Məktəb, ailə və ictimaiyyətin birgə işi şagirdlərin fiziki və mənəvi tərbiyəsini yüksəldir

Məktəb, ailə və ictimaiyyətin birgə işi şagirdlərin fiziki və mənəvi tərbiyəsini yüksəldir

İbtidai məktəblilərin fiziki tərbiyəsində məktəb və ailənin əlaqə formaları müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur. Bu mövzu üzrə müxtəlif bölgülər mövcuddur. Lakin bizim məqsədimiz heç də həmin bölgüləri yada salmaq deyil, fiziki tərbiyə sahəsində məktəblərin ailələrlə, valideynlərlə birgə işinin formaları üzərində dayanmaqdır. İbtidai məktəblilərin fiziki tərbiyəsində məktəb ailələrlə, ictimaiyyət nümayəndələri ilə həm fərdi, həm də kollektiv əlaqə formalarından istifadə edə bilər.

Görkəmli pedaqoq A.Makarenko yazırdı: "... Həyətlərə gedin, orada uşaqlarla məşğul olun. Yadda saxlayın ki, tərbiyə prosesi torpağın hər kvadrat metrində gedir və uşaqların üçdə iki hissəsi öz asudə vaxtlarını ailələrdə, həyətlərdə keçirir”.

Yaşayış yerlərində - çoxmərtəbəli binalarda, ayrı-ayrı məhəllələrdə müxtəlif peşə adamları yaşayır. Onların arasında pedaqoji işdə səriştəsi olan adamlar (müəllimlər, alimlər, jurnalistlər, tərbiyəçilər, eləcə də həkim, mühəndis və b.) olur. Yəni hər binada, hər məhəllədə gənc nəslin fiziki tərbiyəsi ilə məşğul olmaq istəyən adam tapmaq mümkündür. Belə şəxsləri aşkara çıxarıb fəaliyyətə cəlb etmək çox önəmlidir.

İbtidai sinif şagirdlərinin fiziki tərbiyə işini təşkil edən komissiyası məktəblərlə sıx əlaqə saxlamalıdır. O, ümumi icbari təhsil haqqında qanunun yerinə yetirilməsinə ciddi nəzarət etməli, yeni dərs ili ərəfəsində məktəbyaşlı bütün uşaqların təhsil işinə cəlb olunmasına çalışmalı, icbari təhsildən yayınanlarla, onların valideynləri ilə müntəzəm iş aparmalıdır. Sual oluna bilər: ümumi icbari təhsilə cəlb edilmə ilə uşaqların fiziki tərbiyəsinin nə əlaqəsi vardır?

Tədris prosesinin pis təşkili, müəllimin nəzəri və metodik cəhətdən savadsızlığı, dərsdə uşağı müstəqil işə qoşa bilməməsi, dərsi tərbiyəvi cəhətdən istiqamətləndirməyi bacarmaması, üstəlik onun kobudluğu şagirdi məktəbdən soyudur. İbtidai sinif şagirdlərinin intizamsızlığı belə yaranır. Hərtərəfli və dərin bilik insanı hərtərəfli inkişaf etdirir, onun istedadını çiçəkləndirir, onu həyata hazırlayır, həyatda fəal mövqe tutmasına kömək göstərir. Sinifdənxaric və dərsdənkənar tərbiyə işləri uşaqlara nəcib keyfiyyətlər aşılayır.

Uşaq və yeniyetmələrlə iş prosesində aşağıdakılar əsas götürülməlidir:

- onlara həyatın qanunauyğunluqlarını və qaydalarını dərk etdirmək; uşaqların həyatda öz yerini və rolunu müəyyənləşdirməsinə, öz hüquqlarını bilməklə yanaşı, cəmiyyətin bir üzvü kimi üzərlərinə düşən vəzifələri başa düşməsinə nail olmaq;
- ibtidai sinif şagirdlərinin sağlamlığına diqqət yetirmək, birgə yaşayış qaydalarına, Azərbaycanın həyat tərzinə, müstəqillik gerçəkliyinə məhəbbət ruhunda tərbiyə etmək, onlarda Vətəni müdafə etməyə hazır olmaq hissi formalaşdırmaq;
- ibtidai sinif şagirdlərini birgə yaşayış qaydalarını, Azərbaycan qanunlarını, hüquq və davranış normalarını pozanlara qarşı mübarizə ruhunda tərbiyələndirmək;
- onları müxtəlif fənn dərnəklərinə, klublarına, idman yarışlarına cəlb etməklə asudə vaxtlarını səmərəli təşkil etmək.

Valideynlərlə iş prosesi:

- uğursuz ailələri aşkara çıxarıb ictimaiyyətin həmin ailələr üzərində təsirinə nail olmalı;
- ibtidai sinif şagirdləri olan övladının fiziki tərbiyəsinə etinasızlıq göstərən ata-analarla fərdi işi həyata keçirməli;
- valideynlərin pedaqoji və hüquqi maariflənməsinin qeydinə qalmalı, bu məqsədlə ictimaiyyət nümayəndələri, müəllimlərin, alimlərin, hüquqşünasların mühazirələrini təşkil etməli. Onlar məktəblərlə sıx əlaqə saxlamalıdır.

2. İbtidai sinif şagirdlərinin sağlamlığının qorunmasını təmin etmək. Bu işdə ictimai təşkilatların nümayəndələri, müxtəlif peşə adamları, inzibati orqan içşiləri, bədən tərbiyəsi mütəxəssisləri, pedaqoji kollektivlərin üzvləri fəal iştirak edə bilərlər.
Bu şəxslər uşaqlarla kollektiv və fərdi iş aparır, onların arasında fiziki tərbiyə təbliğatını genişləndirir. Uşaqlarla iş prosesində özünəinam metodlarından geniş istifadə olunmalıdır.

Məktəblərdə həm də valideynlərlə iş aparılmalıdır. Bu vaxt onlara uşaqların fiziki tərbiyəsinin məqsəd və vəzifələri, məzmunu, ailədə fiziki tərbiyəsinin səmərəli təşkili məsələləri ilə bağlı onlara müvafiq məsləhətlər verilməlidir. Ata-analara xatırlatmaq yerinə düşər ki, övladlarının fiziki tərbiyəsi ilə məşğul olmaq təkcə onların işləri deyil, bu, həm də onların vəzifələridir. Valideynlər bunun üçün cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyırlar.

Tərbiyə prosesində şagirdin ailəyə, ayrı-ayrı müəllimlərə, təhsilə, ictimai işlərə münasibətini bilmək də zəruridir. Oxuduğu sinifdə uşaqlar ona necə münasibət bəsləyirlər? Yaxud onun sinif kollektivinə təsiri necədir? Sinif yoldaşlarının təhsilinə, davranışına pis təsir göstərirmi? Kollektiv onu sevmirsə bunu ona bildirirmi, ona öz tədbirlərində iştirak etməyə icazə verirlərmi?

Qabaqcıl məktəblərin təcrübəsi göstərir ki, əlbir iş uşaqların fiziki tərbiyəsində ən səmərəli vasitədir. Bunun səbəbi aydındır. Çünki valideynlər və ictimaiyyət nümayəndələri müəllimlərlə, habelə uşaqlarla birlikdə keçirilən tədbirlərdə həvəslə iştirak edirlər. Onlar uşaqlar haqqında yeni söz, yeni xəbər eşitmək arzusundadırlar, istəyirlər ki, övladlarının tədbirlərdə necə iştirak etdiklərini öz gözləri ilə görsünlər, müəllimlərin məsləhətlərini dinləsinlər. İbtidai sinif şagirdlərinə gəlincə, onlar öz valideynləri və ictimaiyyət nümayəndələri ilə birgə keçirilən tədbirlərdə iştirak etməyə can atırlar. Adətən, belə tədbirlərdə özünü intizamsız aparan şagirdə rast gəlmək olmur. Uşaqlar bir nəfər kimi çalışırlar ki, ata-analarını, müəllimləri və tərbiyəçiləri sevindirsinlər. Bir növ, yeniyetmələr fürsətdən istifadə edərək sübut etməyə çalışırlar ki, onlar nəyə qadirdirlər. Bununla da valideynlər arxayın olurlar ki, övladlarına cəmiyyətin gələcəyi kimi baxmaqla heç də səhv etmirlər. Qeyd etmək lazımdır ki, əlbir (məktəb, valideynlər) şəraitdə həyata keçirilən tədbiri şagirdlər heç vaxt unutmurlar, həmin tədbirləri onlar xoş xatirə kimi həmişə yada salırlar. Başlıcası isə odur ki, birgə həyata keçirilən tədbirlər şagirdləri hər cür şəraitdə yaxşı iş görməyə ruhlandırır. Şübhəsiz ki, birgə tədbirlər tez-tez təkrar olunduqda uşaqlarda verilmiş tapşırıqları layiqincə yerinə yetirmək vərdişi əmələ gəlir. Onlar tədricən buna alışır, çətinlikdən qorxmur, həmişə ictimai-faydalı işlər görməyə səy göstərirlər.

Uşaqlarla, ailə və ictimaiyyətlə görülən birgə iş məktəbin, pedaqoji kollektivin nüfuzunu hamının yanında yüksəldir, onun rəhbər rolunu artırır, hər bir müəllimdə məsuliyyəti qüvvətləndirir. Uşaqlar, onların valideynləri, habelə ictimaiyyət nümayəndələri məktəbə böyük inam bəsləyir, onun hər bir çağırışına dərhal səs verir, tədbirlərin yüksək səviyyədə keçirilməsinə nail olmağa çalışırlar. Qabaqcıl pedaqoji kollektivlərin üzvləri təsdiq edirlər ki, düzgün planlaşdırılan və əlbir şəraitdə həyata keçirilən tədbirlər uşaqların fiziki tərbiyəsinə müsbət təsir göstərir, onların nümunəvi davranmalarına, daxili qayda-qanuna düzgün əməl etmələrinə kömək edir. Şagirdlərlə, ailə və ictimaiyyətlə aparılan əlbir işin məqsədi məhz budur.

Fiziki tərbiyə sahəsində olan nöqsanlar 
məktəblilərin davranışına nəzarəti zəiflədir

Qabaqcıl orta ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri ibtidai sinif şagirdlərinin fiziki tərbiyəsinə ciddi fikir verir, bu sahədə müvəffəqiyyətlər qazanırlar. Müntəzəm müşahidə apardığımız Bakıdakı 200 nömrəli məktəbdə pedaqoji kollektivin işi bu cəhətdən təqdirəlayiqdir. Pedaqoji kollektivin hər bir üzvü özünə, eləcə də ibtidai sinif şagirdlərinə ciddi tələbkarlıqla yanaşır, rast gəldiyi nöqsanlara biganə qalmır, həmin nöqsanların səbəbini araşdırır, çıxış yolu tapıb tədbir görür. İbtidai sinif şagirdlərinin fiziki tərbiyəsini günün tələbləri səviyyəsinə qaldırmaq üçün ailə və ictimaiyyətlə sıx əlaqə saxlayır, onların arasında tərbiyəvi və kütləvi-izahat işləri aparırlar. Bütün bunların nəticəsidir ki, uşaqlar həmişə səliqə-sahmana ciddi fikir verir, mədəni davranış qaydalarına, intizama dəqiq riayət edirlər.

200 nömrəli məktəbin pedaqoji kollektivi ibtidai sinif şagirdlərinin fiziki tərbiyəsini möhkəmləndirmək məqsədi ilə daim maraqlı və məzmunlu tədbirlər həyata keçirir, bütün valideynləri bu tədbirlərdə fəal iştirak etməyə cəlb edir, məktəb və ictimai təşkilatların fəaliyyətini düzgün istiqamətləndirərək öz məqsədinə nail olur. Pedaqoji kollektiv fiziki tərbiyənin yüksəldilməsində "İbtidai sinif şagirdləri üçün qaydalar”ın rolunu düzgün qiymətləndirir. Məktəbdə həmin qaydalar səliqə ilə yazılaraq divardan asılmışdır. Müəllimlər "Qaydalar”ı şagirdlərə bütövlükdə, özü də ətraflı izah edir, hər bir maddənin məktəblilər tərəfindən yerinə yetirilməsinə ciddi nəzarət edirlər. Kompleks planda həmin məsələlərin həlli üçün müvafiq tədbirlər ön sıraya çəkilir. Məsələn, şagirdlərin fiziki tərbiyəsi məqsədi ilə planlaşdırılan tədbirlər həm ümumməktəb üzrə, həm də ayrı-ayrı siniflər üzrə nəzərdə tutulur. Ümumməktəb üzrə "İbtidai sinif şagirdlərinin fiziki tərbiyəsi” bölməsi altında tədbirlər ümumi şəkildə əks etdirilirsə, ayrı-ayrı siniflər üzrə, bu, konkret şəkildə verilir. Həm də ayrı-ayrı siniflər üzrə, xüsusilə I-IV siniflər üzrə fiziki tərbiyə sahəsində nəzərdə tutulan tədbirlər şagirdlərin yaş və fərdi xüsusiyyətlərinə müvafiq şəkildə seçilib qruplaşdırılır.

Məktəbin pedaqoji kollektivi ibtidai sinif şagirdlərinin fiziki tərbiyəsi üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirlməsi üçün yeni-yeni yollar və vasitələr axtarıb tapır. Həmin yol və vasitələr arasında məktəb, ailə və ictimaiyyətin əlbir işi mühüm rol oynayır. Kompleks planda "Məktəbin ailə və ictimaiyyətlə birgə işi” bölməsi üzrə tədbirlər "Valideynlər məktəblə birlikdə”, həmçinin, "Yaşayış yeri üzrə işlər” adı altında verilir. Diqqəti cəlb edən cəhət bundan ibarətdir ki, tədbirlər düşünülmüş şəkildə seçilir və sistemli qaydada əks etdirilir. Onların bəzilərini göstərmək məqsədə uyğundur:

1. Məktəbin planı ilə birlikdə valideynlər komitəsinin planını hazırlamaq.
2. Valideynlərlə məqsədyönlü iş aparmaq, onlara pedaqoji elmin əsaslarını öyrətmək, ibtidai sinif şagirdlərinin fiziki tərbiyəsində onlara kömək etmək, uşaqların sağlam böyüməsində valideynlərin məsuliyyət daşımasına nail olmaq.
3. "Valideynlər universiteti”nin işini davam etdirmək, "universitet”in quruluşunu təkmilləşdirmək, yeniyetmələrlə işi gücləndirmək.
4. Pedaqoji ümumtəhsil günü təyin etmək, valideynlərlə müntəzəm iş aparmaq.
5. Yaxşı uşaqlar tərbiyə edən valideynlərin bayram günlərində təbrik olunmasını davam etdirmək.
6. "Necə yaşamalı?” mövzusunda dərs keçmək.
7. Yaşayış yerlərində müxtəlif yaşlı uşaqların dəstəsini yaratmaq, ictimai təşkilatların fəaliyyətini genişləndirmək və onların hər bir məktəbliyə təsirini gücləndirmək.
8. "Bu günümüz və sabahımız” mövzusunda mikrorayonda stend təşkil etmək.
9. Mikrorayonda yaşayan idman veteranları ilə görüş təşkil etmək.

Pedaqoji kollektiv kompleks planda nəzərdə tutulmuş tədbirlərdən əlavə günün tələblərindən irəli gələn məsələləri də nəzərdən qaçırmır və həmin məsələlərlə əlaqədar əlavə tədbirlər həyata keçirir. Məsələn, "Peşə seçməkdə ailənin rolu”, "Valideynin şəxsi nümunəsi” mövzularında valideyn yığıncağı, "Şagirdlərin əxlaq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi” mövzusunda valideyn konfransı və s. tədbirlər yüksək səviyyədə keçirilmişdir. Bütün bu tədbirlərin nəticəsi göz qabağındadır: Ailə və ictimaiyyətin əlbir fəaliyyəti sayəsində məktəbdə nizam-intizam daha da möhkəmlənmişdir.

Təcrübə göstərir ki, məktəbin rəhbər işçiləri məktəb rejiminə, ailə və ictimaiyyətlə əlaqə və s. məsələlərə məsuliyyətlə yanaşdıqda ibtidai sinif şagirdlərinin fiziki tərbiyəsi də yüksək səviyyədə olur. 200 saylı orta məktəbdə vaxtilə fiziki tərbiyə dərslərinə davamiyyət çox zəif idi. Şagirdlər üzürsüz olaraq tez-tez dərs buraxır, məktəbin daxili intizam qaydalarına əməl etmirdilər. Bu isə pedaqoji kollektivin öz məqsədinə çata bilməməsinə səbəb olurdu. Məktəb rəhbərliyi vəziyyətdən çıxış yolunu ailə və ictimaiyyətlə əlaqəni möhkəmləndirməkdə görüb. Beləliklə, işdə valideynlər, ictimaiyyət nümayəndələrinin köməyi ilə məktəbin hasarı, yollar qaydaya salınıb, həyətdə çoxlu bəzək və meyvə ağacları əkilib, ayrı-ayrı fənn kabinetləri təşkil edilib, idman zallarında səliqə-sahman yaradılıb. Bütün bunlar pedaqoji kollektivlə şagird kollektivinin, eləcə də ailə və ictimaiyyətin səylərini birləşdirib, ibtidai sinif şagirdləri arasında fiziki tərbiyə dərslərinə davamiyyəti möhkəmləndirib, məktəbi qabaqcıl maarif ocaqları sırasına çıxarıb.

Şübhəsiz ki, yuxarıda qeyd olunan müsbət halları bütün məktəblərə aid etmək olmaz. Müşahidə apardığımız bir sıra məktəblərdə ibtidai sinif şagirdlərinin fiziki tərbiyəsi sahəsində ciddi nöqsanların olduğunu qeyd etmək lazımdır. Ümumiyyətlə, bəzi məktəblərdə fiziki tərbiyə heç də tələb olunan səviyyədə deyil. Pedaqoji kollektivlərin bir qismi fiziki tərbiyənin təşkilinə, valideynlərin və ictimaiyyət nümayəndələrinin bu işə cəlb edilməsinə fikir vermir. Məktəblərimizin bəzilərində şagirdlər arasında intizamsızlıq halları qabarıq surətdə nəzərə çarpır. Bu, hər şeydən əvvəl, özünü dərsə davamiyyətdə göstərir. Məktəblərin bir qismində şagirdlərin dərsə davamiyyəti işinə ciddi nəzarət edilmir, dərsə müntəzəm və vaxtında gəlməyin əhəmiyyəti şagirdlərə və onların valideynlərinə ətraflı izah edilmir, nəticədə isə məktəblilər öz üzərlərində məsuliyyət hissi duymur, dərslərə gecikir və ya üzürsüz olaraq tez-tez dərs buraxırlar.

İstər şəhər məktəblərində, istərsə də kənd məktəblərində dərsə davamiyyət üzrə nöqsanların aradan qaldırılmasının başlıca şərti ailə və ictimaiyyət nümayəndələrinin məktəbə nəzarətini artırmaqdan ibarətdir.

Nöqsanlar heç də öz-özünə baş vermir

İbtidai sinif şagirdlərinin bir çoxu fiziki tərbiyə sahəsində məktəblilərin qarşısına qoyulmuş tələblərin mənasını başa düşmür, hərəkətlərində ciddi nöqsanlara yol verir. Bəzi şagirdlər isə həmin tələbləri çox gözəl başa düşdükləri halda, onları qəsdən yerinə yetirmirlər. Şübhəsiz, belə bir vəziyyət nəticəsində məktəbin ümumi işinə zərər dəyir, müəllim isə öz məqsədinə nail ola bilmir. Bəs davranış qaydalarını hansı şagirdlər pozurlar? Birinci növbədə, müəllimin nəzarətini öz üzərində hiss etməyən şagirdlər. Belə şagirdlər istər-istəməz öz davranışlarında ciddi nöqsanlara yol verirlər. Onlar tənbəllik edir, müəllimlərə və valideynlərə kobudluq göstərir, özlərinə başqası tərəfindən tələbkarlıq gördükdə şıltaqlıq edirlər.

Əlbəttə, bu işdə yalnız məktəbin, müəllimlərin deyil, valideynlərin, bir sözlə, ictimaiyyətin də nəzarəti olmalıdır. Yeniyetmənin həmişə inkişaf edən, dəyişən xarakteri elədir ki, o, nəzarətin harada olub-olmadığını dərhal hiss edir. Əgər məktəbdə ciddi nəzarət olduğunu görən şagird özünü burada necə yaxşı aparırsa, evdə, küçədə bu intizamın zəiflədiyini gördükdə özünü istər-istəməz həddən artıq sərbəst hiss edir. İbtidai sinif şagirdlərinə bir insan kimi hörmət etmədikdə də o, intizam qaydalarını daha da pozmuş olur. Yadda saxlamaq lazımdır ki, ibtidai sinif şagirdi özünü daha körpə uşaq deyil, böyük hesab edir. Odur ki, o, heysiyyatı təhqir olunanda dözmür, etirazını bildirir. Təcrübə göstərir ki, ibtidai sinif şagirdləri ilə mədəni davranmaq lazımdır, onlara tələbkarlıq göstərən zaman qayğı da göstərmək vacibdir. İbtidai sinif şagirdi hiss etməlidir ki, tələbkarlıq ona göstərilən hörmətin nəticəsidir.
Dilqəm Quliyev