İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər

Əminəm ki, "Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda
 elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır.

İlham Əliyev

Dünyada əhalinin sayının sürətlə artması enerjiyə olan tələbatı daha yüksəldir. Azərbaycanda enerji sisteminin əsasını ən çox su və istilik elektrik stansiyası təşkil edir. Son illər ölkəmizdə enerji istehsalı yüksələn xətt üzrə artmaqdadır. Bunun nəticəsində dövlətimiz enerji tədarükçüsünə çevrilib.

Hazırda respublikamızda əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi prioritet məsələlərdən biridir. Bunun əsası ötən əsrin 70-ci illərinin əvvəllərində məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin hakimiyyəti illərində respublikamız elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyə nail olub. 1970-ci ildən başlayaraq yeni elektrik stansiyalarının tikintisi ilə yanaşı, elektrik şəbəkələri də inkişaf etdirilərək dayanıqlı enerji sisteminin yaradılmasına nail olunub. Belə ki, həmin illərdə "Araz”, "Sərsəng” və "Şəmkir” su elektrik stansiyaları istifadəyə verilib. Ulu öndər həmin illəri xatırlayarkən bu sözləri demişdir: "Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin böyük bir hissəsində bilavasitə iştirak etmişəm və 1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”.

Müstəqilliyimizin bərpasından sonra energetika sektorunun inkişafı yeni mərhələyə keçdi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin energetika sektorunda köklü dəyişikliklərin həyata keçirilməsi üçün enerji təhlükəsizliyi konsepsiyası işlənib hazırlandı. Hazırda respublikamızda mövcud müasir energetika sistemi ümummilli liderin formalaşdırdığı möhkəm zəmin üzərində sürətlə inkişaf edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan energetika sektoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatının inkişaf tempini və günümüzün reallıqlarını nəzərə alan dövlət başçısı "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları imzalamaqla energetika sektorunun müasir inkişaf mərhələsində yeni dövrü başlatmış olub. Bu sərəncamlardan irəli gələn tədbirlərin həyata keçirilməsi nəticəsində mühüm nəticələr əldə edilib: MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli "Şimal” ES-in istifadəyə verilməsi, müxtəlif bölgələrdə ümumi gücü 850 MVt olan modul tipli elektrik stansiyalarının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması və digər addımlar müvafiq istiqamətdə dinamik yüksəlişə cığır açmaqla sənaye mərkəzinin enerji təchizatında mövcud disproporsiyanı nəzərə çarpacaq dərəcədə aradan qaldırıb.



"Azərişıq”ASC-nin gördüyü işlər təqdirəlayiqdir

Prezident İlham Əliyevin 10 avqust 2006-cı il tarixli Sərəncamı ilə "Bakıelektrikşəbəkə”ASC-nin fəaliyyəti bərpa edilməklə elektrik paylayıcı şəbəkələrdə islahatlara start verilib. Paytaxtımızda elektrik təsərrüfatında ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq irimiqyaslı yenidənqurma işləri həyata keçirilib. Dövlət büdcəsi və daxili imkanlar hesabına görülmüş yenidənqurma işləri özünü doğruldub. Yeni yarımstansiyalar inşa edilib, möcud yarımstansiyalar yenidən qurulub və rekonstruksiya olunub. Şəbəkənin normal fəaliyyəti üçün yeni texnoloji avadanlıqlar tətbiq edilib. Yeni transformator məntəqəsi və komplekt transformator məntəqələri tikilib. Yeni elektrik veriliş xətləri çəkilib. Şəhərin bir çox yerlərində 110 və 35 kV-luq hava xətləri kabel xətləri ilə əvəz olunub. 0,4 kV-luq hava xətləri müasir tipli özünü daşıyan izolyasiyalı naqillərlə yenidən qurulub. Nəticədə texniki itkilərin səviyyəsi aşağı salınıb və şəbəkənin ifrat yüklənməsi halları aradan tam qaldırılıb.

Elektrik paylayıcı şəbəkələrdə islahatların növbəti mərhələsi 2015-ci ilə təsadüf edib. Cənab prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə "Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək "Azərişıq” ASC adlandırılıb. Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi "Azərişıq”ASC-yə həvalə edilib. "Azərişıq” uğurlu fəaliyyətini davam etdirərək respublikamızın 57 rayon və şəhərini əhatə etməklə, 7 regional enerji təchizatı satış idarəsi yaradıb. Bunlar Bakı, Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və Qərb Regional Enerji Təchizatı və satışı idarələridir.

Bu il ölkəmizdə paylayıcı elektrik şəbəkələrində islahatlara başlanmasının 10 ili tamam olur. Müqayisə üçün bildirək ki, Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb. Texniki itkilər 16,9 faizdən 7,8 faizə endirilib. Güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb. "Azərişıq” ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 2016-cı ilin altı ayının yekunlarına görə 10,4 faizə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü "Azərişıq” ASC yarandığı 2015-ci ilin əvvəlinə 9 500 MVA-dan 2016-ci ilin I yarımilliyinə 11 111 MVA-ya qaldırılıb. Cari ilin sonuna qədər bu rəqəmin 12 561 MVA olacağı proqnozlaşdırılır. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 87 faiz, o, cümlədən Bakı şəhəri üzrə 98,3 faiz təşkil edir. Paytaxtımızla yanaşı, regionlarda ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. İstehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib.

Son 10 ildə paylayıcı şəbəkələrdə aparılan islahatların önəmini artıran işlərdən biri də Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən yeni tipli qapalı yarımstansiyalarının tikintisidir. Bu yarımstansiyalar memarlıq və texnoloji avadanlıq baxımdan qabaqcıl Avropa ölkələrindən heç də geri qalmır. Bundan başqa, "Azərişıq” ASC 1 ildən artıqdır ki, "ASAN xidmət” mərkəzləri ilə əməkdaşlıq edir. Hazırda abunəçilər "Asan xidmət” mərkəzlərində bir çox xidmətlərdən yararlanırlar.

10 il ərzində Paylayıcı Elektrik Şəbəkələri üzrə həyata keçirilən işlərin ümumi statistikası
 (Bakı və regionlar üzrə)

1. 110 kV-luq y/s-in tikintisi           30 ədəd
2. 110 kV-luq KX-in çəkilişi          226,9 km
3. 110 kV-luq HX-in çəkilişi          225,5 km
4. 35 kV-luq y/s-in tikintisi             103 ədəd
5. 35 kV-luq KX-in çəkilişi            2 069,6 km
6. 35 kV-luq HX-in çəkilişi            917,7 km
7. Tikilmiş TM və KTM                 3 054 ədəd
8. Əsaslı təmir edilmiş TM              874 ədəd
9. 6/10 kV-luq KX-in çəkilişi         7 014,4 km
10. 6/10 kV-luq HX-in çəkilişi       4 399,6 km
11. 0,4 kV-luq KX-in çəkilişi         3 729,8 km
12. 0,4 kV-luq HX-in çəkilişi         2 308,4 km
13. ÖİN xətlərinin çəkilişi              15 365,4 km
14. Quraşdırılmış dayaqların sayı    38870 ədəd
15. Yeni tip elektron sayğacların
quraşdırılması                                1 324 804 ədəd

Master-plan ölkəmizin energetika potensialını daha da zənginləşdirəcək

Dünyada enerji istehsalı və ötürülməsi yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda ölkəmizdə energetika sisteminin mövcud potensialının səmərəliliyinin artırılması, enerji təsərrüfatının yenidən qurulması istiqamətində mühüm işlər görülür. "Azərişıq” ASC-nin Paylayıcı Elektrik Şəbəkələrinin yenidən qurulmasına dair 2016-2025-ci illəri əhatə edən master-plan hazırlanıb. Əsas məsələ Bakı şəhərinin elektrik enerjisinə olan tələbatının dayanıqlı olmasını təmin etmək və paytaxtın Mingəçevir ES-dən asılılığını minimuma endirmək üçün 4000-5000 generasiya gücünə ehtiyac olduğu proqnozlaşdırılır.

Master-planda paylayıcı elektrik şəbəkələrində perspektiv və mövcud yükləri nəzərə almaqla bir sıra yarımstansiyaların yenidən qurulması və inşası, elektrik verilişi xətlərinin, transformator təmiri sexlərinin və inzibati binaların tikintisi, SCADA sisteminin eləcə də, yeni maşın mexanizmlərinin alınması öz əksini tapıb. Plana görə ölkə daxilində elektrik enerjisi istehsalının növbəti 10 ildə illik təxminən 3 faiz artacağı proqnozlaşdırılır. Bundan başqa, elektrik enerjisinin ötürülməsi zamanı yaranan itkilərin minimuma endirilməsi gündəmdə olan məsələlərdəndir. Master-planda nəzərdə tutulmuş proqram regionlarda elektrik təchizatının etibarlılığını artıracaq, istehlakçılara göstərilən xidmətlərin səmərəliliyi və keyfiyyətini yüksəldəcək. Rayonların sosial-iqtisadi inkişafı ilə bağlı 110 və 35 kV-luq yarımstansiyaların tikintisi artacaq. Bu cür yarımstansiyalar tədqiq olunan ərazilərdə elektrik enerjisinə olan tələbatın ödənilməsini və perspektivdə yaranacaq elektrik yüklərini tam ödəyəcək.

"Azərişıq” ASC regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə yanaşı, onların idarə edilməsi, normativlərə əməl olunmaqla qurulması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər də həyata keçirir. Belə ki, kadrların təkmilləşdirilməsi, yenidən hazırlanması məqsədi ilə davamlı olaraq stasionar və səyyar treninqlər təşkil edilir. Gənc kadrlar xüsusi layihə çərçivəsində Səhmdar Cəmiyyətin müasir maddi-texniki bazası olan Tədris Mərkəzində təkmilləşdirilərək rayon və şəhər elektrik şəbəkələrində müxtəlif istiqamətlər üzrə işə qəbul olunurlar.

Bir sözlə, "Azərişıq” ASC qarşısına istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün hər cür şərait yaradır. İnanırıq ki, Səhmdar Cəmiyyətin 10 illik üçün qəbul edilən master-plan ölkəmizdə elektrik enerjisi sisteminin dinamik tərəqqisinə daha da yol açacaq.

Rahib Səmədov

Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün