şosse, kross və "dağ velosipedi” növləri ilə məşğul olanların sayını gündən-günə artırır.

Velosiped idmanı ilə məşğul olmaq ürək sağlamlığı üçün də faydalıdır

Qeyd etdiyimiz kimi, velosiped sürmək orqanizmin sağlamlığına müsbət təsir göstərir. Britaniyanın Birmingem Universitetinin alimi Ceyms Timmonsun apardığı araşdırmalara görə, intensiv bədən tərbiyəsi (İBT) adı verilən metodla həftədə üç dəfə velosipedlə məşğul olmaqla sağlamlığı bərpa etmək mümkündür.
Həmin metoda görə, bir neçə dəqiqə ərzində bədəni gücə salmadan velosipedin pedalları hərəkət etdirilir. 20 saniyə dincəldikdən sonra 20 saniyə velosipedi çox sürətlə sürmək lazımdır. Daha sonra bir neçə dəqiqə hərəkətin sürəti azaldılır. Nəhayət, 20 saniyəyədək pedallar tam güclə işlədilir və birdən hərəkət dayandırılır. Timmonsun sözlərinə görə, bu cür hərəkətlər orqanizmdəki bütün hüceyrələri hərəkətə gətirir.

Velosiped idmanı ılə məşğul olmaq ürək sağlamlığı üçün də son dərəcə faydalıdır. İngiltərə tibb dərnəyinin etdiyi araşdırmalara görə, pedal çevirmək ürək-damar xəstəliyi riskini 50 faiz azaldır. Stanford Universitetində aparılan araşdırmalar sübut edir ki, pedal fırlatmaq yuxu nizamını inkişaf etdirir, həmçinin bu idmanla məşğul olanlar daha gənc görünürlər.

Nizamlı olaraq hər gün 30 dəqiqə velosiped sürmək ayda orta hesabla 2-3 kq artıq çəkini itirmək deməkdir. Pedal çevirmək bir saatda 600 kalori yandırmağınızı təmin edir. Xüsusilə ayaq əzələlərini işlədən velosiped, bütün bədənin uyğunlaşma içində hərəkət etməsinə imkan yaradır.

Bu göstəricilərlə yanaşı, belə nəticəyə gələ bilərik ki, aşağı yaşlı uşaqların, ümumiyyətlə gənclərin asudə vaxtının formalaşmasında velosiped idmanı gənc nəslin hərəki vərdiş və bacarıqlarını təkmilləşdirir və onları tədricən mürəkkəbləşdirir, Bununla yanaşı uşaqlarda narkomaniya, alkoqolizm, siqaret çəkmək kimi zərərli vərdişlərdən yaxa qurtarmağa, yoldaşlıq, dostluq, təvazökarlıq, nəzarət, məsuliyyət və öz xalqının, vətəninin şərəfini qorumaq hisslərini möhkəmləndirir, təşəbbüskarlıq və intizam tərbiyə edir. Velosiped idmanına maraq və məhəbbət aşılayır, əzələləri nizamlı işlədir, bədəndə elastiklik yaradır. Velosipedlə getdiyimiz hər kilometrdə karbonmonoksid, karbondioksid, azot kimi qazlara daha az məruz qalırıq. Bədən, 30-40 dəqiqə sonra endorfin ifraz etməyə başlayır. Velosipedlə məşğul olmaq sağlamlığa faydlı olduğu kimi, eyni zamanda təbiəti də qoruyur. Ona görə ki, velosiped ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi sayılır.

"Synergy Baku”nun möhtəşəm qələbəsi bu növə marağı artırır

Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinin yüksək təşkilatçılığı sayəsində idmançılarımız ölkəmizi yerli və beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edirlər. Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku” 2015-ci ildə ilk qələbəsini Xorvatiyada qazanıb. 30 komandanın iştirakı ilə təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "İstrian Spring Trophy” yürüşü komandamızın üzvü Markus Eybegerin çempionluğu ilə yadda qalıb.

Ötən il Azərbaycan Velosiped İdmanı Federasiyası üçün əlamətdar və mötəbər yarışlardan biri də ölkəmizdə keçirilən "Tour d’Azerbaidjan-2015” mərhələ yarışları olub. Beynəlxalq veloyürüşdə dünyanın 24 ölkəsindən 25 komanda qüvvəsini sınayıb. Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015” veloyürüşü Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verirdi. Azərbaycanın "Synergy Baku” komandası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bu yarışın qalibi adını qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Veloparkın açılış mərasimi zamanı ölkəmizin kontinental velosiped komndası "Synergy Baku Cycling Project” komandasının üzvləri ilə görüşüb. Komandanın üzvləri onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Paytaxt da daxil olmaqla, ölkəmizin 7 bölgəsini əhatə edən və uğurla başa çatan bu yarışda Aleksandr Surutkoviç "Dağ kralı” köynəyini qazanıb, Matey Müqerli üçüncü yeri tutub. Ölkəmizin ən məşhur velosipedçilərindən olan Maksim Averin isə öz çıxışı ilə Rio-2016 Olimpiadasına daha 22 reytinq xalı qazanıb.
Ötən ilin iyun ayında ölkəmizdə keçirilən I Avropa Oyunlarında velosiped idmanının 3 növü - şosse, dağ velosipedi və BMX üzrə yarışlar nümayiş etdirilib. Azərbaycan Avropa Oyunlarında ümumilikdə 6 velosipedçi ilə təmsil olunub. Təmsilçilərimiz arasında ən yaxşı nəticəni qadın şosse velosipedçimiz Yelena Pavluxina göstərib. O, fərdi ötüşmə yarışlarında 6-cı yeri tutub. Ötən ilin iyununda Slovakiyada keçirilən 2.1 kateqoriyalı "Tour of Slovakia” yürüşündə ölkəmizi "Synergy Baku” komandası təmsil edib. Maksim Averin 1-ci mərhələ yarışlarında 2-ci yeri tutmaqla 5 lisenziya xalını qazanıb. Təmsilçimiz 2-ci mərhələdə finiş xəttini 1-ci keçməklə daha 8 lisenziya xalına sahib olub.

Şübhəsiz ki, velosipedçilərimizin nailiyyətləri bizim hər birimizi sevindirir. Beynəlxalq yarışlarda əldə olunan uğurlar velosiped idmanına marağı daha da artırır. Ölkəmizin uşaq, yeniyetmə və gəncləri bu idman növünə həvəslə yanaşırlar. Təsadüfi deyil ki, hazırda respublikamızın paytaxtı Bakıda, eləcə də bölgələrimizdə velosiped idmanı ilə məşğul olanların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb.

Pilot layihələrin keçirilməsi də xüsusi əhəmiyyət daşıyır

Velosipedin dünyanın əksər ölkələrində nəqliyyat vasitəsi kimi tıxacların qarşısının alınmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yardım etdiyini nəzərə alsaq, ölkəmizdə velosipeddən istifadənin genişləndirilməsi zəruridir. Ölkəmizdə bu idman növünə xüsusi diqqət yetirilir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi baza yaranmağa başladı. 1999-cu ildə Azərbaycan parlamenti tərəfindən qəbul olunmuş "Avtomobil yolları haqqında qanun”da çərçivə müddəalar öz əksini tapıb. Sonradan avtomobil yolları haqqında qanunun bir neçə maddəsinə bir neçə əlavə və düzəlişlər olunub. Bu qanunların, məcəllələrin işlək mexanizmi olan qaydalar, təlimatlar, müxtəlif əsasnamələr də mövcuddur. Azərbaycanda velosiped idmanı növü ilə bağlı və həm də velosipedin nəqliyyat vasitəsi kimi istifadəsi ilə əlaqədar kifayət qədər hüquqi baza var. Bu hüquqi baza əsasında Nazirlər Kabineti tərəfindən konkret qaydalar müəyyən olunub. O, cümlədən yol hərəkəti qaydaları və avtomobil yollarının istifadə qaydaları hökumət tərəfindən qəbul edilib və təsdiqlənib. Hazırda ölkəmizdə bu idman növünün inkişafı istiqamətində müəyyən işlər görülür. Maddi-texniki bazanın inkişafı üçün tədbirlər həyata keçirilir. Velosiped hərəkatının inkişafı üçün pilot layihələrin keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Belə pilot layihələri ayrı-ayrı şəhərlərdə, məsələn, Sumqayıtda və Gəncədə təşkil etmək olar. Təbii ki, ekoloji baxımdan təmiz nəqliyyat vasitəsi hesab edilən velosipeddən istifadəni inkişaf etdirmək üçün son dövrlər ölkəmizdə bir çox işlər görülür. Velosipeddən istifadəni təbliğ etmək üçün müxtəlif qurumlar yaradılır, velosipedin üstünlükləri və həyatımızdakı rolu haqqında müxtəlif tədbirlər təşkil edilir. Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə velosiped parkı yaradılıb. Hazırda paytaxtın yenidən qurulan hissələrində, habelə digər şəhər və rayonlarda da velosiped yollarının və zolaqlarının salınması ilə bağlı məsələlər geniş müzakirə olunur. Volesiped hərəkatı ilə bağlı işlərin əsası təbliğatla qoyulmalıdır. Təbliğatın öncədən aparılması bəzən sosial sifariş üçün zəmin yaradır. Hər hansı bir hüquqi sənədi həyata keçirmək üçün isə təkanverici qüvvə kimi sosial sifariş böyük əhəmiyyət kəsb edir.
Bu gün bütün sahələrdə olduğu kimi, Azərbaycanda idman sahəsində də qarşıya qoyulan bütün məsələlər öz həllini tapır. Velosiped hərəkatı ilə bağlı problemlər də dövlətimizin diqqətindən kənarda qalmır. Velosiped sürmək hər bir fərdin sağlamlığına, ümumilikdə isə sağlam genefondun yaranmasına xidmət göstərir. Bu gün ölkəmizdə, xüsusilə paytaxt Bakıda velosipedə üstünlük verilməsi şəhərdəki tıxacların qarşısını alacaq, eyni zamanda ekoloji təmizlik yaradacaq.

Əsas məqsəd velosipedi nəinki bir idman növü, eyni zamanda, nəqliyyat vasitəsi kimi əhalinin həyat tərzinə çevirməkdir. Hazırda bu məsələni daha cox gənclər arasında təbliğ etmək daha vacibdir.

Paytaxtla yanaşı, bölgələrdə də müxtəlif strukturlar tərəfindən müvafiq işlər görülməlidir. Demək olmaz ki, bu məsələ rayonlarda geniş vüsət alıb. Amma bu məsələ dövlət tərəfindən dəstəklənir. Respublikamızın müxtəlif şəhər və rayonlarında da veloparklar və velotreklər tikilir. Kompleks yanaşmanın nəticəsində velosiped hərəkatının inkişafına nail olmaq mümkündür. İnanırıq ki, qəbul olunan "Velosiped nəqliyatının inkişafı konsepsiyası” ölkəmizdə velosiped hərəkatının inkişafına öz töhfəsini verəcək.

Velosiped sürməyi yeni öyrənənlər üçün həftəlik məşq proqramı:

Birinci məşğələ
Açıq havada keçirilir.
Vəzifələr: dözümlüyün inkişafı, velosiped sürmək texnikasının öyrənilməsi.
- İdman yerişi, qaçış: 10-12 dəqiqə.
- Ümumfiziki hərəkətlət (ÜFH): 12-15 dəq.
- Sakit tempdə velosiped sürmək- 40-45 dəqiqə (sürət -15-20 km/saat).
- 2-3 km-lik məsafəni qət etmək.

İkinci məşğələ
Açıq havada keçirilir.
Vəzifələr: xüsusi dözümlülüyün inkişafı; velosiped sürmək texnikasının öyrənilməsi (pedallama texnikası).
- Sakit tempdə əzələlərin isinməsi (3-4 km).
- Döngələrdə velosiped sürmək texnikasının öyrədilməsi.
- Müəyyən templə 25-30 km məsafənin qət edilməsi.

Üçüncü məşğələ
Velosiped ilə məşq.
Vəzifələr: qüvvə, sürət və dözümlülüyün inkişafı; velosiped sürmək texnikasının öyrənilməsi.
- İdman yerişi, qaçış: 10-12 dəqiqə.
- Ümumi fiziki hərəkətlət (ÜFH): 14-15 dəq. (qantel və espaderlərdən istifadə edilməsi).
- Böyük ötürücülər ilə velosiped sürmək: 25-30 dəq.
- Sakit tempdə velosiped sürmək: 5-6 km.

Dördüncü məşğələ
Velosiped ilə məşq.
Vəzifələr: xüsusi dözümlülüyün inkişafı; velosiped sürmək texnikasının öyrənilməsi, yoxuş-enişlərin qət edilməsi.
- Velosiped sürən zaman əzələlərin isinməsi - 5-6 km.
- Pedallama texnikasının öyrədilməsi: 8-10 dəq.
- 30-35 km-lik məsafəni qət etmək: V=20-22 km/saat.
- Sakit tempdə velosiped sürmək (3-4 km)

Dilqəm Quliyev,
professor