“Zorxana” xalqımızın tarixi idman növlərindən biridir

“Zorxana” xalqımızın tarixi idman növlərindən biridir

IV İslam Həmrəyliyi Oyunlarının proqramında yer alan zorxana 
bu növün islam ölkələrində kütləviliyini daha da artıracaq

Xalqımızın Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyi bir tarixdə "IV İslam Həmrəylik Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2015-ci il tarixli sərəncam imzalamasından iki il keçir. Sərəncamda qeyd olunduğu kimi, İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş 2013-cü il 24 iyul tarixli qərar Azərbaycanda məmnunluqla qarşılanmışdır. Uğurla başa çatmış birinci Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycan dövlətinin idmana göstərdiyi diqqət və qayğısının nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Əminəm ki, İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir".

Bu yarışı fərqləndirən digər cəhətlərdən biri də milli "Zorxa”na oyununun proqrama salınmasıdır. Tarixi faktlara əsasən, "Zorxana” 700 il öncə (hicri-şəmsi 7-ci əsr) Puryayi Vəli (Məhmud ibn Vəliyuddin. Gəncə ş.) tərəfindən yenidən sistemləşdirilib. Azərbaycanda zorxananin daha qədim tarixə malik olması da qeyd edilmişdir.

Orta əsrlərdə pəhləvanların ha­zır­lan­ma­­­sı işində zorxanalar böyük əhəmiyyət kəsb et­­­mişlər. "Zorxana” sözü - zor göstərmək, zor ye­­ri deməkdir. Zor­­xanada bir ne­­­çə idman oyu­­­­­­nu həyata ke­­­çi­rilir. Lakin bu oyunlar zor­xa­­­­­na­dan kənarda ay­rıca bir id­man oyunu ki­mi ta­nın­mır. Zor­xanada oynanan oyunlar kom­­­pleks təşkil etdiyindən bir-birinini da­va­mı kimi həyata keçirilir ki, bunların da ha­mı­sı bir məqsədə - pəhləvanlar yetişdirilməsi iş­inə xid­­mət edir.

Zorxana sözü Səfəvilər dövründən mə­lumdur. Bu dövrlərdə gənclərin tərbiyəsi üçün xüsusi təşkilat yaradılmışdı. Bu təş­ki­la­tın hər bir əyalət, vilayət və hər bir şəhərdə, hət­ta hər bir məhəllədə belə nümayəndəsi var­dı. Nümayəndələr cavanları bir yerə top­la­yıb on­lar­la təlim işi aparırdı. Bu gənclərin xü­susi id­man yerləri, zor­xa­na­la­rı və zorxana id­­ma­nı­na xas olan idman alət­lə­ri var idi. Bu təşkila­tın mər­kəzi dağgah ad­lanırdı. Hər han­sı bir şəhərin, mahalın və vilayətin pəh­lə­van­ları və pəhləvanlıq şəhadətnamələrini bu təş­­ki­lat­dan almalı idilər. Zorxanaların ya­ra­dıl­­ması haq­qın­da bir sıra əsaslı sənədə, fakta əsas­­lan­ma­yan fikirlər də irəli sü­rül­müş­dür. Mə­sələn, C.Bağ­dadbəyov yazır ki, zor­xa­na oyun­ları Əbu Əli ibn Sinanın «ixti­ra­la­rın­dan»dır. Müəl­lif daha sonra qeyd edir ki, Əbu Əli ibn Sina zorxanaları tibbi nöqteyi-nə­zərdən qu­rub, bədən tərbiyəsi ilə bir sıra xə­stəlikləri müa­licə edirdi. Əbu Əli ibn Si­na­nın bədən tərbiyəsi yolu ilə bir sıra xəs­tə­li­klə­ri müalicə etməsi fikri onun özünə xas olan cəhətlərdəndir. Lakin zorxananın ya­ra­­dıl­masının Əbu Əli ibn Sina ilə bağlı olması fik­ri heç bir fakta əsaslanmır.

Zorxananın meydana gəldiyi dövr, qeyd etdiyimiz kimi, Səfəvilər dövrünə aiddir. Məhz bu dövrdə gəncləri bir təşkilatda bir­ləş­di­­rib və onları idman oyunlarının mər­kəz­ləş­di­yi yerlərə, zorxanalara cəlb etmək işi baş­lan­mış­dı. Fikrimizcə, bir neçə əsr paytaxt ol­muş Sə­fəvilər dövründə daha da şöhrətlənmiş və­ ya­xın Şərqin ən böyük şəhərlərindən birinə çev­rilmişdi. Ümumiyyətlə, orta əsrlərdən Azərbaycan pəh­ləvanları böyük şöhrətə malik idilər. Heç tə­sadüfi deyildi ki, Sədi "Bustan” əsərində məhz ərdəbilli pəhləvandan söz açmışdı.

Zorxanalar yarandıqdan sonra pəh­lə­van­ların toplandıqları yer, eləcə də onların yar­ışları və hazırlıq işləri zorxanalarda ke­çi­rilirdi. Artıq güləş qaydaları zorxana qay­da­la­­rı­na uyğunlaşdırılmışdı. Şah İsmayıl döv­rün­də ya­zılmış bir risalədə güləş fəndləri ge­niş şərh edil­mişdi. Burada güləş fəndləri kimi iş­lə­dil­miş terminlərin çoxu Azərbaycan sö­zü­dür. Mə­­sələn, fənde qənim, yanbaşı, yanbaşı ən də­r­­u­ni, lavalama, badya asa, tuğlama, suğ­­la­ma, daşlama, gav zoru və s. Övliya Çə­lə­bi də pəh­ləvanların güləş fəndlərindən da­nı­şar­kən kə­­s­ə bənd, tərs keçə, piş qəbzə, yan­başı, boğ­ma və s. güləş fəndlərindən bəhs edir. Ayaq­döy­­mə idman oyununda "Təbriz ayağı” ter­mi­ni də işlədilir. Səfəvilər dövründə zorxanalar o qə­dər ge­niş yayılmışdı ki, hər bir məhəllədə mə­həl­lə ağ­saqqallarının təsis və idarə etdikləri zor­­xa­na­lardan başqa, bütün dövlətli və za­də­gan­la­­rın, xüsusən hakimlərin evlərində xüsusi zor­xa­­nalar yaradılmışdı.

Ümumiyyətlə, Səfəvi hökmdarları güləşmədə böyük həvəs və maraq göstərməkdən başqa, həm də onun ölkədə kütlələr arasında geniş yayılması üçün xeyli işlər görmüşlər. Azərbaycanda güləş həvəsksrlsrı üçün ilk zorxanaları da elə onlar tikdirmişlər. Az müddətdə Azərbaycanın demək olar ki, hər bir şəhər və kəndində bu cür məşq yerləri düzəldilmişdi. Həmin dövrdə hətta zorxana oyunları barədə geniş məlumat verən "Gülküstü” (güləşmənin tərifi) adlı mənzum əsər də yazılmışdı. Əsərdən məlum olur ki, zorxana yarışları o vaxtlar geniş yayılmış və xalq arasında sevilən el-oba oyununa çevrilmişdi. Məğlubiyyətin nə olduğunu bilməyən, meydanı çox vaxt qələbəylə tərk edən güləşçilərə "ustad pəhləvan” deyilərmiş. Belə pəhləvanlar adətən meydana dizlərinə güzgü bağlamış halda çıxardılar. Buna görə də onlar "aynalı pəhləvan” deyə çağrılarmışlar.

Zorxana orta əsrlərdə Azərbaycanda id­­­man sarayı rolunu oynamışdı. Bu idman oca­­­ğına gəncləri cəlb etmək üçün müxtəlif təd­­bir­­lərlə yanaşı zorxanaları təbliğ edən şer­lər, poe­malar da yazılmışdı. Orta əsrlərlə əla­qə­­lən­­dirilən belə bir şer parçasında bu məsələ tam aydınlığı ilə əks etdirilmişdir.

Bir neçə vaxt meyxanaya getdim,
Gördüm ki, mey küp dibində haraydı.
Bir neçə vaxt qumarxanaya getdim,
Gördüm ki, kart üstə cidaldır.
Bir neçə vaxt dərvişlərlə oturdum,
Gördüm ki, nə'şə və həşiş yeridi.
Ağlım yol göstərib dedi ki,
Bunların hamısı avaraçılıqdı.
Qalx ayağa, get zorxanaya
Oradakı iş mil və zor daşındadı.
Ney və tənbur səsi bir də ki,
Kabbadə və taxta kiling sədası.
Oradadır hünər, pəhləvanlıq yeri,
Mərdliyin sınağı, həm də zor yeri.

Zor­xa­nalar qədim Şərqdə geniş yayılmış id­man növlərindən biri olmuşdur. Xüsusən Şah İs­mayıl Xətai hakimiyyət başında oturduğu il­lərdə güləşməyə böyük fikir verirdi. Şah Xə­tai dövlətini genişləndirib Azərbaycan xal­qı­nın nüfuzunu artırdıqdan sonra ordunun tə­lim və tərbiyəsinə xüsusi fikir verməyə baş­la­mış­dı. Buna görə də bir çox şəhərlərdə zor­xa­nalar açdırmışdı. Bu baxımdan XVIII əsrin sonlarında Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanmış pəhləvanlar olublar.

İkinci dövr 1750-1920-ci illəri əhatə edir. Hələ 1789-1871-ci illərdə yaşamış maş­tağalı Hüseynqulu Mürsəl Qulu oğlu, onun tələbəsi və həmyerlisi Məşədi Əbdul Əli Axun­dov (1847-1918), Şomu Abdulla kimi mil­li güləş ustaları belələrindən olmuşlar.

Hüseynqulu 40 il güləşlə məşğul ol­muşdur. O, ömrünün sonuna kimi xal­qı­mı­zın bu gözəl ənənəsini el içərisində nümayiş et­dirmiş və öz davamçılarını yetirmişdir. Bü­tün həyatını pəhləvanlığa sərf edən Hü­seyn­qu­lu sonralar milli güləşimizin inkişafında əvəz­siz rol oynayan varislər qoyub getmişdir. Pəhləvan Hüseynqulu öz doğma kən­di Maş­tağada 40 il tamam qurşaq tut­mu­ş­dur. O, 1871-ci ildə, 82 yaşında ikən vəfat e­t­miş­­dir. Hüseynqulu Mürsəl Qulu oğlunun tələbəsi "Altıaylıq” ləqəbi ilə məş­hur olan Məşədi Əbdül Əli bəy olmuşdur. Məş­hur gü­ləşçi bir çox əcnəbi pəhləvanlarla qar­şı­la­şa­raq onların kürəklərini yerə vurmuş, dizlərini ye­rə gətirmişdir. Ma­raq­lı haldır ki, Məşədi Əb­dül Əli hələ 19 yaşında olarkən fit­ri gü­ləş­mə istedadına, və heyrətləndirici bə­dən qu­ru­lu­şuna malik imiş. O, 1899-cu ildə Nar­darana gə­lir və yaşadığı yerdə qüvvətli hesab edilən Bü­nyət pəhləvanla güləşib onu yıxır. Bu ha­disədən az sonra gürcü pəh­lə­va­nı Sabunçu sir­kində çıxış etmək üçün Azər­bay­cana qonaq gə­lir. Elə buradaca yerli pəh­lə­vanların bir ne­çə­si ilə güləşib on­la­rın ar­xa­la­rını yerə gətirir. Nə­hayət, meydana Məşədi Əbdül Əli çıxır və Qa­r­danelini üç dəfə məğ­lu­biy­yətə uğradır.

Azərbaycanda Hüseynquludan başqa bir çox adlı-sanlı pəhləvanlar da olmuşdur. Bun­ların içərisində öz qüvvəsi və bahadır gör­kə­milə xüsusi şöhrət qazanmış maştağalı pəh­lə­van Məşədi Əbdüləli Axundovu gös­tər­mək olar ki, Altıaylıq ləqəbi ilə Azərbaycanda məş­­hur olmuşdur. Həm­çinin zabratlı pəh­lə­van Mirzə Həşim oğlu Hüseynqulu, bala­xa­nılı Sar Pənci, saraylı Ata­b­aba, əhmədli Məm­­məd, bakılı Şonu oğlu Məm­məd­hüseyn və baş­­qalarını göstərmək olar. Bun­lar öz vaxt­la­rın­da çox məşhur olmuşlar.

XIX əsrin ikinci yarısında xalq ara­sın­da daha çox şöhrət tapan bahadır, güləş tex­ni­ka­­sında, fəndgirlikdə, qüvvədə və cəl­d­lik­də müs­təsna şöhrəti olan pəhləvan A­ltı­ay­lıq idi. O, 1847-ci ildə Maştağı kəndində ana­­dan ol­muş­dur. Altaylıq 10 yaşından güləşməyə və ova çıx­­mağa başlamışdı; o, güləş üsullarını və fənd­­­­girliyi pəhləvan Hüseynquludan öy­rən­miş­­­di. Başqa tanınmış pəhləvanlar kimi, çox ye­­məsə də, 96-97 kiloqram ağırlığında idi.

1889-cu ildə Nardaran bağlarında təş­­kil edilmiş bir "Zorxana”da, Altıaylıq o za­man çox məşhur pəhləvanlardan hesab edi­lən Bün­ya­­dı yıxmışdı. Sonrakı illərdə Al­tı­ay­lıq Sa­bun­­çuda açılmış sirkdə işləmiş, orada Gür­­cüs­tan pəhləvanı Qırdaniliyə üstün gəlmişdir. Al­tı­aylıq 1918-ci­ ildə vəfat etmişdir. Mehdi Bayramoğlu isə Gəncəbasarda ən sərrast güləşən el pəhləvanı olub. Mehdi pəhləvan ölənədək meydanda məğlubiyyət nə olduğunu bilməyib.

Milli güləşdə zorxanaçılıq təkcə id­man hadisəsi kimi, idman tədbirləri olmayıb, həm də gözəl, maraqlı bir tamaşa, oyun və əy­ləncə idi. Zorxanaçılıq idmanla sənətin, id­ma­nın tamaşa kimi zövq və həzz mənbəyi ol­du­ğuna parlaq nümunədir. Bu xüsusda aka­de­mik M. Arif yazır: "Xalq oyun və əy­lən­cə­lər­dən biri də zorxanaçılıqdır. Bədən tər­bi­yə­si ilə məşğul olan adamlar güləşmə və ağır şey­­lər oynat­maq­­la bərabər eyni zamanda öz sə­nətlərini ca­ma­at arasında nümayiş et­di­rir­di­lər. XIX əsrin son­­larına qədər Azər­bay­ca­nın bir çox yer­lə­rin­də, o cümlədən Bakıda (İçə­rişəhərdə) zor­xa­naçılıq bir tamaşa olaraq çox intişar tap­mış­dır.” Bunlar Azər­bay­can­da ta qə­dim­­­dən açıq havada keçirilən kütləvi tama­şa­lar­­dan olub, zaman keçdikcə özü­nəməxsus ça­la­r­la zənginləşmişdir. İbtidai zor­xanalar göy otun üzərində olardı. Son­ra­lar zorxanaların dü­zəl­dil­məsinə başlandı. Dai­rə şəklində mey­dan­çanın dörd tərəfinə ağac­lar basdırıldı, ağaclar sicim, ciyə, kən­dir­lə dövrəyə alındı. Gü­­ləşən əgər kəndirə to­xun­saydı məğlub he­sab edi­lər­di. Meydança cı­zıqla işarə edilərdi. Gü­ləş­çi­lə­rin ayağı cı­zıq­dan çıxsaydı, oyun dayandırılıb yenidən baş­lan­malı idi. Bu və bu­na bənzər tipli zor­xa­na­lar Azərbaycanın ki­çik şə­hər­lə­rin­də, kənd­lər­də, eləcə də kiçik oba və elat yer­lərində xa­rak­ter zorxana tiplə­rindən idi. Belə zor­xa­na­lar­da əsasən güləşçilər - pəh­lə­van­­lar çıxış edər­di. Onların xüsusi geyim və ya pal­tarı ol­maz­dı. Zorxanalar öz qu­ru­lu­ş­la­rı­na görə müx­təlif idi. Böyük şəhər­lərdə pe­şəkar zor­xa­na­çıların iştirak etdiyi belə ta­ma­şa mey­dan­la­rı xüsusi düzəldilmiş mey­dan­ça­lar idi.

Tamaşalar zamanı zorxana pəhləvan­la­­rı­na müx­təlif tamaşaçılar pul bəxşiş eləyir­di­lər. Ta­maşalardan yığılan pullar ehtiyacı olan pəh­lə­vanlara hər ay yardım edilərdi. Hər ta­ma­şa­dan və məşqdən sonra pəhləvanlar ha­ma­ma ge­­­dərdilər. Hamam pulu da yığılan ta­ma­şa pul­larından verilərdi. Qalan vəsaiti isə zor­xa­na sa­­hibi zorxananın digər işlərinə xərc­lə­yirdi.

Orta əsrlərdən başlayaraq bu günə ki­mi­ «zorxana»lar bəzi dəyişikliklərlə öz möv­qe­­lərini saxlaya bilmişdir. Bu günə kimi Cə­nu­bi Azərbaycanın bir sıra şəhərlərində zor­xa­na­lar mövcuddur və onların daxili qu­ru­lu­şu da sə­f­əvilər dövründə yaranmış zor­xa­na­lar­dan de­mək olar ki, o qədər də fərqli de­yil­dir.

Zorxanalar Azərbaycanın bir çox yer­­­­lə­rində - Təbriz, Na­x­­çı­van, Ərdəbil, Gəncə, Marağa, Bakı, Ur­­miya, Xoy, Şəki, Şirvan və Şuşada təşkil edilmişdi. Ba­kıda olan zorxana məşhur zorxa­nalardan ol­muş­dur. Bolşevik inqilabı zamanı Azərbaycanda repressiyaya məruz qalan tarixi məkanlardan biri də Zorxana olub. Şəhərin, məhəllənin nüfuzlu insanlarının toplandığı Zorxananın dini mahiyyətini dəyişə bilməyən bolşeviklər bu misilsiz sənətə son qoyub, zorxanalar qadağan edilib. Hər gecə üç yüz nəfərə qədər ta­ma­şa­çı ilə dolu olan Bakı zorxanası 1893-cü ildə po­lis tərəfindən bağlanmışdı. XIX əsrin son rü­bündə Rusiyada başlanmış in­qilab dalğası uc­qarları da bürüməkdə idi. Bu dövr­də Bakı pro­letariatı başda olmaqla zəh­mət­keş­lərin in­qi­­labi çıxışlarının qorxusu nə­ti­cə­sin­də çar mə­mur­ları hər bir ictimai yer­ləri, toplanışları qa­da­ğan edir və onlara qarşı aman­sız tədbirlər hə­yata keçirirdi. Belə təd­birlərdən biri də Bakı zor­­xanasının bağlanıl­ması idi. 1893-cü ildə 300 tamaşaçı tutan zor­xana bağlandıqdan son­ra Bakıda yenə də zor­­xanalar təsis edil­miş­di. H. Sarabskinin təs­vir etdiyi İçə­ri­şə­hər­də, yuxarı bazarda, qo­şa kar­vansaranın al­tın­da tək bir zirzəmidən iba­rət olan zorxana bi­na­sı». 30-cu illərə qə­dər mövcud olmuşdur. Gən­cədə olan zor­xa­nala­rın yeri qalmamışdır. La­kin zorxana alət­­ləri Gəncə ölkəşünaslıq mu­zeyində nü­ma­yiş etdi­rilir. Keçmişdə pəh­lə­van­ların istifadə et­diyi və pəhləvan hamamı ad­landırılan ha­ma­mın bi­nası hələ də qalır. Vax­tilə bu ha­ma­mın içərisi pəh­lə­va­n­la­rın ya­rı­şı və zorxana oyunlarının təsvirləri ilə bə­zə­dil­miş­di. Lakin o təsvirlərdən indi heç bir nü­mu­nə qalmayıb. Nax­çıvan və Ordubad şəhər­lə­rin­dəki zor­xa­na­ların binası bu günə qədər qalmışdır.

Ordubad şəhərində XVII əsrin orijinal tikililərindən sayılan səkkizbucaqlı günbəzli "Qeysəriyyə" ("Zorxana"), binasi olmuşdur. Tədqiqatçıların bəzisi onun üzərindəki 1714-cü il tarixini tikilməsinin deyil, təmirinin tarixi hesab edirlər.

Zor­xa­na­la­rın yerləşdiyi şə­hər­lər­dən biri də Şə­ki ol­muş­dur. Lakin orada da zor­xana bi­na­la­­rı qal­­mamışdır. Ancaq 25-30-cu illərdə Bö­yük Ok­tyabr sosia­list inqilabı və 1 May bay­ra­mı şən­liklərində iştirak edən pəh­ləvanlar əl­lə­rin­də zorxana alətləri gəz­dir­dik­lərindən şə­kil­ilər onları zorxanaçılar ad­lan­­dı­rır­dı­lar.

Azərbaycanın görkəmli yazıçısı Yusif Vəzir Çəmənzəminli "Qan içində” romanında XVIII əsrin ikinci yarısında Qarabağda baş verən ictimai-siyasi vəziyyəti təsvir edərək o dövrdə Şuşada "zorxana”da pəhləvanların məşqlərindən, Şuşa cavanlarının məşğul olduqları ayrı-ayrı idman növlərindən və oyunlarından bəhs etmişdir.

Şuşa zorxanaları öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və Qarabağ xanlığı dövründə 1747-1822-ci illərdə "Zorxana” məşq evləri xeyli inkişaf etmişdir. Qarabağda, Şuşada pəhlivanlıq məktəbi vardı. Məktəbin xərcini Cəfərqulu xan Nəva çəkirdi. Pəhləvan Nabat, Pəhlivan Seyid Həsən çox məşhur idi. Lakin 1822-ci ildə Qarabağ xanlığının ləğv edilib Rusiya imperiyasının əyalətlərindən birinə çevrilməsi, xalqımızın başqa milli dəyərləri kimi, zorxanaların da fəaliyyətinə mənfi təsir göstərmişdir. XIX əsrin sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Dünyada məşhur olan Rəşid Yusifov yenilməz pəhləvanlar Eldar Göyçaylının, Məmməd Hüseynovun, Əşrəf Sultanovun, Sabir Məmmədovun, İsgəndər Hacıyevin, Qiyas Nuriyevin, Məmməd Abdullayevin ustadı olub.

Mürsəl Həkimov bənzərsiz bahadırların hünər yolunu davam etdirən yeni pəhləvanlar nəsli barədə də danışırdı: "Qazax bölgələrindən Sabir Qazaxlı, Laylabaşoğlu, Qənbər Salahlı, Tovuzlu Məmməd Muradov, Qəbələli Əbdürrəhman Atakişiyev, Köçəri Beyləqanlı, Göyçaylı Rasim Məmmədnəbi, Qaçay Hüseynov və oğulları Təvəkkül, Allahverdi, Şəkili Gəray Löymanov, Famil Löymanov və başqalarının adı həmişə el arasında məşhur olub".

Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin idman oyunlarının tarixi ilə bağlı ekspozisiya bölməsi təkmilləşdirilib. XVI-XVIII əsrlərə aid millər (zorxana alətləri), çövkən oyunu miniatürü, pəhləvan şalvarı və zorxana idman alətləri nümayiş olunur.

Azərbaycan tarixi muzeyində «XV-XVII əsrlərdə Azərbaycanda feodal döv­lət­lə­ri» baş­lığı altında verilən ekspozisiyanın X sa­lo­nun­da Səfəvilər dövlətinə həsr edilmiş bölmədə haq­qın­da danışdığımız zorxana mil­lə­rindən bir cütü nü­mayiş etdirilir. Bu millər orta çəkili və orta boy­lu millərdir. Gəncə ölkəşünaslıq mu­ze­yin­də nü­mayiş etdirilən mil isə yüngül çəkili və kiçik boy­lu mildir. Belə millər zorxanalarda yün­gül oyun­lar üçün nəzərdə tutulurdu. Ümu­miy­yətlə, is­tər ağır və istərsə də yüngül millərdə zorxanada 30 formada mil oy­na­dılırdı. Süf­rə­də olan id­man­­çı­lar mi­yan­dar­dan sonra bir-bi­rinin ardınca mil oy­nat­maq­da öz mə­ha­rət­lə­ri­ni gös­tə­rir­di­lər.

Bu oyunda axırıncı çıxış edən, zorxanaya təzə gəl­miş idmançı olurdu. Birlikdə oyuna baş­la­dıq­da isə yenə də ortada dayanan mi­yan­da­rın işa­rə­si ilə hərəkət edirdilər… «Hərə əlinə bir mil alıb başının üstünə qal­dı­rar­dı. Dum­bul çalmağa baş­layardı. Dumbul əv­vəlcə ahəstə, sonra get-ge­də tez yuxarı qalxıb yenə də enərdi. Mil oy­na­dan adam da həmin templə ba­şının üstə milləri hər­ləyərdi. Oyun qur­tar­dıq­dan sonra camaat on­ları alqışlardı. Bəziləri ca­ma­a­tın xatirinə mili tək əli ilə yuxarı atıb yenə dəstini tutardı. Yaxşı mil oynadanlar mili qıçı­nın altından da atıb ha­va­da tu­tar­dı».

Zorxana xalq milli oyunlarını təkcə bahar mərasimi ilə məhdudlaşdırmaq olmaz. Zorxana xalqın adət-ənənəsinə daxil olmuş sinkretik tamaşa mərasimidir. "Pəhləvanı el saxlar"- demişlər. Zorxana ən çox Bahar bayramı mərasimlərində, meydan tamaşalarında keçirilir. Novruz bayramı günlərində zorxanalar daha təmtəraqlı görünərdi. Novruz tamaşalarından zorxanada ən geniş yayılanı qurşaqtutma (güləşmə) idi. Bu tamaşalar yaz-yay vaxtları açıq havada, qışda isə üstüörtülü zorxana meydanlarında keçirilərdi.

Azərbaycanın bir çox yerlərində zor­xa­naçılıq adlı oyun uşaqlar arasında oynanı­lır­dı. Uşaqlar iki dəstəyə ayrılırlar. Hər dəs­tə­nin öz başçısı olur. Ortaya təxminən 3-4 kq ağır­lığında ağac və ya toppuz qoyulur. Püşk dü­şən dəstənin uşaqları bir-bir ortaya çıx­ma­lı, bu toppuzların hərəsini bir əlinə götürüb ya­­vaş-yavaş yüzü sayınca əllərində fırlatmalı­dır­lar. Yüzü sayıb qurtarınca həmin toppuzu fır­lada bilməyənlər sıradan çıxarılıb töhmət­lən­mək üçün hazırlanmış yerdə saxlanırlar. Hər iki dəstənin uşaqları bir-bir sınaqdan ke­çi­rilir. Ha­nsı dəstədən çox uşaq toppuzları yüz sa­yın­ca hərləyə bilməyibsə, o dəstə məğ­lub hesab edilir.

Hər şeydən əvvəl, biz zorxana və zor­xa­­nanın təlimçiləri haqqında danışmalıyıq. Zor­xa­na binası adətən yer səthindən bir qə­dər aşağıda yer­ləşirdi. Qapı "sərdəm"ə gedən dar və alçaq keçidə açılır. Sərdəm bir, bir metr yarım hündürlüyündə taxtadan qurulmuş taxtdır. Gözəl səsli mürşid sərdəm üzərində oturub idman oyununa xas olan musiqi və adətən "Şahnamə"dən seçilən cəngi şerlərlə idmançıları təşviq edir. Bu binanın tavanı tağ­lar­la örtülürdü. Bi­nanın ortasında eni və uzu­nu 10 m və də­rin­li­yi 1m 99 olan süfrə ad­la­nan yer dü­zəl­di­lir­di. Zorxana ortasında uzunu 4 və ya 5, eni 4, dərinliyi 1 metr olan səkkiz və ya altı güşəli yerdən aşağı meydan olur. Əvvəllər id­man­çı­la­rın məş­ğ­ə­lə keçirdikləri və süfrə adlanan bu yer bir qədər qazılırdı. Bu­ra­ya quru ot, son­ra otun üs­tündən bir qədər kül, onun da üs­tündən yum­şaq torpaq tökürdülər. Be­lə­lik­lə də süfrə adlanan bu yer yay kimi qalxıb enir­di. Hər neçə ildən bir süfrənin yerini təzə­ləyir­dilər. İdmandan qabaq süfrəyə bir qə­dər su çiləyirdilər ki, toz olmasın. Bu sa­hə­də eyni vaxt­da oyunun xarakterindən asılı ola­raq 20-25 adam idman edirdi. Süfrənin ət­ra­fında ta­ma­şa­çı­la­rın oturması üçün geniş sə­ki düzəldirdilər. Süf­rə­nin yuxarı başında isə zor­xananın təlimçisi-mür­şüd üçün səkidən bir metr hündürdə kiçik bir yer, səqfində isə işıq üçün balaca pəncərə olurdu. Zor­xananın qa­­pısı bir metr yarımdan hündür ol­mur­du. Bu­ra girən əyilib keçirdi. Bu qayda zor­xa­­na­ya gələ­nin təvazökar olması simvolu kimi qə­­bul edilmişdi.

Qeyd etdiyimiz kimi, süfrənin kəna­rın­dakı səkidə yuxarı başda hündür yerdə otu­­ran təlimçi mürşüd adlanırdı. Onun ba­şı­nın üs­tün­də kiçik bir zəng də asılırdı. Bu zəng­dən oyu­nun başlanması, qurtarması və ya oyun qay­da­larını pozan oyunçulara xə­bər­dar­lıq etmək üçün istifadə edilirdi. İdman oyun­­ları mu­siqi sədaları altında ke­çi­ri­ldi­yin­dən mür­şü­dün yanında zərbvuran da otu­rur­du. Onun əlin­də bişmiş saxsıdan ha­zırlanmış, üzü­nə na­zik dəri çəkilmiş düm­bək olurdu. Zərb­­vu­ra­­­nın yanında man­qal­da od sax­la­nır­dı. Od­da düm­­­bəyi qızdırırdılar. Bundan əlavə, hə­min oda qurudulmuş ətirli otlardan da atır­dı­lar ki, zor­xana ətirli və xoş iyli olsun.

Son əsrlərdə həm mürşüdlük, həm də zər­bvurma vəzifələrinin hər ikisini bir adam ic­ra etmişdir. Bu zamandan da mür­şüd­lə­rin bir sı­ra vəzifələrini miyandarlar həyata ke­­­­çir­mə­­yə baş­lamışlar. Miyandar ortada da­­­­ya­nır, onun işarəsi ilə zərb çalınır və oyun baş­­la­nır­­dı. Bir sıra hallarda zorxanalarda düm­­bək­dən başqa qoşa­zur­na və tütək də çalı­nırdı.

Zorxana iştirakçılarının istifadə et­dik­lə­­ri id­man pa­l­­tarı tək­cə şal­­­var­dan ib­a­­­rət idi. T­ə­n­­­­ban ad­la­nan şal­var pəh­­­­­­­­­lə­van­­la­rın gey­­dik­lə­ri ən qə­­dim for­ma­da sax­la­nı­lır­dı. Əv­­vəl­lər bu şalvarlar me­şin­dən ha­zırlanırdı. Son­­ra­lar meşin tədriclə ara­dan çıxmış və qalın par­­ça ilə əvəz edilmişdir. Bu şalvarların üstü hər kə­­sin öz səliqəsinə gö­rə to­xun­ma­lar­la­ bə­zə­di­lir­di.

Oyunlardan sonra bir qədər fa­silə ilə zorxana süfrəsində güləş başlanırdı. Yuxarıda qeyd etdiyimiz kimi pəh­lə­van­­ların zor sınadıqları - güləşdikləri yer Sə­fəvi­lər zamanı zorxanalarda mərkəzləşirdi. Zo­r­xa­nalardan kənarda da güləşlər keçirilirdi. La­kin burada da zorxana qaydalarına riayət edi­lir­di. Güləşən pəhləvan əyninə yalnız güləş şal­va­rı geyirdi. Güləşin gedişi mürşüdün təlimi və nəzarəti ilə zərbin sədası altında davam edir­­di. Zorxanada güləşlərin gedişi zorxana qay­­da­la­rına uyğun olaraq mürşüdün və mi­yan­­da­rın nə­za­rəti altında davam edirdi. Gü­ləş za­­ma­nı mür­şüd və miyandardan başqa ta­nı­nmış pəh­lə­­van­lar­dan ikisi də hakim və­zifə­sin­də çı­xış edərək oyu­nun gedişinə nəzarət edə bi­lər­di. Zor­xa­na­da keçirilən güləşlərin me­to­d­u, növ­­lə­ri­­nin təd­qiqi ayrıca bəhs olunduğundan bu mə­sə­lə­nin şərhi üzərində dayanmırıq. Yal­nız bunu qeyd etməklə kifayətlənirik ki, güləş üsu­lu çox müx­təlif və rəngarəng idi. Güləş qur­tardıqdan sonra id­man­çılar mürşüdün əlini öpüb süfrədən çıxır­dılar.

Zorxanalarda təlim alan pəh­lə­van­la­rın hər birinin öz mövqeyi və bir-birindən fər­qli olan, zorxanaya xas məqam və rütbələri var idi. Zorxanaya təzəcə gələnlər təzəkar, yə­ni zor­xana idmanlarını öyrənməyə meyl edən­­lər idi. Bunlar zorxanaya girdikləri za­man mür­şüd «xoş gəlmisən» deməklə ki­fa­yət­lə­­­nirdi. Tə­­zəkarlardan bir qədər artıq ta­nın­mış, zor­xa­­nanın idman proqramı ilə tanış olan və no­x­as­tə adlananlar mürşüdün «xroş gəl­misən» de­məsindən başqa miyandar da on­la­rı hör­mət­lə qarşılayırdı. No­xa­s­tə­lə­rin baş­­qa zor­xa­nalara getməsinə də icazə ve­ri­lir­di. Xü­su­si təlim işinə başlayan və hər hansı bir pəh­lə­va­na şagird verilən noçələrin zor­xa­na­ya da­xil ol­ması müşüdün «xoş gəl­mi­sən» de­məsi, mi­­yan­darın hörməti və ətraf­da­kı­ların tə­ri­fi ilə fərqlənirdi. Miyandarların və pəh­lə­van­la­rın zor­xanaya daxil olmaları zəng və zər­­bin ça­­lın­ması ilə qarşılanırdı. Rəsmi və şöh­rətli pəh­­lə­vanlar zorxanaya da­xil olduqda zəng vu­­ru­lub zərb çalınır və zor­xa­naya məx­sus şer­lər oxunurdu.

İştirakçılar idmanı dayandırıb pəh­lə­va­nı başçılıq etmək üçün süfrəyə dəvət edir­di­lər. Zorxanada biri digərini güləşə dəvət edərdi. Bir-birini güləşə dəvət edəndə rə­qi­bi­nə gül verər və ona tərəf gül tul­la­yar­dı. Qeyd etdiyimiz kimi, güləş zor­xa­na­dan kənarda da keçirilir di. Belə yarışlar 8 m eni və 8 m uzunluğu olan yumşaq torpaq tö­kül­müş yerdə aparılırdı. Bir sıra hallarda gü­­ləş xalça üzərində də keçirilirdi. Hələ qə­dim za­manlarda böyük məclislərdə, toylarda və bay­ramlarda güləşmə yarışları geniş ya­yıl­mış id­man oyunu idi. Fransız səyyahı Şarden Sə­fə­vilər dövrünü təsvir edərkən yazır ki, mən toy məclisində idim, bu məclisdə gü­lə­şən­­lərin ya­rışı tamaşaçıların böyük sevincinə səbəb ol­muş­du. Güləşənlər dar meşin şalvar gey­miş­di­lər. Onlar bədən və şalvarlarını xına tozu qa­rış­dırılmış yağla yağlayaraq, narıncı bo­ya­mış­dı­lar.

Pəhləvanlar bir-birinə girişməmişdən qa­baq xalçanın müqabil künclərində dayanır və asas hakimin (xalça üzərində gəzən və gü­lə­şə münsiflik edən hakim əsas olur, bun­dan əla­və, yan hakimlər də olur) işarəsilə (fiti ilə) 60 saniyədən çox olmamaq şərtilə açı­lış­ma­ya baş­layırlar. Azərbaycan güləşinin bu his­səsinə aşa­ğıdakılar daxildir:
a) pəhləvanlar musiqinin müşayiəti al­tın­da bir-birini salamlayır;
b) bundan sonra açılışma - meydan gəz­mə başlanır, yəni pəhləvanlar bir əlini qa­baq­dan yuxarı və geri, o biri əlini aşağıya və ge­riyə ata-ata, milli rəqslər üçün səciyyəvi olan oynaq addımlarla xalçanın üzərində bu künc­dən o küncə ləngər vura-vura gəzirlər;
v) daha sonra pəhləvanlar öz əllərini ye­rə qoyaraq, xalça üzərində uzanırlar və növ­bə ilə (iki-üç dəfə) qollarını dirsəkdən bü­küb-açır­lar (xalq arasında buna qu­lun­c­sın­dırma de­yilir);
q) bütün bu rəsmiyyətlər icra edilib qur­­tardıqdan sonra, əsas hakimin işarəsilə pəh­­ləvanlar xalçanın ortasına gəlir, əl verib pən­­cələşir, üçüncü daha qüvvətli olmaq şər­t­ilə bir-birlərini çiyinlə itələyirlər (buna da zor­gös­tər­mə deyilir);
ğ) nəhayət, əsas hissə - pəhləvanların bir-birinə girişməsi - güləş başlanır.

Ümumiyyətlə, "Zorxana”larda yorğuluğun, xüsusən də psixi emosional gərginliyi azaltmaq üçün məş­­ğə­lələrdə musiqidən istifadə etməyin bö­yük əhəmiyyəti vardır.

Ta qədimdən Azərbaycan "Zorxana”ları hə­mişə musiqi ilə müşaiyət olunmuşdur. Xalq mu­siqinin böyük ruhverici qüvvəsinə yax­şı bə­ləd idi və buna görə də qoşa zurnanın sə­si gü­ləş meydanından heç vaxt əksik ol­ma­mış­dır. Müasir dövrdə musiqinin böyük gü­cü­­nü dərk edərək məşqlər və yarışlar zamanı on­­dan geniş istifadə olunur. 



Ümumiyyətlə, musiqi ürək fəaliy­yə­ti­nə yax­şı təsir bağışlayır, onu sakitləşdirir, əsəb sis­teminin gərginliyini azaldır, məşqdən sonra bər­paedici prosesi gücləndirir. Emo­si­ya­­­lara müs­bət təsir göstərir, hərəki fəaliy­yə­tin rit­mi­li­yini stimullaşdırır; psixi-fizioloji eh­t­i­­yatı işə qo­­şur, insanın işgörmə qa­bi­liy­yə­tin artırır.

Maraqlıdır ki, Azərbaycan milli gü­lə­şin­­də təkcə təlim-məşq prosesində deyil, elə ya­rış və görüşlərin özündə belə musiqi böyük rol oy­nayır. Meydana çıxan və güləşən id­man­çı­nı «Qaytağı», «Mirzeyi», «Koroğlu cən­gisi» qəh­rə­­manlığa, vətənpərvərliyə, igi­d­li­yə, cə­sa­rət­li ol­mağa, inamlı və inadkar olmağa ça­ğı­rır.

Dilqəm Quliyev,
pedaqogika üzrə fəlsəfə doktoru, professor