Fiziki tərbiyənin formalaşmasında ailə və məktəbin qarşılıqlı əlaqəsi mühüm rol oynayır

Fiziki tərbiyənin formalaşmasında ailə və məktəbin qarşılıqlı əlaqəsi mühüm rol oynayır
İdmanın inkişafı bilavasitə uşaq və gənclərin fiziki tərbiyəyə cəlb olunmasından asılıdır. İdmana maraq göstərən, müntəzəm olaraq bu sahə ilə məşğul olan uşaq və gənclərin həyatında müsbət dönüş yaranır. Özünün asudə vaxtlarını idman zallarında keçirən uşaqlar fiziki cəhətdən gümrah böyüyür, sağlam düşüncəyə malik olurlar. Onlar cəmiyyətdə öz yerlərini tutmağı bacarır, əxlaq qaydalarına əməl edirlər. Şübhəsiz ki, uşaqların idmana cəlb olunmasında orta məktəblərin rolu danılmazdır. Fiziki tərbiyə prosesinin uğurlarını təmin edən şərtlərdən biri, bəlkə də, birincisi bu prosesdə məktəb və ailənin qarşılıqlı əlaqədə olması, birgə fəaliyyət göstərməsidir.
İbtidai məktəblilərin fiziki tərbiyəsində məktəb və ailənin əlaqə formaları müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur. Bu mövzu üzrə müxtəlif bölgülər mövcuddur. Lakin bizim məqsədimiz heç də həmin bölgüləri yada salmaq deyil, fiziki tərbiyəsi sahəsində məktəblərin ailələrlə, valideynlərlə birgə işinin formaları üzərində dayanmaqdır. İbtidai məktəblilərin fiziki tərbiyəsində məktəb ailələrlə həm fərdi, həm də kollektiv əlaqə formalarından istifadə edə bilər.

Fərdi əlaqə formaları:
a) müəllimin ailəni ziyərət etməsi;
b) valideynin məktəbə dəvət edilməsi;
c) "Açıq qapı” günləri, yaxud valideynlər üçün məsləhət saatları daxildir.

Kollektiv əlaqə formaları:
1) valideyn yığıncaqları;
2) valideyn konfransları;
3) fiziki tərbiyə üzrə biliklər lektoriyaları;
4) ibtidai məktəblilərin tərbiyəsi ilə əlaqədar valideynlərin ictimai təşkilatlar yaratması;
5) valideyn disputları;
6) ibtidai məktəblilərin qanun pozuntularının profilaktikasına, eləcə də ictimai asayişin keşiyində duran insanların həyatına həsr olunmuş filmlərin nümayiş etdirilməsi;
7) sual-cavab gecələri və s.

Bu əlaqə formalarından bəzilərini nəzərdən keçirək. Fərdi əlaqə formalarından biri müəllimin ailəni ziyarət etməsidir. Müəllimlər uşaqların davranışlarında ciddi mənfi hallar, birgə yaşayaş normalarından kənara çıxmalar, qanunun tələblərinə etinasızlıq göstərilməsini müşahidə etdikdə, həmçinin onların fiziki tərbiyəsi ilə bağlı da ailələrdə olmalıdır.

Hamımıza məlumdur ki, qüsurlu ailə tərbiyəsi etinasız uşaqların meydana çıxmasına şərait yaradır. Onlar çox zaman tərbiyəvi təsirlərə etinasızlıq göstərir, ata-analarının, müəllimlərinin sözlərinə qulaq asmır, dediklərinə əməl etmir, tez-tez hüquq normalarını, davranış qaydalarını pozur, öz yoldaşları və böyüklərlə kobud rəftar edirlər.
Lakin hər bir insanın, hər bir uşağın xarakterində mənfi keyfiyyətlərlə yanaşı, müsbət keyfiyyətlər də öz əksini tapmışdır. Tərbiyəçi, müəllim onları aşkara çıxarmalıdır. Xaraktercə bir-birinə tam bənzəyən şagird tapmaq qeyri-mümkündür. Hər bir uşağın özünəməxsus arzu və istəyi, marağı və meyli, eləcə də temperament müxtəlifliyi olur. Ona görə də hər bir ibtidai məktəblinin şəxsiyyətinə eyni cür deyil, müxtəlif şəkildə təsir göstərmək lazımdır. Bunun üçün isə hər bir şagirdi konkret olaraq tanımalı, onun fərdi fərqlərini bilmək gərəkdir.
Məşhur pedaqoq Uşinskinin təbirincə desək, pedaqoq uşağı hərtərəfli tərbiyə etmək istəyirsə, onu hərtərəfli də öyrənməlidir. Bu baxımdan görkəmli rus pedaqoqunun aşağıdakı sözləri olduqca real və təbii səslənir: "Tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə də böyük ruh tələbləri ilə tanış olmalıdır”.

Valideynin qarşılaşdığı çətinliklərlə əlaqədar
 ona kömək göstərilməlidir

İbtidai sinif şagirdinin davranışında, böyüklər və kiçiklərlə rəftarında xoşagəlməz hallar müşahidə olunduqda, həmin uşaqla fərdi iş səmərə vermədikdə, şagird kollektivi uşağa təsir göstərə bilmədikdə müəllimin həmin şagirdin ailəsinə getməsi məsləhətdir. Bu ziyarət müəllimə şagirdi hərtərəfli öyrənmək, valideynin tərbiyə işinə münasibətini və onun pedaqoji savadının səviyyəsini aydınlaşdırmaq imkanı verir. Nəticədə məktəb və ailə uşağın fiziki tərbiyəsində əlbir hərəkət etməyə başlayırlar. Bu məqsəd üçün müəllimlərin "Ailələrlə aparılan işlər”, "Valideynlərlə görüş”, " İbtidai sinif şagirdləri ilə aparılan işlər” və s. kimi xüsusi dəftərlər ayırması faydalıdır. Ailələrə getməzdən əvvəl qarşıya təxminən aşağıdakı suallara cavab almaq məqsədi qoymaq olar:

1) ibtidai sinif şagirdlərinin davranışında özünü büruzə verən xoşagəlməz halların səbəbi məhz nədədir?
2) ailənin ayrı-ayrı üzvlərinin tərbiyəlilik dərəcəsi hansı səviyyədədir?
3) ailə tərbiyəsində valideynlərdən hansının tərbiyəvi təsiri üstündür?
4) valideyn özü qanunun tələblərinə necə əməl edir?
5) valideynlər öz vəzifələrini bilirlərmi?
6) ata və yaxud ana, ailənin digər yaşlı üzvləri yeniyetmə ilə Azərbaycan qanunlarına dair hansı izahat işləri aparırlar?

Müəllim bütün bunları müəyyənləşdirdikdən sonra ibtidai sinif şagirdinin (lazım gələrsə valideynin özünün) cəmiyyətdə davranış qaydalarına necə əməl etməsinə dair valideynə lazımi məsləhətlər verir və beləliklə, tərbiyə işində birgə fəaliyyət başlanır.

Valideynin məktəbə dəvət edilməsi. İbtidai sinif şagirdlərin fiziki tərbiyəsinin təşkili prosesində sinif rəhbərləri, ayrı-ayrı müəllimlər, məktəb direktorları, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçılar uşaqların valideynini məktəbə dəvət edə bilər. Belə görüşlər şagirdlərin fiziki tərbiyəsində qarşıya çıxan çətinlikləri aradan qaldırır. Valideynlərlə fərdi söhbət zamanı uşaqların davranışında özünü büruzə verən mənfi halları müzakirə etmək, onların səbəblərini araşdırmaq, eyni zamanda valideynin tərbiyə işinə marağını və imkanını öyrənmək tövsiyə olunur. Bundan sonra ibtidai sinif şagirdlərinin fiziki tərbiyəsində valideynin qarşılaşdığı çətinliklərlə əlaqədar ona lazımi məsləhətlər verilməli, əməli kömək göstərilməlidir.

Valideynin məktəbə dəvət olunması yalnız şagirdin qanun pozğunluğuna yol verməsi müntəzəm surətdə davranış normalarından kənara çıxdığı hallarla bağlı olmaya da bilər. Müəllimlər intizamsız, ibtidai sinif şagirdləri ilə yanaşı dərslərini vaxtında yetirən, nümunəvi davranışa malik olan uşaqların valideynlərini də məktəbə çağırmalıdırlar.
Valideynlər üçün "açıq qapı”, yaxud "valideyn günləri” təşkil etmək də məsləhət görülür. Həmin günlərdə uşaqların fiziki tərbiyəsi məsələləri ilə əlaqədar dəyərli tövsiyələr etmək mümkündür.

Məktəbin ailə ilə əlaqə formalarından bəhs edərkən görkəmli pedoqoqlar, "valideynlərin pedaqoji ədəbiyyatlarla tanış edilməsi”ni də ayrıca əlaqə forması kimi verirlər. Lakin bu məqbul sayıla bilməz. Çünki müəllimlər ailəyə gedərkən, onsuz da valideynləri pedaqoji ədəbiyyatlarla tanış edirlər. "Açıq qapı” günlərində valideynlərə ailə tərbiyəsi ilə bağlı ədəbiyyatın siyahısını vermək, yaxud həmin ədəbiyyatlardakı əsas ideyalarla onları tanış etmək olar.

Mütəxəssislər müəlliflər məktəblə ailənin əlaqə formalarına "şagirdlərin valideynləri ilə yazışma”nı da daxil edirlər. Söhbət ibtidai sinif şagirdlərin fiziki tərbiyəsi, sağlamlığının profilaktikasından gedən təqdirdə bu əlaqə formasını da məqbul saymaq olmaz. Müəllim məktub vasitəsi ilə deyil, valideynlə şəxsən görüşməlidir.

Valideyn yığıncaqları - məktəblə ailənin kollektiv əlaqə formalarındandır. Valideynlərlə sıx əlaqə yaratmaq, ibtidai sinif şagirdlərinin həm təlimində, həm də fiziki tərbiyəsində ata-anaların məsuliyyətini artırmaq üçün sinif və ümumməktəb valideyn yığıncaqları keçirilir. Ümumməktəb valideyn yığıncaqlarını təxminən ildə iki dəfə, sinif valideyn yığıncaqlarını isə hər rübdə və dərs ilinin əvvəlində həmçinin, axırında çağırmaq faydalıdır. Həmin yığıncaqlar valideynlər arasında pedaqoji və fiziki tərbiyə biliklərin təbliğində də müstəsna əhəmiyyət daşıya bilər. Valideyn yığıncaqlarında təlim müvəffəqiyyəti, keçirilən materialın mənimsənilməsi səviyyəsi ilə yanaşı, ibtidai sinif şagirdlərinin məktəbdə və ailədə tərbiyəsi, o cümlədən, fiziki tərbiyədə özünü büruzə verən çətinliklər işgüzar şəraitdə müzakirə və həll edilir. Məsələn, ümumməktəb valideyn yığıncaqlarının birində fiziki tərbiyə üzrə aşağıdakı istiqamətdə söhbət aparmaq mümkündür:

1. Şagirdlərin fizki tərbiyəsi üzrə tədbirlərin əhəmiyyəti (cəmiyyətin tələblərinə məktəblilərin münasibəti və bunun onların davranışında, rəftarında ifadə olunması; şagird klub və dəstələrinin, digər fiziki tərbiyə formalarının məktəblilərin fiziki inkişafına təsiri).
2. Ailədə fiziki tərbiyə işinə münasibət (Diqqəti ata və anaların, ailənin digər yaşlı üzvlərinin nümunəsi məsələsinə yönəltmək olar).
3. Valideynlərin fiziki tərbiyə işində məsuliyyəti.

Yığıncaqda, habelə məktəblilər tərəfindən "Şagirdlər üçün qaydalar”a necə əməl olunması, ən çox hansı bəndlərin pozulması və s. kimi məsələləri müzakirə etmək mümkündür.

İbtidai sinif şagirdlərinin fiziki tərbiyəsi məsələləri ilə bağlı valideynlərin pedaqoji mədəniyyətinin artırılmasında "fiziki biliklər universitetləri”, "lektoriyalar” adlandırılan əlaqə forması da mühüm rol oynayır. Burada mühazirələri məktəbin ayrı-ayrı müəllimləri, sinifdənxaric və məktəbdənkənar fiziki tərbiyə işləri üzrə təşkilatçılar, elmi işçiləri və başqa təşkilatlar apara bilər. Mühazirələr üçün məzmunlu və aktual tematika müəyyənləşdirilməsi olduqca vacibdir. Məsələn, ibtidai sinif şagirdləri üçün "Azərbaycan Konstitusiyası qaydalarının möhkəmləndirilməsi haqqında”, "Sənin cəmiyyət qarşısında borcun”, "Bədən tərbiyəsi və idman haqqında Heydər Əliyev ideyası və fiziki tərbiyədə ondan istifadə olunması”, "Azərbaycan vətəndaşı azad ölkənin xoşbəxt adamıdır”, "I-IV sinif şagirdlərin fiziki tərbiyəsinin xüsusiyyətləri”, "Qanunlarımızın humanist xarakteri” və digər mövzularda mühazirələr oxunması məsləhət görülür.

Sorğuların aparılması çətinlikləri üzə çıxarır

İbtidai sinif şagirdlərinin fiziki tərbiyəsi ilə əlaqədar valideynlərin ictimai tapşırıqlar icra etməsi - pedaqoji mədəniyyətin, Azərbaycan vətəndaşlarının ümumi mədəniyyətinin tərkib elementi olan fiziki mədəniyyətin yüksəldilməsinin ən səmərəli formasıdır. Bu forma məktəblilərin fiziki tərbiyəsi üzrə bacarıq və vərdişlərin inkişafına kömək edir, tərbiyə işində onların fəallığını artırır. Ümumtəhsil məktəblərində mümkün qədər daha çox valideyni ictimai tapşırıqların icrasına cəlb etmək lazımdır. Əlbəttə, bu zaman onların öz həvəsləri nəzərə alınmalıdır. Axı valideynlərə elə tapşırıqlar verilə bilər ki, bu, onların ürəyincə olmaz, yaxud bu işin öhdəsindən gəlməkdə çətinlik çəkərlər. Bütün bunları nəzərə alaraq valideynlərlə aşağıdakı məzmunda sorğu aparmaq faydalıdır:

- Məktəbə, sinfə konkret hansı köməyi göstərə bilərsiniz?
- Hansı ictimai tapşırığı icra etmək ürəyinizcə olar?

Həmin suallara uyğun olaraq təxminən belə cavablar almaq mümkündür:
1. İbtidai sinif şagirdlərinə hami tərbiyəçi olaram.
2. Gənc ictimai dəstənin fəaliyyətinə kömək edərəm.
3. Gənc idman klubunun işinə kömək göstərərəm.
4. 1-12 yaşlılar klubunun işinə kömək edərəm.
5. Məktəbdə, görüşlərin, gecələrin, digər tədbirlərin keçirilməsində pedaqoji kollektivə kömək edərəm.

Həmin sorğudan sonra artıq ictimai tapşırıqlar necə gəldi bölüşdürülmür, valideynlər istəklərinə müvafiq olaraq tapşırıqlar alırlar. Nəticədə, fəaliyyət formal və könülsüz deyil, real və konüllü xarakter daşıyır.

Valideyn disputları - valideynlərin pedaqoji və fiziki mədəniyyətinin yüksəldilməsində müstəsna əhəmiyyət kəsb edir. Disput tədbirdə iştirak edənlərə qoyulmuş məsələ ilə əlaqədar rəy mübadiləsi keçirmək, hadisələri təhlil edib nəticə çıxarmaq imkanı verir. Gənc nəslin sağlamlığının qorunmasına, eləcə də Olimpiya, dünya və Avropa çempionlarının həyatına həsr olunmuş filmlərin nümayiş etdirilməsi də vacib amillər sırasınadır. Hər il respublikamızda onlarla bədii, sənədli, elmi-kütləvi filmlər istehsal olunur. Ailə tərbiyəsi, qanuna, həyat tərzinə məhəbbət həmin filmlərin əksəriyyətinin qayəsinə çevrilir. İbtidai sinif şagirdlərinin sağlamlığının qorunmasına dair filmlərin nümayişi valideynlərin fiziki mədəniyyətinin yüksəldilməsinə, onların pedaqoji maariflənməsinə kömək göstərir. Azərbaycanın idman veteranları, haqqında filmlərə baxmaq və valideynlərin iştirakı ilə həmin filmlərin müzakirəsini keçirmək faydalıdır.

Sual-cavab gecələri - pedaqoji və hüquqi biliklərin təbliğini gücləndirmək və valideynlərə yaxından kömək göstərmək məqsədilə gecələrinin təşkili tövsiyə edilir. Mühazirələrdə heç də həmişə valideynlər onları maraqlandıran və həyəcanlandıran bütün suallara cavab ala bilmirlər. Gecədə ata-analar onları düşündürən suallara daha dolğun cavablar ala bilirlər. Suallar adətən qabaqcadan yazılı formada verilir. Gecənin gedişi prosesində əlavə suallar da meydana çıxa bilər.

Valideynlərlə kollektiv əlaqə formalarından biri də pedaqoji praktikumların təşkilidir. Pedaqoji praktikumlar valideynlərin qazanmış olduqları bilikləri həyatda, ailə tərbiyəsində bacarıqla tətbiq etməsinə şərait yaradır. Hər bir məşğələdən sonra pedaqoji təhsillərini, fiziki mədəniyyətlərini artırmaq üçün onlara tövsiyələr və ailədə ibtidai sinif şagirdlərinin fiziki tərbiyəsini tərbiyəsini yaxşılaşdırmağa doğru istiqamətlənmiş tapşırıqlar alırlar. Pedaqoji praktikum, adətən, valideynə oxunmuş mühazirə və edilmiş söhbətə həsr olunur. Məsələn, "Azərbaycanın olimpiyaçıları” mövzusunda keçirilmiş söhbətdən sonra valideynlərə aşağıdakı tapşırıqları vermək mümkündür:

1. "Helsinkidən başlanan yol”, "Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı” kitablarını oxuyun.
2. Bir neçə həftə I-IV sinifdə oxuyan oğlunuzun (qızınızın) məktəbdə fiziki tərbiyə dərslərini yoxlayın. Xüsusilə aşağıdakı hallar nəzərinizdən qaçmasın:
a) uşağınız məktəbə idman forması aparırmı?
b) müəllimin uşağınıza qarşı ədalətsiz hərəkətləri onu narahat edirmi?
c) Azərbaycan idmançılarının nailiyyətləri onda sevinc hissi oyadırmı?
3. Bir neçə həftə ərzində oğlunuzun (qızınızın) Azərbaycanda idmanın inkişafı haqqında, Azərbaycan idmançılarınnın nailiyyətləri haqqında biliklərinin səviyyəsini öyrənin. Bu zaman məktəblinin Azərbaycanda fiziki tərbiyə fənni üzrə ayrı-ayrı mövzulara necə hazırlaşdığını, həmin mövzuların öyrənilməsinə nə qədər vaxt sərf etdiyini, həmin fənnə və ayrı-ayrı mövzulara onun münasibətini müəyyənləşdirin. Övladlarınızın ən çox nədə çətinlik çəkdiyini öyrənin?

Valideynə bu tapşırıq müəyyən müddət ərzində verilir. Sonra o məsləhət saatına dəvət olunur. Pedaqoji kollektivin valideynlərlə əlaqəsini möhkəmlətmək, ata-anaların məktəbə getməyini təmin etməkdə valideyn komitəsi xüsusi rola malikdir. O həm ayrı-ayrı siniflər, həm də ümumməktəb üzrə müvafiq valideyn yığıncaqlarında seçilir. Məktəb rəhbərləri valideyn komitələrinin tərkibinə ciddi fikir verməli, ailələrlə aparılan işlərdə onların gücündən maksimum istifadə etməlidirlər.

Nəzərə alınmalıdır ki, ibtidai sinif şagirdlərin psixikası, ruhi aləmi dəyişkəndir, sabit və dayanıqlı deyildir. O, yaxşı təsir altına da düşə bilər, pis təsir altına da. Təcrübə göstərir ki, ibtidai sinif şagirdləri ən çox məktəbdə və ailədə olmadıqları vaxtlarda nəzarətsiz qalır, kənar, ziyanlı təsirlərə uyurlar. İbtidai sinif şagirdlərinin məktəbdən yayınma hallarını doğuran səbəblərin təhlili belə qənaətə gəlməyimizə əsas verir ki, müəllim və tərbiyəçilərin, ata-anaların, ictimaiyyətin diqqəti yaşayış yerlərində fiziki tərbiyə işlərinin səmərəli surətdə aparılmasına doğru yönəldilməlidir.

Qeyd edək ki, məhəllə bütün uşaqların, o cümlədən ibtidai sinif şagirdlərinin həyatında, onların inkişafında mühüm əhəmiyyətə malikdir. Burada xüsusi qayda-qanun, davranış normaları müəyyən olunur, özünəməxsus vərdişlər formalaşır, bunlar bəzən nəsildən-nəslə keçir. İbtidai sinif şagirdlərinin həyətdə səylə gördükləri işlər çox vaxt kortəbii olaraq baş verir, onları heç kim təşkil etmir, heç kim istiqamətləndirmir. Burada uşaqlar öz maraqlarını ödəyir, təşəbbüs göstərir, öz yaşıdları ilə dostluq əlaqələri yaradırlar. Həyətdə (məhəllədə) onların müəyyən qabiliyyətləri, vərdişləri, niyyətləri, xarakter əlamətləri formalaşır. Bir sözlə, ailə və məktəb kimi həyət və küçə də, əsl mənada tərbiyə mühitidir və uşaqlarla iş formalarını müəyyənləşdirərkən bunu nəzərdə tutmaq lazımdır.

Nəzarətsizlik və hüquq pozğunluqları hallarının baş verməsinin qarşısını almaqdan ötrü ibtidai sinif şagirdlərinin vaxtlarının düzgün təşkili xüsusilə zəruridir. Məlum olduğu kimi, uşaqlar təhsil işi ilə günün yalnız üçdə biri qədər məşğul olurlar. Onlar günün qalan hissəsinin bir neçə saatını məktəbdənkənar, ailədənkənar yerlərdə, yəni küçədə, məhəllədə, həyətdə və digər yerlərdə keçirirlər. Ümumiyyətlə, uşaqlar bütün ilin 130-150 gününü məktəbdən, təhsil işindən kənarda dolanırlar. Ona görə də ibtidai sinif şagirdləri ilə məktəbdən, dərsdənkənar tərbiyə işlərinin, fiziki tərbiyənin aparılmaması nəzarətsizliyə səbəb olur. Dərsdənkənar mühitdə yeniyetmələrə pedaqoji təsirin göstərilməsinə diqqətin artırılması olduqca vacibdir. Bu işdə isə xüsusilə ictimaiyyətin, məktəbdənkənar müəssisələrin, əmək kollektivlərinin, inzibati orqanların rolu xüsusi əhəmiyyət kəsb edir.

Dilqəm Quliyev