Bakı-2017 İslam Həmrəyliyi Oyunları islam ölkələrində idmanın inkişafına təkan verəcək

Bakı-2017 İslam Həmrəyliyi Oyunları islam ölkələrində idmanın inkişafına təkan verəcək



Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəyə malikdir. Tam əminliklə deyə bilərik ki, idman yarışlarının mərkəzinə çevrilən ölkəmiz dünyada kifayət qədər tanınır. İdman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişafı, idmanın güclü maddi-texniki bazaya malik olması respublikamızda mötəbər tədbirlərin təşkilinə əsaslı zəmanət yaradır. Nüfüzlu beynəlxalq qurumların etimadı sayəsində respublikamız Avropa və dünya çempionatlarına, Qran-pri yarışlarına ev sahibliyi edir. Azərbaycanda Bakı-2015 birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, "Formula-1” üzrə Avropa Qran-pri yarışlarını yüksək səviyyədə təşkil edilib. Bu il isə paytaxtımız daha bir mötəbər tədbirə -IV İslam Həmrəyliyi Olyunlarına ev sahibliyi edəcək.

İslam Həmrəyliyi Oyunları necə yaranıb?

İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. İslam ölkələrini birləşdirən beynəlxalq təşkilat kimi - İƏT (2011-ci il iyun ayının 28-nə kimi bu təşkilatın adı İslam Konfransı Təşkilatı olub) 1969-cu il sentyabrın 25-də müsəlman ölkələrinin konfransında təsis edilib. Bu təşkilatın yaradılmasında əsas məqsəd islam həmrəyliyinə nail olmaq, müsəlman dövlətləri arasında birgə əməkdaşlığı təmin etmək, iqtisadiyyat, siyasət, mədəniyyət və idman sahəsində birgə fəaliyyət göstərmək, iştirakçı ölkələrin sabit inkişafına nail olmaqdır. İslam Əməkdaşlığı Təşkilatının mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.

 İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsinə 4 qitədən 57 müsəlman ölkəsini özündə birləşdirən İslam Həmrəyliyi Oyunları Federasiyası (İHOF) nəzarət edir. Federasiyanın əsas işi islam ölkələrində idmanın inkişafına dəstək verməkdir. Yeri gəlmişkən, deyək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə həm də ISSF-nin vitse-prezidentidir. Yarışlar Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə keçirilir. Yarışların proqramına atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol, gimnastika, karate do, pençak silat, sepak takrav, idman dırmanması, taekvondo, tennis, ənənəvi avarçəkmə, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma və uşu idman növü daxil edilib. Oyunların proqramına əsasən, futbol və voleyboldan fərqli olaraq, digər idman növlərində kişi və qadın atletlər iştirak edə bilərlər.

İslam Həmrəyliyi Oyunlarının yaranma tarixinə nəzər salsaq görərik ki, bu yarışlar ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunub. Aprelin 8-dən 20-nə qədər keçirilən I İslam Həmrəyliyi Oyunlarında dünyanın 55 müsəlman ölkəsindən 32-si medalçılar siyahısında yer alıb. 23 müsəlman ölkəsi isə yarışları mükafatsız tərk edib. Azərbaycan yığma komandası yarışlarda 12 idman növündə 103 atletlə qüvvəsini sınayıb. Komandamız 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) medal qazanan ölkələr siyahısında 8-ci yeri tutub.

Sayca ikinci İslam Həmrəyliyi Oyunlarının əvvəlcə 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına qədər təxirə salınıb və sonradan ləğv olunub. III İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil edilib. Sentyabrın 22-dən oktyabrın 2-dək keçirilən III İslam Həmrəyliyi Oyunlarında 2500-dən çox idmançı və nümayəndə heyətinin üzvü iştirak edib. Azərbaycan idmançıları bu oyunlardan vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıdıblar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutub. I yerə 105 medalla (36 qızıl, 35 gümüş və 34 bürünc) ev sahibi İndoneziya layiq görülüb. II yeri 59 medalla (30 qızıl, 17 gümüş və 12 bürünc) İran, III yeri isə 85 medalla (26 qızıl, 27 gümüş və 32 bürünc) Misir komandası tutub.

IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edəcək

2013-cü il iyulun 21–25-də İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Ciddə şəhərində keçirilən 8-ci Baş Assambleyasında Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi barədə namizədliyi irəli sürülüb. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri və Bakı-2017 İslam Həmrəyliyi Oyunları təkliflərə baxış komitəsinin icraçı direktoru Könül Nurullayeva Assambleyada təqdimatla çıxış edib. IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi böyük səs çoxluğu ilə ölkəmizə verilib. Yarışlar 2017-ci il mayın 12-22-də keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il sentyabrın 17-də 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, "UNESCO” və "ISESCO” nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri təyin edilib.

Yarışlara ciddi hazırlıq işləri aparılır

Ölkəmiz Bakı-2017 IV İslam Həmrəylik Oyunlarına ciddi hazırlaşır. Azərbaycan bu mötəbər tədbirin İslam dəyərlərinə uyğun təşkili üçün əlindən gələni edir.
Yarışlara hazırlıqlarla bağlı mütamadı olaraq ölkəmizdə tədbirlər keçirilir və məsul şəxslər paytaxtda təşkilati məsələlərə qiymət verirlər. İslam Həmrəyliyi İdman Federasiyasının 2015-ci il noyabrın 4-də Bakıda təşkil olunan Baş Assambleyasında 40-dan çox ölkədən 90-dək nümayəndə iştirak edib. Baş Assambleya IV İslam Həmrəyliyi Oyunlarının Bakının 14 idman qurğusunda keçirilməsi haqqında təklifi bəyənib. Əsas şüarı "Gücümüz həmrəylikdədir” olan Oyunlar zamanı idmanın 20 növü üzrə yarışlar keçiriləcək. Bu il dekabrın 8-də Bakıda IV İslam Həmtəyliyi Oyunlarına hazırlıq çərçivəsində şefdemissionların seminarı təşkil olunub. IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimov yarışa hazırlığın plana uyğun getdiyini və heç bir gecikmə hallarının olmadığını deyib. Tədbirdə iştirak edən İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar isə bildirib ki, 50-dən artıq islam ölkəsindən idmançıların yarışlarda iştirak etmək istəməsi oyunların tarixində ilk göstəricidir. Baş katib Azərbaycanın idman qurğularının yarışlara tam hazır olduğunu və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.
Oyunlarında proqramında 20 idman növü yer alıb ki, bunu 15-i Olimpiya, 1-i milli, 2-si isə paralimpiya idman növüdür. Proqrama milli idman növü kimi zorxana daxil edilib. Beləliklə, idmançılar yarışlarda idmanın Olimpiya növü üzrə atletika, su idman növləri (suya tullanma, üzgüçülük, voterpol), basketbol 3x3, futbol, gimnastika (bədii və idman gimnastikası), taekvondo, stolüstü tennis, həndbol, cüdo, güləş (sərbəst və yunan-Roma), atıcılıq, tennis, voleybol, boks və ağırlıqqaldırmada qüvvələrini sınayacaqlar. Paralimpiyaçılar isə atletika və cüdo növlərində ən güclüləri müəyyənləşdirəcəklər. Proqrama karate və uşu da daxil edilib.

Qeyd edək ki, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində fəaliyyət göstərən Bakı-2017 Könüllülük Proqramına qeydiyyat 11 dekabr 2016-ci il tarixində başa çatb. Qeydiyyatın start verildiyi tarixdən iki aydan az bir müddətin keçməsinə baxmayaraq yarışlarda könüllü iştirak etmək üçün 12500 namizəd müraciət edib.

Yarışların keçiriləcəyi idman arenaları

Bakı-2015 Avropa Oyunlarının təşkili üçün nəzərdə tutulan idman obyektlərindən Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında da istifadə ediləcək. Həmin idman obyektləri ən müasir texniki tələblərə cavab verir. IV İslam Həmrəyliyi Oyunları 14 idman arenasında keçiriləcək. Yarışlar Bakı Olimpiya Stadionu, "Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, "İnter Arena”, Bakı Olimpiya Kompleksi, "Bakcell Arena”, "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
İnanırıq ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan bir sıra möhtəşəm idman tədbirləri kimi, islam dünyasında böyük nüfuza malik və möhtəşəmliyi ilə seçilən İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək.





Səadət Hakyeva