İdmanla məşğul olan yeniyetmə və gənclər sağlam ruhda böyüyürlər

İdmanla məşğul olan yeniyetmə və gənclər sağlam ruhda böyüyürlər

Fiziki tərbiyə ilk növbədə ailədə həyata keçirilir. Demək, fiziki tərbiyənin sadə ünsürlərinə uşaqlar ailədə yiyələnirlər. Dünyaya göz açan uşaq böyüdükcə oyunlar onun hərəkətinin mürəkkəbləşməsinə səbəb olur. Pedaqoji prosesdə isə fiziki tərbiyə digər komponentlərlə (əqli, əmək, ekoloji, iqtisadi və s.) əlaqədə həyata keçirilir. İdman hazırlığı fiziki tərbiyədə xüsusi istiqamət təşkil edir. Onun vəzifələrinə insanın seçdiyi idman növündə yüksək nailiyyət əldə etməsi daxildir.

Dinamik inkişaf edən Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı ildən-ilə artır. "Azərbaycan-2020 Gələcəyə baxış” inkişaf konsepsiyasının "Gənclərin potensialının və idmanın inkişafı” bəndində qeyd edilir: "Bu sahə ilə bağlı mövcud olan normativ hüquqi baza mütəmadi olaraq təkmilləşdiriləcək, gənclərin həmçinin bədən tərbiyəsi və idmanın sistemli inkişafını dəstəkləmək məqsədi ilə rayon (şəhər) icra hakimiyyətləri yanında gənclərdən ibarət məşvərətçi orqan olan şuralar yaradılacaq, gənclər siyasəti, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaqdır.

Dövlətin bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi yüksək diqqətə müvafiq olaraq idman müəllimlərinin ali və orta ixtisas məktəblərində fənn tədrisinin keyfiyyətini yüksəltmək üçün peşəkarlıq imkanları artırılır. Bu baxımdan fiziki tərbiyənin aşılanmasında yeni pedaqoji texnologiyaların tətbiqi mühüm amil kimi dəyərləndirilməlidir. Müşahidələr göstərir ki, ixtisasını mükəmməl bilən müəllim psixoloji-pedaqoji qanunauyğunluqlardan təlim prosesində bacarıqla istifadə edə bilməyəndə tədris materialından səmərəli yararlana bilmir. Bu məqsədlə, müəllim fiziki tərbiyənin sağlamlıq, təhsil və tərbiyəvi effekti ilə təmin olunan metodun elmi əsaslarına istinad etməlidir.

Bu məqsədlə tələbələrin fərdi və ya qrupla hazırlığı, müəllimin fərdi imkanları və xüsusiyyətləri ilə uyğunluğu, metodların müxtəlifliyi pedaqoji prosesdə nəzərə alınmalıdır.

Hər bir sahədə sağlam və savadlı gənclərə ehtiyac var

Ölkəmizdə idman ən populyar olan bir sahədir. Bu sahədə əldə olunan uğurları isə hər birimiz yaxşı bilirik. Müxtəlif növlər üzrə keçirilən yarışlarda qazanılan nəticələr Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. Bütün bunlar dövlət tərəfindən idmana və bədən tərbiyəsinə göstərilən diqqət və qayğının geniş təzahürüdür.

Şübhəsiz ki, hər bir sahədə sağlam və savadlı gənclərə ehtiyac var. Unutmaq olmaz ki, bu günün idmanla məşğul olan yeniyetmə və gənci gələcəyin sağlam vətəndaşıdır. Hazırda respublikamızda fəaliyyət göstərən orta ixtisas və ümumtəhsil müəssisələrində də idmana diqqət yetirilir. İdmanın inkişaf etdirildiyi belə məktəblərdən biri də Bakı Texniki Kollecidir.

Məlumat üçün bildirək ki, Bakı Texniki Kolleci 1996-cı ildə Bakı Politexnik və Bakı Maşınqayırma texnikumlarının birləşdirilməsi əsasında yaradılıb. Kollecin rəhbərliyi tərəfindən maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində lazımi işlər görülüb. Yaradılan bu imkandan yararlanan təhsil ocağında tədris və idman işləri əvvəlki qaydada davam etdirilir. Burada müxtəlif növlər üzrə daxili yarışlar təşkil olunur. Təhsil ocağının idmançıları Nizami rayonunun Gənclər və İdman İdarəsinin keçirdiyi bütün yarışlarda fəal iştirak edirlər.

Azərbaycan Texniki Universitetinin nəzdinə verilən Bakı Texniki Kollecində idmanın yüksək səviyyədə təbliğ edildiyinin şahidi olduq. İdman kafedrasının yerləşdiyi mərtəbədə Azərbaycanın və kollecin idman həyatını özündə əks etdirən foto-stendlər buna nümunədir.

Bütün bunların həyata keçirilməsində fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fənn birliyinin sədri Aydın Kazımbəyovun xüsusi rolu var. Sərbəst güləş üzrə SSRİ idman ustası, respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi olan Aydın Kazımbəyov təcrübəli müəllim, bacarıqlı pedaqoqlardan biridir. Bunu onunla söhbətimiz zaman bir daha hiss etdik.

"Müəllimin yetişdirdiyi məhsul insan olduğundan 
müəllimlik peşələrin ən şərəflisi, ən müqəddəsidir”

Əvvəlcə müsahibimiz müəllim peşəsinin nə qədər yüksək olduğundan danışdı: "Məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Böyük maarifçi Həsən bəy Zərdabi demişdir: "Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”. Uşaqların tərbiyəsində isə əsas yük biz müəllimlərin çiyninə düşür. Bütün peşələr gözəldir, gərəklidir. Lakin müəllimin yetişdirdiyi məhsul insan olduğundan müəllimlik peşələrin ən şərəflisi, ən müqəddəsidir. Müəllimə nahaq yerə ziyalı demirlər. Müəllim öz ziyası, nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. O, qəlbən, mənən pak olmalı, bütün şagirdlərinə eyni qayğı ilə yanaşmalı, hər bir şagirdinə yetəcək qədər böyük ürəyə malik olmalıdır. Bu gün müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Hər şeydən əvvəl hər bir müəllim özü bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə şagirdlərinə nümunə olmalıdır. Müəllim yaradıcı olmalı, keçdiyi hər bir dərsə yeni yazacağı bir əsər kimi baxmalıdır. Müəllim yenilikçi, qabaqcıl olmalı, haçansa öyrəndiyi bilikləri ilə kifayətlənməməli, daim öz üzərində işləməli, cəmiyyət inkişaf etdikcə özü də inkişaf etməlidir. Əks halda, müasir dövrlə ayaqlaşan, savadlı şagirdlər yetişdirmək mümkün deyildir.

Fiziki tərbiyənin təlim işlərinin istənilən səviyyədə təşkilində əsas meyar tədris və ev tapşırıqlarına qoyulmuş vaxta, vaxt bölgüsünə düzgün riayət edilməsidir. Həmin tələblərin nəzərə alınması şagird və müəllimlərin normadan artıq yüklənməsinin qarşısını alır.

Fiziki tərbiyənin təlimində bir neçə meyardan eyni vaxtda istifadə etmək mümkündür. Bir cəhəti də unutmaq olmaz ki, tədris prosesinin həddindən artıq intensivləşdirilməsi növbəti hərəki bölmənin mövzularının şagirdlər tərəfindən mənimsənilməsini çətinləşdirir. Buna görə də şagirdlərin tədris prosesini səmərəli təşkil etmək lazımdır. Bu məqsədlə pedaqoji vasitələrin də tətbiqinə ehtiyac vardır. Fiziki tərbiyədə o variant müvafiq hesab olunur ki, eyni şəraitdə, eyni vaxt sərf etməklə tətbiq olunan təlim-tərbiyə yaxşı nəticə vermiş olsun.

Qüvvənin qənaətlə sərf edilməsi də mühüm şərtdir

Təhsil və tərbiyənin hazırkı tələbatında fiziki tərbiyənin səmərəliliyi və nəticəsi sərf olunan vaxtla sıx bağlıdır. Çünki, səmərəlilik bədən tərbiyəsi müəlliminin qısa vaxt ərzində az əmək sərf etməklə daha böyük müvəffəqiyyətlər qazanmasına imkan verir. Təlim-tərbiyədə uğur qazanmaq müəllimin işinin səmərəli qurulmasından çox asılıdır. Belə vəziyyətdə vaxt itkisi baş vermir, çəkilən zəhmət bəhrəsiz qalmır.

Aydın Kazımbəyov çoxillik təcrübəsinə əsaslanaraq bildirdi ki, müasir təhsil sistemi məktəbin pedaqoji kollektivinin qarşısında yeni məqsəd və vəzifələr qoyur: "Həmin məqsəd və vəzifələr ənənəvi tələblərdən tamamilə fərqlənir. Hazırda müəllim və şagirdlərin fəaliyyətinin tənzimlənməsində bir sıra prinsiplər tələb olunur. Bütün bunlar təhsildə əvvəllər mövcud olmuş təfəkkürün yenilənməsinə, tədris olunan fənlərin mahiyyətini cəmiyyətin tələbatına uyğun qurmağa, dünya təhsil sisteminə inteqrasiya etməsinə imkan yaradır. Pedaqoji kollektivin qarşısında duran ən vacib məsələ isə, şübhəsiz ki, uşaqların savadlı, mənəvi cəhətdən sağlam böyüməsidir. Mənəvi cəhətdən yüksək tərbiyə alan hər bir uşaq doğma yurdunu ürəkdən sevəcək, vətəninə, dövlətinə sadiq olacaq, milli dəyərləri qoruyacaq.

Təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, təlimin prinsipləri formal xarakter daşımamalı, təsadüfən yaradılmış mühitə, şəraitə uyğun tətbiq edilməməlidir. Tələbələrin ümumi bilik və bacarıq fəaliyyətləri, hərəki qabiliyyətləri, vərdişləri nəzərə alınmalıdır. Xüsusən, qabaqcıl müəllim və məktəblərin iş təcrübəsi, direktiv tədris sənədlərinin tələbatı təlim fəaliyyətində əsas götürülməlidir.

Təlim prinsiplərinin reallaşdırılmasına nail olmaq üçün tələskənliyə, süniliyə yol vermək olmaz. Tədris metodu real faktları əks etdirməli, müəllim və tələbə arasında qeyri-səmimiliyə, gərginliyə şərait yaradılmamalıdır.

Müxtəlif növ maraqlı, cəlbedici və təsiredici fiziki hərəkət kompleksləri hazırlanmalı, onların tədrisi mərhələlər üzrə ardıcıllıqla aparılmalıdır. Hər bir fiziki hərəkət üzrə bilik, bacarıq və vərdişlərin qazanılmasının özünəməxsusluğu nəzərdən qaçmamalıdır. Dinamik inkişafı təmin edən hərəki bacarıqların formalaşdırılmasının ardıcıllıqla həyata keçirilməsi daha məqsədəuyğun sayılır.

Aydın Kazımbəyov bu sahə üzrə ən xırda məqamların diqqətdə saxlanılmasının vacibliyini vurğuladı. Bununla o, bir daha sübut etdi ki, hər bir insan öz işinin peşəkarı olmalıdır.

O qeyd etdi ki, fiziki tərbiyə üzrə tədris materiallarının müvafiq qaydada öyrədilməsi təlimin müsbət nəticələnməsinə öz təsirini göstərir. Müxtəlif növ yeriş, qaçış və gimnastika hərəkətlərinin musiqinin müşayiəti ilə yerinə yetirilməsi şagirdlərin fəallığını və həvəsini artırır. Bu cür hərəkətlər onların dərsə marağını da yüksəldir. Hərəkətlərin icraolunma tempi tədris materialının məzmunundan, onun icrasından (asan və ya mürəkkəb olmasından), nə məqsədlə yerinə yetirilməsindən də mühüm dərəcədə asılıdır. Hərəkətlər yüksək, orta və aşağı tempdə icra oluna bilər. Burada sinifin orta təlim tempi mütləq nəzərə alınmalıdır. Mütəxəssislərin araşdırmaları zamanı gimnastika, atletika hərəkətləri, idman oyunları üzrə fəndlərin orta təlim tempinə uyğun həyata keçirilməsinin daha önəmli və təsirliliyi müşahidə olunmuşdur.

Tədris prosesinin səmərəliliyi təlim zamanı
 sərbəstliyin təmin olunmasından asılıdır

Şagirdlərin idrak fəallığı, təlimə şüurlu və düşüncəli yanaşması təmin edilməklə, onların müstəqilliyinə, sərbəst hərəkət etmələrinə də üstünlük verilməlidir. Bu, öyrətmə və öyrənmənin vahidliyinin gözlənilməsilə sıx əlaqədar olmaqla yanaşı, müəllimin və şagirdlərin fəaliyyətinin tənzimləməsini stimullaşdıran mexanizmlərdən hesab olunur.

Mütəxəssislər hesab edirlər ki, müxtəlif növ, rəngarəng fiziki hərəkətlər, mütəhərrik və əyləncəli oyunların lazımi templərdə, tədris şəraiti nəzərə alınmaqla keçirilməsi məqsəduyğundur. Bu zaman həm öyrədən, həm də öyrənənlər məsuliyyət hiss etməlidirlər. Belə olmasa, həmin təlimin uğurlu nətiəsindən danışmaq olmaz. Təlimdə məsuliyyət daşıdığını anlayan hər bir şagirdin idrak fəallığı da da yüksəlir. Bu isə birbaşa təlimə şüurlu yanaşmanı, düşünərək təhlillər aparmanı, müəyyən qənaətə gəlməni təmin edir. Şərh olunanlar daha yaxşı qavranılır, yadda saxlamağa ciddi səy göstərilir. Təlimin şüurlu surətdə qavranılması uşaqların mənəvi və psixoloji hazırlığında mühüm rol oynayır. Yuxarıda sadalanan komponentlərdən kompleks istifadə olunması təlimdə nailiyyət qazanılmasında ən başlıca şərtlərdən sayılır. Təcrübə göstərir ki, fiziki tərbiyənin təlim prosesinin düzgün təşkili və keçirilməsində pedaqoji təcrübə əsas rol oynayır. Fiziki tərbiyənin tədrisi zamanı məktəbli gigiyenasına riayət edilməsi, təlim üçün mənəvi-psixoloji və estetik şəraitin yaradılması da əhəmiyyətli komponentlərdəndir. Təlim prosesi üçün maksimum dərəcədə məqsədəuyğun sanitariya-gigiyena şəraitinin yaradılması da nəzərə alınmalıdır. Şagirdlərin təlim-tərbiyə işində və sürətli inkişafının təmin edilməsində tədris prosesinin optimallaşdırılması prinsiplərinin də tətbiqinə ehtiyac duyulur. Tədris zamanı təlimlərin kompleks şəkildə, ardıcıllıqla yerinə yetirilməsi uşaqların hərtərəfli inkişafına, şəxsiyyət kimi formalaşdırılmasına və mənəvi aləminin zənginləşdirilməsinə müsbət təsir göstərir.

"Çalışıram ki, tələbələrimizin müxtəlif idman növlərinə marağı artsın”

Aydın müəllim söhbət zamanı qeyd etdi ki, tələbələrin bədən tərbiyəsi dərslərinə marağını artırmaq da çox vacibdir. "Mən hər zaman tələbələrimdən tələb edirəm ki, dərsə idman formasında gəlsinlər. Düzünü deyim ki, bəzən bu tələbim onların narazılığına səbəb olur. Lakin vaxt keçdikcə tələbələr bu vərdişə yiyələnirlər. Hətta bəzən məndən narazı qalanlar sonradan mənə minnətdarlıq edirlər. Çalışıram ki, tələbələrimizin müxtəlif idman növlərinə marağı artsın. Bu, çox vacib amildir. Bakı Texniki Kollecində təhsil alan tələblərin fiziki sağlamlığının keşiyində dayanırıq ki, onlar gümrah, cəsarətli və çevik böyüsünlər. Burada təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan tələbələrin bir çoxu ordudan təxris olunarkən yanıma gəlir, onlardan tələbəlik dövründə tələb etdiyim bacarıqların ordu sıralarında kömək etdiyini deyirlər. Düşünürəm ki, hər bir müəllim əlindən gələni etməlidir ki, şagird və tələbələr orduya tam hazır vəziyyətdə yollansınlar. Bizim kollecdə bu iş yüksək səviyyədə həyata keçirilir. Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov tələbələrin savadlı, dünyagörüşlü, fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün bütün imkanlardan istifadə edir. Tələbələrin gün ərzində zehni və fiziki hərəkət normalarına düzgün əməl etməsi də olduqca mühüm əhəmiyyətə malikdir”, - deyə o əlavə etdi.

Yola saldığımız 2016-cı il Bakı Texniki Kollecinin idmançı tələbələri üçün də yaddaqalan olub. Aydın müəllimin rəhbərliyi altında çıxış edən komandalar uğurlu nəticələrlə diqqət çəkiblər. Məlumat aldıq ki, aprel ayında yaz çağırışına həsr olunmuş çoxnövçülük üzrə Bakı şəhər çempionatında kollec komandası ikinci yerə layiq görülüb. Komandanın heyətində yer alan Murad Paşayev isə fərdi yarışlarda daha yüksək nəticə əldə edib. Oktyabr ayında keçirilən payız çağırışına həsr olunmuş yarışda da komanda eyni nəticəni əldə etmişdi. Noyabr ayında təşkil olunan "Marş irəli” devizi altında poliatlon çoxnövçülüyü üzrə respublika yarışına vəsiqə əldə edən komanda mükafatçılar sırasında yer alıb. Yalnız Mingəçevir və Naxçıvan komandalarından geri qalan kollec komandası üçüncü yeri tutub. Bir faktı da qeyd edək ki, ilk iki yeri tutan yığma komandalar ayrı-ayrı məktəblərin şagirdlərindən təşkil olunub. Bakını isə qeyd etdiyimiz kimi, Bakı Texniki Kollecinin komandası təmsil edib. Bu isə əzmkarlıqdan və yüksək hazırlıqdan xəbər verir. Milli Dirçəliş Gününə həsr olunmuş yeniyetmə məhkumlar və tələbələr arasında futbol üzrə yoldaşlıq görüşü də ötən il keçirilən tədbirlər sırasında yer alıb. Noyabrın 21-də təşkil olunan yarış Penitensiar xidmətin tərbiyə müəssisəsində keçirilib.
Bu və ya digər yarışlarda iştirak edən tələbələr Aydın müəllimin rəhbərliyi ilə bu uğurlara yiyələnirlər.

Təhsil almağın əsas vasitəsi təlimdir

Tərbiyə insan şəxsiyyətinin məqsədyönlü formalaşması, inkişafı prosesi və nəticəsidir. O, iki mənada - geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə insana bütün mütəşəkkil və məqsədyönlü təsirləri, o cümlədən sosial həyatın təsirlərini, tərbiyə, təhsil və təlimi özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin (eləcə də təlim və təhsilin) mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi başa düşülür.

Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir. Yenidəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. Təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Təhsil müxtəlif yollarla - təlim və özünütəhsil yolu ilə (eləcə də onların vəhdəti ilə) əldə edilə bilər. Təhsil almağın əsas vasitəsi təlimdir. Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir. O, müəllim və şagirdlərin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Şəxsiyyətin inkişafı müxtəlif amillərin (təbii və sosial, xarici və daxili amillərin) təsiri ilə insanın şəxsiyyət kimi formalaşması prosesidir.

Pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqlı vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin ahəngdar inkişafına kömək göstərir.

Anar Əhmədov