İdmanla bağlı layihələr uşaq və gənclərin marağına səbəb olur

İdmanla bağlı layihələr uşaq və gənclərin marağına səbəb olur

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir ölkənin, cəmiyyətin, xalqın inkişaf göstəricisi sayılır. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Yəni, hər hansı bir uşaq sağlam mühitdə formalaşırsa, o, gələcəkdə öz xalqına, dövlətinə layiqli şəkildə xidmət edir. Azərbaycanda uşaqların məhz sağlam formalaşması önə çəkilir. Respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalanır. Bununla yanaşı, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımlar atılır. Görülən işlər bunu deməyə əsas verir ki, bu sahə ölkəmizin əsas prioritetlərindən biridir. Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur. Onların fiziki-mənəvi inkişafı ilə bağlı bir sıra sənədlər qəbul edilib.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi” barədə Sərəncam imzalayıb. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər reallaşdırılıb. Gənc nəslin nümayəndələri xarici ölkələrdə təhsil almaqla yanaşı, Azərbaycanın təbliği istiqamətində də fəallıq göstərirlər. Xarici ölkələrdə intellektual səviyyəsini yüksəldən gənclərimiz ölkəmizin simasıdır, desək, yanılmarıq. Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqda davam edir. Gənclər Azərbaycanın təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını daha da stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalayıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları yerinə yetirmək məqsədi qoyulub. Ölkəmizin qısa zaman ərzində sürətlə inkişaf etməsi, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı yeni sənədlərin qəbulunu zəruri etdi. Buna görə də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” adlı mühüm sənəd təsdiq olunub. Bu sənəd ölkəmizin gənc nəslinin 10 il ərzində həyata keçirəcəyi işləri, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini, onların elm, mədəniyyət, idman kimi sahələrdə vəzifələrini müəyyənləşdirib.

Uşaq və gənclərə yaradılan şərait təqdirəlayiqdir

Azərbaycanda uşaq və gənclərin hərtərəfli inkişafına hər zaman böyük önəm verilib. Uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinə hər zaman kompleks yanaşma olub. Bu da ondan irəli gəlir ki, valideynlər uşaqlarını həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etmiş və sağlam görmək istəyiblər. Şifahi xalq ədəbiyyatında da, klassiklərimizin əsərlərində də uşaq və gənclərin hərtərəfli şəkildə tərbiyə olması ilə bağlı ibrətamiz fikirlər kifayət qədərdir. Dahi Nizami Gəncəvi əsərlərində bir sıra məsələlərlə yanaşı, uşaqların fiziki və mənəvi sağlamlığını önə çəkib. Ölməz şairin "Oğluma nəsihət” şeirində fiziki və mənəvi kamillik ən vacib amil kimi irəli sürülür. Nizami Gəncəvi bu şeiri ilə təkcə öz övladına deyil, bütün gənclərə müraciət edib. Digər klassiklərin əsərlərində də uşaqların təhsilli, tərbiyəli yetişdirilməsi ilə bağlı maraqlı məqamlar var. İnkişaf etmiş uşaq və gənclərdən danışan klassiklər onları həm savadlı, bütün elmlərdən xəbərdar, ədəbli-mərifətli olduqlarını qeyd etməklə yanaşı, həm də idmanla, xüsusən də üzgüçülüklə, ox atmaqla məşğul olduqlarını, mahir at çapmağı bacardıqlarını vurğulayıblar.

Sovet dövründən başlayaraq Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi əhəmiyyət verilib. Uşaq və gənclərin təhsilinə, tərbiyəsinə, onların yaradıcılıq klublarına, dərnəklərə, məşğələlərə getməsinə, müxtəlif sahələrdə bacarıqlarını üzə çıxarmasına şərait yaradılırdı. Azərbaycanın hər yerində uşaq və gənclər üçün yaradıcılıq evləri, idman dərnəkləri, şahmat klubları fəaliyyət göstərirdi. Sözsüz ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətimiz bu sahəyə daha böyük diqqət yetirdi. Fəxrlə deyə bilərik ki, hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Uşaq və gənclərin həyatını müsbət istiqamətdə dəyişən, onlara hərtərəfli stimul olan qayğı mövcuddur. Bir neçə il əvvəllə müqayisədə indi Azərbaycanın gənc nəsli dünya miqyasında öz yerini tapıb. Bu, mübaliğəsiz belədir. Son dövrlərə qədər uşaq və gənclərin böyük bir qismi asudə vaxtını harada keçirəcəyini bilmirdi. Sevindirici haldır ki, hazırda bu məsələdə nəzərəçarpacaq dərəcədə əhəmiyyətli dəyişikliklər var. Uşaq və gənclərin böyük hissəsi idmanla məşğul olur, incəsənət təmayüllü müxtəlif kurslara, dərnəklərə gedir, musiqi məktəbində oxuyurlar. Onlara bu şərait dövlət tərəfindən yaradılıb.

Regionlarda idman zallarının sayı 
gündən-günə artır

Ölkəmizdə gənc nəslin mənəvi və fiziki inkişafına qayğının təməlini ümummilli lider Heydər Əliyev qoyub. Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri də Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ortada kifayət qədər uğurlar, dəyərli nəticələr var. Gənclərin mənəvi, fiziki inkişafı ilə bağlı qəbul olunan qərarlar, dövlət proqramları və digər sənədlər öz bəhrəsini verib. Uşaq və gənclərin fiziki tərbiyəsində dövlətin gördüyü işlər kifayət qədərdir. Bu işlər ölkəmizdə uşaq, yeniyetmə və gənclərin kamil insan kimi yetişməsinə xidmət edir. Təkcə bir faktı deyək ki, hazırda ümumtəhsil məktəblərinin, eləcə də kollec və ali təhsil ocaqlarının əksəriyyətində tələb olunan avadanlıqlarla təchiz olunan idman zalları fəaliyyət göstərir. Bu zallarda uşaq və gənclər öz fiziki sağlamlığının qeydinə qalırlar. Bundan başqa, respublikamızın əksər yaşayış məntəqələrində idman zalları, futbol meydançaları fəaliyyət göstərir. Bu məkanlarda da uşaq və gənclərin aktiv idmanla məşğul olduqları müşahidə edilir. Bu gün fiziki inkişafla bağlı görülən tədbirlər sırasında idmanın inkişafına strateji yanaşma mövcuddur. Bu sahədə nəzərdən qaçmayan çox incə məqamlardan biri odur ki, gənclərin fiziki sağlamlığına yalnız paytaxtda və iri şəhərlərdə deyil, bölgələrdə, ucqarlarda, əyalətlərdə də ciddi fikir verilir. Son illər Azərbaycanın ən ucqar rayonlarında belə ən müasir standartlara cavab verən idman zalları və qurğuları dövlətin maliyyəsi və dəstəyi hesabına vətəndaşların, əsasən də yeniyetmə və gənclərin istifadəsinə verilir. Bəlli olduğu kimi, bu qurğularda məşq edən uşaq, yeniyetmə və gənclər arasında xeyli sayda peşəkar idmana gələnlər var. Bakı ilə yanaşı, bölgələrdə də ən yeni idman texnologiyaları ilə təchiz edilən Olimpiya kompleksləri tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq aləmdə, ən mötəbər yarışlarda əldə etdiyi idman uğurlarına görə idman ölkəsi olaraq tanınır. Bu da dövlətimizin böyük uğurlarındandır. İdman hər bir dövləti tanıdan, təbliğ edən bir sahədir. Qeyd etdiyimiz kimi, ölkəmizin də bu sahədə xeyli nailiyyəti var. Azərbaycanda uşaq və gənclərin mənəvi-fiziki inkişafını təhlil edərkən görülən işlərə rövnəq verən çoxlu sayda faktla rastlaşırsan. Uşaqlardan, onların məşğuliyyətindən, əqli, mənəvi, fiziki inkişafından danışırıqsa, burada məktəbəqədər təhsil ocaqlarının, uşaq intellekt kurslarının fəaliyyətini də vurğulamalıyıq. Uşaq bağçalarının bir çoxunda uşaqların həm mənəvi, həm fiziki cəhətdən mükəmməl inkişaf etməsi üçün böyük şərait yaradılıb. Dövlət nəzarətində olan uşaq bağçaları təlim-tərbiyə vəsaitləri, qurğularla, hətta kompüterlə, stolüstü elektron oyun vəsaiti ilə təmin edilib. Bu gün dövlət uşaq bağçalarına xüsusi diqqət yetirir. Bu da uşaqların ağıllı, tərbiyəli, vətənpərvər yetişməsinə təkan verir.

İntellektual bilik yarışları gənclərin 
dünyagörüşünü stimullaşdırır

Azərbaycanda xüsusi istedadı olan uşaqlara dövlətin diqqət və qayğısı yüksəkdir. Çünki belə uşaqlar gələcəkdə dövlətin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynaya bilərlər. Bir çox hallarda uşaqların istedadı bağçada üzə çıxır, onları müəllimlər istiqamətləndirir. Sevindirici haldır ki, 4-7 yaşlı uşaqlar musiqi, rəqs, yüngül atletika və gimnastikaya böyük maraq göstərir. Bu gün ayrı-ayrı musiqi ocaqlarında, idman qurumlarında məşğul olan uşaqların sayı günü-gündən çoxalır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar hazırlanıb həyata keçirilir. Bu layihələrin məqsədi dövlətin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə almasına, vətənpərvər vətəndaş kimi yetişməsinə yönələn siyasətini yerinə yetirməkdir. Azərbaycan dövlətinin konkret gənclər siyasəti var və bu siyasətin də məqsədi aydındır. Gənclər siyasətinin əsas istiqamətlərindən danışarkən qeyd etməliyik ki, bu məsələ "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması, fiziki inkişafı və digər əsas məsələlər yer alıb. Əlbəttə ki, dövlətin bu cür qayğı və diqqəti gənclərə ciddi stimul verir.
Uşaq və gənclərin mənəvi inkişafında əhəmiyyətli rol oynayan məsələlərdən biri də uşaq və gənclər arasında müntəzəm olaraq keçirilən intellektual bilik yarışlarıdır. Əsasən Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin və nazirliyin yerli qurumlarının təşkilatçılığı ilə təşkil olunan intellektual bilik yarışlarının məktəblilər arasında geniş vüsət alması təqdirəlayiqdir. Regionlarda keçirilən bu yarışlar böyük maraq doğurur. Bölgələrdə 14-29 yaşlı yeniyetmə və gənclər arasında təşkil olunan "Nə, harda, nə zaman?” intellektual bilik yarışları iştirakçıların intellektual səviyyəsinin artmasına şərait yaradır. Bu yarış yeniyetmə və gənclərin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil olunması məqsədini daşıyıb. Azərbaycan Televiziyasında və İctimai Televiziyada keçirilən intellektual bilik yarışlarında əsasən orta məktəblərin yuxarı sinif şagirdləri və ali məktəb tələbələri iştirak edir. Uşaq və gənclərin mənəvi inkişafında bu yarışların əhəmiyyəti danılmazdır. Bir sözlə, ölkəmizin gələcəyi olan uşaq və gənclərimizin mənəvi inkişafı naminə həyata keçirilən layihələr qənaətbəxşdir.

2020-ci ilə kimi bütün təhsil müəssisələrində
 müasir idman qurğuları olacaq

Bu gün idman sahəsində böyük yeniyetmə və gənclər ordusu cəmləşib ki, bu dövlətin həyata keçirdiyi idman siyasətinin ana xəttini təşkil edir. Bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiyanın əsas məqsəd və vəzifələri sırasında məktəbəqədər uşaqlar arasında idmanın təbliği mühüm yer tutur. Milli Strategiyada məktəbəqədər təhsil müəssisələrinin idman qurğuları və xüsusi avadanlıqlarla təmin edilməsi üzrə dövlət səviyyəli kompleks proqramın hazırlanması, uşaqların hərtərəfli inkişafını təmin edən və elmi cəhətdən əsaslandırılmış fiziki tərbiyə proqramının hazırlanması nəzərdə tutulub. Bu proqram 2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində tətbiq olunur. Proqram əsasən, məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi və idman vasitələrindən də istifadə olunmaqla 6-10 saat həcmində həftəlik hərəkət rejimini təmin edən müasir sanitar-epidemoloji qaydalar və normaların işlənib hazırlanması planlaşdırılır. Həmçinin, məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bədən tərbiyəsi və idmanla məşğulluğu məsələləri üzrə ixtisaslaşdırılmış məsləhət mərkəzləri təşkil edilib. Proqramda məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların 2020-ci ilə kimi hamısının fiziki tərbiyə proqramına uyğun olaraq bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunması məsələsi də yer alıb. Analoji tədbirlərin şagirdlər və tələbələr arasında keçirilməsi də nəzərdə tutulub. Həftə ərzində orta məktəb şagirdlərinin, ən azı, 6 saat, tələbələrin isə 8 saat həcmində bədən tərbiyəsi və idmanla məşğulluğuna şərait yaradılacaq. Təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin müasir tələblər və normativlər səviyyəsində təşkili üçün bu sahədə yeni effektiv metod və üsullardan istifadə ediləcək. Bunun üçün təhsil müəssisələrində işləyən bədən tərbiyəsi müəllimlərinin, təlimatçı və digər mütəxəssislərin peşə səviyyələri mütəmadi olaraq təkmilləşdiriləcək, onların fəaliyyətlərini stimullaşdıran mexanizmləri müəyyən ediləcək.

Şagird və tələbələrin maraq göstərdikləri idman növləri üzrə daima məşğul ola bilmələrinə imkan yaradılması məqsədilə bütün təhsil müəssisələrində, müəssisənin strukturunda idman klublarının yaradılması nəzərdə tutulub. Bu klublar uşaq və gənclərin fiziki-mənəvi inkişafında böyük rol oynayacaq. Digər tərəfdən gələcəkdə şagird və tələbələr tədris ili ərzində və tətil günlərində idmana cəlb ediləcək. Eyni zamanda, bədən tərbiyəsi və idmanın inkişafı üzrə təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndiriləcək. Təhsil müəssisələrinin istifadəsində olan idman qurğuları və obyektlərinin dövlət reyestri aparılacaq və əsaslı təmirə ehtiyacı olunanların siyahısı hazırlanacaq. Bunun nəticəsində, 2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində müasir idman qurğuları və obyektlərinin fəaliyyətinə nail olunacaq.

"Olimpiya Hərəkatı” proqramı 310 min gənci əhatə edib

Yeri gəlmişkən deyək ki, məktəblilərin bədən tərbiyəsi və idmanla kütləvi halda məşğul olması üçün ölkəmizdə "Olimpiya Hərəkatı” adlı proqram həyata keçirilir. Bu proqram ölkəmizdə 2015-ci ildən - I Avropa Oyunlarından sonra həyata keçirilməyə başlanılıb. Proqram Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının beynəlxalq tərəfdaşı olan "Coca-Cola” şirkətinin birgə layihəsidir. Bu layihə ölkəmizdə ümumilikdə, 310 min insanı, xüsusilə gəncləri əhatə edib. Qeyd edək ki, Azərbaycan bu proqrama qoşulan Hollandiya, Belçika, Cənubi Koreya və Yaponiyadan sonra 5-ci ölkədir. Proqrama Bakının 350-ə yaxın məktəbinin şagirdləri cəlb olunmuşdular. Ötən ilin oktyabr ayından təşkil olunan ilkin mərhələdə 12-16 yaşlı 52 min məktəbli məktəbdaxili yarışlarda iştirak edib. Onlar 4 idman növü üzrə (atletika, basketbol 3x3, badminton və velosiped) yarışlarda güclərini sınayıblar. Növbəti mərhələlərdə isə rayon birincilikləri və final mərhələsi olub. Aprelin 28-də yarışların final mərhələsi keçirilib. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Mikayıl Cabbarov, eləcə də ölkəmizin idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. Paytaxtın 12 rayonu üzrə keçirilən birinciliklərdə ilk 3 yeri tutan komandalar final mərhələsində yarışıblar. Finalda 600-dən artıq məktəbli öz gücünü sınayıb. Bu proqramın yüksək səviyyədə təşkil olunması uşaqlarda yarışlara böyük maraq oyadıb. Məktəblilər həvəslə qoşulduqları turnirdə qələbə uğrunda əzmkarlıq göstəriblər. Həmçinin, təşkil olunan bu proqram sosial şəbəkələrdə geniş işıqlandırılıb. Paytaxtımızda fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin, federasiyaların mütəxəssisləri, orta məktəblərin bədən tərbiyəsi müəllimləri yarışların təşkilində, keçirilməsində yaxından iştirak ediblər.

Bu layihənin Azərbaycan idmanının inkişafında, uşaqların fiziki və mənəvi sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, proqram davam etdiriləcək. 2016-2017-ci tədris ili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən layihənin yeni forması artıq tərtib olunub. Onu da deyək ki, layihəyə yeni idman növü - voleybol da daxil edilib. Bu, orta məktəblərdə voleybolun kütləviliyinə təkan verəcək. Beləliklə, yeni proqram 5 idman növü üzrə həyata keçiriləcək. Digər bir mühüm məqam ondan ibarətdir ki, bu layihə yeni mövsümdən təkcə Bakını deyil, regionları da əhatə edəcək. Layihənin yeni formatda keçirilməsində məqsəd regionlarda idmanın kütləviliyinə, daha çox şagirdin proqram əsasında keçirilən yarışlara cəlb olunmasından ibarətdir.

Rahib Səmədov