Sağlamlığın təməli məktəbəqədər təhsil müəssisələrində qoyulur

Sağlamlığın təməli məktəbəqədər təhsil müəssisələrində qoyulur
Hər bir uşağa kiçik yaşlarından düzgün tərbiyə vermək, onun əqli və fiziki imkanlarını yüksək səviyyədə inkişaf etdirmək, gələcəkdə vətənə, xalqa layiq övlad kimi yetişdirmək vacibdir. Bu istiqamətdə Azərbaycan dövlətinin atdığı addımlar danılmazdır. Uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinə, inkişafına göstərdiyi diqqət, gənc nəslin üzləşdiyi problemlərin həlli dövlətimizin əsas prioritetidir.

Sağlam bədənə, təmiz əxlaqa və intellektual düşüncəyə yiyələnmiş, bir sözlə, fiziki və mənəvi cəhətdən inkişaf etmiş gənclərin hazırlanması ölkəmizdə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilir. Bunun üçün cəmiyyətin təhsil, idman, səhiyyə sahələri öz işlərini kompleks və sistemli şəkildə qurmağa çalışırlar. Bununla belə, günümüzün vacib məsələlərindən olan uşaqların fiziki və mənəvi inkişafının özülü ailədə qoyulur. Mənəvi və fiziki sağlamlıq bir-biri ilə qarşılıqlı əlaqəlidir. Çünki mənəviyyat pozulanda gənclərin fiziki sağlamlığı da pozulur. Buna görə də həm valideynlər, həm də cəmiyyət bu məsələlərə ciddi fikir verməlidir. Dünya təcrübəsi göstərmişdir ki, mənəvi və fiziki sağlamlıq xalqın ümumi sağlamlığı, millətin bu günü və gələcəyidir.

Əsası məktəbəqədər tərbiyə müəssisələrində qoyulan bu işin səmərəli təşkili müasir pedoqoji dəyərlərə söykənir. Məktəbəqədər dövrdə uşaqların başlıca fəaliyyətində mütəhərrik idman oyunlarına geniş yer verilir. Tədqiqatçılar uşaqların fiziki və mənəvi inkişafında qədim tarixə malik xalq oyunlarının rolunu yüksək qiymətləndirirlər. Bu cür oyunlar uşaqlarda xalq etnoqrafiyasına, adət-ənənələrinə dərin hörmət hissi aşılayır, onlarda mili-mənəvi dəyərlərə hörmət hissini formalaşdırır. Pedoqoqlar uşaqların hərtərəfli fiziki hazırlığına nail olmaq üçün, mütəhərrik oyun növləri ilə yanaşı, düşüncə tələb edən intellektual oyunların vacibliyini də vurğulayırlar.

Uşaq bağçalarında təlim-tərbiyənin başlıca prinsiplərindən biri fiziki tərbiyə proqramında təlimlə tərbiyənin üzvi şəkildə uzlaşdırılması, uşaqların hərtərəfli və ahəngdar inkişafıdır. Təhlillər göstərir ki, fiziki tərbiyə üzrə iş məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu, tərbiyəçilərin və həkimlərin nəzarəti altında xüsusi proqramla həyata keçirilir. Məktəbəqədər tərbiyə müəssisələrində səhər gimnastikasının təşkilində əsas məqsəd uşaqların sağlamlığının möhkəmləndirilməsi, düzgün fiziki inkişaf və uşaqların qamətinin formalaşmasıdır. Tədqiqatlar və təcrübələr göstərir ki, bədən tərbiyəsi məşğələsi uşaqların idman hərəkətlərinə müntəzəm yiyələnməsinin əsas formasıdır. Məşğələ prosesində qarşıya qoyulan vəzifələrin ardıcıl yerinə yetirilməsi uşağın mənəvi və fiziki gücünü yüksəldir, onları məktəbə, gələcək ictimai fəaliyyətə hazırlayır. Bu cəhətdən bədən tərbiyəsi məşğələsi uşaqların sağlamlığı üçün çox vacibdir və bu məşğələlərin bağçalarda yarım qruplarla həftədə iki dəfə, ilin axırında isə qrupdakı bütün uşaqlarla birlikdə kiçik, orta, böyük və məktəbəhazırlıq qrupunda həftədə 3 dəfə təşkili məqsədəuyğun hesab edilir. Araşdırmalar göstərir ki, məktəbəqədər tərbiyə müəssisələrində və orta məktəblərdə idman bayramlarının keçirilməsi uşaqlarda fiziki, əxlaqi-iradi keyfiyyətlərin, biliklərin təkmilləşməsinə, idmana marağın artmasına müsbət təsir edir. İdman bayramları uşaqların fəallığını artırmaqla yanaşı, onlara öz yoldaşlarının uğuruna şərik olmağı, qaliblərə xoş münasibət bəsləməyi öyrədir.

Bağçayaşlı uşaqların oyunlarının çoxu mütəhərrik oyunlardan ibarətdir ki, bunun da əsasını müxtəlif hərəkətlər təşkil edir. Hərəkətli oyunlar vasitəsilə tərbiyəçi-müəllim uşaqlarda yeriş, yürüş, hoppanma, dırmanma, tullanma və s. idman hərəkətlərinin inkişafını təmin edir. Təcrübələr mütəhərrik oyunların uşaqların hərtərəfli fiziki və mənəvi inkişafına müsbət təsir göstərdiyini və onlarda şən əhval-ruhiyyə yaratdığını göstərir. Mütəhərrik oyunlar zamanı uşaqlardan fəallıq, fərasətlilik, çeviklik kimi fiziki keyfiyyətlər tələb olunur. Paralel olaraq bu oyunlar onlara cəsarətlilik, qətilik, yoldaşlıq və kollektivçilik kimi mənəvi keyfiyyətlərin aşılanmasında mühüm rol oynayır.

Uşaq bağçalarında fiziki tərbiyənin təşkili

Məktəbəqədər dövr məktəbə daxil olanadək orqanizmin inkişafı və insanın şəxsiyyət kimi formalaşmasında vacib bir dövr sayılır. Bu illərdə möhkəm sağlamlığın, hormonik inkişafın əsası qoyulur.

Məktəbəqədər yaşlı uşaqların tərbiyəsi sistemində fiziki tərbiyə əsas yer tutur. Bu mərhələdə uşağın orqanizmi tez böyüyüb inkişaf etməklə yanaşı, həm də xarici mühitin təsirlərinə qarşı müqaviməti zəif olur, ona görə də uşaq tez xəstələnir. Bütün bunları nəzərə alaraq onun sağlamlığının möhkəmləndirilməsi ön plana çəkilməlidir.

Bu dövrdə fiziki hərəkətlərə ehtiyac çox böyük olur. Yaxşı təşkil olunmuş fiziki hərəkət rejimi uşağın bütün həyat fəaliyyətinə, emosional səviyyəsinə və əhval-ruhiyyəsinə müsbət təsir göstərir: həyat üçün lazım olan əsas hərəkətlər tədricən formalaşır, əlaqə dairələri genişlənir. Uşağın hərəkət fəaliyyəti onun psixi inkişaf vasitəsilə ətraf mühiti dərk etməsi üçün başlıca vasitədir.
Məktəbəqədər dövrdə uşağın fiziki tərbiyə ilə məşğulluğu gələcəkdə onun nəinki fiziki, həmçinin əqli cəhətdən inkişafına çox kömək edir.

Məzmununa görə fiziki hərəkətlər müxtəlif cür olur

Məktəbəqədər tərbiyə müəssisələrində fiziki tərbiyə işi dövlət proqramı əsasında həyata keçirilir. Hər yaş qrupu üçün təşkil olunan fiziki tərbiyə hərəkətləri proqramı uşaqların hərəkət fəaliyyətində öz əksini tapır və məşqin məzmununu təşkil edir.

Tərbiyəçi uşaqlarla iş zamanı müxtəlif metodlardan istifadə edir: frontal və fərdi. Əgər bütün uşaqlar eyni vaxtda eyni hərəkətləri yerinə yetirməlidirlərsə, bu zaman frontal metoddan istifadə olunur. Öyrətmə zamanı hərəkətlərin ardıcıllığı da gözlənilməlidir. Uşaqlar dörd sıraya düzülür, tərbiyəçi onların iki sırası ilə işləyir. Qalan iki sıra isə öz yoldaşlarının hərəkətlərini və tərbiyəçinin göstərişlərini izləyirlər. Sonra isə tərbiyəçi digər iki sıra ilə məşğul olur.

Böyük və məktəbəhazırlıq qruplarında qrup metodundan istifadə edilir. Bu metoddan istifadə zamanı həm tərbiyəçi uşaqlarla məşğul olur, həm də uşaqlar bildikləri hərəkətləri sərbəst şəkildə təkmilləşdirməyə çalışırlar. Uşaqlar iki və ya üç qrupda da ola bilərlər. Bu zaman onlar özlərinə tanış olan müxtəlif hərəkətləri (topla oynamaq, dırmanma, müvazinət hərəkəti və s.) yerinə yetirə bilərlər. Bir qrupu öyrədərkən tərbiyəçi digər uşaqları öz diqqətində saxlayır. Onlara öz hərəkətlərinin ardıcıllığının düzgünlüyünə nəzarət etmək tapşırılır. İşin bu cür təşkili zamanı uşaqlarda cavabdehlik, verilmiş tapşırığı sərbəst yerinə yetirmək, öz hərəkət keyfiyyətlərini təkmilləşdirmək bacarığı tərbiyə olunur. Məşğələ zamanı fərdi metoddan da istifadə etmək olur. Bu vaxt bir uşaq tərbiyəçinin nəzarəti altında fərdi olaraq tapşırıqları yerinə yetirir (topla hərəkətlər, həlqəni diyirlənmə yolu ilə aparmaq, lentlə hərəkətlər və s.). Bu metoddan əsasən idman meydançalarında istifadə edilir. Onun səmərəliliyi işin yaxşı təşkilindən və tərbiyəçinin xüsusi nəzarətinin güclü olmasından asılıdır.

Həmin metod eyni zamanda hərəkət keyfiyyətinin təkmilləşdirilməsi zamanı uşaqlarda fiziki keyfiyyətlərin-cəldliyin, dözümlülüyün inkişafına da şərait yaradır. Qeyd olunan metodlardan istifadə, məşğələlərin keçirilmə şəraitindən, tərbiyəçinin qarşıya qoyduğu məqsəddən və onun nə dərəcədə real yerinə yetirilməsindən asılıdır. Bu baxımdan bir çox sahələrdə olduğu kimi, fiziki tərbiyənin də özünəməxsus məqsəd və vəzifələri vardır.
Cəmiyyətin və insanların tərbiyə sistemində qarşılarına qoyduğu məqsəd müəyyən ictimai tələbatlarla şərtlənir. Bununla əlaqədar müstəqil ölkəmizin fiziki tərbiyə sistemində bir məqsəd güdülür: fiziki cəhətdən inkişaf etmiş, sağlam, yaradıcı əməyə və vətənin müdafiəsinə fiziki cəhətdən hərtərəfli hazır olan gənclərin tərbiyə edilməsi. Bu məqsəd adamların fiziki inkişafına, hərbi və fiziki hazırlığına verilən tələblərlə sıx bağlıdır. Fiziki tərbiyənin spesifik sahələrinə və tərbiyənin digər növlərinə, onların qarşılıqlı əlaqəsinə nəzərən burada mahiyyət əsas vəzifələrin üç qrupunda açıqlanır:
1. Fiziki keyfiyyətlərin hərtərəfli inkişafı qamətin formalaşmasına, yüksək ümumi iş qabiliyyətinə nail olmağa və onun uzun illər qorunub saxlanmasına imkan verir.
2. Həyatda vacib olan bacarıq və vərdişlərin sistemli şəkildə formalaşdırılması və lazımi təkmilləşdirmə dərəcəsinə çatdırılmasına, eləcə də xüsusi biliklərin əldə edilməsinə istiqamətləndirilir.
3. Milli-mənəvi dəyərlər nəzərə alınmaqla gənclərə mənəvi keyfiyyətlər aşılamaq, şüur və davranış tərbiyə etmək.

Fiziki tərbiyənin təşkili üçün idman meydançalarının olması vacibdir

Məktəbəqədər yaşlı uşaqların hərəki fəallığını düzgün təşkil etmədən, habelə hərəkət rejimini məqsədəmüvafiq şəkildə qurmadan onların fiziki cəhətdən hərtərəfli inkişafına və tərbiyəsinə nail olmaq mümkün deyil. Uşaqların rasional aktivliyini təmin etməkdən ötrü məktəbəqədər müəssisələrdə müasir tələblərə uyğun, hərtərəfli şəraiti olan idman bazaları yaradılmalıdır. Bu həm binadaxili, həm də ki, həyətyanı sahədə müstəqil oyunların təşkilinə və keçirilməsinə yararlı olmalıdır.

Həyətyanı sahədə idman meydançasının sadə tipli idman avadanlıqları ilə təchiz olunması məsləhətdir. Belə meydança təbii torpaq örtüyündən də düzəldilə bilər. Bağçalarda yaradılan meydançalar fiziki tərbiyə məşğələlərinin, mütəhərrik oyunların keçirilməsində, habelə uşaqların müstəqil hərəkət fəallığının artırılması üçün də istifadə etməyə imkan yaradır.

İdman meydançası üçün müəyyənləşdirilən sahənin daxilində fiziki tərbiyə və idman məşğələlərinin təşkili üçün düzgün planlaşdırma aparılmalıdır. Meydança ətrafı sahələr hamarlanmalı, (məşğələ sahələrinə yaxın ətraflar) və oraya təbii ot bitkilərinin toxumları səpilməlidir. Norma üzrə bir kvadratmetr sahəyə 15-20 qram toxum səpilməlidir. Lazım gələrsə, torpağın bir kvadratmetrinə səpilən toxumu 25-30 qrama qədər artırmaq olar. Ot toxumunun səpilməsi üçün əlverişli vaxt baharın əvvəlindən iyun ayının ortalarına kimidir. Ot 10 sm qalxdıqdan sonra, onu əllə biçmək olar. İdman meydançası, onun ətrafındakı sahədən 10 sm hündür olmalı və kənar hissələri azacıq maili olmalıdır ki, yağan yağış suları meydançada qalmasın, ətraflara süzülə bilsin.

Şaquli planlaşdırmadan sonra meydança bölüşdürülür və idman alətlərinin orada necə quraşdırılması müəyyənləşdirilir. Beləliklə, idman meydançasında bütün hərəkət növlərinin inkişaf etdirilməsi üçün şərait yaradılır.

Alət və avadanlıqların çoxluğu və müxtəlifliyi uşaqlara dırmanma, dırmanıb aşma, sürünüb keçmə hərəkətlərini mənimsətmək üçün tərbiyəçiyə kömək edəcəkdir. Həmin hərəkətlərin səmərəli öyrədilməsi gövdə əzələlərinin böyük qrupunun, çiyin qurşağının, ayaqların, əllərin möhkəmləndirilməsi üçün faydalıdır.

Gimnastika divarı. İdman meydançasına ölçüsündən asılı olaraq, dörd-altı pilləkənli gimnastika divarı quraşdırmaq olar. Altı pilləkənli gimnastika divarı 120 dərəcə bucaq altında yerə bərkidilir ki, bu da onun davamlılığını və möhkəmliyini təmin edir. Gimnastika divarının hündürlüyü 3 m, pillələrinin eni 70-80 sm, pillələrinin bir-birindən məsafəsi 22 sm, hər birinin diametri isə 15-20 sm olmalıdır. Gimnastika divarının ətrafında 20-30 sm dərinliyində xəndək qazıb, oranı narın qumla doldurmaqla "yumşaq döşək” düzəltmək mümkündür.

Qamətin formalaşmasına müsbət təsir göstərən alətlərdən biri də uşaqların əllərlə düzünə yerimək üçün olan alətidir. İdman meydançasında bir-birinə paralel iki belə alət yerləşdirilir.

Əllərlə yerimək üçün alət. Bu alət üfüqi şəkildə dayaqlara bərkidilmiş pilləkən olub, onun yerdən hündürlüyü 160 sm və 150 sm-dir. Həmin hündürlükdə uşaqlar hərəkətləri yerinə yetirərkən ayaqlarını torpağa dayaya bilərlər. Pilləkənin eni 50 sm, pillələrinin arası 15 sm, hər pillənin diametri isə 2,5-3 sm olur. Həmin pilləkənin uzunluğu 3-4 m ola bilər. Bu, qrupda olan 9-10 uşağa eyni vaxtda iki alətdə müvafiq hərəkətləri icra etməyə imkan verir.

"Çəpiş”. Dırmaşmaq və dırmaşıb aşmaq hərəkətlərini yerinə yetirmək üçün "çəpiş” və üfüqi şəkildə pilləli gimnastika divarı hazırlamaq olar. "Çəpiş”in hazırlanması çox sadədir. Yerə diametri 15 sm olan iki tir (ara məsafəsi 90-100 sm) basdırılır. Eyni diametri olan üçüncü tir onlara yuxarıdan bərkidilir. Maneələrin hündürlüyü 90-100 sm olmaqla, meydançaya iki cərgədən ibarət 4-8 ədədə qədər "çəpiş” yerləşdirilir. Bu isə uşaqların eyni vaxtda eyni hərəkətləri yerinə yetirməsinə imkan yaradır.

Əyri qurşaq və yaxud qapıcıq. Başqa bir alət, əyri qurşaq və yaxud qapıcıq adlanır. O, şaquli düzəldilmiş dəmirdən hazırlanır. Bu alətlərin hər biri meydançada bir-birindən 10 sm aralı iki cərgədə yerləşdirilir. Qapıcıqların altına linolium döşəmək məsləhətdir. Onu isə hər dəfə hərəkətləri yerinə yetirməzdən əvvəl silmək lazımdır. Şaquli pillələrlə düzəldilmiş hasarın pillələri arasından uşaqlar ilanvari sürüşüb keçirlər. Pillələr bərkidilən tirlərin bir-birindən ara məsafəsi 40 sm, uzunluğu 3 m, hündürlüyü isə 60 sm olmalıdır.

Qaçış cığırı. Uşaqlara qaçaraq uzununa və hündürlüyə tullanmağı öyrətmək üçün xüsusi təchiz olunmuş xəndək və qaçış üçün hamar torpaqlı yol lazımdır. Qaçış üçün isə 8 m-dən 12 m-dək uzunluğu olan enli cığır hazırlanmalıdır. Yaxşı olardı ki, bu yolun qaçış istiqaməti cənubdan şimala doğru olsun, belə olduqda qaçış zamanı uşağın gözünə günəş şüası düşməz. Xəndəyin uzunluğu 3 m, eni 1,5-2,5 m, dərinliyi isə 40 sm olmalıdır. Xəndəyin divar hissələrinə ağac lövhələr bərkidilməlidir. Yuxarı yan və arxa kənarlarına vurulan yumşaq rezinin qaçış yoluna uyğun səviyyədə olmalı, qabaq kənarı isə həmin səviyyədən 2-3 sm aşağıya ("batmış” şəkildə) çökməlidir. Xəndək narın qumla, yaxud qumla ağac yonqarının qarışığı ilə doldurulmalıdır. Həftədə bir dəfə xəndək qazılıb yumşaldılmalı, məşğələqabağı dırmıqla hamarlanmalıdır.

Xəndəyin qabaq kənarından 20-40 sm aralıda təkan vermək üçün lövhə bərkidilir. Lövhənin yaxşı görünməsindən ötrü onu ağ, yaxud sarı rəngləmək məsləhətdir. Lövhənin eni 20-30 sm, uzunluğu isə xəndəyin eninə bərabər olmalıdır. Uzunluğa tullanan uşaqların nəticələrini düzgün müəyyənləşdirmək üçün xəndəyin yan kənarına bərkidilən lövhə (uzununa tullanma ölçülərini göstərən) ölçülərlə xətlənib, şəffaf boya ilə rənglənir ki, bu da tərbiyəçiyə uşaqların uzununa tullanma hərəkətlərini düzgün yerinə yetirib-yetirməməsini müəyyən etməyə kömək edir.

Yerindən və qaçaraq hündürlüyə tullanmaq üçün dəyişdirilə bilən dayaqlardan da istifadə olunur. Hündürlüyə tullanma xəndəyinin yan tərəfində qaçış yoluna müvafiq müəyyən məsafələrdə stəkana bənzər metal borular basdırılır. Həmin "stəkanlar”a taxta dayaqlar bərkidilir (hündürlüyə tullanmanın ölçülərini göstərmək üçün). Dayaqların hündürlüyü 60-70 sm olur, hər 5 sm-dən bir bölgülər göstərilir. Həmin bölgülərə paralel dəliklər açılır. Bu dəliklərin hər iki ucuna kəndir asmaq üçün mismar vurulur.

Əgər qaçış yolunun məsafəsi 12 m-dən artıqdırsa, onda uşaqlar mürəkkəb olmayan müəyyən maneələrin üzərindən keçməklə ipin üzərindən hoppana bilərlər. Maneələri dəf etməklə qaçarkən texniki təhlükəsizliyi gözləmək üçün, yaxşı olar ki, dayaqlara şəffaf rəngli rezin qaytanlar bağlansın. Qaçış yolunun və hündürlüyə tullanma xəndəyinin yan tərəflərində təhlükəsizlik zonasının yaradılması da nəzərdə tutulmalıdır. Həmin meydançaya istifadə olunmuş avtomobil şinləri basdırılır. Onları yol boyu bir-birinin ardınca eninə, yaxud uzununa iki cərgədə, hər birinin arası 60-70 sm olmaqla yerləşdirmək olar.

Təklif olunan idman avadanlıqları uşaqların gigiyenasını, onların həyatını və sağlamlığını qorumaq üçün müəyyən tələblərə cavab verə biləcək səviyyədə hazırlanmalıdır. Bunun üçün aşağıdakı tələblərə əməl olunmalıdır:
1. İdman avadanlıqlarını düzəldərkən, uşaqların anatomik-fizioloji xüsusiyyətləri və antrometrik məlumatları nəzərə alınmalıdır;
2. Avadanlıqlar möhkəm və davamlı, habelə keyfiyyətli olmalıdır. Küncləri iti və kəsici olan alətlərdən istifadə etmək düzgün deyil;
3. Avadanlıqlar, forma və rənglərinə görə, uşaqları özünə cəlb etməlidir. Ağacdan hazırlanan alətlər yağlı boyalarla, yaxud lakla rənglənməlidir ki, bu, onları nəmişlikdən qoruya bilsin. Metal hissələrdən düzəldilmiş alətləri isə açıq boyalarla rəngləmək lazımdır ki, günəş şüalarının təsiri ilə qızmasın.

Alətlərin idman meydançasında quraşdırılması və yerləşdirilməsi zamanı zədələrin baş verməməsi üçün müvafiq işlər həyata keçirilməlidir. Alətlər elə yerləşdirilməlidir ki, meydançanın çox hissəsi mütəhərrik oyunların, fiziki tərbiyə məşğələlərinin, idman bayramları və asudə vaxtların səmərəli keçirilməsi üçün qalsın.

Bütün alətlərin kənar hissələrində təhlükəsizlik zonalarının olması nəzərdə tutulmalıdır. Alətlər bir-birindən ən azı 2 metr, ağacdan və dekorativ bitkilərdən və skamyalardan 1,5 m aralıda quraşdırılmalıdır.

Uşaqların yerinə yetirdikləri hərəkətlərin onların orqanziminə hərtərəfli təsirini nəzərə alaraq, idman avadanlıqlarını müvafiq ardıcıllıqla, düzgün yerləşdirilməsi çox əhəmiyyətlidir.

Alətlərdə edilən hərəkətlər bir və ya bir qrup əzələyə yox, orqanizmin bütün əzələ qruplarına müsbət təsir göstərməlidir.

Həmçinin fizioloji cəhətdən güclü effektə malik olan hərəkətlər tədricən asta və mülayim xarakterli hərəkətlərlə əvəz olunmalıdır. Bu, uşaqların çox yüklənməsinin qarşısını almaq üçün lazımdır.

Tərbiyəçilər nəzərə almalıdırlar ki, quraşdırılan avadanlıqlar əyləncə məqsədi daşımır: bu avadanlıqlar körpələrin fiziki sağlamlığına xidmət etmək üçündür. Məşğələ zamanı tərbiyəçi uşaqların fəaliyyətini əlaqələndirir, uşaqlar mürəkkəb hərəkətlər yerinə yetirərkən onlara kömək göstərir və mühafizə olunmalarını təmin edir. Uşaqların məşğələlərdə idman geyimində və idman ayaqqabılarında olması hərəkətlərin rahat şəkildə yerinə yetirilməsinə imkan verir.
Dilqəm Quliyev