İdmana meyilli uşaqlar həmişə birinci olmağa can atırlar

İdmana meyilli uşaqlar həmişə birinci olmağa can atırlar
Ölkəmiz müstəqillik əldə etdikdən sonra ictimai həyatın digər sahələrində olduğu kimi, fiziki tərbiyənin də tarixi ənənələr zəminində inkişafı, fiziki mədəniyyətin dirçəlməsi, böyüyən nəslin tərbiyə edilməsi, onların sağlamlığı, həyat tərzinin təmin olunması ön plana çəkildi.

Bu taleyüklü vəzifəni layiqincə həyata keçirmək üçün Azərbaycan dövləti bütün məsuliyyəti və ağırlığı öz üzərinə götürdü. Bu zərurəti doğuran amillərdən biri dövlət quruculuğu sahəsində uğurların qoruyucusu və xələfləri olan gənclərin sağlamlığının təmin olunması idi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Biz bu gün yaşayarkən, müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik ki, bizdən sonra gələn nəsillər bizim dövrümüzdəki nəsildən daha sağlam olsun. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirik ki, biz bu sahədə bir çox işlər görməliyik, bir çox tədbirlər həyata keçirməliyik”.

Uşaq və yeniyetmələrin fiziki və mənəvi sağlamlığının təmin olunması ictimai əhəmiyyət kəsb edən məsələ kimi müstəqillik dövründə həmişə diqqət mərkəzində saxlanılaraq, qəbul edilən müvafiq qərarlarda öz əksini tapıb. Yetişməkdə olan nəslin sağlamlığını təmin etmək məqsədilə bir tərəfdən təlim-tərbiyə müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı göstərilir, tədris planları yenidən nəzərdən kecirilir, digər tərəfdən isə idman-sağlamlıq komplekslərinin şəbəkəsi genişləndirilir.

Valideynlər övladının uğurlarını dəstəkləməlidir

Fiziki tərbiyə və idmanın hər bir adamın gündəlik tələbatına çevrilməsi, hər şeydən əvvəl, onun geniş təblig edilməsi ilə bağlıdır. Bu mühüm əhəmiyyətli işin əsası isə, qeyd olunduğu kimi, ümum-təhsil məktəblərindən əvvəl, ilk növbədə, ailədə və məktəbdənkənar tərbiyə müəssisələrində qoyulmalıdır. Məhz bu istiqamətdə düzgün fəaliyyət proqramı hesablanıb həyata keçirilərsə, fəal hərəkətlərlə müşayiət olunan işlərin, fiziki tərbiyə və idmanın ən yaxşı istirahət növü olduğuna, sağlamlıq əhəmiyyəti daşıdığına inanmayanların sayı günü-gündən azalar. Sınaq və ictimai rəy uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmana marağın öyrənilməsində əsas vasitələrdən biridir. Lakin bunu da qeyd etmək lazımdır ki, şagird kollektivində marağın yaradılması mürəkkəb və çoxcəhətli prosesdir. Təcrübə göstərir ki, müsbət nümunələrdən və faktlardan istifadə yeniyetmələrdə bədən tərbiyəsi və idmana marağın yaradılması işində ictimai rəyin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Müsbət nümunə və faktlar yeniyetmələri daha da fəallaşdırır, onların idmana marağının artmasına şərait yaradır.

Məktəblilərdə bədən tərbiyəsi və idmana marağın tərbiyə edilməsində valideynlərlə övladların ünsiyyətdə olması vacibdir. Bəzi ata və analar oğlan və qızların idmanla məşğul olmalarına əhəmiyyət vermir və onların əksəriyyəti bu məsələnin bütün məsuliyyətini övladların öz öhdəsinə atırlar. Valideynlər bunun səbəbini müxtəlif formada aydınlaşdırır və adətən düzgün olmayan hərəkətlərə bəraət qazandırmağa çalışırlar.

Təcrübə təsdiq edir ki, valideynlər uşaqları ilə birlikdə idman tədbirlərində ən çox kiçik yaşlarında iştirak edirlər. Yaş artdıqca valideynlər öz övladlarına bir növ sərbəstlik verirlər. Heç şübhəsiz, bunun nəticəsidir ki, illər getdikcə bəzi uşaqlarda bədən tərbiyəsi və idmana maraq azalır. Çətin xarakterli yeniyetmələrin idman tədbirlərində zəif iştirakı isə onunla izah edilir ki, bəzi valideynlər səhvən belə düşünürlər ki, artıq uşaqlar böyüyüblər, idmanla çox məşğul olublar, deməli, bədən tərbiyəsi və idmana maraq möhkəmləndirilib və buna ata-anaların təsir göstərməsinə daha ehtiyac yoxdur. Mütəxəssislər hesab edirlər ki, bu, yanlış fikirdir. Ona görə ki, idman aləmində ustalığı artdıqca yeniyetmə və gəncin köməyə, qayğıya və məsləhətə ehtiyacı daha da çoxalır. İdman yarışlarında iştirak edən oğlan və qızların nailiyyətlərini bütün ailə üzvlərinin maraqla izləməsi və onların qələbələrinə sevinməsi, uğursuzluqla rastlaşanda övladının ruhdan düşməsinə yol verməməsi vacibdir.

Uşaqların əksəriyyəti kiçik yaşlarında maraq göstərdikləri idman növünü sonralar xoşlamadıqlarını, daha doğrusu, başqa növə üstünlük verdiklərini bildiriblər. Bəzi yeniyetmələr ayrı-ayrı idman növlərinə eyni səviyyədə maraq göstərirlər. Oğlan və qızların bəzisi bunun onların gələcək həyat planları ilə bağlı olduğunu deyiblər. Ən uzun müddətli maraq üzgüçülük və güləş idman növü üzrə məşğul olanlarda daha çox özünü göstərir. Sorğu göstərib ki, məktəblilər idman növləri arasında futbol, güləş və üzgüçülüyə üstünlük verirlər. Maraqlı burasındadır ki, əgər kiçikyaşlı uşaqlarda futbola maraq 32 faiz olub, bu rəqəm yuxarı siniflərdə 41 faiz təşkil edib. Güləş növündə isə vəziyyət əksinə olub, Yəni I-IV sinif şagirdlərindən 29 faizi güləşməyə üstünlük vermişdilərsə, bu maraq IX-X siniflərdə 23 faizə qədər aşağı enib. Həmin vəziyyət üzgüçülükdə də özünü təxminən eyni şəkildə göstərir. Əlbəttə, idmana marağın qeyri-sabitliyi müxtəlif amillərlə bağlıdır. Bu, ilk növbədə, idmançının gələcək həyat tərzi, idmanda göstərilən sürətli artım və ya əksinə, nəticələrin ləng inkişafı, şəraitin və sosial məsələlərin gedişi ilə, habelə idman növünün tədris və təbliğinin qeyri-mütəşəkkil olması, uşağın ailəsində bu və ya digər idman növünə düzgün münasibət bəslənməsi, illər keçdikcə məşğul olmadığından idmanın bu və ya digər növünə qabiliyyətin azalması, fiziki tərbiyə sahəsində valideynlərin pedoqoji hazırlığı və taktikanın səviyyəsinin aşağı olması və s. bağlıdır.

Uşaq və yeniyetmələrin maraq dairəsi necə genişlənə bilər?

Uşaqlarda idmanın bu və ya digər növünə marağın tərbiyə edilməsi baxımından valideynləri 3 qrupa bölmək olar:
1. Fiziki tərbiyə sahəsində yüksək pedoqoji mədəniyyətə malik olan və bu bilikləri həyata bacarıqla tətbiq edən valideynlər.
2. Bu sahədə orta bilik səviyyəsinə malik olan valideynlər. Övladlarına bu və ya digər idman növünə dair bacarıq və vərdişlər aşılamaq həmin qrupdan olan ata-anaların imkanı xaricində olsa da, problemə laqeyd deyillər, ona qayğı göstərir və idman məşqçiləri ilə əlaqə saxlayırlar.
3. Bədən tərbiyəsi və idmanla maraqlanmayan valideynlər. Belə valideynlər bədən tərbiyəsi və idmanla maraqlanmır, övladlarının idmana münasibətinə əhəmiyyət vermirlər. Əgər ailədə ata və ya ana vaxtilə hansısa bir idman növü ilə məşğul olubsa, həmin valideyn evdə bu barədə söhbət açdıqca uşaqlarının idmana marağı da artır. Mütəxəssislər bildirirlər ki, ailənin böyük övladının idmançı olması onun kiçik qardaş və bacısına da öz müsbət təsirini göstərir.

Məktəblilərin fiziki tərbiyəsində ana və atanın iştirakı onlara fərəh bəxş etmək məqsədi güdməlidir. Uşaq və yeniyetmələrin fiziki və mənəvi cəhətdən kamilləşməsində izahata, göstərişə, tələblərə və məsləhətə üstünlük verilməlidir. Çətin xarakterli yeniyetmələrin şəxsiyyətinin bütün təzahürləri valideynlər üçün bir növ psixoloji məlumat mənbəyinə çevrilir. Valideynlər uşaq arzusuna və buna uyğun gələn xahişlərə onun xarakterinin, marağının necəliyini üzə çıxarmağa imkan verən mənbə kimi baxırlar. Buna görə də ata-analar oğul və qızlarının istək və arzularına olduqca həssaslıqla yanaşmalı, şəxsiyyətin düzgün inkişafına, müsbət mənəvi keyfiyyətlərin formalaşmasına xidmət göstərən arzuların həyata keçməsinə şərait yaradılmalıdır.

Metodiki vəsaitlər idmana yanaşmanın sirlərini aşılayır

Uşaqlarımızın sağlam ruhda böyüməsini istəyiriksə, hər şeydən əvvəl biz onların fiziki sağlamlığına diqqət yetirməliyik. Bunun üçün uşaqların kiçik yaşlarından fiziki inkişafına qayğı ilə yanaşmaq əsas şərtlərdən biridir. Araşdırmalar göstərir ki, fiziki cəhətdən zəif olan uşaqlar özlərinə qarşı inamsız olur, dərslərini pis oxuyurlar. Qarşılarına məqsəd qoyub, həmin məqsədə çatmaq üçün mübarizə apara bilmirlər. Bəs belə bir uşaq sabahın bacarıqlı, mətin, vətənpərvər bir gənci ola bilərmi? Əlbəttə yox.

Sevindirici haldır ki, ölkəmizdə uşaqların fiziki və mənəvi sağlamlığı qorunur. Bu işdə təbliğat da mühüm rol oynayır. Belə ki, KİV-lərdə yer alan materiallarda, mütəxəssislərin uşaq və gənclərlə söhbətlərində, bədən tərbiyəsi və idmanla bağlı hazırlanan metodiki vəsaitlərdə uşaqlara tövsiyələr verilir, qaydalar üzrə proqramlar tərtib olunur. Bu cür təbliğat uşaqların bədən tərbiyəsi və idmana daha sıx bağlanmasına zəmin yaradır. Təhsil Nazirliyi, Müəllimlər İnstitutu və Bədən Tərbiyəsi Mərkəzinin birgə hazırladığı "Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi” adlı kitab bu sahədə təbliğat rolu oynamaqla yanaşı, uşaqların fiziki sağlamlığına hansı hərəkətlərlə nail olmaq məsələsinə aydınlıq gətirir. Məktəbəqədər təhsil müəssisələri üçün kadr hazırlayan pedoqoji təmayüllü ali və orta ixtisas məktəblərinin tələbələri və məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün nəzərdə tutulan kitab bu müəssisələr üçün mövcud tədris proqramının tələblərini tam əhatə edir. Metodiki vəsaitdə məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsinin əhəmiyyəti, vəzifələri, təşkili formaları və metodiki xüsusiyyətləri, eləcə də fiziki tərbiyə üzrə proqram materialının məzmunu öz əksini tapıb. Məktəbəqədər yaşlı uşaqlar üçün nümunəvi mütəhərrik oyunlar və onların keçirilmə qaydaları, proqram materialına aid bəzi nümunələr, fiziki tərbiyə məşğələləri üçün tövsiyə olunan əşyalar barəsində ətraflı məlumatları da bu kitabdan əldə etmək olar. Metodiki vəsaitdə göstərilir ki, hərəkətli fəallığı uşağın marağına əsasən qurmaq lazımdır. Kitabdakı fiziki tərbiyə üzrə proqramda atletika, gimnastika idman növləri və mütəhərrik oyunlar uşaqların yaş dövrlərinə uyğun göstərilib.

İdman məktəbi sağlamlığın qorunmasına diqqətlə yanaşır

Sevindirici haldır ki, hazırda Azərbaycanda uşaq, yeniyetmə və gənclərin fiziki hazırlığının möhkəmləndirilməsi istiqamətində ən mühüm tədbirlər həyata keçirilir. Respublikamızın paytiaxtında və bölgələrdə yaradılan şərait gənclərin həm fiziki sağlamlığını qoruyur, həm də onlar pis vərdişlərdən uzaqlaşır, asudə vaxtlarını səmərəli keçirirlər.

"Təhsil” Respublika İdman Mərkəzinin Şirvan Şəhər Uşaq-Gənclər İdman Məktəbi də gənclərin idmanla həvəslə məşğul olduqları bir məktəbdir. Hazırda bu idman ocağında şahmat, futbol, stolüstü tennis, voleybol və yunan-Roma güləşi üzrə bölmələr fəaliyyət göstərir. UGİM-də 1227 uşaq, yeniyetmə və gənc (207 qız) 101 qrupda bu idman növləri ilə məşğul olurlar. Məktəbdə stolüstü tennis zalı, voleybol zalı, həmçinin güləş bölməsi var. Güləş zalı 2014-cü ildə yaradılıb. 35 m uzunluğu, 13 m eni olan bu zalda güləşçilər sərbəst məşq edirlər. UGİM-in yetirmələri idman növlərinin sirlərini 39 məşqçi tərəfindən öyrənirlər. UGİM direktoru Ramil Tağıyevin sözlərinə görə, əldə olunan nailiyyətlər məhz yaradılan şəraitlə bağlıdır. "Azərbaycan dövləti idmanın və bədən tərbiyəsinin inkişafına xüsusi qayğı ilə yanaşır. Respublikamızın bütün bölgələrində yaradılan şərait idmanın inkişafına öz müsbət təsirini göstərir. Şirvan Şəhər Uşaq Gənclər İdman Məktəbi də uşaqların sağlamlığının keşiyində dayanan idman ocağıdır. Məşqçilərimiz yaradılan şəraitdən bəhrələnərək, yetirmələrimizin bir sıra yarışlarda uğur qazanmasına nail olurlar. Məktəbimizin təmsilçiləri ölkədaxili yarışlarda müntəzəm çıxış edirlər. Respublikamızda idmanın inkişafı üçün yaradılan şərait bizim hər birimizin ürəyincədir. Çünki bu şərait gənclərimizin sağlam böyüməsinə, vətənpərvər ruhda formalaşmasına imkan verir”, - deyə o bildirib.

Qeyd edək ki, UGİM-in idmançıları ötən ili yüksək nəticələrlə yola salıblar. Onlar ölkədaxili yarışlarda müntəzəm iştirak edərək həm təcrübə qazanıblar, həm də mükafatçılar sırasında yer alıblar. Bacarıqlı məşqçilərin əməyi hədər getməyib. UGİM-in yetirmələri ötən il keçirilən şahmat yarışlarında daha inamla çıxış ediblər. Fevral ayında Ağcabədi rayonunda Xocalı şəhidlərinin xatirəsinə həsr olunan respublika turnirində UGİM-in yetirməsi İlqar Həşimov bütün rəqibləri üstələyərək birinc yerə çıxıblar. Mart ayında Bakıda "Bahar-2016” adlı təsnifat turniri keçirilib. Yarışlar A, B, C qurpları üzrə keçirilib. Məktəbin iki şahmatçısı bu yarışda üçüncü yerə çıxıb. bu pillədə qərarlaşan Cavanşir Həşimov II dərəcəli şahmatçı adına layiq görülüb. Onun komanda yoldaşları İlqar Həşimov (III dərəcə), Aytən Həsənova (IV dərəcə) və Seymur Cavadlı (IV dərəcə) da dərəcə normalarını yerinə yetiriblər.

UGİM-də stolüstü tennis idman növünə də xüsusi diqqətlə yanaşılır. Bu bölmənin üzvləri 2016-cı ildə təşkil olunan respublika birinciliklərində güclərini sınayıblar. Məktəbin qızlardan ibarət komandası ikinci yeri tutub. Oğlanlar isə turniri üçüncü pillədə başa vurublar. Fərdi yarışlarda çıxış edən Vüsalə Salahova üçüncü pillədə qərarlaşıb. Elməddin Mahmudlu - Famil Yəhyayevdən ibarət cütlük isə oğlanların qoşa yarışlarında üçüncü pillədə yer alıb.

İdman ocağında yunan-Roma güləşi üzrə məşqlər yüksək səviyyədə keçirilir. Məhz buna görə də idman ocağının güləşçiləri müxtəlif yarışlarda mükafatçılar sırasında yer alırlar. Ötən ilin mart ayında Mingəçevir şəhərində 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən respublika turnirində məktəbin yetirməsi Xaliq Xəlilov birinci yerə layiq görülüb. Göyçay rayonunda keçirilən turnirdə isə UGİM-in iki yeniyetmə pəhləvanı fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Göyçay rayonunda təşkil olunan digər bir turnirdə isə məktəbin üç idmançısı müxtəlif çəkilərdə üçüncü yeri tutublar. Avqust ayında Xaçmazda təşkil olunan yarışda şirvanlı yunan-Roma güləşçiləri bir qızıl, üç bürünc medal əldə ediblər. UGİM-in voleybolçuları da ötən il müxtəlif yarışlarda mübarizə aparıblar. Yeniyetmələrin X Respublika Oyunlarının proqramına daxil olan voleybol üzrə zona yarışlarında məktəbin qızlardan ibarət komandası finala vəsiqə qazanıb. Buranın futbol komandası "sabahın ulduzları” adı altında təşkil olunan paytaxt çempionatında 10 komanda arasında üçüncü olublar.

"Ötən ili qənaətbəxş nəticələrlə yola saldıq”

UGİM-in direktoru Ramil Tağıyev nəticələrin qənaətbəxş olduğunu dedi: "Uğurlarımız bizi sevindirir. Hər bir qələbənin arxasında məşqçi əməyi, idmançı zəhməti dayanır. Əməyimizin hədər getməməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Uşaqların müxtəlif səviyyəli yarışlarda iştirakını təmin etmək çox vacibdir. Çünki ölkə birinciliklərində, müxtəlif turnirlərdə mübarizə aparan idmançılar təcrübə əldə edirlər. Bizim kollektivdə təcrübəli məşqçilər yer alıb. Onlar idmanın ayrı-ayrı növlərinin sirlərini məktəbimizin üzvlərinə həvəslə öyrədirlər. Hər birimiz çalışırıq ki, uşaq, yenietmə və gənclərimiz idmanla məşğul olsunlar, asudə vaxtlarını səmərəli keçirsinlər. Ötən ili qənaətbəxş nəticələrlə yola saldıq. Bu il məktəbimizin idmançılarını bir sıra yarışlar gözləyir. İnanıra ki, komandalarımız bu sınaqlardan üzüağ çıxacaq, nəticələrimiz əvvəlki illərlə müqayisədə daha çox olacaq”.

Təcrübəli mütəxəssis uşaqların idmana kütləvi şəkildə cəlb olunmasının vacibliyini qeyd etdi. Onun fikrincə, kütləviliyin yaranması fiziki cəhətdən sağlam nəslin formalaşması deməkdir.

"Uşaqların ətraf mühiti qavramalarında, onu fəal dərk etmələrində idman mühüm rol oynayır. Adətən, idmana meyilli uşaqlar həmişə birinci olmağa, liderliyə can atırlar. İdman, bədən tərbiyəsi uşaq və yeniyetmələrin yaxşını pisdən ayırmasında, necə deyərlər, qədəmlərini yerə möhkəm basmasında yardımçı rol oynayır. Bunun üçün uşaq və yeniyetmələrin idmana cəlb olunması istiqamətində görülən işlər təqdirəlayiqdir. Əyləncə xarakterli idman oyunlarının təşkili də vacib amildir. Çünki belə oyunlar uşaqlara qətiyyət, cəsarət, çeviklik kimi keyfiyyətlər aşılayır, onlara təmkinli olmağı öyrədir. Təcrübə göstərir ki, çox hərəkət edən uşaqlar daha sağlam olurlar. Az hərəkət edən uşaqlarda isə, adətən, əzginlik müşahidə edilir. Uşaqlar kiçik yaşlarından müntəzəm məşq etdikcə onların gələcəkdə fiziki cəhətdən sağlam olmaları üçün zəmin yaranır. Məhz bu baxımdan uşaqların fiziki fəaliyyətə cəlb olunması son dərəcə əhəmiyyətli məsələlərdəndir. Sevindirici haldır ki, hazırda ölkəmizdə fəaliyyət göstərən idman klubları, məktəblər öz işlərini müasir tələblərə uyğun şəkildə qurmağa çalışırlar. Respublikamızda idmanın və Olimpiya Hərəkatının yüksək səviyyədə inkişafı, olimpizm ənənələrinin təbliği, "sağlam bədəndə sağlam ruh olar” prinsipinin təmin edilməsi üçün bu müəssisələrdə idmana münasibət kökündən dəyişib. Azərbaycan dövlətinin həyata keçirdiyi idman siyasəti uşaq, yeniyetmə və gənclərin bu sahəyə marağını və həvəsini xeyli artırıb. Uşaq bədən tərbiyəsindən zövq almalı və özünün cəmiyyət üçün yararlı olduğunu hiss etməlidir. Dövlətimiz məhz bu mühüm məsələnin həyata keçirilməsində maraqlıdır. Şübhəsiz ki, uşaqların idmana cəlb olunması təkcə federasiyaların, klubların, idman cəmiyyətlərin işi deyil. Valideynlər də bu mühüm məsələdə fəallıq göstərməlidirlər. Sözçüz ki, evdə uşaqlar üçün idman guşələrinin yaradılması onların təlim-tərbiyəsində əhəmiyyətli rol oynayır. İdman alətlərinin köməyi ilə uşaqlar ilkin bədən tərbiyəsi vərdişlərinə daha asanlıqla yiyələnirlər. Bu da onların fiziki və mənəvi cəhətdən yetkin insan kimi formalaşması üçün son dərəcə vacibdir. Heç kimə sirr deyil ki, həddi-buluğa çatmayan, təhsildən yayınmağa çalışan, asudə vaxtlarını səmərəli təşkil etməyən uşaq və yeniyetmələrin sayı çoxalarsa bu, istər-istəməz, intellektual səviyyəli gənclərin də sayının azalmasına gətirib çıxarar. Azərbaycanda uşaq və gənclərin təlim-tərbiyəsi və onların təhsili, sağlam həyat tərzi keçirməsi üçün hər cür şərait vardır. İndi ölkəmizdə gənc nəslin həyatda özünə düzgün yol seçməsi, ümumi və peşəkar təhsil səviyyəsinin, maddi şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Xalqımızın sağlam genofondunun qorunub saxlanması üçün uşaq və yeniyetmələrin təhsili, fiziki və mənəvi tərbiyəsi sahəsinə ciddi fikir verilir”.
Hürrü Abdullayev