Uşaq və gənclərin idmana cəlb olunması sağlam həyat tərzinə şərait yaradır

Uşaq və gənclərin idmana cəlb olunması sağlam həyat tərzinə şərait yaradır

İdmanın, Olimpiya Hərəkatının ölkəmizdə geniş vüsət alması, mövcud idman bazalarının bərpa olunaraq müasir standartlara uyğun səviyyədə yenidən qurulması, paytaxtda və bölgələrdə yeni tipli Olimpiya idman komplekslərinin inşası sürətlə davam edir. Bütün bunlar isə idmançılarımızın Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında yüksək nəticələr qazanmasına imkan yaradır. Ölkəmizin beynəlxalq səviyyəli idman tədbirlərinin və yarışların mərkəzinə çevrilməsi dünya idman təşkilatlarının diqqətini Azərbaycana cəlb edib. Təsadüfi deyil ki, Azərbaycan müxtəlif idman növləri üzrə Avropa, dünya çempionatlarına, beynəlxalq turnirlərə ev sahibliyi edən ölkələr sırasında ilk pillələrdə yer alır.

Ölkəmiz 2015-ci ildə ilk dəfə təşkil olunan Avropa Oyunlarına ev sahibliyi etdi. Bu Oyunlar yüksək səviyyədə keçirildi. Bakı-2015-in idman qurğuları ən müasir tələblərə cavab verən səviyyədə qurulmuşdu. Olimpiyaçıların məskunlaşdığı Atletlər Kəndi 6 mindən çox idmançının rahatlığını təmin etdi. Doğma divarlar arasında yarışan Azərbaycan idmançıları birinci Avropa Oyunlarını uğurla, yüksək nəticələrlə yola saldılar. Atletlərimiz 56 medal qazanmaqla ümumi sıralamada ikinci yeri tutdular. Xüsusi qeyd edək ki, I Avropa Oyunlarında mübarizə aparan idmançılarımızın əksəriyyəti gənclər idi. Təkcə bu fakt onu deməyə əsas verir ki, ölkəmizdə gənclərin idmana cəlb olunması işi xüsusi diqqət mərkəzində saxlanılır. Şübhəsiz ki, qazanılan uğurlar məntiqi, ardıcıl dövlət siyasətinin və proqramının nəticəsidir. Gələcəyin qurucusu olan gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Azərbaycan dövlətini düşündürən əhəmiyyətli məsələlərdəndir.

İdman sağlam həyat tərzidir

Uşaq və gənclərin idmana cəlb olunması sağlam həyat tərzinə stimul yaradır. Sağlam gənc nəslin yetişməsi və formalaşdırılması dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə yeniyetmə və gənclərin idmana cəlb edilməsinin vacibliyini, idmanla məşğul olan gənclərin mənəvi cəhətdən güclü olduqlarını vurğulayıb: "Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında həmişə yüksək nəticələr qazanırlar. Gənc idmançılarımız bizi sevindirir, gənc nəsil yetişir. Bu da çox vacib məsələdir. Çünki əgər gənc nəsil idmana meyilli olmasa, idmanla məşğul olmasa, böyük uğurlardan söhbət gedə bilməz. Gənc nəsli idmana cəlb etmək üçün ilk növbədə şərait olmalıdır. Biz bunu yaradırıq. Hazırda 40-dan çox şəhərimizdə Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Digər stimul, əlbəttə ki, tanınmış idmançılarımızın qələbələridir. Uşaqlar, yeniyetmələr, idmanla məşğul olanlar yaxud da ki, məşğul olmaq istəyənlər indi bizim çempionlara baxırlar, onların uğurlarına sevinirlər və onlar kimi olmaq istəyirlər. Yəni, bütün bu amillər idmanın inkişafına xidmət göstərir. Bizim idmançılarımız özlərini ləyaqətlə aparırlar bu onu göstərir ki, bizim idmançılarımızın çox güclü mənəvi dayaqları var. Onlar gənc nəsil üçün nümunədirlər və onların davranışı, cəmiyyətdəki hərəkətləri bizi çox sevindirir. İdmanın cəmiyyətdə çox böyük rolu var. Bu, təkcə fiziki idman yarışı deyil. Bu, mənəviyyatdır, sağlam həyat tərzidir, ləyaqətdir”.

Uşaq və gənclərimizin hər biri sabahın mərd,
 qorxmaz əsgəridr

Yerlərdə uşaqların hər hansı bir idman növü ilə məşğul olması, onların asudə vaxtlarını səmərəli keçməsi, fiziki cəhətdən sağlam olmalarına çalışmaq hər birimizin borcudur. Fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsini dövlətimiz ən vacib məsələlərdən biri hesab edir. Sağlam gənc tərbiyə etmək üçün müəyyən tədbirlər görmək lazımdır və bu iş dövlətimiz tərəfindən böyük vüsətlə həyata keçirilir. Gənc nəslin sağlamlığı üçün Azərbaycan dövləti tərəfindən lazımi qədər vəsait ayrılır.

Danılmaz faktdır ki, gənclərin sağlam ruhda böyümələri üçün, hər şeydən əvvəl, onların fiziki sağlamlığına diqqət yetirmək lazımdır. Məhz buna görə də uşaqların kiçik yaşlarından fiziki cəhətdən inkişafı əsas şərtlərdən biri olmalıdır. Təhlillər göstərir ki, fiziki cəhətdən zəif olan uşaqlar dərslərini pis oxumaqla yanaşı, özlərinə qarşı da inamsız olurlar. Qarşılarına məqsəd qoymaq, həmin məqsədə çatmaq üçün mübarizə apara bilmirlər.

Müstəqil Azərbaycanda son illər inşa edilən idman qurğuları, Olimpiya idman kompleksləri, stadionlar, zallar uşaq və yeniyetmələrimizin sağlamlığına, fiziki cəhətdən daha da inkişaf etməsinə xidmət edir. Uşaq və gənclərimizin hər biri Vətənimizin keşiyində dayanaraq, sabahın mərd, qorxmaz əsgəri olacaqlar. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqlı nəslin yetişdirilməsi həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin ölkəmizdə "Uşaq ili” elan edilməsi ilə bağlı Sərəncamında bu vacib məsələ ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub. Sərəncamda gənc nəslin sağlam tərbiyə və təhsili bu günün vacib məsələləri sırasında göstərilib. Görülən işlər isə öz bəhrəsini verib.

İndi Azərbaycan gənclərinin dünyanın ən qabaqcıl gəncləri sırasında olduğunu desək, yanılmarıq. Gənc nəslin nümayəndələri müxtəlif sahələrdə, o cümlədən idmanda özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya sübut edirlər. Sevindirici haldır ki, ölkəmizdə idmanla məşğul olan uşaq və gənclərin sayı günbəgün artır, idman kütləviləşir. Xüsusi qeyd olunmalıdır ki, bədən tərbiyəsinin ümdə sahələrindən biri də kütləvilikdir. İdmanın inkişafına yönəldilən kütləvilik ümumtəhsil məktəblərindən, məktəbdənkənar müəssisələr olan uşaq bağçalarından başlayır. Ölkəmizdə xeyli sayda uşaq-gənclər idman məktəbləri, müxtəlif cəmiyyətlər yaradılıb ki, bunların da üzərinə kütləviliyi inkişaf etdirmək kimi böyük vəzifə düşür.

Bu gün idmanımızın sabahının yeni layihələrlə, proqramlarla çiçəklənməsini təmin edir və bu sahədə çoxlu uğurlar qazanırıq. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi idmanda, bədən tərbiyəsində kütləviliyin artırılması üçün böyük işlər görür. Paytaxtla yanaşı, regionlarda da müəyyən layihələr çərçivəsində uşaq, yeniyetmə və gənclər arasında kütləvi idman tədbirləri keçirilir.

Mütəxəssislərin fikrincə, idmanın kütləviləşməsi gələcəyin potensiallı idmançılarının sırasının genişlənməsi deməkdir. Təcrübəsini, bacarığını artıran uşaq və gənc idmançılar istər ölkədaxili, istərsə də beynəlxalq yarışlara yüksək səviyyədə hazırlanır. Bütün bunlar isə, əlbəttə, Azərbaycan idmanının beynəlxalq aləmdə geniş şəkildə tanınmasına zəmin yaradır.

Ən müasir idman qurğularında təcrübə qazanan idmançılarımız Avropa, dünya miqyaslı turnirlərdə öz sözlərini layiqincə deyirlər. İdmanın şöhrət zirvəsində yer alan gənclərimizin vətənpərvərlik, dünyəvilik prinsipləri əsasında tərbiyə olunması, onların fiziki və mənəvi inkişafı da Azərbaycan dövlətinin əsas ideologiyalarından biridir. Uşaq və gənclərə göstərilən əvəzsiz qayğı ölkəmizin, millətimizin gələcəyi olan nəslin güclü xarakterə, sağlam ruha malik olmasında başlıca rol oynayır. Bu gün Azərbaycanda fiziki və mənəvi cəhətdən sağlam, bütün varlığı ilə xalqına, vətəninə bağlı olan bir nəsil yetişib. Sözsüz ki, bütün bunlar Azərbaycan dövlətinin gənc nəslə qayğısından qaynaqlanır. Qayğı ilə əhatə olunan hər bir uşaq isə mənəvi cəhətdən saf olur, pis əməllərdən çəkinir, göstərilən qayğıdan müsbət yararlanmağı özünün mənəvi borcu hesab edir.

İdman bölməsini seçərkən uşağın arzusunu da
 nəzərə almaq lazımdır

Araşdırmalar göstərir ki, idman bölmələri həm də uşaqların və gənclərin ən yaxşı fiziki və mənəvi keyfiyyətlərinin təzahür etdiyi əlverişli yerdir. İdman bölmələrinə gedənlər öz həmyaşıdları ilə sıx əlaqə saxlayır, fikir mübadiləsi aparır, cədvəl rejiminə adət edir və ən əsası, sağlamlıqlarını gücləndirirlər. Adətən, bölmələrdə məşğul olan uşaqlarda ümumi məqsəd və sağlam daxili rəqabət yaranır ki, bu da onları küçənin pis vərdişlərindən yayındırır və müsbət maraqların cəmləşməsinə zəmin yaradır. İdman bölməsini seçəndə uşağın və gəncin özünün də arzusunu nəzərə almaq və onu elə uyğunlaşdırmaq lazımdır ki, uşağın ruh yüksəkliyi, həvəsi bir neçə məşğələdən sonra itməsin. Bu zaman valideynlər öz istəklərini və iddialarını irəli sürməməli, uşağın özünü dərk etməsinə, tanımasına, öz istəklərini həyata keçirməsinə kömək etməlidirlər. Hazırda paytaxtla yanaşı, respublikamızın əksər bölgələrində valideynlər öz övladlarını ayrı-ayrı idman növləri üzrə bölmələrə yazdırırlar. Çünki idman bölmələri uşağının gələcəyi üçün narahat olan ata və ana üçün uşağını faydalı işlə məşğul etmək və eyni zamanda, sağlam həyat tərzinə zəmin hazırlamaq üçün ən yaxşı vasitədir. Çox vaxt valideynlər övladlarını hansı idman növünə yazdırmaq barədə düşünürlər. "Hansı idman növü daha faydalıdır?” sualı hər bir valideyni narahat edir. Mütəxəssislərin fikrincə, valideynlər müəyyənləşdirməlidirlər ki, idman növü ilə məşğul olmaq uşağa nəyə görə lazımdır. Təbii ki, burada iki məqsəd olur: övladının sağlamlığı və ya onun gələcək idman karyerası. Şübhəsiz, idmanın bütün növləri uşaq və gənclərin sağlamlığının qorunmasında, onların fiziki və mənəvi inkişafında əvəzsiz rola malikdir. Bu baxımdan ölkəmizdə inkişaf etdirilən bütün idman növləri, o cümlədən güləş müstəsnalıq təşkil edir.

Güləşin sevilməsi milli irsimiz və
 ənənələrimizlə bağlıdır

Araşdırmalar göstərir ki, bu gün uşaq və gənclərin əksəriyyəti güləşlə məşğul olmağa üstünlük verirlər. Azərbaycanın ən qədim idman növlərindən biri olan güləş populyarlığı və kütləviliyi ilə digərlərindən fərqlənir. Qeyd etdiyimiz kimi, güləş ən qədim idman növlərindən biridir və maraqlı tarixi var. Bu növün yaranması barədə bir çox fərziyyələr mövcuddur. Bəziləri güləşin yaranmasını insanın hərəkətə can atması kimi təzahür edən bioloji hal ilə əlaqələndirirlər. Ehtimal olunur ki, fiziki qüvvə, cəldlik, çeviklik və təkbətək mübarizənin insanın həyat tələbatını ödəməkdə və onu qida ilə təmin etməkdə mühüm bir vasitə olduğuna görə güləşmə meydana gəlib. Güləş fəndlərini əks etdirən ilk arxeoloji tapıntılar eramızdan əvvəl VI-IV əsrlərə təsadüf edir. Bu rəsm əsərləri pəhləvanların mübarizə səhnələrini, məşhur antik pəhləvan Gilqameşin igidliyi barədə əfsanədə yer alan surətləri, qədim yunanlardan və misirlilərdən qalmış çoxlu ədəbiyyat mənbələrini və s. nümayiş etdirir. Maraqlıdır ki, qədim abidə və tapıntıların üzərində güləşən uşaq rəsmləri daha çox üstünlük təşkil edir. Tarixçilərin fikrincə, qədim Yunanıstanda xüsusi güləş məktəbləri (palest) yaradılıb ki, təcrübəli müəllimlərin rəhbərliyi altında bu məktəblərdə yeniyetmələr və gənclər güləşin müxtəlif fəndlərini öyrəniblər. Palestrlər 66x66 m sahəsi olan xüsusi binada yerləşməklə ayrı-ayrı məşq salonundan, güləşmə meydançasından, istirahət və gigiyena otaqlarından və atletlərin yaşayış otaqlarından ibarət idi. Antik dövrdə güləşlə təkcə adi insanlar deyil, ən görkəmli alimlər, filosoflar, şairlər və sərkərdələr də məşğul olublar. Azərbaycan milli güləşinin qədim tarixə malik olduğu da sübut edilib. Milli güləşin elementlərinə Qobustan qayalarında olan təsvirlərdə, şifahi xalq ədəbiyyatında rast gəlmək mümkündür. Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Qədimdə Azərbaycanda güləş yarışları xüsusi yerlərdə - zorxanalarda keçirilib.

Milli güləşin uşaq və gənclərin sevimli idman növünə çevrilməsi milli irsimiz və ənənələrimizlə bağlıdır. Tarixən bu növ xalqımız tərəfindən sevilib, indi də güləşə hədsiz maraq göstərilir. Bütün dövrlərdə Azərbaycan özünün tanınmış güləşçiləri ilə fəxr edib. Keçmiş sovet dövründə idmanın bu növü üzrə təmsilçilərimiz SSRİ yığma komandasının tərkibində müxtəlif mötəbər yarışlarda iştirak edərək mükafatalayiq yerlər tutublar. Ənənə indi də layiqli şəkildə davam etdirilir. Bu gün Azərbaycan güləşi dünyanın ən aparıcı güləş ölkələri sırasındadır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növündə qazanılıb. Azərbaycan idmançılarının iştirak etdikləri Olimpiya oyunlarının tarixinə nəzər yetirsək, dediklərimizi daha aydın görə bilərik. Buyaxınlarda başa çatan Rio-2016 Yay Olimpiya Oyunları Azərbaycan idmançılar üçün uğurlu oldu. Ən yüksək nəticəni isə, yenə də güləşçilərimiz əldə etdilər. Pəhləvanlarımız bu Oyunlarda 9 medal qazandılar. Sərbəst güləşçilərimiz 6 çəki dərəcəsində 5 medal qazanmaqla ümumi komanda hesabında birinci yerə çıxdılar. Bu, idman tariximizə yeni bir səhifə yazdı və güləşçilərimizin potensialının nə qədər böyük olmasını göstərdi.

Ölkəmizdə güləşin daha da inkişaf etməsi, populyarlaşması və kütləviləşməsi istiqamətində Azərbaycan Güləş Federasiyası tərəfindən mühüm işlər görülür. Federasiyanın qəbul etdiyi "Hər ailədə bir güləşçi” devizi bu növün uşaq və gənclər arasında sürətlə yayılması məqsədini daşıyır. Görülən bütün işlər qədim ənənəsi olan güləşimizin inkişafına yönəldilib. Azərbaycan Güləş Federasiyasının bu sahə ilə bağlı qəbul etdiyi qərarlar bir daha göstərir ki, federasiya "Hər ailədə bir güləşçi” devizini ardıcıl surətdə həyata keçirir. Qeyd etdiyimiz kimi, ölkəmizdə bu gün uşaq və gənclərin ən çox müraciət etdiyi növlərdən biri məhz güləşdir. Bu, təsadüfi deyil. Pəhləvanlarımızın beynəlxalq miqyaslı turnirlərdə, Olimpiya oyunlarında qazandıqları yüksək nəticələr, güləşin inkişafına yönələn diqqət uşaq və gənclərin bu növə olan marağını daha da artırıb, gənc nəslin güləş zallarına axını çoxalıb.

Şübhəsiz ki, idmanın inkişafı üçün baza əsas rol oynayır və belə bazalara respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür. Qədim tarixi və zəngin ənənələri olan güləşin inkişafı və kütləviliyi üçün paytaxtda və bölgələrdə hər cür şərait yaradılıb. Aparılan məqsədyönlü işlərdən biri də bu idman növünün maddi-texniki bazasının gücləndirilməsidir. Son vaxtlar federasiya tərəfindən inşa və ya bərpa edilən güləş zalları uşaq və gənclərin istifadəsinə verilib. Kürdəxanı, Pirallahı, Müşfiqabad, Şurabad qəsəbəsində, Xəzər rayonunda yaradılan yeni güləş zalları, eləcə də paytaxtın mərkəzindəki Olimpiya Təlim Bazası uşaq, yeniyetmə və gənclərin sevimli məkanıdır. Bütün bunlar güləşin inkişafı üçün həm texniki-təlim, həm də elmi-metodiki bazanın daha da gücləndirilməsinə öz töhfəsini verməkdədir. Sözsüz ki, inşa edilən idman ocaqları gənc nəslin təlim-tərbiyəsinə, sağlamlığına ən böyük hədiyyədir.

Hazırda respublikamızda minlərlə uşaq, yeniyetmə və gənc güləşin ayrı-ayrı növləri ilə məşğul olurlar. Təhlillər göstərir ki, indi uşaq və gənclər arasında daha çox zona yarışları, birincilik və çempionatlar təşkil olunur. Mütəxəssislərin fikrincə, uşaq və gənc idmançılar nə qədər çox yarışda iştirak etsələr, onların təcrübəsi də artacaq. Onu da deyək ki, kiçikyaşlı uşaqlar arasında keçirilən yarışlar perspektivli idmançıları üzə çıxarmağa imkan verir.

Əlbəttə, güləşlə yenicə məşğul olmağa başlayan uşaqlar birdən-birə böyük yarışlara buraxılmırlar. Təcrübə qazanmaq, böyük yarışlara alışmaq məqsədilə, adətən, idman zallarında, klublarda kiçikmiqyaslı turnirlər təşkil olunur. Belə yarışlarda iştirak edən uşaqlar artıq yarışın abu-havasını hiss edirlər ki, bu da onların gələcəkdə püxtələşməsinə, yarışlarda sərbəst olmalarına köməklik göstərir. Yeri gəlmişkən, deyək ki, əvvəllər güləş yarışları kiçik zallarda keçirilirdi. İndi isə birincilik, çempionat və zona yarışları beynəlxalq yarışların keçirildiyi böyük zallarda təşkil olunur. Yeniyetmə güləşçilərin bu cür idman ocaqlarında məşq etməsi onların gələcək uğurlarında əvəzsiz rol oynayır. Onlar burada döşəyə uyğunlaşır, özlərini beynəlxalq yarışlardakı kimi hiss edirlər.

Zona yarışları və birinciliklərə yüzlərlə uşaq və yeniyetmə cəlb olunur. Belə turnirlərdə kütləvilik təmin edilir. Sevindirici haldır ki, bu gün Azərbaycanın əksər bölgələrində uşaq və gənclər güləşə böyük həvəs göstərirlər. Bölgələrdə yaşayan uşaqlar arasında Azərbaycan milli komandalarında yer alanların get-gedə çoxalması bir daha göstərir ki, bölgələrdə güləşin sirləri lazımi səviyyədə öyrədilir. Yaradılan şərait isə gənc güləşçilərin mötəbər yarışlarda uğurla mübarizə aparmasına stimul verir.

Azər Əlizadə