Pedaqoji nəzarət metodları uşaqların fiziki hazırlığına da kömək edir

Pedaqoji nəzarət metodları uşaqların fiziki hazırlığına da kömək edir

Bədən tərbiyəsi və idmanla məşğul olmaqla bir sıra çətinlikləri dəf etmək mümkündür. İnsan orqanizmi fəallaşdıqca, hərəkət qabiliyyəti artdıqca yad təsirlərə qarşı müdafiə də güclənir. Bu baxımdan uşaq və yeniyetmələrin fiziki tərbiyəsi cəmiyyətin əsas vəzifələrindən biri sayılır. Valideynlər hər zaman övladlarını gələcəkdə vətənə layiq bir övlad kimi böyütməyi qarşıya məqsəd qoyurlar. Cəmiyyətdə yüksək yerlər tutmaq, vətənə ləyaqətlə xidmət etməkdən ötrü isə fiziki və mənəvi cəhətdən sağlam olmaq vacibdir.

Hazırda ölkəmizdə dövlət tərəfindən bütün sahələrə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, Azərbaycan qısa zaman ərzində inkişaf edən dövlətlər arasında yer alıb. Ölkəmizdə uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı hərtərəflidir. İdmanda qazanılan uğurlar bu qayğının nəticəsidir. 2016-cı ildə Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız bütün planetə Azərbaycanın idman ölkəsi olduğunu bir daha göstərdilər. XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan Azərbaycan yığması medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutdu. Azərbaycan həmçinin Avropa dövlətləri sırasında 21-ci, islam dövlətləri sırasında 4-cü, keçmiş Sovet İttifaqı dövlətləri srasında isə 6-cı yerdə qərarlaşdı. Azərbaycan məhz bu Olimpiya Oyunlarında tarixi ərzində ən çox medalı qazandı - 18 medal. Həmçinin sərbəst güləşçilər Mariya Stadnik və Xetaq Qazyumov Azərbaycana ardıcıl üç Olimpiya Oyunlarında medal qazandıran idmançı kimi tarixə düşdülər.

Ölkəmizdə inşa olunan idman obyektləri müxtəlif növlər üzrə beynəlxalq yarışların keçirilməsinə imkan verir. Respublikamızın təkcə paytaxtında deyil, bölgələrində də Avropa, dünya çempionatları təşkil edilir. Sözsüz ki, Azərbaycanda keçirilən ən mötəbər idman tədbiri 2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunları sayılır. İlk dəfə təşkil olunan bu yarışların ev sahibliyinin məhz Azarbaycana həvalə edilməsi təsadüf deyildi. Beynəlxalq idman qurumları çox yaxşı bildirdilər ki, ölkəmiz mötəbər turnirlərin keçirilməsində böyük təcrübəyə malikdir və Avropa Oyunlarını da yüksək səviyyədə təşkil edəcək. Belə də oldu. Birinci Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlara yazıldı. Ölkəmizə 49 ölkədən gələn 6000 idmançı, o cümlədən nümayəndə heyətlərinin üzvləri burada keçirdikləri günləri hər zaman xatırlayacaqlar. Onlar xalqımızın qonaqpərvərliyi, mədəniyyətimiz, zəngin mənəvi irsimiz barədə eşitdiklərinin həqiqət olduğunu gördülər.

Avropa Oyunları, doğrudan da, çox yüksək səviyyədə keçirildi. Tamaşaçılar arenalarda aparılan gərgin idman mübarizəsindən zövq aldılar. Şübhəsiz ki, azərbaycanlı azarkeşlər daha çox öz idmançılarımızı dəstəkləyir, onları ruhlandırırdılar. Atletlərimiz onlara göstərilən etimadı layiqincə doğrultdular. Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal (21 qızıl, 15 gümüş, 20 bürünc) qazanmaqla nəyə qadir olduqlarını göstərdilər. Ümumi komanda hesabında ikinci olmaq heç də asan başa gəlməyib.
Bu, qısa zaman ərzində çəkilən zəhmətin ən böyük qiymətidir. Bu, Azərbaycan idmanının uğuru və şöhrətidir. Əldə olunan bu nailiyyətlərdən hər bir vətəndaşımız qurur duyur. Amma qələbəyə və uğura gedən yol hamar olmur. Bunun üçün böyük səy və zəhmət çəkmək lazımdır. Azərbaycan atletləri məhz çəkdikləri zəhmətin bəhrəsini gördülər.

İdmanda nailiyyət nədən asılıdır?

Bu suala mütəxəssislər, adətən, iki formada cavab verirlər. Onlar hesab edirlər ki, təbiətin insana bəxş etdiyi fiziki göstəricilər, insanın əməksevərliyi, məşqlərə ciddi münasibəti, məşqlərin kefiyyəti,həmçinin kəmiyyəti nailiyyətlərə imkan yaradır.Əgər qeyd olunan bu amillər insanda formalaşıbsa, deməli, həmin insandan idman nailiyyətləri gözləməyə dəyər. İdmanla ciddi surətdə məşğul olan hər bir kəs bu sahədə psixologiyanın da son dərəcə önəmli rol oynadığını bilir. Psixologiya idman nailiyyətlərinin əldə olunmasında ən mühüm amilidir. Bu, sınanmış təcrübələrdə öz təsdiqini tapıb.

İnsanın psixoloji imkanları bütün orqanizmi idarə etmək iqtidarındadır. Bu zaman orqanizmin tükənməz gücü də qorunur. Psixoloji imkanlarından istifadə etməyi bacaran insan idmanda uğur qazana bilər. Şübhəsiz ki, bu zaman əvvəlki iki faktor - təbiətin bəxş etdiyi fiziki göstəricilər və əməksevərlik də "yerində” olmalıdır.

Uğurun qazanılmasına təsir edən amillər hansılardır?

Uğurların əldə olunması üçün, şübhəsiz ki, səylə çalışmaq, məşqlərin davamlılığını gözləmək lazımdır. Mütəxəssislər idman nailiyyətlərinin dinamikasına təsir edən amillərin aşağıdakılardan ibarət olduğunu sübut ediblər:

1. İdmançının fərdi qabiliyyəti. Fərdi qabiliyyət, eyni zamanda, idmançının nəyə qadir olduğunun, onun bacarığının göstəricisidir. İstənilən idman növü ilə məşğul olmaq insanın müəyyən bacarığını üzə çıxarır.
2. İman naliyyətlərinə hazırlığın dərəcələri. Hər bir məşqçi öz yetirməsinin inkişafına çalışır, onun seçdiyi idman növündə ən yüksək uğurlara sahib olması üçün əlindən gələni əsirgəmir. Müasir dövrümüzdə məşq yükü və idmançının hazırlığına sərf olunan vaxtın müddəti xeyli artıb. Bütün bunları isə, öz növbəsində, psixoloji kefiyyətlərin və idmançının şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
3. İdmançanın hazırlıq sisteminin düzgün təşkil olunması.
Hazırlığın düzgün sistem üzrə aparılması idmançının uğurlarında əsas rollardan birini oynayır. Məşqçinin bacarığı, təcrübəsi idmançının faktiki və texniki hazırlığının səmərəli olmasına kömək edir.
4. İdmanda kütləviliyin yaradılması və kadrların düzgün seçimi. İdman zallarına axın nə qədər çox olarsa, böyük idmana qoşulanların sayı da bir o qədər artar. İdmanda kütləviliyə nail olunması rəqabətin yaranmasına gətirib çıxarır. Bu isə, sözsüz ki, idman nailiyyətlərini artıran başlıca amildir. Mütəxəssislərin fikrincə, bir idmançının əldə etdiyi yüksək nəticə digərlərinin çıxışlarına müsbət təsir göstərir.

Təəssüf ki, bəzi uşaqlar idman zallarından çox, televizor qarşısında oturmağa və ya kompüterdə əyləcəli oyunlar oynamağa üstünlük verirlər. Bu cür hallar uşaqların fiziki sağlamlığına ziyan gətirir.

Uşaqların fiziki tərbiyəsi: ilk addım necə atılmalıdır?

Şübhəsiz ki, hər bir valideyn öz övladının sağlam böyüməsini arzulayır. Lakin valideynlərin hamısı başa düşmür ki, uşağın sağlam böyüməsi üçün ilk addımı məhz valideynləri atmalıdırlar. Yəni övladının sağlamlığını düşünən valideyn onun əlindən tutaraq idman zalına aparmalıdır. Öz övladını idman zalına aparan hər bir valideyn uşağına izah etməlidir ki, idmanda əldə edəcəyi nailiyyətlər həm də onun mənəvi tərbiyəsinə kömək edəcək. Şübhəsiz ki, valideynlərin əksəriyyəti öz övladını Olimpiya çempionu kimi böyütməyi qarşısına məqsəd qoymur. Bəzi valideynlər üçün idman, sadəcə, uşağın xəstəliklərdən qorunması, onda özünəinam hisslərinin yaranması, tərbiyəli böyüməsi üçün əsas sayılır. Onlar öz övladlarının fiziki sağlamlıqlarını hər şeydən üstün tutur və onların məşhur idmançı kimi yetişməsi barədə düşünmürlər.

Bununla yanaşı, kiçikyaşlı uşağı hər hansı bir idman bölməsinə yazdırarkən onun bacarığı, fiziki imkanları da nəzərə alınmalıdır. Unutmaq olmaz ki, uşağın fiziki inkişafı çox ciddi məsələdir. Məhz buna görə də hər hansı bir idman bölməsinə getməzdən əvvəl həkimlə, bölməyə rəhbərlik edən təcrübəli idman mütəxəssislər ilə söhbət etmək vacibdir. Valideynin əsas işlərindən biri qeyd olunan mütəxəssislərin rəyini dinləmək olmalıdır. Məhz bundan sonra qərar vermək lazımdır. Mütəxəssislərlə söhbət zamanı valideynə izah olunur ki, uşağı hansı idman bölməsinə yazdırmaq lazımdır və idmanla yenicə məşğul olmağa başlayan həmin uşağın imkanları hansı səviyyədədir, yəni o, çiyinlərinə düşəcək "yükü” ram etmək gücünə malikdirmi? Valideyn bu halları nəzərə almalıdır. Əks təqdirdə, idmanla məşğul olmağa başlayan uşağı xroniki yorğunluq əldən salar, o, özünü digərlərindən gücsüz hiss edər və idmanda heç nəyə nail ola bilməyəcəyini düşünər. Belə halda uşaq istər-istəməz idman bölməsindən uzaqlaşacaq.

Məktəbəqədər yaş dövründə uşaqların fiziki tərbiyəsi

Mütəxəssislər bildirirlər ki, uşaqların fiziki tərbiyəsi məsələsi həm ailədə, həm də uşaq bağçalarında həll olunmalıdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən uşaq bağçaları sadə idman avadanlıqları ilə təchiz olunub. Bu isə körpələrin bədən tərbiyəsi ilə məşğul olmasına imkan verir. Uşaq bağçasında işləyən tərbiyəçilər hər gün uşaqlara kompleks idman hərəkətləri öyrədir ki, belə hərəkətlər körpələrin əzələlərinin müəyyən dərəcədə bərkiməsinə zəmin yaradır. Eyni zamanda, uşaqlar idmanın əlifbasını öyrənirlər. Mütəxəssislərin fikrincə, uşaq bağçalarında fiziki hərəkətləri yerinə yetirərkən hava şəraiti mütləq nəzərə alınmalıdır. Belə ki, isti havalarda uşaqları çölə çıxarmaq və onlara öyrədilən idman hərəkətlərini məhz təmiz havada yerinə yetirmək lazımdır. Bunun üçün əksər uşaq bağçalarının həyətində hər cür şərait mövcuddur: burada gimnastika alətləri, hədəflər, üzərindən tullanmaq üçün maneələr yaradılıb. Təəssüf ki, bəzi valideynlər körpə uşaqlarının bağçalarda idmanla məşğul olmasına müsbət yanaşmırlar. Məsələn, bəzilərinin fikrincə, əgər uşaq soyuqdəyməyə yoluxubsa, o, çölə çıxmamalıdır (xüsusilə qış mövsümündə). Nəzərə almaq lazımdır ki, ölkəmizdəki müasir uşaq bağçaları qış fəslində istiliklə yüksək səviyyədə təmin olunur. Qalın paltar geyinən körpə fiziki hərəkətləri yerinə yetirməkdə çətinlik çəkir və ya onun bu işə, sadəcə, həvəsi qalmır. Mütəxəssislərin fikrincə, bəzi valideynlərin bu cür canfəşanlıq etməsi uşağın tez-tez xəstələnməsinə gətirib çıxarır. Məhz buna görə də körpələrin təmiz havaya çıxarılması vacibdir. Hətta qış fəslində də normal hava şəraitində uşaqlara çöl şəraitində idmanla məşğul olmağı tövsiyə etmək faydalı olar. Çünki qışda təmiz havada yerinə yetirilən idman hərəkətləri uşağın orqanizminin möhkəmlənməsinə yardım edir. Təcrübələr göstərir ki, məktəbəqədər uşaqların fiziki tərbiyəsi kompleks şəkildə həyata keçiriləndə daha səmərəli olur. Bununla belə, mütəxəssislərin fikrincə, hər hansı bir kompleks hərəkətin ardıcıllığı iki həftədən çox davam etməli deyil. Bundan əlavə, uşaqları hər gün mütəhərrik oyunlara cəlb etmək vacibdir. Fiziki təbiyənin inkişafına ən çox komanda idman oyunları təsir göstərir. Bu cür oyunlar körpələrin fiziki imkanlarını artırır, onlar cəldlik, çeviklik kimi keyfiyyətləri mənimsəyirlər.

Məktəbəqədər yaş dövründə uşaqların fiziki tərbiyəsində daha bir mühüm amil nəzərə alınmalıdır: zehni qabiliyyətin artırılmasına yönələn hərəkətlərdən sonra fasilə verilməsi. Pedaqoqların fikrincə, məktəbəqədər yaş dövründə olan uşaqların fiziki tərbiyəsi ilə məşğul olanlar bu fasiləni 20 dəqiqədən bir həyata keçirməlidirlər. Mütəxəssislər hesab edirlər ki, əgər uşaq hər hansı bir səbəbdən bağçaya getmirsə, onun fiziki tərbiyəsi ilə evdə məşğul olmaq lazımdır. Hazırda xüsusi proqramlar vardır ki, onların vasitəsilə evlərdə müstəqil şəkildə uşağın fiziki tərbiyəsini həyata keçirmək mümkün olar. Bu zaman həmin proqramda yer alan təlimatlar barədə uşaq həkimi və ya uşaq bağçasının təcrübəli mütəxəssisi ilə məsləhətləşmək lazımdır. Təcrübələr sübut edir ki, məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi onun normal inkişafına, boyunun artmasına müsbət təsir göstərir. Qeyd etdiyimiz kimi, fiziki hərəkətlərin təmiz havada həyata keçirilməsi çox vacibdir. Bu, uşaqları bir çox xəstəliklərdən qoruyur.

İdman hərəkətləri yorğunluğu aradan qaldırmağa kömək edir

Mütəhərrik oyunlar uşaqların fiziki inkişafında xüsusi rol oynayır. Azərbaycanda mütəhərrik idman oyunlarının yaranma tarixi çox qədim dövrlərə aiddir. Onlar əsrlər boyu nəsillərdən-nəsillərə keçərək inkişaf etmiş, zənginləşmişdir. Dərin kökləri ilə uzaq keçmişimizə bağlanan xalq mütəhərrik oyunları təbii hərəkətlər üzərində qurulub. Azərbaycana gələn səyyahlar çoxlu tamaşaçı cəlb edən oyunlardan kəndirbaz və çovqanın (çövkən) adını çəkiblər. Məktəbəqədər və məktəbyaşlı uşaqların ətraf mühiti qavramalarında da mütəhərrik və idman oyunları başlıca vasitələrdən biri hesab olunur. Uşaqlar bu oyunların köməyi ilə idmanda ilk addımlarını atır, ilk qələbənin sevincini duyurlar. Mütəhərrik oyunlar uşaqların ətraf mühit haqqında təsəvvürlərini genişləndirir, əqli inkişafını sürətləndirir. Əyləncə xarakterli bu oyunlar uşaqlarda qətiyyətlilik, cəsarətlilik, çeviklik, cəldlik kimi keyfiyyətlər yaradır. Təhlillər göstərir ki, məktəbəqədər və məktəbyaşlı uşaqların fiziki hazırlığı, onların qamətinin düzgün inkişafı, yeriş, qaçış vərdişlərinin təkmilləşdirilməsi üçün mütəhərrik oyunlardan geniş istifadə olunmalıdır. Uşaqlar yeriş, yürüş, dırmanma, tullanma və s. hərəkətləri yerinə yetirərkən onlarda fiziki sağlamlığın ilk rüşeymləri özünü göstərir. Bunun nəticəsində orqanizmdə fizioloji proses düzgün gedir, ürəyin və tənəffüs orqanlarının fəaliyyəti yaxşılaşır, qan dövranı və maddələr mübadiləsi tənzimlənir. Uşaqlar arasında mütəhərrik oyunların təşkili onların həssaslıq və diqqətlilik kimi hisslərinin inkişafında əvəzsiz rol oynayır. Təhlillər onu deməyə əsas verir ki, uşaqlarda fiziki və emosional dözümlülük kimi keyfiyyətlərin inkişafında mütəhərrik və uşaq idman oyunlarının əhəmiyyəti çox böyükdür. Mütəhərrik oyunlar uşaqlarda hərəkətlərin əlaqələndirilməsini yaxşı inkişaf etdirir. Hərəkətlər arasında düzgün əlaqə isə kiçikyaşlı uşaqlarin fiziki ahəngdarlığını artırır. Fiziki dözümlülük uşağa hər hansı bir uzunmüddətli oyundan sonra baş verən yorğunluğu aradan qaldırmağa kömək edir.

Bu baxımdan uşaqların yorğunluğunu aradan qaldırmaq və onların diqqətini cəmləşdirmək üçün müxtəlif idman oyunları ən yaxşı vasitə hesab oluna bilər. Orta məktəblərin bədən tərbiyəsi üzrə proqramlarına elə hərəkət növləri daxil edilir ki, onların köməyi ilə uşaqların fiziki inkişafına hərtərəfli təsir etmək mümkün olsun. Məsələn, təhsil ocaqlarında keçirilən bədən tərbiyəsi dərsləri uşaq orqanizminin düzgün inkişafını, onun bədən funksiyalarının təkmilləşdirilməsini və sağlamlığının qorunmasını nəzərdə tutur.

Mütəhərrik və uşaq idman oyunlarında hər bir uşaqdan cəsarət tələb olunur. Bu oyunlar ilk baxışda əyləncə xarakteri daşısa da, məqsədyönlülüyü ilə seçilir. Burada iştirakçı uşaqdan hərəkət, müəyyən fiziki və ya zehni fəaliyyət tələb olunur.Uşaqların fiziki və mənəvi sağlamlığı, bəlkə də, məhz mütəhərrik oyunlardan qidalanır.

Orta məktəblərdə keçirilən bələn tərbiyəsi dərslərində topla oyunlara daha çox fikir verilir. Bu, uşaq və gənclərin ilkin yaşlardan etibarən topla oynanılan idman növlərinə (voleybol, basketbol, həndbol, futbol və s.) marağını artırır. Azərbaycanda mütəhərrik idman oyunlarının əsasını təşkil edən topla oyunlar zamanı əllər fəal inkişaf edir, uşaq, topu tutmaq üçün yuxarı hoppanır, yan tərəflərə müxtəlif hərəkətlər edir. Qüvvə tələb edən hərəkətli oyunlar uşaqların fiziki inkişafı üçün çox zəruridir. Belə məşğələlər zamanı uşağa qaçmaq, əyilmək, sürüşmək, qolları yana və yuxarı qaldırmaq və s. hərəkətlər etmək lazım gəlir. Bu da onların döş qəfəsinin genişlənməsinə, onurğa sütununun düzgünlüyünə, çiyinlərin, qolların, biləklərin, əl barmaqlarının inkişafına səbəb olur. Belə oyunlar zamanı uşaqlarda yeni müsbət vərdişlər və çeviklik əmələ gəlir. Təsadüfi deyil ki, uşaqların çoxu idman oyunlarına xüsusi maraqla yanaşır, ədalət prinsiplərinə əsaslanan yarış qaydalarına diqqətlə əməl etməyə, biri-biri ilə böyük həvəslə yarışmağa çalışır. Bütün bu amillər isə onların həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir göstərir.

Şübhəsiz, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığı təkcə mütəhərrik oyunların təşkilindən asılı deyil. Orta məktəblərdə keçilən bədən tərbiyəsi dərsləri yeniyetmə və gənclərin sağlamlığında əhəmiyyətli rol oynayır. Bədən tərbiyəsi dərslərinə və fiziki hərəkətlər üzrə məşğələlərə dərin maraq oyatmaq üçün, ilk növbədə, çalışmaq lazımdır ki, uşaqlar bu hərəkətlərin onların sağlamlığında xüsusi əhəmiyyət kəsb etdiyini anlasınlar. Şagirdlərin bədən tərbiyəsi dərslərinə həvəslə yanaşması üçün onlarda maraq oyadılmalıdır.

Adətən, dərs ilinin sonunda məktəblinin fiziki hazırlığında baş vermiş irəliləyişləri müəyyənləşdirmək və müsbət nəticələr əldə etmək mümkün olmur. Şagirdlərin fiziki hazırlığında lazımi dəyişikliklər etməkdən ötrü fənn tapşırıqlarının dərs ilinin ortasında da yerinə yetirilməsini tələb etmək lazımdır. Məktəb şəraitində pedaqoji nəzarətin təşkili prinsiplərindən irəli gələn ümumi qanunlar da bunları tələbə edir. Ancaq fəal pedaqoji nəzarətin müvəffəqiyyəti başqa şərtlərdən də asılıdır. Bunlardan ən vacibi şagirdlərin fiziki hazırlıq və fiziki inkişafın təkmilləşməsi prosesinə şüurlu cəlb edilməsidir. Şagirdi müəllimin göstərişlərini passiv surətdə yerinə yetirən şəxsdən, bu prosesin aktiv iştirakçısına çevirmək vacibdir. Yaxşı olardı ki, şagirdlər müəllimin göstərişlərini yerinə yetirərək əldə etdikləri nəticələri özləri də qeydə alsınlar. Digər vacib şərt pedaqoji nəzarətin dəqiq təşkili və onun həkim nəzarəti ilə sıx əlaqəsidir. Həkim nəzarəti dərs ilinin əvvəlində aparılmalı və müəllimlərə şagirdlərin sağlamlığı, onların fiziki inkişafinda baş verən dəyişikliklər barədə məlumatlar vaxtında çatdırılmalıdır. Bütün bunlar ölkəmizin gənc sakinlərinin fiziki sağlamlığı üçün əhəmiyyətlidir.