Uşaqların sağlam böyüməsi üçün onlarda idmana həvəs yaratmaq lazımdır

Uşaqların sağlam böyüməsi üçün onlarda idmana həvəs yaratmaq lazımdır

Sağlamlıq dedikdə, insan orqanizminin ətraf mühitlə qarşılıqlı əlaqəsini başa düşürük. Olimpnews.az saytının məlumatına görə, sağlamlıq əsas göstərici kimi bioloji, ekoloji və sosial amillərin təsiri altında formalaşır. Bir sözlə, sağlamlıq orqanizmin ətraf mühitlə dinamik müvazinətini xarakterizə edən fiziki, mənəvi və sosial təminatı və eləcə də fiziki qüsurların yoxluğunu göstərən bir anlayışdır. Başqa sözlə, sağlamlıq həyat, yaşama anlamının ölçüsüdür, kliniki xəstəlik simptomlarının olmadığı orqanizmin qüsursız fəaliyyətidir.

Demoqrafik tədqiqatlar göstərir ki, sağlamlığın göstəriciləri xəstəlik, ölüm halları, əlillik və s. amillərlə ölçülür. Sadalananlar, necə deyərlər, qoyulan məsələnin yalnız görünən tərəfidir. Görünməyən, "gizli” tərəf isə orqanizmin patoloji halından əvvəlki vəziyyətidir.

Heç kimə sirr deyildir ki, uşağın sağlamlıq vəziyyəti ilə gigiyena diaqnostikası məşğul olur. Mütəxəssislər gigiyena diaqnostikasının 3 tədqiqat obyekti - sağlamlığın vəziyyəti, yaşanan mühit və onların qarşılıqlı əlaqəsi olduğunu iddia edirlər. Hər üç obyekt sağlamlığın dərəcəsini - tam sağlamlıq, təcrübi sağlamlıq, xəstəlikdən əvvəlki vəziyyəti müəyyən etməyə imkan verir. Mütəxəssislər sübut edirlər ki, uşaqların sağlamlığına ətraf mühit, irsilik, fiziki tərbiyə, qidalanma, məişət şəraiti və gün rejimi təsir edir. Eyni zamanda, sağlamlığa təsir edən digər bioloji (ananın yaşı, onun sağlamlığı, boyu, doğuşun sayı, uşağın doğum zamanı özünün çəkisi), sosial (yaşayış sahəsi, ailəyə gələn gəlir, valideynlərin təhsili, uşağın ictimai və ailəvi tərbiyəsi, gün rejimi və s.) amilləri də nəzərə almaq lazımdır. Bəzi hallarda orta məktəblərdə uşaqların fiziki bədən tərbiyəsi ilə məşğul olmasını mütəxəssis həkim qadağan edir. O, digər mütəxəssislərlə məsləhətləşdikdən sonra həmin uşaq üçün konkret tapşırıqlar yazır və onu nəzarət altında saxlayır. Əlverişsiz şərait, qidalanma, təhsil, istirahətin qeyri-səmərəli təşkili, bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün lazımi şəraitin olmaması, hərəkət fəallığının aşağı səviyyəsi uşaqların sağlamlığına mənfi təsir edir.

Bədən tərbiyəsi ilə bağlı qəbul edilən dövlət sənədlərində qeyd edilmişdir ki, hər bir adam üçün, elə cəmiyyət üçün də cansağlığından böyük sərvət yoxdur. Adamların cansağlığının mühafizəsi və möhkəmləndirilməsi birinci dərəcəli, əhəmiyyətli işdir. Bunun üçün şagirdlərin hər gün dərslərdə, dərsdənkənar vaxtlarda idman bölmələrində idmanla məşğul olmasını təşkil etmək və əlverişli şərait yaratmaq vacibdir. Bu göstəriciləri əldə rəhbər tutan pedaqoji kollektivlər öz işlərini dövlətin qarşıya qoyduğu və məktəb islahatından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində qururlar. Son illər tədris müəssisələrində bədən tərbiyəsi və idmanın sürətli inkişafına və kütləviliyinin artırılmasına nail olmaq üçün bir sıra işlər görülüb, ümumtəhsil məktəblərinin maddi bazası xeyli möhkəmləndirilib, kompleks idman meydançaları, sadə idman qurğuları inşa edilib. Bütün bunlar isə bədən tərbiyəsi dərslərinin tədrisi səviyyəsini yüksəltməyə, sinifdənxaric və məktəbdənkənar bədən tərbiyəsi, idman və sağlamlıq tədbirlərinin keyfiyyətini yaxşılaşdırmağa, şagirdlərin əksəriyyətini kütləvi idman tədbirlərinə cəlb etməyə zəmin yaradıb. Dövlətin "Bədən tərbiyəsi və idmanın kütləviliyini daha da yüksəltmək haqqında”, habelə "Klublardan və idman qurğularından istifadə olunmasını yaxşılaşdırmaq tədbirləri haqqında” qərarlarından sonra bu sahədə işlər daha da canlanıb.

İdmanla müntəzəm məşğul olmaq əqli qabiliyyətləri sürətləndirir

Respublikamızın əksər orta məktəblərində (daha çox böyük məktəblərdə) bədən tərbiyəsi müəllimlərinin təşəbbüsü ilə xüsusi şura yaradılıb. İstər məktəbdaxili, istərsə də məktəbdənxaric bədən tərbiyəsi və əmək işləri həmin şuranın yaxından köməyi ilə həyata keçirilir. Bundan başqa, bəzi məktəblərdə "İdmançı əməyi” dəstəsi təşkil olunmuşdur. Sadə idman qurğularının düzəldilməsində, rənglənməsində, xarab olmuş idman qurğularının təmir edilməsində dəstənin üzvləri fəal iştirak edirlər. Hər dərs ilinin ilk günlərində məktəb bədən tərbiyəsi şurasının yığıncağında keçən ilin nəticələri, qazanılmış müvəffəqiyyətlər, buraxılmış nöqsanlar ətraflı təhlil olunur, yeni dərs ilinin vəzifələri müəyyənləşdirilir.

Məktəbdə nümunəvi idman bazasının yaradılması bədən tərbiyəsi dərsləri ilə yanaşı, başqa fənlər üzrə də təlim keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir. Bu da təsadüfi deyil. Tədqiqatlar göstərir ki, idmanla müntəzəm məşğul olmaq nəticəsində şagirdlərin əqli qabiliyyətləri müntəzəm inkişaf edir, onlarda təlimə şüurlu münasibət yaranır. Şagirdlər arasında intizam güclənir, ictimai-faydalı əməyə maraq artır. Bütün bunlarla yanaşı, idman şagirdlər arasında dostluq, kollektivçilik hisslərinin inkişafına da böyük təsir göstərir.

Məktəbin idman kompleksi şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsində, onların gün rejiminin düzgün təşkilində də böyük rol oynayır.

Özünütərbiyədə izahat tələb edən anlayışlar hansılardır?

Təcrübə göstərir ki, bu işə münasibətdə hamı eyni olmur. Bəzi şagirdlər özünə qarşı məsuliyyətsiz olur, tez-tez "büdrəyir”, dəfələrlə cəzalandıqdan sonra özündəki qüsurları islah etməyə başlayır. Digəri isə hadisələrə daha şüurlu münasibət bəsləyir. Əxlaqi davranış qaydalarına əməl etmək üçün həmişə kənardan təsir göstərilə bilməz. Məktəblinin yaradıcı münasibəti, daxili-mənəvi qüvvəsi buna ehtiyac doğurmalıdır.

Özünütərbiyənin əsasını bir-biri ilə üzvi surətdə bağlı olan komponentlər təşkil edir: özünüdərketmə, özünənəzarət, özünütəhlil, özünüqiymətləndirmə. Bu keyfiyyətlərin vasitəsi ilə idmançı-məktəblilər yüksək əxlaqi şüura istinad edir və əxlaqi hərəkətləri çüurlu surətdə istiqamətləndirməyə, hiss etdiyi nöqsanlarını əzmlə aradan qaldırmağa və mənəvi kamilliyini artırmağa imkan tapır.

Özünütərbiyənin yuxarıda adı çəkilən vasitələrinin (özünüdərketmə, özünənəzarət, özünütəhlil, özünüqiymətləndirmə) hər biri ayrıca izahat tələb edən anlayışlardır.

İdmançı-şagirdlərlə aparılan tərbiyə işində motivləşmə onların əxlaqi davranışını tənzim edən mühüm təfəkkür üsullarından biridir. Motivasiya yalnız şəxsi deyil, ictimai mahiyyət daşıyır. Elə edilməlidir ki, ictimai motiv idmançı üçün həmişə sərfəli olsun. Sağlam motivlər insana öz qabiliyyət və bacarığını faydalı yolda sərf etməyə yardım göstərir.

Müəllim, məşqçi öz yetirmələrini inandırmalıdır ki, ictimai motivi zəif olan adamın özünü qiymətlndirməsi obyektiv ola bilməz: o, başqasının əməllərini mənfi, öz əməllərini isə müsbət qiymətləndirər. Bu səbəbdən də özündən razılıq, lovğalıq, tənqidə dözməmək halları baş verir, fərdlə kollektiv rəhbərləri arasında narazılıq yaranır. Başqasının qabiliyyətinə azaldılmış əxlaqi meyarla yanaşan idmançılar da var. Belə nöqsanlı cəhətlər onun ictimai fəallığına, qabiliyyət və istedadının aşkar edilməsinə maneçilik törədir: bu, iradəsizliyə, prinsipsizliyə, ya da kin saxlamağa, qisas almağa, aqressiv hiddətə gətirib çıxarır. Bütün bunlar isə, zor və ya hiylə işlətməklə "hörmət” qazanmaq kimi eybəcər keyfiyyətlərin formalaşması ilə nəticələnir. Ona görə də hər bir idmançı-şagird ətrafdakıların- kollektivin rəyini özü üçün meyar seçməlidir.

Hər şeydən əvvəl, bədən tərbiyəsi və idmanla daim məşğul olan yeniyetmələri hərtərəfli öyrənmək lazımdır. Onları təlim-məşğələlərdə, idman bölmələrində, yarışlarda, kənar yerlərdə ətraflı və planlı şəkildə müşahidə etməyin özü də özünütərbiyədən ötrü lazımi material verir. Bədən tərbiyəsi müəllimi və məşqçilər idmançıları müşahidə edərkən, xüsusilə fikir verməlidirlər ki, idmançı-şagird təklikdə və ya kollektivdə özünü necə aparır: onun maraq sahələri hansılardır; yoldaşlarına münasibəti necədir; tənqidə necə reaksiya verir; tənqid və özünütənqidin tələblərinə əməl edirmi; nəzakət qaydalarını gözləyirmi; özünü sadə və təvazökar aparırmı; ictimai tapşırıqlara necə münasibət bəsləyir; rəğbətləndirmə və cəza tədbirləri ona necə təsir göstərir; qələbə və uğursuzluqdan necə təsirlənir; ağıllı məsləhətlər, əxlaqi söhbətlər ona necə təsir edir; gün rejiminə əməl etməsi necədir; sözündə möhkəmdirmi; sözü ilə əməli vəhdət təşkil edirmi; dost və yoldaşları necə adamlardır; həyəcanlı dəqiqələrdə öz hisslərini cilovlaya bilirmi; səhvlərini göstərərkən bundan müsbət nəticə çıxarırmı; qarşıya çıxan qüsurlardan özünü xilasetmə qabiliyyəti çatırmı, idman aləti və avadanlıqlara münasibəti necədir; yoldaşlarına tələbkarlığı ilə özünə qarşə tələbkarlığı ziddiyət təşkil etmir ki; göstərilən etimadı necə doğruldur; şəxsi motivi ilə ictimai motivi necədir və s. Bütün bunlar şagird idmançıların, ümumiyyətlə, uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafına öz müsbət təsirini göstərir.

Özünütərbiyə özbaşına axın kimi gedə bilməz

Orta məktəblərin bədən tərbiyəsi müəllimləri də bu sahədə rəhbər şəxslər hesab olunurlar. Təcrübə göstərir ki, bədən tərbiyəsi müəllimləri öz şagirdlərinə yaxşı mənada rəhbərlik etdikləri zaman uğurlu nəticələr əldə etmək mümkün varianta çevrilir.

Məktəbli-idmançlar dərslərdən sonra ixtisaslaşdırılmış siniflərdə, Uşaq-Gənclər İdman Məktəblərində, ya da idman cəmiyyətlərinin nəzdində fəaliyyət göstərən ayrı-ayrı idman bölmələrində məşğul olurlar. Onları müəllim, məşqçi, ailə və ictimai kollektiv tərbiyə edir. Lakin idmançı-şagirdlərin tərbiyəsi bununla bitmir. Onlardan hər biri özünütərbiyə ilə də məşğul olmalıdır. O, öz əxlaqi şüurunu yüksəltmək, idrak qabiliyyətini artırmaq yolu ilə buna nail ola bilər. İdmançı təkcə tərbiyənin obyekti kimi qalmır, həm də tərbiyənin subyektinə çevrilir. Lakin şagird-idmançının özünütərbiyəsi özbaşına axın kimi gedə biməz. Onun özünütərbiyəsinə, məktəb, məktəbdənkənar tərbiyə müəssisələri və ailə tərəfindən vahid istiqamətdə rəhbərlik edilməlidir. Hər halda, bu işdə aparıcı rol məktəb rəhbərliyinin, xüsusilə bədən tərbiyəsi müəlliminin üzərinə düşür. Hazırda məktəb islahatının irəli sürdüyü vəzifələrlə əlaqədar olaraq, özünütərbiyənin rolu daha da artıb.

Məktəb rəhbərliyi ilə bədən tərbiyəsi müəllimləri birlikdə şagirdlərin özünütərbiyəsini təşkil etməlidirlər. Müşahidələr göstərir ki, idmançı-şagirdlər arasında mənəvi davranış normalarını bu və ya digər formada pozmaq, təlim vəzifəsinə ikinci dərəcəli iş kimi baxmaq halları da az olmur. İdmançı-şagirdlərlə aparılan söhbətlərdən məlum olur ki, onlar özünütərbiyənin rolunu kifayət qədər qiymətləndirmirlər və bundan əlavə, bu vacib işə lazımi qədər pedaqoji istiqamət verilmir. Məhz özünütərbiyəni bacarmayan, ya da buna şüurlu surətdə əməl etməyən idmançı-şagirdlər davranışlarında tez-tez səhvlərə yol verirlər.

Mütəxəssislər hesab edirlər ki, idmançı-şagirdlərlə aparılan tərbiyəvi işlərin müvəffəqiyyəti bilavasitə özünütərbiyədən aslıdır. Özünütərbiyədə, hər şeydən əvvəl, idmançı-şagirdlərin əxlaqi şüuruna təsir göstərmək lazımdır. Bu zaman onlar özlərinin qabiliyyətli davranışını təhlil edir, faydalı və zərərli halları, bir-birindən ayırmağı bacarırlar. Məhz belələrinin fəaliyyətində özünütərbiyə daha müvəffəqiyyətli nəticə verir.

Özünütərbiyə ictimai əxlaq normalarına fəal münasibətdir. Hər bir idmançı-şagird kollektivdə fəaliyyət göstərdiyi kimi, onun özünütərbiyəsi də kollektivin tələbləri ilə əlaqədardır. O, kollektivin intizam və davranış tələblərini dərk etməli, özünü bu istiqamətdə hazırlamalıdır. Kamil şagird bu tələblərə mexaniki surətdə əməl etmir: Bunları düşüncəli surətdə araşdırır, ictimai əhəmiyyətini dərk edir. Bu prosesdə idmançı - şagirddə əxlaqi keyfiyyərlərin zərurətinə inam yaranır. Yadda saxlamaq lazımdır ki, əxlaqi normaları və davranış tələblərini mənimsəmək yolu ilə onda özünütərbiyə hissi inkişaf edir.

İlk addım böyük uğurun başlangıcıdır

İdman uşaqların fiziki və mənəvi inkişafını gücləndirən əhəmiyyətli bir fəaliyyətdir. Uşaqların idmana yönəlməsində valideynlərin üzərinə böyük yük düşür. Uşaqların sağlam böyüməsi üçün onlarda idmana həvəs yaratmaq lazımdır. Bu işdə valideynlərin rolu danılmazdır. Bununla belə, uşağın və ya həvəskar idmançı olacağı əvvəlcədən planlaşdırılmamalıdır. Bunu zaman göstərir. Hər iki halda uşaqlar sağlamlığa doğru yönəlirlər. Əsas odur ki, qazanılan sağlamlıq itmir. 10-12 yaşdan etibarən uşağın idmana olan həvəsi formalaşır. Növbəti illərdə isə bu məsələ öz məntiqi nəticəsini tapır. Ya peşəkar, ya da həvəskar şəkildə.

İdman həm də bir oyundur. Uşaqlar isə oyunu daha çox sevirlər. Uşağın idmanda uğurları diqqətdən kənarda qalmalı deyil. Onlara mənəvi cəhətdən dəstək verməklə daha böyük nailiyyət əldə etməsinə həvəs yaratmaq olar.

Uşaq üçün doğru idman növü seçilməlidir

Uşağın fiziki xüsusiyyətləri, maddi imkanlar və ətraf mühit şərtlərinə görə hansısa bir idman növünə istiqamətləndirilməsi çox əhəmiyyətlidir. Genetik faktorlar göz önünə alınsa, uzun boylu valideynlərdən uzun boylu uşaqların yetişməsi ehtimalı güclüdür. Buna görə, uzun boylu bir uşağın gimnastika, ağır atletika kimi idman növlərinə cəlb edilməsi doğru olmaya bilər. Ailələrin üzərinə düşən başqa bir vəzifə isə uşaqlarını fərqli idman növlərində güclərini sınamaq şansını yarada bilməkdir. Uşağın maraq duyduğu sahəni seçməsi və ailənin də bu istiqamətdəki dəstəyi gözəl nəticələr ortaya çıxarar. Uşağın idmanı sevib həyat boyu bir vərdiş halına gətirə bilməsi üçün başlanğıcda bunu mütləq əyləncəli bir oyun olaraq qəbul etməsi və sevərək məşğul olması vacibdir. Nizamlı idman fəaliyyətləri uşaqlıqdakı oyun hərəkətləri ilə başlayır. Bu, körpənin gələcəkdə sağlam bir fərd ola bilməsi və fiziki inkişafını təmin edə bilməsi baxımından çox əhəmiyyətlidir. Uşaq yaşlarında fiziki inkişafı təmin etmənin ən gözəl yolu uşağa öz orqanizminin tab gətirə biləcəyi məşqlərə yönəltməkdir. 16 yaşından sonra fiziki inkişafın vəziyyətinə uyğun olaraq ağırlıq və interval yükləməli məşqlər edilə bilər.

Xəstənin orqanizminə MTB-nin təsiri

İnsanların müalicəsində müalicəvi bədən tərbiyəsinin (MTB) rolu böyükdür. Fiziki məşğələlər bir çox xəstəliklərin müalicəsinə müsbət təsir edir. Lakin elə xəstəliklər də var ki, fiziki məşğələlər bu zaman insana ziyan verə bilər. Tibbi təcrübədə insanların vaxtında müalicəvi bədən tərbiyəsi ilə məşğul olaraq sağaldığını sübut edən bir sıra faktlar var (nevrasteniya, hipertoniya xəstəliyinin ilkin mərhələsində, qəbizlik, bronxial astma, nevralgiya, poliartrit, artroz, onurğa sütununun zədələnməsi - skalioz və s.). Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər müntəzəm olaraq məşq edərək orqanizmlərini möhkəmləndirə bilərlər.

Sağalma mərhələsində fiziki məşğələlərin tətbiqi əmək qabiliyyətinin bərpa olunmasını tezləşdirir. Xroniki xəstəliklərdən əziyyət çəkən xəstələrin çoxu uzun müddət müalicəvi bədən tərbiyəsinin tətbiqinə ehtiyac duyurlar. Müalicəvi bədən tərbiyəsi müstəqil müalicə üsulu kimi, eləcə də digər müalicə üsulları ilə birgə tətbiq olunur. MBT orqanizmin təbii funksiyaları olan hərəkətlərin tətbiqinə əsaslanır, müalicə prosesi xəstəni özünə tam cəlb edir, sağalmağa ruhlandırır. Fiziki məşğələlər yalnız müəyyən sahəyə deyil, ümumilikdə orqanizmə təsir edərək orqanizmin müqavimətini gücləndirir. Fiziki məşğələlərin əsas hədəfi əzələ sisteminin gücləndirilməsi, bütün daxili orqanların fəaliyyətinin yaxşılaşdırılması, əsəb sisteminin yuxarı hissələrinin məşqi yolu ilə orqanizmin bütünlükdə funksional vəziyyətinin yüksəldilməsidir. Dərindən öyrənilmiş fiziki məşğələlər xəstəliyin müxtəlif formaları və mərhələləri zamanı xəstəliyin gedişatına və xəstənin fərdi xüsusiyyətlərinə uyğun olaraq fiziki yüklənməni dozalara bölməyə imkan verir. İstənilən xəstəlik zamanı insanın hərəkətliliyi azalır ki, bu da beyin qabığının fəallığının və qazanılan şərti reflekslərin azalmasına gətirib çıxarır. Fiziki məşğələlər zamanı əzələ, vətər, bağ, dəri, göz, qulaqlar, müvazinəti saxlamağa xidmət edən orqanlar, eləcə də ürək, damar, ağ ciyər və hərəkət aktını təmin edən başqa orqanlardan beyin qabığına çoxlu siqnal gəlir. Bu yolla beyin qabığında və beynin başqa hissələrində patoloji reflekslərin sıxışdırılmasına, həyat üçün vacib olan yeni refleksləri yaradan və ya sönən reflekslərin bərpasına xidmət edən yeni oyanma ocaqları yaranır. Uzun müddət və sistemli şəkildə aparılan fiziki məşğələlərin təsiri altında orqanizmdə xoş biokimyəvi oyanmalar baş verir. Fiziki məşğələlərin xəstəlik barədə sarsıdıcı fikirlərdən yayınmağa xidmət edən müsbət təsirini, xəstədə fəallığı artırdığını, tezliklə sağalacağına ruhlandırdığını qeyd etmək olar. Müalicəvi bədən tərbiyəsi bədən tərbiyəsi arsenalına daxil olan bütün mümkün forma və üsullardan istifadə edir və bunu konkret müalicəvi tapşırığın həlli üçün yararlı sayır. Bura gimnastika hərəkətləri, idman məşğələləri, nəfəs məşğələləri, əzələlərin boşalmasına xidmət edən məşğələlər, gəzmək və su prosedurları (üzgüçülük, su gimnastikası - akva aerobika) daxildir.

Alimlər sübut ediblər ki, MBT ilə məşğul olmaq uşaqların fiziki inkişafında həlledici rol oynayır, ümumilikdə isə insanların vaxtından əvvəl yaşlanmasının və orqanizmin təravətini itirməsinin qarşısını alır.