Uşaqların sağlamlığı və fiziki cəhətdən inkişafı ən vacib məsələdir

Uşaqların sağlamlığı və fiziki cəhətdən inkişafı ən vacib məsələdir

İdman həyatımızla çox bağlıdır. O, insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. İdman həm də insanları psixoloji sarsıntılardan qoruyan vasitədir. Mütəxəssislərin fikrincə, mənfi elementlərin orqanizmə təsiri bəzən o qədər böyük olur ki, orqanizmin özünü bu təsirlərdən qorumağa gücü çatmır. Bu cür hallarla rastlaşan on minlərlə insanın təcrübəsi sübut edir ki, mənfi təsirlərə qarşı ən yaxşı mübarizə üsulu məhz idman, fiziki tərbiyədir. İdman hərəkətləri orqanizmin bərpasına, möhkəmlənməsinə yardım edir. O, fiziki və mənəvi tərbiyənin formalaşmasında, sağlamlığın qorunması və bərpası yolunda cəmiyyət üçün "yaşıl işıq” rolunu oynayır.

Cəmiyyətimizə sağlam və güclü uşaqlar lazımdır

Uşağın sağlamlığına göstərilən diqqət çox erkən - uşaq bağçasından başlanılmalıdır. Sevindirici haldır ki, hazırda bu iş ölkəmizin əksər uşaq bağçalarında xüsusi proqramlarla həyata keçirilir. Məsələn, Sumqayıt şəhərindəki 48 nömrəli "Pərvanə” körpələr evi-uşaq bağçası burada tərbiyə alanların fiziki cəhətdən sağlam və gümrah böyüməsi uğrunda əzmlə çalışır. Bağçanın pedaqoji kollektivi fiziki tərbiyənin inkişafını həmişə ön plana çəkir, bu vacib məsələnin həllində bir sıra məqsədyönlü tədbirlər həyata keçirir. Pedaqoji kollektivin gündəlik fəaliyyətinin əsasını təşkil edən uşaqların fiziki tərbiyəsi məsələsinə yaradıcı yanaşan tərbiyəçilər idmanın müxtəlif növlərinə (üzgüçülük, voleybol, basketbol, mini futbol) və milli xalq oyunlarına xüsusi diqqət yetirirlər.

Uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olmaq üçün oraya yollandıq. Bağçanın həyətindəki səliqə-səhman, uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılan şərait, burada quraşdırılan sadə idman qurğuları diqqətimizi cəlb etdi. Bağçanın tərbiyəçisi Nailə Bağırzadə burada həyata keçirilən işlərdən, uşaqlara göstərilən qayğıdan söhbət açdı: "10 ildən çoxdur ki, tərbiyəçi kimi çalışıram. Bu illər ərzində yüzlərlə uşağın tərbiyəsi, onların sağlamlığının qorunması, ümumilikdə, gələcək həyata hazırlanmasında əməyim olub. Uşaqlar xalqımızın gələcəyidir. Buna görə də onlara xüsusi qayğı ilə yanaşmaq, layiqli vətəndaş kimi yetişdirmək hər kəsdən məsuliyyət tələb edir. İstər valideynlər, istərsə də, bağçada çalışan tərbiyəçilər bu məsuliyyəti dərindən dərk etməlidirlər. İşlədiyim 48 nömrəli bağçada uşaqların fiziki tərbiyəsi üzrə işlər üç istiqamətdə aparılır: əvvəlcə balacaların idmana cəlb olunmasına tədricən başlanılır; bu iş müntəzəm davam etdirilir; nəhayət, uşaqlara fərdi yanaşılır. Metodist və tərbiyəçi pedaqoqların iştirakı ilə uşaq bağçasında, hər şeydən əvvəl, uşaqların düzgün fiziki inkişafına, gündəlik rejim və gigiyenanın tələblərinə cavab verən şərait yaradılıb. Bağçada fiziki tərbiyə məşğələləri üçün müvafiq avadanlıqlarla təchiz edilmiş idman salonu, valideynlərin köməyi ilə yaradılmış meydança var. Hər dərs ilinin əvvəlində uşaqların sağlamlığının yoxlanılması ilə bağlı müayinə aparılır. Onların sağlamlığının və fiziki inkişaf səviyyələrinin hərtərəfli qiymətləndirilməsi fiziki tərbiyə işinin əsasını təşkil edir. Uşaqların sağlamlığı öyrənilərkən onların boylarına, çəkilərinə, fiziki inkişafına, keçirdikləri xəstəliklərə, valideynlərin uşaqlara hansı formada nəzarət etdiklərinə, uşaqların əsəb sisteminin hansı formada olmasına və s. fikir verilir”.

Uşağın tərbiyəsi ilə bağlı görülən işlər heç də bütün hallarda
 müsbət səciyyə daşımır

Ailədə fiziki tərbiyə münasibətləri sırf məişət problemi çərçivəsindən çıxıb daha geniş məna və məzmun kəsb edir, ictimai xarakter alır. Bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı uşaq, yeniyetmə və gənclərin təkcə idman ocaqlarında deyil, ailələrdə də bu qayğını hiss etməsinə zəmin yaradıb. Təcrübəli psixoloq Əhməd Şirinzadə bu məsələ ilə bağlı danışanda valideynlərə bəzi tövsiyələrini verdi: "Əgər valideynlər uşağı körpə yaşlarından su proseduruna və fiziki hərəkətləri əhatə edən məşqlərə cəlb etsələr, o, daha sağlam böyüyər. Ailə şəraitində uşaqların fiziki tərbiyəsinin təşkili məsələləri müxtəlif sosial, psixoloji, fizioloji və digər amillərlə şərtlənir. Təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, ailədə uşağın tərbiyəsi ilə bağlı həyata keçirilən işlər heç də bütün hallarda müsbət səciyyə daşımır. Məsələn, müasir ailələrin əksəriyyətində, adətən, həm ata, həm də ana istehsalatda çalışır. Bunun nəticəsində uşaqlar əksər hallarda dərsdən sonra evdə tək qalır, axşama qədər valideyn nəzarətindən kənarda olurlar. Onlar ciddi nəzarətin olmamasından istifadə edərək günlərini küçələrdə, parklarda keçirirlər. Valideyn işdən qayıtdıqdan sonra diqqətini daha çox televiziya verilişlərinə yönəltməsi (ata), ev işləri görməsi (ana) və s. ailənin kiçik üzvlərinə nəzarətin minimum həddə qədər azalmasına səbəb olur. Bu isə, onların fiziki inkişafı üçün mühüm əhəmiyyət kəsb edən fiziki hərəkətlərə tələbatın ödənilməməsinə şərait yaradır. Ailədə uşaqların fiziki tərbiyə məsələlərinin müvəffəqiyyətli həlli tərbiyə prosesinin təşkilindən və imkanlarından, şərait və vasitələrdən səmərəli şəkildə istifadə olunmasından asılıdır. Bunlara ailənin məişət şəraiti, ailə üzvlərinin sayı, ailənin quruluşu, buradakı mənəvi və emosional-psixoloji şərait, ailə üzvləri arasında olan münasibətlərin və ünsiyyətin xarakteri daxildir. Ailədə fiziki tərbiyənin təşkilinin başlıca qüsurlarından biri valideynlərlə uşaqlar arasında ailədaxili münasibətlərin düzgün qurulmamısıdır. Bu münasibətlər çox vaxt kortəbii səciyyə daşıyır. İşlədiyim bu illər ərzində dəfələrlə valideyn-övlad münasibətinin qeyri-normal olmasını müşahidə etmişəm”.

Təbii ki, valideynlə övladı arasında münasibət hər şeydən əvvəl dostluq xarakteri daşımalıdır. Yəni, istər ata, istər ana evdə öz övladı ilə xoş münasibət yaratmalıdır. Elə etmək lazımdır ki, uşaq öz problemini valideyninə deməkdən çəkinməsin. Bütün bunlar uşağın həm tərbiyəsinə, həm də onun kamil insan kimi formalaşmasına zəmin yarada bilər. Ailədə fiziki tərbiyə ilə bağlı iş planlı surətdə, müntəzəm və məqsədyönlü aparılarsa, onun keyfiyyət və səmərəsi xeyli yüksələr. Ən başlıcası isə, valideynlər fiziki tərbiyənin sağlamlıq və sosial əhəmiyyətini öz övladlarına inandırıcı şəkildə başa salar, uşaqların idmana olan münasibəti xeyli yaxşılaşar. Bu yolla valideyn uşaqda idmana fəal münasibət yarada bilər. Bundan əlavə, ailədəki ümumi əhval-ruhiyyə və fiziki tərbiyə üzrə aparılan əməli işlər qarşıya çıxan bütün çətinlikləri aradan qaldırmağa imkan verər. Qeyd edək ki, ailədə fiziki tərbiyə məsələlərinin təşkili və idarə edilməsi mürəkkəb prosesdir. İlk baxışdan bu, asan görünə bilər. Uşağın bədən tərbiyəsinə, idmana cəlb olunması valideynlərdən nəzəri və təcrübi bilik, bacarıq və hövsələ tələb edir. Uşaqlarımızın fiziki sağlamlığı hər birimiz üçün çox böyük əhəmiyyət daşıyır. Bunu nəzərə almalı, valideyn olaraq, uşaqlarımızın fiziki sağlamlığının keşiyində möhkəm dayanmalıyıq.

"İdmanla məşğul olan uşaq həvəsləndirilməlidir”

Təcrübə göstərir ki, uşağın qabiliyyətinin hansı səviyyədə olması ilə bağlı dəqiq məlumat toplamaq üçün üç metoddan (anket sorğusu, müsahibə və müşahidə) ən münasibi müşahidə və müsahibədir. Burada əldə edilən subyektiv qiymətlər anket sorğusuna nisbətən daha güclüdür. Bununla yanaşı, anket sorğusu vasitəsilə qeyri-məhdud miqdarda məlumat almaq və materialları hesablama maşınına vermək imkanları mövcuddur. Digər tərəfdən, yazılı anket sorğusu yolu ilə elə obyektiv faktlara malik olmaq mümkündür ki, onları statistik metodlarla əldə etmək, sadəcə, imkan xaricindədir. Anket sorğusunda insanların bədən tərbiyəsi və idmana olan maraqlarında psixoloji mühit və münasibətlərin aşkar edilməsi o qədər də mümkün deyil. Bu metodun köməyi ilə yalnız münasibətlərin ümumi xüsusiyyətləri haqqında məlumat almaq mümkündür.

Əhməd Şirinzadənin fikrincə, anket sualları üç qrupa bölünməklə ümumi suallarla başlanır. "Buraya sorğuda iştirak edənin cinsi, yaşı, təhsili, ailə vəziyyəti, ixtisası, valideynlərin bədən tərbiyəsi və idmana münasibətlərini aşkara çıxaran suallar daxil edilir. Sualların bir qismi şəxsiyyətin formalaşmasında bədən tərbiyəsi və idmanın əhəmiyyətinin valideynlər tərəfindən necə başa düşmələrinə və onların bu sahəyə necə münasibət bəsləmələrinə yönəldilir. Suallar hər kəsə öz fikirlərini sərbəst, çəkinmədən söyləməyə şərait yaradır. Lakin bu növ anketlərdə həm də bəzi nöqsanlara rast gəlinir. Onlar aşağıdakılardan ibarətdir: cavabların heç də hamısı tam və dolğun olmur. Dəqiq, dərin məzmunlu cavablara da az təsadüf olunur ki, bunları da qruplaşdırmaq çətinlik törədir. Buna görə də, sorğunu fərdi aparmaq daha məqsədəuyğundur. Söhbət zamanı kənar adamların sorğuda iştirak etməsi cavabların obyektivliyinə mane olur, sərbəst və açıq etiraf qaydaları hökmən pozulur. Uşaqların bədən tərbiyəsi və idmana marağının aşkar edilməsində yaş dövrləri ilə əlaqədar marağın səviyyəsindəki dəyişiklik nəzərə alınmalıdır. Bu məqsədlə çətin xarakterə malik yeniyetmə məktəblilərdə bədən tərbiyəsi və idmana olan marağın məzmunu, xüsusiyyətləri və inkişaf dinamikası, eləcə də marağın vəziyyəti təhlil edilməlidir. İdmanla məşğul olan uşaq valideynləri tərəfindən həvəsləndirilməlidir. Bu, müxtəlif yollarla həyata keçirilə bilər. Məsələn, valideynlər və ailənin digər üzvləri uşağın çıxışlarını vaxtaşırı izləyirsə, belə ailə qruplarında idmana maraq o biri ailə qrupları ilə müqayisədə iki dəfə yüksək olur. Ümumiyyətlə, ailə üzvlərinin hansısa yarışda iştirakı nəticəsində həmin ailədə idmana maraq daha da mütəşəkkil xarakter alır. Belə ki, oğlan və qızlar ata və anasının, bacı-qardaşının idman yarışlarında iştirakını görərkən, onda ruh yüksəkliyi, özünəinam kimi çox mühüm mənəvi-psixoloji keyfiyyətlər inkişaf edir. Çətin xarakterli yeniyetmələrdə bədən tərbiyəsi və idmana marağın yaradılmasında ailədə uzun illər ərzində bərqərar olmuş idman ənənələri əhəmiyyətli dərəcədə böyük rol oynayır. Lakin heç də bütün ailələrdə belə ənənələr olmur. Bəzən ailədə heç kim idmana maraq göstərmir. Bu, həmin ailənin uşaqlarına mənfi təsir edir. Müşahidələrim belə deməyə əsas verir. Mənim yanıma gələn hər bir valideynlərə tövsiyə edirəm ki, uşaqların fiziki sağlamlığını, onun psixoloji vəziyyətini normalaşdırmaqdan ötrü idman zallarına üz tutsunlar”, - deyə o vurğuladı.

Ailə ictimai münasibətlərin, bir növ, daşıyıcısıdır. Məhz həmin münasibətləri dəqiq öyrənməklə ailədə fiziki tərbiyə ilə bağlı olan məsələlərin əsas xüsusiyyətlərini başa düşmək mümkündür. Çünki ictimai münasibətlər ailənin daxili həyatının məğzini təşkil edir və onun hərəkətverici qüvvəsidir. Deməli, ailə təklikdə fiziki tərbiyə məsələlərini həll edə bilməz. Odur ki, bu prosesin həllinə kompleks yanaşmaq, məktəbin, idman təşkilatlarının, ictimaiyyətin köməyinə arxalanmaq lazımdır.

Rahib Səmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün