İdman məktəbləri uşaq və gənclərin həyatında mühüm rol oynayır

İdman məktəbləri uşaq və gənclərin həyatında mühüm rol oynayır

Sağlam cəmiyyət sağlam gələcək deməkdir. Sağlam cəmiyyəti formalaşdırmağın yolu, belə demək mümkünsə, idmandan keçir. Səhərlər təmiz havada yüngül qaçışla məşğul olmaq, sadəidman hərəkətləri etmək fiziki sağlamlığın təməli sayılır. İdman həm də insanların vaxtlarının səmərəli keçməsinə kömək edir, həmçinin onları zərərli vərdişlərdən uzaq tutur. Şübhəsiz ki, idman və bədən tərbiyəsi gənc nəsil üçün daha vacibdir. Axı gələcək bugünkü uşaq və yeniyetmələrin əlindədir.

İdmanın daimi inkişafı uşaq və gənclərin bu sahəyə cəlb olunmasından asılıdır. Onların fiziki sağlamlığı üçün lazımi şərait yaratmaq, həmin şəraitdən bəhrələnərək idmana yenicə gələn uşaqların yarışlarda özlərini sınamasını təmin etmək də çox vacibdir. Bütün bunlar gələcəyimiz olan uşaq və gənclərin həm mənəvi, həm də fiziki sağlamlığına xidmət edir. Təbii ki, fiziki və mənəvi sağlamlıq idmanda özünü daha çox büruzə verir.

Böyük idmana gedən yol uşaq idmanından başlandığından dövlətin idmana göstərdiyi diqqət də ildən ilə artmaqdadır. Uşaq idmanına dövlət tərəfindən göstərilən qayğı bu gün artıq öz bəhrəsini verib. Belə ki, hazırda həm paytaxt Bakıda, həm də bölgələrdə minlərlə uşaq, yeniyetmə və gənc müxtəlif idman növlərinin sirlərinə yiyələnir. Paytaxtda, eləcə də bölgələrdə tikilərək idmançıların istifadəsinə verilən Olimpiya idman komplekslərində ayrı-ayrı növlər üzrə məşğul olmaq üçün hər bir şərait yaradılıb.

Ölkəmizdə uşaq idmanının inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün böyük işlər görülür. Hələ 2009-cu ilin Azərbaycanda "Uşaq ili” elan olunması bir daha sübut etdi ki, ölkəmizdə uşaqlara əvəzsiz qayğı vardır. Onların sağlam böyüməsi dövlətimizin ən başlıca məqsədlərindən biridir. Bu qayğı idman və bədən tərbiyəsində daha qabarıq şəkildə özünü göstərir. Yeri gəlmişkən deyək ki, gənc nəslin nümayəndələri əvvəllər 14-15 yaşından başlayaraq yarışlarda iştirak edirdilər. İndi isə onlar bəzi idman növləri üzrə yarışlara 12 yaşından cəlb olunurlar. Üç il ərzində yeniyetmə idmançılar müəyyən yarış təcrübəsi əldə edərək, dünya arenalarında keçirilən turnirlərdə yüksək nəticələr göstərirlər.

Sevindirici haldır ki, ölkəmizdə idmanın kütləviliyi günü-gündən artır. Yeniyetmə və gənclər Olimpiya, dünya və Avropa çempionlarımıza bənzəmək həvəsi ilə müxtəlif idman klublarına, zallara üz tuturlar. Onlar həvəskar şəkildə idmana başlasalar da, çox vaxt sonradan peşəkar şəkildə karyeralarını davam etdirirlər. Ölkəmizdə idman sahəsinə dövlət rəhbərliyi tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilməsinin böyük əhəmiyyəti var. Dövlətimizin diqqəti sayəsində təkcə Bakıda yüzlərlə idman məktəbləri, klublar fəaliyyət göstərir, peşəkar mütəxəssislər tərəfindən yeniyetmələrə və gənclərə müxtəlif növlərin sirləri öyrədilir.
Həmin idman məktəblərindən biri də Nizami rayonunda yerləşən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbidir (İOEUGİM). Artıq uzun illərdir ki, bu idman məktəbində uşaq və yeniyetmələr müxtəlif idman növləri ilə məşğul olur, respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edirlər.

Əlverişli şərait uğurlara yol açır

Uzun müddət mən də burada cüdo ilə məşğul olmuşam. Bir neçə gün əvvəl artıq mənim üçün doğma məkana çevrilmiş yerə gedib, məktəbin direktor müavini, əməkdar müəllim Mahir Səfərovla görüşdüm. Təcrübəli mütəxəssislə 13 nömrəli İOEUGİM-in idman strukruru, bölmələr, qazanılan uğurlar haqqında söhbət etdim.

İllərdir idman məktəbində məsul vəzifədə çalışan Mahir müəllimqeyd etdi ki, burada əsaslı yeniliklər baş verib, yaradılan əlverişli şəraitin nəticəsində idmançılar daha böyük uğurlara imza atıblar. Həmçinin, Mahir müəllim bir mütəxəssis kimi idmanın yeniyetmə və gənclərin həyatındakı müstəsna rolundan söhbət açdı: "İdman yaşından, cinsindən asılı olmayaraq hər bir şəxs üçün vacibdir. Sadəcə olaraq müəyyən yaş həddi var ki, ondan sonra idmanla məşğul olmaq elə də əhəmiyyətli olmur. Çünki bədən quruluşu artıq formalaşır və onu istənilən formaya salmaq çətinlik yaradır. Buna görə də uşaq, yeniyetmə və gənclərə idmanla kiçik yaşlarından məşğul olmaq məsləhət görülür. Təsadüfi deyil ki, idmana həm də bədən tərbiyəsi deyirlər. İdman doğrudan da, bədəni tərbiyə edir, onu arzu olunan formaya salır. Hansı növlə məşğul olmağın yeganə fərqi ondadır ki, idmançı sadəcə həmin növün sirlərinə yaxından bələd olur. Ümumilikdə götürdükdə isə bütün idman növləri (cüdo,basketbol, üzgüçülük və s.) birbaşa sağlamlığa xidmət edir. İdmanla peşəkar şəkildə məşğul olmağın üstünlükləri isə ondadır ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunurlar, onlarda əzmkarlıq, qələbəyə inam kimi müsbət keyfiyyətlər aşılanır. Bir vaxtlar zalda ona verilən tapşırıqları yerinə yetirə bilməyən, çətinliklərdən bezərək zaldan getmək istəyən idmançı, bir də görürsən ki, qazandığı uğurlarla respublikanın fəxrinə çevrilir”.

"Uşaq və gənclərin idmana günü-gündən 
daha çox maraq göstərməsi bizi sevindirir”

Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə idmana kifayət qədər diqqət və qayğı göstərilir. Yeni idman qurğuları, komplekslər inşa edilir və sovet dövründə mövcud olan idman ocaqları əsaslı formada təmir olunaraq yenidən idmançıların istifadəsinə verilir. 13 nömrəli İOEUGİM da belə idman ocaqları sırasındadır. Mahir müəllimin bildirdiyinə görə, məktəb 1967-ci ildən fəaliyyət göstərir. Amma indiyədək çox şey dəyişib. "Gələn il məktəbimizin 50 yaşı tamam olacaq. İdman məktəbi fəaliyyət göstərdiyi bu 50 ildə heç vaxt uşaq və gənclər arasında idmana laqeydlik hiss edilməyib. Müşahidələr göstərir ki, son illər bu sahəyə maraq və kütləvilik daha da artıb. Hər il məktəbimizin idman bölmələrinə yazılan uşaqların sayının əvvəlki illərə nisbətən çoxluğu dediyim faktı sübut edir. Əlbəttə, uşaq və gənclərin idmana günü-gündən daha çox maraq göstərməsi bizi sevindirməyə bilməz. Müxtəlif illərdə məktəbimizdə müxtəlif növlər üzrə (basketbol, otüstü hokkey, həndbol və s.) məşqlər keçilirdi. Bu gün isə gənclər arasında olan tələbat nəzərə alınaraq həvəskar və peşəkar idmançılara burada təcrübəli məşqçilər tərəfindən cüdo, boks və akrobatikanın sirlərinə dərindən yiylənməyə şərait yaradılıb. İndi cüdo və boksun ölkəmizdə populyar idman növlərindən olması və akrobatikanın da ölkəmizdə inkişafı bizim öz seçimimizdə heç də yanılmadığımızı göstərir. Bu gün məktəbimizin bütün zalları lazımi avadanlıqlarla təchiz olunub və standartlara cavab verir. Əlbəttə, buna görə də ilk növbədə həmişə idmanın inkişafını diqqət mərkəzində saxlayan dövlətimizin rəhbərinə minətdarıq”, - deyə direktor müavini qeyd etdi.

Müsahibimizlə söhbət zamanı məlum oldu ki, hazırda idman məktəbində ümumilikdə 63 qrupda 565 idmançı cüdo, boks və akrobatika ilə məşğul olur. Burada müxtəlif yaş kateqoriyaları üzrə qruplar fəaliyyət göstərir. Cüdo ilə 402 nəfər (42 qrup), akrobatika ilə 99 nəfər (11 qrup) məşğul olur. 64 nəfər (10 qrup) isə boksun sirlərinə yiyələnir. Məktəbin müəllimləri hər üç növün inkişafına bərabər səviyyədə diqqət göstərirlər. Bununla belə, yeniyetmə və gənclərin tələbatı da nəzərə alınır. Göstəricilərdən də, aydın olduğu kimi cüdo ilə məşğul olanlar çoxluq təşkil edir. Təcrübəli mütəxəssislərin köməkliyi ilə bu idman növlərinin sirlərinə yiyələnən uşaqlar tez bir zamanda müxtəlif yarışlarda fərqlənə bilirlər.

Bildiyimiz kimi, ölkəmizin idmançıları tez-tez müxtəlif növlər üzrə keçirilən beynəlxalq yarışlarda mübarizə aparır, uğurlu nəticələrlə vətənə qayıdırlar. 13 nömrəli İOEUGİM-in yetirmələri də yüksək nəticələr qazanan təmsilçilərimiz sırasında yer alıblar. Mahir Səfərov bu il məktəbin beynəlxalq yarışlarda qazandığı uğurlar barədə məlumat verərkən qeyd etdi ki, bu idman ocağı tarixi ənənələri bu gün də yaşadır: "İlk növbədə onu deyim ki, təcrübəli cüdo mütəxəssisləri olan Tərlan Həsənov, İbadulla Şahbanov, Vüqar Hüseynov, Rəşad Həsənov, Vüsal Əhmədov və başqaları bizim 13 nömrəli İOEUGİM-də məşqlər keçirlər. Cüdo ilə məşğul olanların sayının daha çox olduğunu nəzərə alaraq bir neçə zal idmançıların ixtiyarına verilib. Hər il olduğu kimi bu il də cüdo üzrə keçirilən yarışlarda kifayət qədər uğurlar qazanmışıq. Fevralın 13-14-də İspaniyada keçirilən yeniyetmələr arasında Avropa kubokunda məktəbimizi təmsil edən idmançılarımızdan ikisi çempion, biri isə bürünc mükafatçı oldu. Mart ayında Avstriyada keçirilən beynəlxaq turnirdə əməkdar məşqçi Tərlan Həsənovun tələbəsi olan Məmmədəli Mehdiyev birinci yerə layiq görüldü. Həmin günlərdə Türkiyənin Antalya şəhərində təşkil olunan yeniyetmələr arasında növbəti Avropa kuboku yarışında müxtəlif məşqçilərin rəhbərliyi ilə komandamız uğurlu nəticə qazandı”, - deyə Mahir Səfərov bildirdi.

Beynəlxalq turnirlər, yüksək nəticələr

Söhbət zamanı öyrəndik ki, idman ocağının yetirmələri bu il müxtəlif ölkələrdə təşkil olunan beynəlxaq yarışlarda fəxri kürsünün yüksək pillələrində yer alıblar. Aprel ayının ilk günlərində Türkiyənin Samsun şəhərində keçirilən beynəlxalq turnirdə təcrübəli cüdoçular Məmmədəli Mehdiyev ikinci, İlqar Müşkiyev isə üçüncü olub. Bu idman ocağının son illər xüsusilə fərqlənən idmançılarımızdan biri də Hidayət Heydərovdur. O, aprelin 2-3-də Yunanıstanda təşkil olunan gənclər üzrə Avropa kubokunda çempion olmağı bacarıb. Məktəbin təmsilçilərinin əksəriyyəti Çexiyanın Teplisa şəhərində keçirilən yeniyetmələrin Avropa kubokunda mükafatalayiq yer tutublar. Aprel ayının sonlarında şimal qonşumuz Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən beynəlxalq yarışda Sabir İsmayılov və Cəfər Əkbərli qızıl medal qazanıblar. İran İslan Respublikasında keçirilən daha bir beynəlxalq yarışda isə məktəbin beş cüdoçusu çempion adına layiq görülüb. Eyni zamanda həmin yarışda iki gümüş və iki bürünc medal əldə olunub. "Budapeşt kuboku”nda məşqçi Məhəmməd Xudiyevin rəhbərliyi altında çıxış edən komandaüç qızıl və bir bürünc medalla vətənə qayıdıb. Bu yarışdan sonra İranda təşkil olunan daha bir beynəlxalq turnirdə Tərlan Həsənovun yetirməsi Eşqin Məmmədov gümüş medala sahib çıxıb. Mayın 13-15-də Qazaxıstanın Almaatı şəhərində mübarizə aparan idman ocağının cüdoçularından Məmmədəli Mehdiyev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Elə həmin tarixdə Rusiyanın Orenburq şəhərində Hidayət Heydərov Avropa kubokunun qalibi olub. Polşada keçirilən Avropa kubokunda məktəbitəmsil edən yeniyetmə idmançılardan üçü mükafatçı olmağı bacarıb. Belə ki, İbrahim Əliyev birinci, Cəfər Əkbərli və Paşa Əliyev isə üçüncü yeri tutublar. İyun ayından Gürcüstanda keçirilən yarışda daha bir uğurlu nəticə əldə olunub. Həmin turnirdə məktəbin təmsilçiləri iki gümüş və üç bürünc medal qazanıblar. İyun ayının ilk günlərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş yarışda13 nömrəli İOEUGİM-in 7 cüdoçusu fəxri kürsüdə yer alıb (4 qızıl, 1 gümüş, 2 bürünc). Gürcüstanın Saçxeri şəhərində dörd gün davam edən yarış da məktəbin üzvləri üçün uğurlu olub. Həmin yarışda mübarizə aparan cüdoçulardan biri fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. Məktəbin beş idmançısı isə üçüncü yerə sahib çıxıb. Sentyabr ayında Rusiyanın Anapa şəhərində keçirilən və yüksək səviyyədə təşkil olunan yarışı üsusi qeyd etmək olar. Belə ki, turnirdə işrirak edən 13 nömrəli İOEUGİM-nin yeniyetmələri 3 qızıl, 2 gümüş və 5 bürünc medalla vətənə qayıdıblar. İdman ocağının sentyabr ayında təmsil olunduğu son yarış isə Polşanın paytaxtı Varşavada keçirilib. Bir çox ölkələrin iştirak etdiyi həmin yarışda perspektivli idmançılar Mehdi Zeynalov və Cəfər Əkbərli fəxri kürsünün birinci pilləsində yer alaraq himnimizi səsləndiriblər. Məktəbin iki cüdoçusu ölkənin yığma komandasının tərkibində İsrailin Təl-Əviv şəhərində 23 yaşına qədər cüdoçular arasında keçirilən Avropa çempionatında da uğurla yarışıblar. Belə ki, məktəbin yetirməsi Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək növbəti dəfə qızıl medala layiq görülüb.

Bildiyiniz kimi, il boyu beynəlxalq yarışlarla yanaşı, respublika miqyaslı turnirlər, çempionatlar da təşkil olunur. 13 nömrəli İOEUGİM-in idmançıları öz çıxışları ilə həmişə bu yarışlarda fərqlənirlər. Şübhəsiz ki, respublika üzrə daxili yarışların ən gərgin mübarizə şəraitində keçən turnirləri paytaxt və respublika birincilikləri olur. İdman ocağının yetirmələri bu yarışlarda mütəmadi iştirak edir, müxtəlif mükafatlar qazanıblar. Onu da deyək ki, paytaxt və respublika yarışlarında məktəb böyük heyətlə mübarizə aparır. Məsələn, noyabr ayında yeniyeyetmələr və kişilər arasında keçirilən paytaxt birinciliyində məktəbi 64 idmançıtəmsil edib. Onlardan 6 nəfəri mükafatçılar sırasında qərarlaşıb (2 qızıl, 4 gümüş medal). Bu nəticə ilə məktəb ümumi hesabda ikinci olub. Qeyd edək ki, məktəbin cüdo bölməsi bölgələrimizin digər klubları ilə, habelə əcnəbi komandalarla müntəzəm olaraq birgə təlim-məşqlər keçirir. Xüsusi qeyd etmək istərdik ki, oktyabrın 28-də İsveçin 3 cüdo məşqçisi və 10 idmançısı bu məktəbin qonağı olublar. Onlar burada 10 gün ərzində təlim-məşq keçiblər. Məşqlərdən sonra məktəbin cüdoçuları ilə isveçlilər arasında yoldaşlıq görüşü təşkil olunub.

"Biz uşaq psixologiyasına yaxından bələdik”

Əlbəttə, öz işini bilən təcrübəli mütəxəssislərin köməkliyi ilə buranın idmançıları digər növlərdə də böyük uğurlar qazanırlar. Nəticələr həm boks, həm də idman gimnastikasında qeydə alınıb. Məktəbin boksçuları məşqçi Zaur Məmmədovun rəhbərliyi altında fevral ayında İran İslam Respublikasında keçirilən kişilər arasında beynəlxalq turnirdə mübarizə aparıblar. Kamran Babayev və Orxan Zeynalov bu yarışda çempion adını qazanıblar. İyul ayında isə Gürcüstanın Batumi şəhərində keçirilən daha bir beynəlxalq turnirdə analoji nəticə təkrarlanıb. Bu dəfə idmançılardan Elgün İsmayılov və Nadir Qasımov qızıl medalla vətənə qayıdıblar.

İdman ocağının gimnastları da müxtəlif turnirlərdə uğurlu nəticələr əldə edirlər. Noyabr ayında idman gimnastikası üzrə 23-cü Bakı çempionatı keçirilib. Həmin yarışda kiçikyaşlı qızlardan ibarət məktəbin komandası birinci yerə çıxıb. Şəxsi yarışlarda isə Mənsumə Məmmədzadə ikinci olub.

Nəticələrdən də göründüyü kimi, 13 nömrəli İOEUGİM-in idmançılarının çəkdikləri əziyyətlər hədər getmir. Təbii ki, idman ocağının cüdo bölməsində daha çox uğurların qazanılması da danılmazdır. Məktəbin aparıcı məşqçilərindən biri, qadınlardan ibarət cüdo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi İbadulla Şahbanov bildirdi ki, 13 nömrəli İOEUGİM-də cüdo bölməsi 1993-cü ildən fəaliyyət göstərir. "Aydın məsələdir ki, hər bir peşəkar idmanın əsası uşaq idmanından başlayır. Ölkəmizdə idmançılar üçün hər cür şərait yaradılır. Bu gün respublikada, xüsusilə paytaxtda fəaliyyət göstərən onlarla cüdo zalı uşaq, yeniyetmə və gənclərin bu növlə məşğul olmasına imkan verir. Əlbəttə, məşqçilər də kifayət qədər bacarıqlı və peşəkarlıq səviyyəsinə malik olan insanlardır. Məhz onların zəhməti sayəsində yüksək nəticələr əldə olunur. Cüdo hazırda Azərbaycanda ən çox inkişaf etmiş və sevilən növlər sırasındadır. Bu, keçən əsrin sonlarında da belə idi. Əminliklə deyə bilərəm ki, qədim tarixə malik bu idman növü gələcəkdə də ölkəmizdə öz nüfuzunu saxlamağı bacaracaq. Qeyd edim ki, əvvəllər ölkəmizdə cüdo zalları az idi. Amma idmançılar çox həvəslə məşq edirdilər. İndi isə onlar üçün hər cür şərait yaradılıb, yeni zallar istifadəyə verilib. Məktəbimizin cüdoçuları arasında hər cür nəticələrə malik perspektivli idmançılar var. İnanıram ki, onlar gələcəkdə yığmanın aparıcı üzvləri olmaqla yanaşı, beynəlxalq turnirlərdə də uğurlu nəticələr qazanacaqlar. İndi ölkəmizdə məşqçilik edən cüdoçuların və tanınmış idmançıların bir çoxu vaxtilə bu zallarda məşq ediblər. Məsələn, Vüsal Əhmədov, Ruslan Yunusov, Mehman Əzizov, Məhəmməd Xudiyev, Kifayət Qasımova və başqaları məhz bu idman ocağının yetirmələridir. Onu da deyim ki, buradakı məşqçilərin hamısı kifayət qədər təcrübəyə malik mütəxəssislərdir. Biz uşaqlara təkcə bu idman növünün sirlərini öyrətmirik. Eyni zamanda onların psixoloji vəziyyətləri ilə maraqlanır, öz tövsiyələrimizi verir, yeniyetmə və gənclərimizi məşq etməyə həvəsləndiririk. Biz uşaq psixologiyasına yaxından bələdik. Onlarla, belə demək mümkünsə, "dostlaşmağın” yollarını bilirik. Həmçinin uşaqların kütləvi şəkildə idmana cəlb olunması üçün əlimizdən gələni əsirgəmirik. Bunun nəticəsidir ki, bu gün məktəbimizdə cüdo ilə məşğul olanların sayı 400 nəfərdən çoxdur. Əminliklə deyə bilərəm ki, onların arasında gələcəyin Olimpiya çempionları yetişir. Onu da deyim ki, bu il üçün artıq yarışlar demək olar ki, yekunlaşmaq üzrədir. Dekabr ayının 23-24-də respublika çempionatı keçiriləcək. Bu yarış ilin son turniri olacaq. Gələn ildən isə yenidən böyük yarışların hazırlığına başlayacağıq. Əminəm ki, məktəbimizin təmsilçiləri növbəti yarışlarda da etimadı doğruldacaqlar”, - deyə təcrübəli mütəxəssis vurğuladı.

Burada apardığımız söhbətlərdən bizə bir daha məlum oldu ki, 13 nömrəli İOEUGİM, doğrudan da, təcrübəli məşqçilərin, peşəkar idmançıların məskənidir. Burada məşq edən idmançılar vətənimizin idman şöhrətini hər zaman uca tutmağa, bu məktəbin layiqli məzunları olmağa can atırlar.