Dilqəm Quliyev: "İnsan yalnız özü üçün deyil, başqaları üçün də yaşamağı bacarmalıdır”

Dilqəm Quliyev: "İnsan yalnız özü üçün deyil, başqaları üçün də yaşamağı bacarmalıdır”



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektorunnun idman işləri üzrə müşaviri, pedaqogika üzrə fəlsəfə doktoru Dilqəm Quliyevi Azərbaycanın idman ictimaiyyəti çox yaxşı tanıyır.

Maraqlı insandır Dilqəm müəllim. Maraqlı olduğu qədər sadə və təvazökardır. Bu həyatda təmannasız və həyat eşqi ilə yaşayan Dilqəm müəllim həmişə formada olmağı sevir. Ürəyi yaşayıb-yaratmaq eşqi ilə döyünən bu gözəl insanın qarşıda hələ görmək istədiyi işlər çoxdur. Müsahibim həm öyrənən, həm öyrədəndir. Bu insanda diqqətimi cəlb edən daha müsbət keyfiyyətlərdən biri də onun idmançılara məxsus gümrahlığı və şuxluğu oldu. Dilqəm müəllim idmanı çox sevir, daha doğrusu, idman onun həyat tərzidir. Həyat eşqi ilə dolu oan Dilqəm Quliyev öz işini yalnız ali təhsil ocağında tələbələrə məruzə oxumaqla bitmiş hesab etmir. Bu təmannasız və qayğıkeş insan tələbələrinə həmişə ata qayğısı ilə yanaşır, onların problemləri ilə maraqlanır. O daim öz üzərində çalışır, tədqiqatlar aparır.
Həyat və fəaliyyətini elmə, pedaqoji fəaliyyətə həsr edən, ürəyi yaşayıb yaratmaq ilə döyünən Dilqəm müəllimlə söhbət etmək, müzakirə aparmaq son dərəcə maraqlıdır. Avqustun 6-da 66 yaşını qeyd edəcək professor Dilqəm Quliyev "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində maraqlı və zəngin həyat yolundan, pedaqoji fəaliyyətindən danışdı.




"Həyatımı idmansız təsəvvur etmirəm”

-Dilqəm müəllim, sizi həyata bağlayan və yaşamağa ruhlandıran nədir?

- Mən öz işimi, peşəmi sevirəm. Həyatımı idmansız təsəvvur etmirəm. Bu sahəyə güləşdən gəlmişəm və hazırkı səviyyəyə gəlib çatana qədər çox çətin mərhələlərdən keçmişəm. Həyatda həmişə alnıaçıq və vicdanla yaşamağa cəhd göstərmişəm. Arzulara çatmaq üçün səbr və təmkin göstərmişəm. Ən əsası odur ki, bacardığım qədər ətrafdakılara, insanlara gərəkli olmağa çalışmışam. Çətin günlərimdə elmi əsərlər, məqalələr yazmaqla, tədqiqatlar aparmaqla özümü ovutmuşam. Yəni demək istədiyim odur ki, həyatdan heç vaxt küsməmişəm, əksinə ondan ikiəlli yapışmışam. Mən deyərdim ki, insanın öz həyat yolunu müəyyən etməsində xarakter də mühüm rol oynayır. İnsan yalnız özü üçün deyil, başqaları üçün də yaşamağı bacarmalıdır


- Ümummilli lider Heydər Əliyevlə dəfələrlə görüşmək imkanı əldə etmisiniz...

- Heydər Əliyev dahi şəxsiyyət, müdrik siyasətçi, gözəl insan idi. Bu insan mənim idealım idi və idealım olaraq qalacaq da. Ümummilli liderlə görüşmək imkanını da mənə kitablarım verib. Belə ki, "Şəhid idmançılar” "XX əsrin qan yaddaşı”, "Azərbaycan ulduzları Olimpiya oyunlarında”, "Bədən tərbiyəsi və idmana dövlət qayğısı” kitablarımı xalqımızın ümummilli lideri Heydər Əliyevə şəxsən özüm təqdim etmişəm. Bu müdrik insanla sonuncu görüşümü indiki kimi xatırlayıram. 2001-ci il dekabrın 29-da Maştağa qəsəbəsindəki Olimpiya İdman Kompleksinin açılışında xalqımızın ümummilli lideri Heydər Əliyevə "Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı” kitabımı təqdim etdim. Heydər Əliyev mənə dedi: "Gözəl kitabdır, bu işi mütləq davam etdir”. Bu görüş mənim sonrakı yadacılıq taleyimdə çox əhəmiyyətli rol oynadı. Ümummilli lider öz əməlləri, vətənpərvərliyi, Azərbaycan xalqı üçün qoyub getdikləri ilə hər birimizin qəlbində əbədi yaşayacaq. Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini gözbəbəyi kimi qoruyaq. Müstəqilliyimiz və azadlığımız uğrunda onun layiqli davamçısı gənc və qətiyyətli ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşək.

"Vətən sevgisi əzəli və əbədi qəlb odudur, o heç vaxt sönmür”

- Bilirik ki, çox vətənpərvər insansınız. Müharibə illərində Qarabağda olmusunuz?

- Qarabağ müharibəsi ilə əlaqədar o vaxt komsomol komitəsinin birinci katibi Sahib Ələkbərovun yanına getdim. Xahiş etdim ki, tələbə-inşaat dəstəsini Qarabağa göndərsinlər. Axı mən 15 il tələbə-inşaat dəstəsinin komandiri və zona komandiri olmuşam. Sağ olsun, Sahib müəllim. Şərait yaratdı, biz Şuşaya getdik. O ağır illərdə 1989-cu ilin martın 7-də Ağdamda, Xocalıda, Şuşada, Topxana meşəsində, Malıbəylidə, Xankəndində, Kərkicahanda olmuşam.
Qarabağ hamımızın, hər bir azərbaycanlının ağrılı yeridir. Torpaqlarımızın 20 faizinin işğal altında olması hər birimizi narahat edir. Arzu edirəm ki, işğal edilmiş torpaqlarımız tezliklə düşmən tapdağından azad edilsin. İnanıram ki, buna bizim hamımızın gücü çatar, dövlətimizin də, xalqımızın da.

- Torpaqlarımızı düşmən işğalından azad etmək çağırışı gələrsə, döyüşə getməyə hazırsınızmı?

- Vətən hər birimizindir. Onu qorumağa hamımız borcluyuq. Mən vətənim Azərbaycanı çox sevirəm. Vətən sevgisi əzəli və əbədi qəlb odudur, o heç vaxt sönmür. İnsan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qolunda toplanır, göyün bütün işığı və nuru onun qəlbinə dolur.



"Şəhid idmançılar” kitabı belə yarandı”

-Yeri gəlmişkən, Qarabağ müharibəsində şəhid olan ADBTİA-nin tələbələrinə həsr etdiyiniz "Şəhid idmançılar” kitabı necə yaranıb?

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Qarabağ müharibəsində 32 şəhid verib. Onlardan 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. "Şəhid idmançılar” kitabının yaranmasının maraqlı tarixi vardır. Akademiyanın şəhid tələbələri haqqında çoxdan yazmaq istəyirdim. Bu kitabı yazmaq üçün özümü hər şeydən məhrum etdim: evə getmədim, şəhərə çıxmadım, heç kimlə görüşmədim. Bax, "Şəhid idmançılar” kitabı belə yarandı. 1995-ci ildə yazılan bu kitab vətənpərvərlik mövzusunda qələmə aldığım ilk kitablardandır. Bundan başqa "Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” (1996), "XX əsrin qan yaddaşı” (1998), "Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili” (2007), "İlqar İsmayılovun şəhidlik zirvəsi -50” və başqa kitabların müəllifiyəm. Vətənpərvərlik mövzusunda yazılan "Xocalım, sağalmaz yaram mənim” (2013) kitabı Etibar Quliyev və Aydan Quliyevanın birgə müəllifliyi ilə ərsəyə gəlib. "Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım” (2013) kitabında isə mənfur qonşularımızın Azərbaycan və Anadolu türklərinə qarşı həyata keçirdikləri soyqırım siyasətindən söhbət açılır. Yeri gəlmişkən, deyim ki, akademiyanın keçmiş rektoru, hazırda Milli Məclisin deputatı Ağacan Abıyev kitablarımın ərsə gəlməsində mənə şərait yaradıb.


- İndiyə qədər neçə kitabınız işıq üzü görüb?

- İndiyə qədər 86 kitabım dərc olunub. 300 elmi məqalənin müəllifiyəm. Müxtəlif mövzuda məqalələrim "Olimpiya dünyası”, "Xalq”, "Təhsil problemləri” qəzetlərində çap edilib və edilir. Adıçəkilən qəzetlərin kollektiv və rəhbərliyinə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Ümumiyyətlə, mətbuat işçilərindən çox razıyam. Kitablarımın işıq üzü görməsində mənə yaxından köməklik göstərdiyinə görə ilk növbədə Azərbaycan gənclər və idman naziri Azad Rəhimova minnatdaram. Azad müəllim azı 10 kitabımın çap olunması üçün mənə yaxından kömək göstərib. Bir də mərkəzi ensiklopediyanın bədən tərbiyəsi və idman bölməsinin hazırlanmasına imkan və şərait yaratdığına görə ADBTİA-nın rektoru Fuad Hacıyevə təşəkkürümü bildirirəm.



- Dilqəm müəllim, xaricdə çap olunmuş məqalələriniz barədə nə deyə bilərsiniz?

- Bədən tərbiyəsi və idman haqqında, ölkəmizdə idmanın inkişafı, tarixi və s. barədə Türkiyə, Yunanıstan, Rusiya, Bolqarıstan, Polşa və digər ölkələrin nüfuzlu jurnallarında bir sıra məqalələrim çap olunub. "Bədən tərbiyəsi və şagirdlərin asudə vaxtı” ("Narodnoe obrazovanie” jurnalı), "Uşaq və yeniyetmələrin gündəlik məişətinə bədən tərbiyəsi və idmanın daxil edilməsində məktəb, ailə və ictimai təşkilatların qarşılıqlı əlaqəsinin sosial-pedoqoji prinsipləri” (rus dilində), "Əhali arasında kütləvi sağlamlıq və bədən tərbiyəsi işlərinin əsasları” (ümumittifaq elmi praktiki konfransının tezisləri Tallin 22-25.IV.1986), "About the History of the scientific Researches Development of Azerbaijan State Academy of Physical Cultute and Sport” (ingilis dilində, Yunanıstan, Afina şəhəri, elmi-praktik jurnal, dekabr, 2009), "The Development of the physical culture and sport between the women in 1920-1990 years in Azerbaijan” (1970-1982) ingilis dilində), "De histoire du developement du sport et de la culture physque en Azerbaijan” (les Annees, 1991-2003, fransız dilində, Polşa), Azərbaycanın Spor Tarihində Haydar Aliyev Aşaması (türk dilində) və s. məqalələrimdə idman sahəsi, ölkəmizdə idmanın inkişaf tarixi və s. geniş məlumatlar öz əksini tapıb.

- Özünüzə məxsus həyat yolu keçmisiniz. Çox bərkdən-boşdan çıxmısınız. Taleyinizdən narazı deyilsiniz ki?

- Taleyimdən çox razıyam. Sevdiyim işlə məşğul oluram. Ailəm, iki övladım var. Qızım həkim, oğlum isə hüquqşünasdır. Həmişə ailəmdən razı olmuşam. Nəvəm Ayan mənim hər şeyimdir.

P.S. 66 yaş nədir ki... Dilqəm müəlimin hələ qarşıda görməli olduğu işlər çoxdur. Onun üçün hər şey yenidən başlayır, çünki bu insan yeniliyi sevir, həyata çox bağlıdır. Dilqəm müəllimi ad günü münasibətilə ölkəmizin idman ictimaiyyəti, çoxsaylı oxucularımız və "Olimpiya dünyası” qəzetinin kollektivi adından təbrik edir, ona cansağlığı, uzun ömür və səmərəli yaradıcılıq fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.



Tərcümeyi-halı

Dilqəm Qasım oğlu Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində (indi bu kənd Kəngərli rayonu inzibati ərazisinə daxildir) anadan olub. 1958-1967-ci illərdə Şahtaxtı kənd orta məktəbində təhsil alıb. Dilqəm müəllim əmək fəaliyyətinə 1967-ci ildə Culfa rayonunun yol nəqliyyatında fəhləliklə başlayıb.
O, beşnövçülük üzrə idman ustası normasını 1970-ci ildə yerinə yetirib, 1972-ci ildən isə sərbəst güləş üzrə idman ustasıdır. Həmin il Bakı Maliyyə-Kredit Texnikumunu bitirib. 1973-74-cü illərdə Naxçıvan MR Şərur Rayon Xalq Maarif Şöbəsində baş mühasib vəzifəsində çalışıb. 1972-1974-cü illərdə əvəzçilik üzrə Naxçıvan MR "Spartak” Könüllü İdman Cəmiyyətində sərbəst güləş üzrə məşqçi vəzifəsində çalışıb. 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsinə qəbul olunub və 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.
Təyinatla həmin institutun "Güləş və onun metodikası” kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 1984-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu) dissertantı olub.
1989-cu ildə müəllim, 1990-cı ildə baş müəllim vəzifəsində çalışıb. 1991-2001-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tərbiyə işləri üzrə prorektoru, 2001-ci ildən 2016-cı ilin yanvarına kimi idman işləri və xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. O, 1972-1999-cu illər ərzində müəllimliklə yanaşı məşqçilik fəaliyyətini də davam etdirib. 2016-cı ilin iyun ayından ADBTİA-nın rektorunun idman işləri üzrə müşaviri vəzifəsinə təyin edilib.

Yaradıcılığı

Dilqəm Quliyev bir sıra elmi əsər, məqalə və kitabların müəllifidir. Alimin indiyədək 300-ə yaxın əsəri və 300-dən yuxarı elmi-pedaqoji və publisistik məqalələri (86 kitab, 3 dərslik, 24 monoqrafiya, 7 dərs vəsaiti, 7 tədris vəsaiti, 21 metodik vəsait, 10 metodiki göstəriş, 3 metodiki tövsiyə, 29 jurnal məqaləsi, 2 dərslik məqaləsi; 1 proqram) çap olunub.
O, idman və vətənpərvərlik mövzusunda bir sıra kitabların, o cümlədən, "Şəhid idmançılar”, "Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi”, "XX əsrin qan yaddaşı”, "Tələbə-gənclərin vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili”, "İlqar İsmayılovun şəhidlik zirvəsi”, "Azərbaycan ulduzları Olimpiya Oyunlarında”, "Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və digər kitabların müəllifidir.
Pedaqogika üzrə fəlsəfə elməri doktoru, professor Dilqəm Quliyev Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvüdür.

Mükafatları

1994-cü ildə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi və Bədən Tərbiyəsi və İdman Əlaçısı adlarına layiq görülüb.
Pedaqoji elmlər namizədi, əməkdar məşqçidir. AAK-nın qərarı ilə 1996-cı ildə dosent, 2004-cü ildə isə professor adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2001-ci ildə "Tərəqqi” medalına, 2006-cı ildə isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülüb.



Səadət Hakıyeva