Məktəblilərin fiziki hazırlığı hər zaman diqqət mərkəzində saxlanılır

Məktəblilərin fiziki hazırlığı hər zaman diqqət mərkəzində saxlanılır

Fiziki tərbiyə və idmanın hər bir adamın gündəlik həyat tərzinə çevrilməsi, hər şeydən əvvəl, onun geniş təblig edilməsi ilə bağlıdır. Bu mühüm əhəmiyyətli işin əsası isə, ümumtəhsil məktəblərində, ailədə və məktəbdənkənar tərbiyə müəssisələrində qoyulmalıdır. Məhz bu istiqamətdə düzgün fəaliyyət proqramının həyata keçirilməsi fiziki tərbiyə və idmanın ən yaxşı istirahət növü olduğuna inanmayanların sayını gündən-günə azaldır. Sınaq yarışları, həmçinin ictimai rəy uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmana marağının öyrənilməsində əsas vasitələrdən biridir. Lakin bunu da qeyd etmək lazımdır ki, şagird kollektivində idmana marağın yaradılması mürəkkəb və çoxcəhətli prosesdir. Təcrübə göstərir ki, müsbət nümunələrdən və faktlardan istifadə yeniyetmələrdə bədən tərbiyəsi və idmana marağın yaradılması işinə əhəmiyyətli dərəcədə təsir göstərir. Müsbət nümunə və faktlar yeniyetmələri daha da fəallaşdırır, onların idmana marağının artmasına şərait yaradır.

Dövlətin idmana və gəncliyə bu cür qayğısı Azərbaycan gəncliyini fiziki və mənəvi cəhətdən sağlam görmək istəyindən qaynaqlanır. Bu gün gənclərin sağlam həyat tərzi sürmələri və idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün ölkəmizdə geniş şərait yaradılıb. Respublikamızda hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər gənclərin istifadəyə verilir. Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması, sağlam həyat tərzinin geniş təbliği nəticəsində cinayətə meylli gənclərin sayı ildən-ilə azalır. Beləliklə, ölkədə dövlətin qarşısında duran tarixi vəzifələrin, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsində bədən tərbiyəsi və idmanın əhəmiyyəti danılmazdır. Fiziki və mənəvi cəhətdən sağlam olan gənc nəsildə milli şüur və vətənpərvərlik hissləri böyük sürətlə inkişaf edir. Vətənə layiq bir vətəndaş kimi yetişmək üçün gənc nəsil millətimizin tarixi keçmişindən, adət-ənənəsindən, milli xüsusiyyətlərindən bəhrələnir. Ən əsası isə, gənclərimizin qəlbində vətən sevgisi kök salır, onlar doğma vətənimizə daha çox bağlanırlar. Bütün bunların arxasında mənəvi dəyərlər dayanır. Azərbyacanın gənc nəsli doğulduğu torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini yaxş bilir, mənsub olduğun xalqın keçmişinə hörmətlə yanaşır, öz dövlətinin tərəqqisi üçün can yandırır vətənin rifahı naminə əlindən gələni əsirgəmir.

Gənclərin ölkəmizin Silahlı Qüvvələrində xidmətə hazırlanmasında onların fiziki hazırlığı birinci dərəcəli əhəmiyyət kəsb edir. Həmin fiziki hazırlığa hərəkət keyfiyyətləri, həyat üçün zəruri olan bacarıq və vərdişlərə yiyələnmək, ətraf mühitin xoşagəlməz təsirlərinə, yüksək psixi gərginliyə qarşı dəyanət, möhkəmlik və mətinlik daxildir. Məktəblərdə bütün lazımi şərait yaradılmalıdır ki, hər bir şagird VMH (Vətənin Müdafiəsinə hazıram) kompleksinin normalarını inamla yerinə yetirsin, turist yürüşlərində iştirak etsin, müntəzəm olaraq özünün fiziki təkmilləşməsinin qayğısına qalsın, mərdlik, iradi qüvvə, dözümlülük, çeviklik, əxlaqi-psixoliji mətinlik kimi keyfiyyətlərə malik olsun. Həmçinin özündə böyük fiziki yükə tab gətirmə qabiliyyəti və ona hazırlıq, ilk tibbi yardım göstərmək bacarığı aşılasın, hərəkətlər yerinə yetirilərkən özünü mühafizə etməyi təmin etsin.
Gəncləri həyata məqsədyönlü hazırlamaq üçün fiziki hazırlıq üzrə dərs və sinifdənxaric məşğələ sistemi təşkil etmək lazımdır. Fiziki hazırlığın bu cür sisteminin səmərəliliyinin mühüm şərti şagirdlərin idman bölmələrində, ümumfiziki hazırlıq qruplarında, UGİM-in ibtidai hazırlıq qruplarında məşğul olmasından, VMH və ƏMH kompleksinin normativ tələbləri üzrə yarışlarda, hərbi-tətbiqi idman növləri üzrə yarışlarda, turist yürüşlərində iştirak etməsindən geniş istifadə etməkdir. Məşq effektini gücləndirməkdən ötrü yuxarı sinif şagirdləri üçün hər gün 30-40 dəqiqə ümumfiziki hazırlıq üzrə sinifdənxaric məşğələlər keçmək məsləhət görülür. Belə məşğələləri ictimai təlimatçılar keçə bilər. Bu işin mütləq şərti ona fiziki tərbiyə müəllimi və gənclərin çağırışaqədərki hazırlığı üzrə fənn müəlliminin pedaqoji rəhbərlik etməsidir. Gənclərin fiziki və hərbi-tətbiqi hazırlığını gücləndirmək üçün dərsdənkənar məşğələlərdə ümumrespublika hərbi-tətbiqi oyunundan geniş istifadə olunmalıdır.

Bütün məşğələlərin gedişində hərəki keyfiyyətlərin - dözümlülüyün, qüvvənin, çevikliyin, cəldliyin və mahirliyin inkişafına fikir verilməlidir. Hərəki keyfiyyətlərin inkişaf səviyyəsini artırmağın mühüm şərti məşğələlərdə uzun müddət və müntəzəm olaraq qüvvəyə, çevikliyə, gücə, sürət-gücə, dözümlülüyə kömək edən müvafiq fiziki yüklərdən (qaçış, krosslar, marş-yürüşü, gimnastika alətləri üzrə hərəkətlərdən, ştanqa ilə, pudluq daşlarla, qantellərlə, trenajorlarda hərəkətlərdən) geniş istifadə etməkdir.

Hərəki keyfiyyətləri inkişaf etdirmək üçün məşğələlərin sıxlığını və intensivliyini artırmaq lazımdır. Bu məqsədlə müntəzəm məşğul olanların aktivliyini və marağını stimullaşdıran dairəvi məşq metodundan, daha çox şagirdin məşğul olmasına imkan verən alətlərdən, trenajorlardan, maneələr zolağından, xırda idman inventarları toplusundan və digər texniki vasitlərdən istifadə edilməlidir. Bütövlükdə götürdükdə bütün məşğələlərdə şagirdlərə vətənpərvərlik, əxlaqi-iradi keyfiyyətlər, müntəzəm məşğul olmağa tələbat aşılamaq, hərəkət vərdişləri və müstəqil məşğul olmaq bacarığı öyrətmək; əsas hərəki keyfiyyəti inkişaf etdirmək lazımdır. Məşğələlərin məzmununa ƏMH kompleksinin nəzəri məlumatları və tədris proqramındakı nəzəri məlumatlar üzrə materiallar daxil edilir. Yuxarı sinif şagirdlərini ölkənin Silahlı Qüvvələrinin əsgərlərinin fiziki hazırlığına verilən tələblərlə tamış etmək lazımdır.

Yuxarı sinif şagirdləri ilə aparılan məşğələlər rəngarəng olmalıdır

Yuxarı sinif şagirdlərinin fiziki tərbiyə dərsləri bir sıra xüsusiyyətlərə malikdir. Onlar aşağıdakılarla xarakterizə olunur:
1. Əsas fiziki keyfiyyətlərin inkişafına, proqramın və ƏVMH kompleksinin II pilləsi üzrə normalarının ödənilməsinə diqqət yetirilir.
2. Hərbi-tətbiqi hərəkətlərə böyük yer verilir. Hərəkət vərdişləri öyrədilərkən və təkmilləşdirilərkən qeyri-standart şəraitdən istifadə olunur; məşğələlərə mürəkkəb və gözlənilməz vəziyyətlərdə qərar qəbul etməyi tələb edən təkbətək mübarizə növlərinin fəndləri daxil edilir; böyük fiziki yükdən sonra (uzun müddət davam edən qaçış, kross, xizək yürüşü və s.) mürəkkəb hərəkətlərin yerinə yetirilməsi məşq edilir.
3. Əxlaqi-iradi keyfiyyətlərin, böyük fiziki yükün psixoloji gərginliyi dəf etmə qabiliyyətinin tərbiyə olunmasına diqqət artırılır.
Yuxarı sinif şagirdlərində fiziki keyfiyyətləri inkişaf etdirərkən bir sıra metodiki qaydalara riayət etməkdə tövsiyə olunur.

Qüvvə keyfiyyətlərini inkişaf etdirərkən:
- dinamik və statik xarakterli təmrinlərin tam (yalnız bir yerə), regional (bir sahəyə) tətbiqi;
- qüvvəni inkişaf etdirərkən çətinliklə edilən fiziki yükün həddi böyük (gərginlik çox olduqda bir seriyada 6-8 dəfə təkrar), qüvvə dözümlülüyünün inkişaf etdirilməsində isə az olur (20-25 dəfə təkrar);
- seriyalar arasındakı dincəlmə intervalı 1-3 dəqiqə,
- hərəkət kompleksinin müddəti 10-12 dəqiqə təyin olunur,
- statik hərəkətlərin davametmə müddəti 6-8 dəqiqədən başlayır və pillə-pillə gərginləşdirilərək maksimuma çatdırılır.
Qeyd edək ki, hərəkət kompleksi dərsin əsas hissəsinin ikinci yarısına daxil edilir. Ayrı-ayrı hərəkətlər isə dərsin giriş hissəsində edilə bilər.

Sürət keyfiyyətlərini inkişaf etdirərkən:
- məşğul olanların diqqətini tamamilə icranın sürətinə cəmləşdirməyə imkan verən və texniki cəhətdən mürəkkəb olmayan hərəkətlərin tətbiqi (məsələn, 30-50 metr məsafəni maksimum tempdə təkrar qaçmaq; 1,5-2,0 dəqqə intervalla 2-4 dəfə qaçmaq), hərəkətləri qəflətən verilən siqnalla, saymaqla və s. yerinə yetirmək;
- hərəkətlərin davametmə müddəti, sürəti (tempi) azalmamalıdır;
- hərəkətlər - qabaqcadan bədəni yaxşı qızışdırdıqdan sonra - dərsin birinci hissəsində yerinə yetirilir.

Sürət-güc keyfiyyətlərini inkişaf etdirərkən:
- sürət və güc keyfiyyətləri üçün tullanma, çoxlu sıçrayışlar, atmalar və s. tələb edən hərəkətlər tətbiq edilir, həmin hərəkətlər mümkün qədər maksimum tempdə yerinə yetirilir. Fiziki yükün davametmə müddəti 20-25 san, dincəlmə intervalı 1,5 dəqiqədən 3 dəqiqəyə qədərdir.
- hərəkət kompleksinin həcmi 3-4 hərəkətdən ibarətdir. Onların yerinə yetirilməsinə 6-8 dəqiqə vaxt sərf olunur.
- Əlavə gərginliyin (müqavimət) həddini əsasən sürət-güc hərəkətlərinin hansı məqsədə yönəldilməsi müəyyən edir, daha doğrusu, müqavimətin azaldılması sürət keyfiyyətlərinə, çoxaldılması isə güc keyfiyyətlərinə böyük təsir göstərir.

Dözümlülüyü inkişaf etdirərkən:
- ümumi dözümlülük silsilə və qeyri-silsilə hərəkətləri ardı kəsilmədən bərabər intensivlikdə, təkrar-interval rejimində, yaxud dəyişən yük rejimində yerinə yetirilməsinin müddətini tədricən artırmaqla inkişaf etdirilir;
- sürət dözümlülüyü hərəkət yükünü imkan həddinə yaxın yerinə yetirməklə inkişaf edir. Birdəfəlik hərəkətlərin yerinə yetirilmə müddəti 20-45 saniyə, hərəkətlər arasındakı dincəlmə intervalları 1-1,5 dəqiqədir. Hərəkətlər, hərəsində 2-3 təkrar olmaqla seriyalarla yerinə yetirilir. Adətən bir dərs üçün 2-3 hərəkət seriyası planlaşdırılır. Seriyalar arasındakı dincəlmə intervalı 2-3 dəqiqəyədək artırılır. Hərəkət keyfiyyətlərin inkişafı prosesində hər bir şagirdin hazırlıq səviyyəsini nəzərə almaqla onlara diferensial (fərqli) yanaşmanın həyata keçirilməsi vacibdir. Hərəkət keyfiyyətlərinin inkişaf metodları arasında dairəvi məşq metodu mühüm əhəmiyyət kəsb edir. Bu metod fərdi yanaşmanı təmin etməyə, dərsin motor sıxlığını artırmağa, şagirdləri müstəqil məşğul olmağa alışdırmağa imkan verir. Gənclərin fiziki hazırlıq məşğələlərini təşkil edərkən hərbi-tətbiqi bacarıq və vərdişlərin mənimsənilməsinə, habelə öyrənilmiş hərəkətlərdən mürəkkəb şəraitdə istifadə etmə bacarığının təkmilləşdirilməsinə böyük fikir verilməlidir. Hərəki hazırlığın artırılma vasitəsi kimi hərbi-fiziki istiqamətli hərəkətləri gücləndirmək üçün fiziki hazırlıq üzrə müvafiq təyinatlı təmrinlərdən geniş istifadə edilməlidir.

Sərbəst hərəkət kompleksləri:
1. Ayaqlar aralı, qollar yanlarda dayanma vəziyyətindən əllər ayaq pəncələrinə çatana qədər qabağa əyilmək;
2. Arxası üstə uzanmadan (ayaqlar möhkəm bir yerə ilişdirilir) əlləri ayaq pəncələrinə çatdırana qədər qabağa əyilməli;
3. Dayaqlı uzanmada qolları büküb- açma;
4. Qoşa ayaqla təkan verib tullanaraq 180 dərəcə dönmək:
- paralel qollarda vaxt ərzində bucaq saxlamaq;
- paralel qollarda dayaqlanmaqla qolları say hesabı büküb-açmaq;
- maneə üzərindən mayallaq aşmaqla tullanmaq;
- paralel qollardan yanakı sıçramaq;
- pudluq (16 kq) daşları qaldırmaq;
- 3 km məsafəyə kross qaçmaq;
- marş-sıçrayış.

Hərəkətsiz və hərəkət edən hədəfə əşya (top, idman çəkici, disk və s.) qumbara atmaq kimi hərbi-tətbiqi bacarıq və vərdişlərə yiyələnmək üçün ilkin mərhələdə xüsusi təhlükəsizlik tədbirləri tələb etməyən hərəkətlər icra etmək lazımdır. Bu zaman atmanı elə öyrənmək lazımdır ki, əşyanın sürəti və uçuş trayektoriyası təmin edilsin. Bu məqsədlə müəllim 41-45 dərəc bucaq altında çəkilmiş trosdan və onun üzərində sürüşən trenajordan istifadə etsə yaxşı olar. Əvvəlcə daha sadə texniki fəndlər, məsələn, ayaq üstə dayanmadan hərəkətsiz hədəfə atmalar öyrədilir, sonra çıxış vəziyyəti çətinləşdirilir - dizi üstə oturmadan və uzanmış vəziyyətdən atmalar yerinə yetirilir. Məktəblilərə əşyanı qaça-qaça və kross qaçarkən atmağı öyrətmək lazımdır.

Şaquli və üfiqi maneələrin dəf edilməsi mühüm bacarıqdır

Şagirdlərə əvvəlki alçaq və üfiqi maneələri əli və ayağı dirəmədən, qaçışın sürətini azaltmadan dəf etməyi, maeəni dəf etdikdən sonra təkan verən ayağın üzərində yerə düşməyi öyrətmək lazımdır. Daha hündür və enli maneələri tullanaraq, hər iki ayaq üstə düşməklə dəf etmək olar. Lakin bu zaman şagirdlərə öyrətmək lazımdır ki, yerə düşdükdən sonra dayanmasınlar. Möhkəm bərkidilmiş şaquli maneəyə bir ayaq qoyulmaqla, daha hündür maneə isə əl və ayaq qoyulmaqla dəf edilə bilər. Maneənin müxtəlif bucaq altından qaçaraq dəf edilməsinin öyrədilməsi vacibdir. Hərəkətlər yerinə yetirilərkən təhlükəsizlik şərtlərinə ciddi əməl olunmalıdır. Bundan ötrü dayanmadan maneələri dəf etmənin ilkin mərhələsində yüngül, asan hərəkətlərdən istifadə etmək lazımdır. Dərinliyə hoppanma öyrədilərkən müxtəlif idman alətlərindən (gimnastika divarı, tir, gimnastika atı, paralel qollar və s.) istifadə etmək olar. Hoppanmanı az hündürlükdən (1,4-1,5 m) başlayıb tədricən onu 2 metrə çatdırmaq lazımdır. İlk məşğələlərdə üstünə düşmək üçün yerə döşək salınmalıdır. Şagirdlərə yerə hoppanarkən ayaqla yayvari hərəkət etməni öyrətmək çox vacibdir. Maneələrin üstündən aşma və sürünüb altından keçmə kimi tətbiqi vərdişlərin öyrədilməsi də vacibdir. Aşıb-keçmə hündür maneələr (hasar, divar) dəf edilərkən tətbiq edilir. Aşıb-keçmə tək və ya yoldaşın köməyilə yerinə yetirilir. Aşıb-keçmə bacarığını aşılayarkən maneənin hündürlüyü 2-2,5 m olmalıdır. Şagirdlər fiziki hazırlıqlarını möhkəmləndirərkən üzgüçülüklə də məşğul olmalıdırlar. Çünki bu növ orqanizmin bütün üzvlərinin sağlamlığına öz təsirini göstərir. Üzgüçülük hovuzu, yaxud su hövzəsi olduqda gənclərə tətbiqi üsulla üzməyi (brass və böyrü üstə üzməklə), yükü aparmağı, suyun dibindən əşyaların qaldırılması öyrədilməlidir. Boğulanı xilas etməyin və ona ilk tibbi yardım göstərməyin mənimsənilməsinə də diqqət yetirilməlidir.

Bacarıq və vərdişlər maneələr zolağının dəf edilməsində özünü göstərir

Əxlaqi-iradi keyfiyyətlər tərbiyə etmək, şagirdlərin psixoloji hazırlığı məqsədilə məşğələlər elə tərtib olunmalıdır ki, onlar cəsarətin, inamın, qətiyyətliliyin, özünü itirməməyin, təşəbbüsün, yoldaşlıq hissinin inkişafına kömək etsinlər. Bu məqsədlə, elə risk elementləri və təhlükəli vəziyyətlərdən ibarət hərəkətlərdən istifadə olunmalıdır ki, bu zaman nəticə böyük çətinlikləri dəf etmək yolu ilə qazanılsın. Belə hərəkətlərə 2 m hündürlükdə qoyulmuş dar özülün (məsələn, körpü) üstü ilə getmək, 2 m hündürlükdən tullanma, maneələr zolağını dəf etmək, 3-4 m məsafədən qaçaraq gimnastika aləti üzərindən dayaqlı tullanmalar, iki dirəyə bağlanmış kəndirlə müəyyən məsafəni dəf etmək, alətlərin üzərindən sıçrayıb tullanmalar aiddir. Bu zaman, xüsusən ibtidai mərhələdə zədələnməyə yol verilməməsi üçün təhlükəsizlik texnikasına tam əməl olunmalıdır. Şagirdlərə iradi keyfiyyətlər aşılamaq üçün şaquli maneələri elə rəngləmək lazımdır ki, onlar kərpic divara, yaxud metal çubuqlardan hörülmüş hasara və s. oxşasınlar. Şagirdlərdə mürəkkəb, qeyri-standart şəraitlərdə cəld qərar qəbul etməni aşılamaq üçün ayrı-ayrı elementlərin keçilməsini, növbələşdirmək, maneələr zolağını keçilmə şəraitini variantlar üzrə bölmək lazımdır. Gənclərin tətbiqi fiziki hazırlığı ilə onların xüsusi fiziki hazırlığı sıx əlaqədardır ki, onların vəzifəsi gənclərdə cəsarət, mərdlik, inadkarlıq, qətiyyət və intizam tərbiyə etməkdir.

Yırğalanmaya qarşı möhkəmlik gimnastika vasitələri ilə, xüsusən akrobatika hərəkətləri ilə yaxşı inkişaf edir. Bu zaman başı, bədəni fırlatmaq və əymək, qabağa mayallaq aşmaq, hərəkət zamanı dönmələr, gimnastika alətlərində hərəkətlər, dönmələr və hərlənmələrlə qaçış, yeriş və dar özül üzərində qaçmalardan ibarət ümuminkişaf hərəkətlərindən istifadə olunur. İmkan olduqda batutdan və s. istifadə etmək məsləhətdir.

Oksigen çatışmazlığına dözümlük yüngül atletika hərəkətləri (qısa və orta məsafələrlə qaçışlarda, basketbol, futbol, həndbol oyunlarında), o cümlədən sürət-güc hərəkətləri daxil olan estafetlərdə aşılanır. Şagirdlərdə qeyri-standart vəziyyətlərdə (xoşagəlməz hava şəraitində, yorğunluq zamanı) verilən tapşırıqların yerinə yetirmə bacarığı formalaşdırmağa fikir verilməlidir. Gənclərin ordu sıralarında əsgəri xidmətə hazırlanması üçün, hərbi-tətbiqi idman növlərinin inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir. Bu işə idman növləri üzrə məşğələlər təşkil edən məktəblər kömək göstərə bilərlər. Onu da deyək ki, əmək tərbiyəsi və fiziki tərbiyə sıx, əlaqəli şəkildə keçirilməlidir.

Ümumtəhsil və peşə məktəbləri gənclərin fiziki cəhətdən inkişaf etmiş, sağlam, şən, əməyə və Vətənin müdafiəsinə hazır böyüməsinə imkan yaradır. Bununla əlaqədar məktəbdə fiziki tərbiyənin mühüm məhsuldarlıq göstəricilərindən biri, şagirdlərin ƏMH kompleksinin norma və tələblərini yerinə yetirmələridir. Bununla belə qeyd etmək lazımdır ki, müasir cəmiyyətin məktəb qarşısında qoyduğu məqsədə yalnız müəllimin yaradıcı yanaşması, onun təşəbbüsü, biliyi, pedaqoji ustalığı şagird və valideynlərlə qarşılıqlı səyi ilə nail olmaq mümkündür.
Dilqəm Quliyev