Milli idman oyunlarımız gənclərin fiziki inkişafında əhəmiyyətli rol oynayır

Milli idman oyunlarımız gənclərin fiziki inkişafında əhəmiyyətli rol oynayır
Azərbaycanda uşaq və gənclərlə iş bu gün özünün inkişaf dövrünü yaşayır. Dövlətimiz gənc nəslin fiziki və mənəvi inkişafı istiqamətində, onların problemlərinin həllində ardıcıl tədbirlər həyata keçirir. Uşaq və gənclərin fiziki sağlamlığı üçün hərtərəfli şərait yaradılıb. İlk addımlarını idman ocaqlarında atan uşaq və gənclər Azərbaycan dövlətinin qayğısı sayəsində peşəkar idmançı kimi bir sıra beynəlxalq yarışlara qatılaraq, dövlətimizin idman şərəfini uca tuturlar. Əldə olunan nəticələr bir daha sübut edir ki, ölkəmizdə idmanın inkişafına göstərilən qayğı yüksək səviyyədədir. Bu isə, gənc nəslin fiziki sağlamlığının təminatı deməkdir.

Xalqımızın milli adət-ənənələrini özündə yaşadan milli oyunlarımız da gənclərin sağlam həyat sürməsi, onların mənəvi cəhətdən kamilləşməsində əvəzsiz rol oynayır. Mütəxəssislər hesab edirlər ki, milli idman oyunları ilə vətənpərvərlik tərbiyəsi, fiziki sağlamlıq vəhdət təşkil edir. Bu amil tələb edir ki, uşaqların məşğul olacaqları milli idman oyunu elə seçilməlidir ki, həmin oyun məzmunu və formasına görə vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsinə vüsət yaratsın. İdman oyununu təşkil edən idman rəhbəri və ya tərbiyəçi oyundan elə element və əlamət tapmalıdır ki, bu, uşaqlarda vətənpərvərlik, vətəni qorumaq kimi keyfiyyətlər formalaşdırsın. Çünki vətənpərvərlik hissləri ölkəmizin Milli Ordusunda xidmətə hazırlaşan gənclər üçün ən vacib amillərdən biridir. Oyunlar zamanı humanizm ənənələri də möhkəm yadda saxlanılmalı və o, oyun prosesində uşaqlara aşılanmalıdır.

Məktəblərdə təşkil olunan hər bir milli idman oyunu
 elə keçirilməlidir ki...

Sumqayıt şəhər 31 nömrəli orta məktəbin bədən tərbiyəsi müəllimi Aydın Əliyev bizimlə söhbətdə bildirdi ki, milli idman oyunları məktəblilərin vətənpərvərlik tərbiyəsi ilə yanaşı, onların dünyagörüşünə, əqidəsinə, fiziki cəhətdən sağlam böyüməsinə də təsir göstərir: "Uşaqlara elə tərbiyəvi hisslər aşılanmalıdır ki, o, bütün varlığı ilə müstəqil Azərbaycan dövləti vətəndaşı üçün vətəndən əziz və qiymətli heç bir şey olmadığına inansın. Bir sözlə, uşaq yeniyetmə və gənc vətəni sevməli, ona bütün varlığı ilə bağlı olmalıdır. Vətənpərvərlik tərbiyəsi uşaqların dünyagörüşünə, həyat hadisələrini düzgün dərk etməsinə müsbət təsir göstərir. Məktəblərdə təşkil olunan hər bir milli idman oyunu elə keçirilməlidir ki, məktəblilər vətən sevgisi nə olduğunu anlasın, onu dərindən duysun. Milli oyunlarımız uşaqların fiziki inkişafına da xeyli fayda verir. Bu baxımdan oyunların formalaşdırdığı sağlamlıq keyfiyyətləri, mərdlik, çeviklik, cəsurluq, qıvraqlıq, qələbə əzmi şagirdlərin dünya görüşündə silinməz izlər qoymalıdır. Milli idman oyunlarından istifadə edərək şagirdlərlə vətənpərvərlik ruhunda tərbiyəvi iş apararkən onlarda humanizm kimi nəcib əxlaqi hissin formalaşmasına da nail olmaq lazımdır. Bu oyunlarda elə elementlərə üstünlük vermək lazımdır ki, onlar şagirdlərdə hər bir insana yüksək qiymət vermək fikri formalaşdırsın. Bu zaman nümunələrdən geniş istifadə edilməlidir. Məsələn, şagirdlərə vətənimizin azadlığı və bütövlüyü uğrunda canını fəda edən insanlar, həmçinin müxtəlif idman yarışlarında Azərbaycanı ləyaqətlə təmsil edən atletlər haqqında məlumat vermək ən gözəl nümunə ola bilər. Həmçinin, məşhur pedoqoqların, filosofların, tanınmış ziyalıların ideyalarından, söylədikləri fikirlərdən yararlanmaq vacibdir. Müdriklər deyirdilər ki, əmr və göstərişlərin yolu uzun, nümunələrin yolu isə qısa olur, həmçinin, həqiqəti əks etdirir. Böyük çex pedoqoqu Y. Komenski nümunələrlə bağlı danışarkən deyib: "Mən hər zaman istər həyatdan, istərsə də, tarixdən götürülmüş nümunələrə üstünlük verirəm. Çünki onlar uşaqlara yaxındır və daha yaxşı təsir etmək gücünə malikdir. Bütün hallarda çalışmaq lazımdır ki, hər şeydən əvvəl, valideynlər özləri ev intizamını ciddi gözləsin, müəllimlər isə, cəmiyyət arasında öz əxlaqi ilə seçilən ən yaxşı adamlar olsunlar. Şagirdləri və ya övladları ləyaqətli həyata hazırlamaq üçün bu, ən təsirli və gözəl vasitədir”. Göründüyü kimi, uşaqların mənəvi tərbiyəsi onlara göstərilən nümunələrdən bəhrələnə bilərlər. Məhz buna görə də, hər bir müəllim dərs zamanı şagirdlərinə vətəni qəlbən sevən, onun ağrısına-acısına ürəyinin hökmü ilə yanaşan insanlardan danışmalıdır. Dediyim odur ki, şagirdlərlə, ümumiyyətlə gənc nəslin nümayəndələri ilə bu mövzuda aparılan söhbətlər onların mənəvi tərbiyəsində xüsusi əhəmiyyət daşıyır”.

Qarşılıqlı inam şagirdlərin iradəsini gücləndirir

Azərbaycan milli idman oyunları vasitəsilə şagirdlərin vətənpərvərlik ruhunda formalaşdırılması müəllim-şagird münasibətlərinə mühüm təsir göstərir. Müəllimin, xüsusən idman müəlliminin vətənpərvərlik tərbiyəsinə daha yaxşı bələd olması, milli idman oyunlarının keçirilməsi zamanı uşaqlara səmimi münasibət göstərməsi vacibdir. Bu cür münasibət şagirdlərdə böyüklərə hörmət, tələbkarlıq prinsipinə əməl etmək, obyektiv olmaq, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri uca tutmaq vərdişləri yaradır.

Milli idman oyunlarımızda Azərbaycan xalqına məxsus mənəvi keyfiyyətlər çoxdur. Onlar müəllimin xarakterində özünə möhkəm yer tapmalıdır ki, o, bu keyfiyyətləri şagirdlərinə aşılaya bilsin. Müəllim öz bacarığından elə istifadə etməlidir ki, şagirdlərin milli mənlik şüuru da qeyd edilən mənəvi keyfiyyətlərdən bəhrələnsin. Şübhəsiz ki, bu oyunlar prosesində şagirdlər fiziki cəhətdən daha da möhkəmlənir və o, həyatda öz xarakterinə uyğun mövqe tutur. Qeyd olunmalıdır ki, məsuliyyətli olmaq, intizamlılıq, səmimilik, böyüklərin göstərişlərinə əməl etmək, mədəni davranış və s. əlamətlər hərbi xidmətdə də özünəməxsus əhəmiyyət kəsb edir. Təcrübəli pedaqoq Aydın Əliyevin fikrincə, müəllim-şagird münasibətlərindən irəli gələn mühüm faktorlar şagirdlərdə vətənpərvərlik borcu, vətənin azadlığı naminə hər an hazır olmaq əqidəsi aşılayır. "Bu hisslər bilavasitə şagirdləri fiziki bacarıq və vərdişlər qazanmağa təhrik edir. Müəllim-şagird münasibətlərindəki qarşılıqlı inam şagirdlərin iradəsini gücləndirir, verilmiş tapşırıqların sözsüz və vaxtında icra olunmasına vərdiş yaradır. Bu zaman vətənpərvərlik tərbiyəsi üçün zəruri olan əqli biliyin, hisslərin, iradənin və adətlərin birgə tərbiyəsi əsas götürülməlidir. Milli idman oyunlarının təşkili və keçirilməsi zamanı şagirdlər dərk edirlər ki, vətəni sevmək vətənpərvərlik üçün hələ kifayət deyil: bunun üçün fiziki bacarıq və vərdişlərə də yiyələnmək lazımdır. Milli idman oyunlarımızda nizam-intizama aid elə tələblər vardır ki, bunları oyunda iştirak edən hər kəs başa düşməli və ona sözsüz əməl etməlidir. Belə oyunların mahiyyəti yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinə yiyələnmək, fiziki cəhətdən sağlam olmaqdır. Eyni qaydalar orduda da özünü göstərir. Onu da qeyd edim ki, idmanda olduğu kimi, milli idman oyunlarında da özünəməxsusluq mövcuddur. Xalqımıza məxsus elə tarixi milli oyunlar var ki, onların yaranması çox qədim zamanlara təsadüf edir. Əksər məktəblilər belə oyunların təşkili və keçirilməsi metodikasını, başlıcası isə, məzmunu yaxşı bilmirlər. Bu amil müəllimdən yüksək nəzəri hazırlıq, hər bir oyunun məzmununa dərindən bələd olmağı tələb edir. Müəllim bilməlidir ki, təşkil etdiyi milli idman oyunu şagirdlərə hansı əxlaqi keyfiyyətləri aşılayacaq və oyunun hansı hissəsi fiziki tərbiyə ilə bilavasitə bağlıdır. Buna görə də, müəllim oyunun keçirilməsinə hazırlaşarkən, ilk növbədə, onun məzmununu diqqət mərkəzində saxlamalı, oyunun uşaqların tərbiyəsinə necə təsir göstərəcəyini qabaqcadan müəyyənləşdirməlidir. İkinci mərhələdə o, oyunun məzmununu və keçirilmə qaydalarını şagirdlərə çatdırmalıdır. Eyni zamanda, müəllim hər bir şagirdə fərdi yanaşmalı, qaydaların şagirdlər tərəfindən başa düşüldüyünə əmin olmalıdır”, - deyə o əlavə etdi.

Oyunda iştirak edən hər bir şagird 
oyunun mahiyyətini aydın dərk etməlidir

Milli idman oyunlarının təşkili müəllimdən ciddi hazırlıq və pedoqoji prinsipləri gözləməyi tələb edir. Bu, onunla əlaqədardır ki, milli idman oyunlarının quruluşu, keçirilmə metodikası, burada istifadə olunan oyun materialları, iştirakçı şagirdlərə aşılanan bacarıq, qabiliyyət və vərdişlər müəyyən qədər çətin, mürəkkəb olur. Məhz buna görə də, milli idman oyunlarının təşkilinə ciddi yanaşmaq, onu səmərəli və maraqlı qurmaq lazım gəlir. Mütəxəssislərin fikrincə, şagirdlərin iştirak edəcəyi hər hansı milli idman oyununda onların nələri əldə edəcəyi qabaqcadan dəqiqləşdirilməlidir. Əks halda, qarşıya qoyulan məqsədə çatmaq mümkün olmayacaq. Oyunun təşkili zamanı onun məqsədinin izahı əsas şərtdir. Bu mənada, müəllim keçirəcəyi oyunun məqsədini geniş və hərtərəfli izah etməlidir. O çalışmalıdır ki, oyunda iştirak edən hər bir şagird oyunun məqsədini, mahiyyətini aydın dərk etsin. Çünki milli idman oyunları məqsədə görə rəngarəng olurlar. Məsələn, uşaqlar arasında geniş yayılmış "Gizlən-qaç” (Gizlənəni tap) oyunu gizlənənləri axtaran şagirddən ciddi diqqət, yüksək təfəkkür tərzi, iti görmə qabiliyyəti tələb edir.

Onu da qeyd edək ki, xalqımızın milli idman oyunları uşaqların yalnız fiziki inkişafı baxımından əhəmiyyət kəsb etmir. Onların özlərini səfərbər etmək, nitqlərini formalaşdırmaq, ətraf aləmi dərk etmələrinə və nəcib əxlaqi keyfiyyətlərə yiyələnməsinə də təkan verir. Bunları nəzərə alaraq, oyunların daşıdığı məqsəd uşaqlara aydın başa salınmalıdır. Milli idman oyunlarında vəzifə bölgüsü də aparılmalıdır. Bu tələb oyun növlərinin əsas xüsusiyyətidir. Elə milli idman oyunlarımız var ki, burada iştirakçıların sayı normadan artıq olur. Belə oyunların yaxşı keçirilməsi üçün oyunçular arasında vəzifə bölgüsünün aparılması vacibdir: hər bir oyunçu ona tapşırılan vəzifəni konkret bilməlidir. Qeyd edək ki, bu zaman müəyyən incəliklərə diqqət yetirilməlidir. Belə ki, oyun üçün vəzifə bölgüsü aparılarkən şagirdi vəzifəyə görə yox, əksinə, vəzifəni uşağa görə müəyyənləşdirmək lazımdır. Yəni cəldlik tələb edən işi, başqalarına nisbətən daha cəld olana, qorxmazlıq tələb edən vəzifəni qorxmazlara həvalə etmək məqsədəuyğundur. Oyunu bu cür təşkil etdikdə uşaqlarda məsuliyyət hissi artır və onlar qarşıya qoyulmuş məqsəd uğrunda inamla mübarizə aparırlar. Qeyd edilməlidir ki, təşkilatçının (müəllim və ya tərbiyəçi) pedoqoji ustalığı burada da özünü göstərir. Təşkilatçı çalışmalıdır ki, eyni uşaqlar bir vəzifəyə təkrarən seçilməsinlər. Məsələn, oyunda iştirak edənlərin başçısı ayrı-ayrı uşaqlar olsunlar. Onlar növbə ilə tabe edən və tabe olunan rolunda çıxış edə bilsinlər. Başqa oyun növlərində olduğu kimi, milli idman oyunlarında da vəzifə bölgüsünün bu formada aparılması uşaqları lovğalıq, təkəbbürlük və s. mənfi əlamətlərdən qoruyur, onların mənəvi cəhətdən düzgün tərbiyəsinə kömək edir. Vəzifə bölgüsü aparıldıqdan sonra vəzifəyə təyin olunan şagird təlimatlandırılmalıdır. Müəllim (rəhbər) vəzifəyə təyin olunmuş oyunçunu görəcəyi işlə əlaqədar nəzəri biliklərlə və əməli iş bacarığı ilə təlimatlandırmalıdır. Vəzifədə olanlar çətinliyə düşdükdə çıxış yolu tapmağı bacarmalıdırlar. Bunun üçün müəllim əvvəlcədən söhbət aparır, onlara nəzəri və praktik məsləhətlər verir. Əgər oyunçular daşıdıqları vəzifəni aydın başa düşür və özlərini əməli cəhətdən bu işə hazır hesab edirlərsə, o zaman oyunlar daha maraqlı, rəngarəng olur.

"Fiziki və mənəvi tərbiyənin həyata keçirilməsində
 müəyyən prinsiplərə də əməl olunur”

Oyunların keçirilmə vaxtının seçilməsi əhəmiyyətli məqamlardan biridir. Başqa oyun növlərində olduğu kimi, milli idman oyunlarında da oyunun başlama və qurtarma vaxtı dəqiq müəyyən edilməlidir. Dəqiq vaxt çərçivəsində keçirilən oyun şagirdlərdə intizamlı olmağı, vaxta əməl etməyi və onu qiymətləndirməyi formalaşdırır. Aydın müəllim vurğuladı ki, oyunların başlıca məqsədi şagirdləri fiziki və mənəvi tərbiyənin mahiyyəti, ona verilən başlıca tələblərin həyata keçirilmə metodikası ilə tanış etməkdir: "Əgər bu tələblərə əməl edilməzsə, milli idman oyunları adi oyun kimi, keçirilər, burada vətənpərvərlik tərbiyəsindən və gənc nəslin milli mənlik şüurunun inkişafından söhbət aparıla bilməz. Yəni, keçirilən oyun qarşıya qoyulmuş məqsədin mahiyyətini təsdiqləməz. Şübhəsiz ki, fiziki və mənəvi tərbiyənin həyata keçirilməsində müəyyən prinsiplərə də əməl olunur. Müəllim, xüsusən, idman müəllimi, oyunun təşkilatçıları bu prinsipləri düzgün bilməlidirlər. Əgər belə olmazsa, milli idman oyunları vasitəsilə vətənpərvərlik, o cümlədən fiziki və mənəvi tərbiyənin müvəffəqiyyətlə həyata keçirilməsinə nail olmaq mümkün deyil”.

Milli idman oyunlarından, eləcə də, digər tədbirlərdən istifadə edərək, müstəqil Azərbaycan dövlətinin qarşıya qoyduğu mühüm tələblər, onun daxili və xarici siyasət sahəsində irəli sürdüyü vəzifələr əsas götürülməlidir. Başqa sözlə, keçirilən oyun zamanı şagirdlərə aşılanan mənəvi keyfiyyətlərə malik əlamətlər dövtəmizin siyasəti ilə bağlanmalıdır. Oyunlar zamanı şagirdlərə məhz bu əlamətlər izah edilməlidir. Onlara başa salınmalıdır ki, dövlətimiz gənc nəslin fiziki və mənəvi cəhətdən tərbiyə olunmasında xüsusi diqqət ayırır. Bundan başqa, Azərbaycan dövləti gənclərin fiziki sağlamlığının qorunması istiqamətində ən mühüm addımlar atır. Bu, gənc nəslə göstərilən qayğının mühüm əlamətləridir və şagirdlərə bu yöndə tövsiyələr verilməsi zəruridir. Müəllim və tərbiyəçilər milli idman oyunlarını həyata keçirərkən dövlətin bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı irəli sürdüyü tələblərə ciddi əməl etməlidirlər. Yəni, hər bir şagird bilməlidir ki, respublikamızın paytaxtı Bakıda, o cümlədən bölgədə inşa olunan müasir idman obyektləri gənc nəslin sağlamlığı üçün nəzərdə tutulub. Vətənin müdafiəsinə hazırlaşan gənclər fiziki cəhətdən sağlam olmalı, milli mənlik şüuru inkişaf etməli, ideya - siyasi cəhətdən kamilliyə can atmalıdır.

Aydın müəllim bizimlə söhbətində şagirdlərin vətənpərvərliklə bağlı tərbiyəsinin də xüsusi əhəmiyyət daşıdığını, müasir dövrümüzdə bütün gənclərin milli ruhda formalaşdırılmasının önəmli olduğunu vurğuladı: "Şagirdlərdə milli idman oyunları vasitəsilə vətənpərvərlik keyfiyyətləri aşılayarkən Azərbaycan xalqının keçdiyi tarixi yola nəzər salınmalıdır. İdman oyununun məzmununda qarşıya qoyulmuş məqsəd və vəzifədən asılı olaraq, tarix boyu xalqımızın başına gələn faciələr və digər məsələlər barədə şagirdlərə dolğun məlumatlar çatdırılmalıdır. Bir sözlə, milli idman oyunlarında oyunun məqsədi və məzmunundan asılı olaraq, hadisələrə tarixi baxımdan yanaşılmalıdır. Tarixi hadisələri, xalqımızın üzləşdiyi faciələri vətənpərvərlik tərbiyəsi baxımından heç vaxt unutmaq olmaz. Milli idman oyunları vasitəsilə vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsi şagirdlərin ordu sıralarına hazırlığında başlıca prinsiplərdən biridir. Məhz buna görə də, təşkil olunan milli idman oyunlarında orduya xas olan əlamətlər, orduda xidmət etmək üçün faydalı ola biləcək cəhətlər müəllim tərəfindən əvvəlcədən müəyyən edilməli, oyunun gedişində bunlar şagirdlərə aşılanmalıdır. Tədqiqatçılar hesab edirlər ki, milli idman oyunlarımızda hərb sənətinə yararlı cəhətlər kifayət qədərdir. Bunların şagirdlərə çatdırılması isə, şübhəsiz ki, müəllimin bacarığından asılıdır. Bunun üçün müəllim pedoqoji və metodiki hazırlığa malik olmaqla yanaşı, həm də hərb sənətinə məxsus mühüm keyfiyyətlərdən məlumatlı olmalıdır. Milli idman oyunlarında yer alan vətənpərvərliyə aid keyfiyyətlər şagirdlərə mütəmadi çatdırılmalıdır. Onların şüurlarında bu keyfiyyətləri uzun müddət yaşatmağa nail olmaq lazımdır ki, gənclər orduda xidmət zamanı bunlardan istifadə edə bilsinlər. Unutmaq olmaz ki, müəyyən edilmiş qaydaların konkret olması şagirdlərin bu qaydaları aydın başa düşməsinə şərait yaradır. Bir sözlə, milli oyunlarının geniş imkanları sayəsində şagirdləri vətənpərvərlik ruhunda tərbiyələndirmək, onların fiziki sağlamlıqlarına nail olmaq mümkündür”.

Milli oyunları keçirmək nisbətən asandır

Təəssüf ki, məktəblərdə milli idman oyunlarının təşkili zamanı bir sıra problemlər də ortaya çıxır. Belə ki, bəzi müəllimlərin milli idman oyunlarının məzmunu ilə yaxından tanış olmaması keçirilən oyunun fiziki və mənəvi tərbiyə baxımından mahiyyətini itirir. Bunun bir çox səbəbləri var. Bəzi müəllimlər və tərbiyəçilər milli idman oyunlarını şagirdlərin əyləncə xarakterli məşğuliyyəti hesab edir və belə düşünürlər ki, bu oyunları uşaqlar, sadəcə, sevir və oynayırlar. Halbuki, milli idman oyunlarımızın qədim tarixi var və bu oyunlar xalqımızın vətənə sıx bağlanması, gənclərin fiziki inkişafı istiqamətində əvəzsiz rol oynayır. Belə oyunları keçirmək də nisbətən asandır. Bununla belə, hər bir oyunun məzmununu, metodikasını və qarşıya qoyduğu məqsədi dərindən dərk etmədən onu təşkil etmək mümkün deyil. Əgər iştirakçılar oyunların onlara fiziki sağlamlıq bəxş edəcəyini başa düşməsələr, bu zaman oyunlar öz mahiyyətini itirər və əyləncə xarakteri daşıyar. Sevindirici haldır ki, hazırda respublikamızın əksər məktəblərində milli idman oyunlarını məqsədli şəkildə təşkilinə ciddi diqqət yetirilir. Müəllimlər oyunun gedişində uşaqlara müəyyən göstəriş verir və izahat işləri aparırlar. Belə olanda şagirdlərdə fəallıq, təşəbbüskarlıq nəzərəçarpacaq dərəcədə artır, oyunun keçirilmə metodikası, məqsədi aydın dərk edilir. Məhz buna görə də, şagirdlər üçün təşkil olunan milli oyunlara rəhbərlik bu sahədə kifayət qədər təcrübəsi olan müəllimə həvalə edilməlidir. Keçirilən hər bir oyundan, fiziki sağlamlığın inkişafı baxımından düzgün nəticə çıxarılması ən mühüm amildir. Uşaqların daha mürəkkəb olan milli idman oyunlarına həvəs göstərməsi də nəzərə alınmalıdır. Unutmaq olmaz ki, yeniyetmələr gənclik dövrünə qədəm qoyarkən, kiçik yaşlı uşaqların cəlb olunduğu oyunlarda artıq iştirak etmirlər. Onlar qılınc oynatmaq, ox atmaq və s. kimi mürəkkəb milli idman oyunlarında mübarizə aparmağa üstünlük verirlər. Bütün bunlar isə gənc nəslin fiziki tərbiyəsi ilə yanaşı, digər əxlaqi keyfiyyətlərin formalaşmasında, onlarda vətən sevgisinin yaranması və artmasında mühüm əhəmiyyət kəsb edir.

Rahib Səmədov