Gənc nəslin vətənpərvər ruhda böyüməsində idmanın rolu əvəzsizdir

Gənc nəslin vətənpərvər ruhda böyüməsində idmanın rolu əvəzsizdir

Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi bütün dünyanı düşündürən əhəmiyyətli məsələlərdən biridir. Çünki hər bir xalq öz gələcəyini məhz gənclərin üzərində qurur. Bu nəslin vətənpərvər ruhda böyüməsində idmanın rolu əvəzsizdir. Biz gənclərimizin sağlam ruhda böyüməsini istəyiriksə, hər şeydən öncə onların fiziki sağlamlığına diqqət yetirməliyik. Bunun üçün uşaqların kiçik yaşlarından fiziki cəhətdən inkişafının qayğısına qalmaq əsas şərtlərdən biridir. Uşaqların fiziki cəhətdən sağlam böyüməsi, bu sağlamlığın idmanda öz əksini tapması, son nəticədə, ölkənin şan-şöhrətinin ucalmasına imkan verir. İdmançılar iştirak etdikləri beynəlxalq səviyyəli yarışlarda öz ölkələrini təmsil edirlər. Onlar yarışlarda qazandıqları nailiyyətlərlə vətəni bütün dünyaya tanıdırlar.

Avropa və dünya çempionatları, Olimpiya oyunları kimi mötəbər yarışlar Azərbaycan gənclərinin öz vətənpərvərliklərini daha qabarıq şəkildə nümayiş etdirməsinə şərait yaradır. Ona görə ki, belə yarışlar bütün dünyanın diqqətini özünə cəlb edir. Vətənpərvərlik hissləri idmançının qələbə əzmini daha da artırır və onu böyük uğurlar qazanmağa ruhlandırır. Hər bir idmançı yarışa çıxarkən bilir ki, o, təkcə özü üçün mübarizə aparmır: xalqını, dövlətini təmsil edir. Ölkəmizi beynəlxalq arenalarda təmsil edən hər bir idmançı bilir ki, əldə olunmuş qələbə sayəsində himnimiz səslənəndə, bayrağımız yüksəklərə qalxanda bu qələbəyə, bu uğura bütün Azərbaycan xalqı sevinir. İdmançılarımızı qələbəyə səsləyən ən başlıca amillərdən biri də məhz budur.

"Ciyutaido ilk növbədə insanların sağlam və gümrah 
olmasına xidmət edir”

Azərbaycanda Olimpiya və qeyri-olimpiya idman növləri geniş təbliğ olunur. Bu gün əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançılarımız müxtəlif mötəbər yarışlarda böyük uğurlar qazanırlar. İdmançılarımız arasında dəfələrlə dünya və Avropa çempionu adını qazananlar var. Respublikamızda gənclərin həvəslə məşğul olduqları döyüş idman növlərindən biri də kyokuşinkay karatedir. Bu növ üzrə yarışlarda idmançılarımız dəfələrlə mükafatçılar sırasında yer alıblar.

Azərbaycan Kyokuşin Karate Federasiyası bu növün kütləviliyinə nail olunmasında əhəmiyyətli rol oynayır. Federasiyanın prezidenti, 9-cu dan qara kəmər ustası, kanço Teyub Əzizov həm də Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının prezidentidir. Təcrübəli mütəxəssis yeni döyüş növü yaradıb və bu növü davamçısı olduğu Sosay Masutatsu Oyamanın şərəfinə yapon dilində "ciyutaido” adlandırıb. Teyub müəllim bizimlə söhbətində bildirdi ki, qısa zaman ərzində ciyutaido 16 ölkəyə yayılıb. "Bu növ tez bir zamanda dünyada populyarlıq qazanıb. İnanıram, yaxın dövrlərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul olunacaq. Bu idman növünün özünəməxsusluğu ondan irəli gəlir ki, burada aqressiya yoxdur. Ciyutaido ilk növbədə insanların sağlam və gümrah olmasına xidmət edir. Ciyutaidonun fərqli fəlsəfəsi var. Bu növlə məşğul olan idmançılar özlərini tanımalıdırlar. İdmançıların təbiətlə insan arasında olan harmoniya (tarazlıq) haqqında, meditasiya və onun mahiyyəti haqqında məlumatı yetərincə olur. Ciyutaido idman növünün baza texnikası və katasının məqsədi dünyanı, materializmi və idealizmi, reallığı dərk etməkdən ibarətdir. Onlar tədricən anlayırlar ki, səma, torpaq və insan bir kökdəndir. Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edilib. Buna görə də hər bir Azərbaycan gənci daim vətənin müdafiəsinə hazır olmalı, mübariz ruhda tərbiyə olunmalıdır.

Hər bir Azərbaycan vətəndaşı hansı yolla olursa, olsun, torpaqlarımızın düşmən tapdağından azad olunması arzusundadır. Hesab edirəm ki, müharibə şəraitində olan ölkənin hər bir gənci məşğul olduğu idman növündən asılı olmayaraq, fiziki cəhətdən hazırlıqlı olmalı, döyüşməyi, mübarizə aparmağı bacarmalıdır.

Uşaqlarda kiçik yaşlarından vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə şərait yaradır. Bu amil isə Azərbaycan milli ordusunun tərkibində sağlam və vətənpərvər gənclərin yer almasına öz müsbət təsirini göstərir. Bu gün gənclərimizin hərbi-vətənpərvərlik vərdişlərinə yiyələnmələri, ordumuzun döyüş hazırlığının artırılması çox vacibdir. Bu bir reallıqdır ki, ölkəni, həqiqətən də, fiziki cəhətdən sağlam, çevik, cəsur, iradə əzminə, dözümə malik şəxslər müdafiə edirlər. Lazım gələndə fəndlər işlətmək, çevik olub vəziyyətdən çıxmaq, əlbəyaxa döyüşdə qalib gəlmək, zərbə endirməyi və s. bacarmaq çox vaxt döyüşün müqəddəratını həll edir. Sözsüz ki, təkmübarizlik idman növləri ilə məşğul olan gənclər döyüş sirlərinə yaxından bələd olurlar”, - deyə Teyub müəllim bildirdi.

"And içirəm ki, heç vaxt insanlara qarşı güc tətbiq etməyəcəm”

Ciyutaidonun fəlsəfəsindən danışarkən Teyub müəllim bildirdi ki, bu idman növünün təməlində zülm və zorakılıq yoxdur. Bu, təbiətlə olan harmoniyanı pozur. "Ciyutaidonu başqalarına, zəiflərə öyrətməlisiniz və sizə zərər gətirən hər bir kəsdən müdafiə olunmaq üçün bu növün incəliklərini öyrənməlisiniz. Beləliklə, siz təbiətlə öz aranızdakı harmoniyanın tarazlığına nail ola bilərsiniz. Ciyutaido ilə məşğul olan insanlar məşqdən öncə and içərək bildirirlər ki, öyrəndikləri elmdən zorakılıq üçün istifadə etməyəcəklər. And belədir: "Ciyutaidonun ruhi gücünə və elminə and içirəm ki, heç vaxt insanlara qarşı güc tətbiq etməyəcəm”.

Ciyutaido elmindən istifadə edərək tələbələri böyüklərə, uşaqlara, qadınlara, heyvanlara, təbiətdə olan canlı və cansızlara hörmətlə yanaşmağı öyrətməyə çalışırıq”, - deyə federasiya prezidenti qeyd etdi.

İdmançı hadisələrə diqtə etməyi bacarmalıdır

İnsan öz üzərində işləyərək o hala çatmalıdır ki, lazım olan anda öz fiziki qüvvəsini, daxili enerjisini və ruhi gücünü cəmləyə və istifadə edə bilsin. İnsan özünü dərk edən zaman, o bütün daxili və xarici qüvvəsindən istifadə edərək enerjisini bir nöqtəyə cəmləşdirə bilər. Bununla diqqətini öz resurslarını yığaraq seçdiyi bir nöqtəyə yönəldə bilər. Beləliklə, ondan lazım olan vaxt və lazım olan anda istifadə edə bilər.

Tamamilə aşkar görünür ki, ciyutaido ilə maraqlanan insan enerjisinin konsentrasiyasını təmin etmək üçün daxili və xarici hərəkətlərin qurulmasını, enerjinin və gücün lazım olan istiqamətə yönəldilməsini bacarmalıdır. Meditasiya, enerjidən fərqli olaraq, bədənin, orqanizmin dartılmış vəziyyətinə yox, sakitləşməsinə xidmət edir. İnsan bu vəziyyətdə öz daxili aləmi və ətrafla vəhdət təşkil edir. Eyni zamanda bu növlə məşğul olan idmançı hadisələrə diqtə etməyi bacarmalı, olanları bədənlə idarə etməlidir. Meditasiyanı dərk etdikdən sonra, onu bir sağlamlıq aspektinə çevirmək olar. Meditasiya insanın psixoloji gərginliyini aradan qaldırmağa və onu işlək vəziyyətə gətirməyə kömək edir. Ciyutaidoda meditasiya çox lazımdır. İdmançı real hərəkət etməli, hər hansı bir ekstremal vəziyyətdən çıxmağı bacarmalı, düzgün qərar verməyə, rəqibə qarşı cəld və düzgün fənd tətbiq etməyə qadir olmalıdır. Bu, ciyutaidonun əsas bünövrəsi, fəlsəfəsidir. Bu növün fəlsəfəsi çox qədimlərdən olan şərq və qərb fəlsəfələrinə söykənir. Adətən, insanlar fəlsəfənin haradan və necə gəldiyini düşünəndə ilk növbədə Şərqə müraciət edirlər. Doğrudan da, Şərq fəlsəfəsi əsas fəlsəfə kimi bu idman növünün bünövrəsini daha da gücləndirir.

Bu fəlsəfə "İn” (ağ) və "Yan” (qara) üzərində qurulub və ciyutaidonun əsasını təşkil edir. Belə nəticəyə gəlmək olar ki, yeni idman növü gənclərin mənəvi sağlamlığında da xüsusi rol oynaya bilər.
Döyüş meydanında cəldlik, inam və ağıl fiziki qüvvəni üstələyir

Bütün kainat insana bərabərdir, insan da kainata bərabərdir. Bu zaman insan kainatın varlığını, onun gücünü özündə cəmləşdirə bilər. Bundan ötəri insan real yolu tapmalıdır və ona nail olmalıdır.
Beləliklə insan bədəndə dağılmış enerjini idarə etməli və ona yiyələnməlidir. Kosmik enerji deyilən "okean”dan istifadə edərək öz enerjisini cəmləşdirməli və onunla da bədənində, ruhunda olan inamsızlığı aradan qaldırmalıdır. Təmizlənmiş ruh və enerji təmiz bədəndə saxlanmalıdır. Ona görə də bədənin bütöv harmoniyasının alınmasına nail olmaq lazımdır. Bütöv harmoniya dedikdə, fiziki, əqli və ruhi birləşmə nəzərdə tutulur. Həqiqətin yollarından biri də, insanların ümumi uyğunluq qanunlarını, yəni kainatla təbiətətin adaptasiyanı, cəmiyyəti, fəlakətləri dərk etməsidir.

Əbədi hərəkətdə olan beş element (ağac, od, torpaq, metal, su), onların dairəvi hərəkəti (məsələn ağac - odu yaradır, od - torpağı yaradır, torpaq - metalı yaradır, metal - suyu yaradır, su - ağacı yaradır) daoizm elminə əsaslanır. Daoizm elminə görə yumşaq - möhkəmi, zəif - güclünü üstələyir. Məsələn uzun müddət damcılayan su möhkəm qayanı belə deşir. Müdrik insan odur ki, hərəkətdə yumşaqdır, ancaq işdə möhkəmdir; görünüşdə zəifdir, əməldə isə çox güclüdür. Kim ki "güclü iş” görərək dəyişmək istəyir, onda o, özünü dərk etməlidir ki, xoşagəlməz işlərdən uzaq dursun.

Kainatı dərk etmək üçün insan öz mənəviyyatını təkmilləşdirməlidir. İnsan bunun üçün təbiətin qanunlarından istifadə etməlidir. Bu, insanı tərkidünya olmağa hazırlamır, əksinə dünyəvi problemlərdən müvəqqəti də olsa uzaqlaşdırır. Dünya problemlərini təbiətin qanunlarına uzlaşdıraraq onların həllinə nail olmaq lazımdır. Harmoniyanın tarazlaşması nəticəsində (insanla təbiət arasında) insan düzgün yolu taparaq ruhi və fiziki cəhətdən təkmilləşir.

"Qılıncsız qələbə”

Təcrübəli mütəxəssis söhbət zamanı bildirdi ki, döyüş meydanında cəldlik, inam və ağıl fiziki qüvvəni üstələyir.
Teyub müəllim bununla bağlı bir hadisə danışdı.

Bir dəfə Bokuden adlı bir ustad qayıqda gölün o biri tərəfinə keçir. Bu zaman qayıqda olan insanlar arasında bir dəlisov samuray da var imiş. Samuray özünü pis apararaq hər kəsə sataşır və deyir ki, mən çox güclü qılınc oynadıram, məni məğlub etmək mümkün deyil. Bütün qayıqdakılar samurayın başına yığılaraq onun danışıqlarına qulaq asırdılar, lakin Bokuden qıraqda özü üçün mürgüləyirdi. Bu cür münasibət samurayın gözündən yayınmır. Samuray Bokudendən əl çəkmir, onu döyüşə çağırır. Samuray öz əsəbini cilovlaya bilməyərək Bokudenin çiyninə toxunaraq deyir:

- Ey, sənin bir cüt qılıncın var, niyə sən susursan?
O, sakitcə cavab verir:
- Mənim döyüş sənətim sizinkindən çox yaxşıdır. Bizim əsas məqsədimiz qələbə çalmaq yox, məğlub olmamaqdır.
Bu cür cavab samurayı daha da özündən çıxardır. O, əsəbi halda soruşur:
- Bu necə növdür? Hansı məktəbdir?
Bokuden cavab verir:
- Onu "boş əlin” məktəbi adlandırmaq olar.
- Bəs sənə qılınc nəyə gərəkdi?
- Məsələ ondadır ki, mən qılıncı eqoizmlə mübarizə üçün gəzdirirəm, kimisə öldürmək fikrim yoxdur.
Samuray əsəbini güclə cilovlayaraq soruşur:
- Sən doğrudan qılıncsız, boş əllə döyüşmək istəyirsən?
- Niyə də yox?! - deyə Bokuden cavab verir.

Samuray qayıqçıdan qayığı qırağa çəkməyi tələb edir. Ancaq Bokuden təklif edir ki, qayığı xırda adalardan birində saxlasınlar ki, onların döyüşünü insanlar görməsinlər.

Samuray razılaşır. Qayıq adaya yaxınlaşan kimi samuray qayıqdan atılaraq, özü ilə qılıncını da götürür. O, sahilə çıxaraq Bokudeni gözləyir. Bokuden tələsmədən qılınclarını qayıqçıya verərək özünü elə göstərir ki, guya o da samurayın yanına gedir. Lakin o, qayığı idarə edən taxtanı (kürəyi) götürərək, onu sahildən gölə doğru itələyir. Qayıq tez bir zamanda sahildən aralanır. Bununla da samuray öz təkəbbürlüyünün qurbanı olur: o, tək-tənha adada qalır.

Ustad Bokuden qışqıraraq deyir:
- Mənim məktəbimin adı belədir - "Qılıncsız qələbə”

Qayğı ilə əhatə olunan hər bir gənc mənəvi cəhətdən saf olur

Döyüş idman növləri gənclərdə daxili inam hissini artırmaqla yanaşı, onların psixoloji cəhətdən güclənməsinə də böyük təsir göstərir, eyni zamanda gənclərdə mərdlik, iradəlilik, dözümlülük kimi müsbət keyfiyyətləri formalaşdırır. "Təsadüfi deyil ki, hər bir valideyn öz övladını döyüş bölməsinə yazdırarkən istəyir ki, övladı özünü müdafiə etməyi bacarsın, güclü və özünəinamlı böyüsün. Döyüş növləri ilə məşğul olan yeniyetmə və gənclərdə vənpərvərlik, vətəni qorumaq, vətənin adını ucaltmaq kimi hisslər daha tez formalaşır. Əlbəyaxa döyüş növləri ordu sıralarında istifadə olunan döyüş növüdür. Hərbi xidmətə yollanan gənclərimizin bu idman növünün fəndlərini öyrənməsi vacibdir. Əlbəyaxa döyüş növləri ilə məşğul olan gənc düşmənlə üz-üzə mübarizədə, səngərdə özünə arxayın olur, əlbəyaxa döyüşdə qələbə qazanmaq onun üçün daha asan başa gəlir. Mən 1985-1992-ci illərdə Ali Hərbi Məktəbdə təhsil almışam. 1992-ci ildə Qarabağda gedən döyüşlərə laqeyd qala bilmədim, müharibəyə yollanıb. Xüsusi təyinatlı dəstənin komandiri kimi döyüşlərdə iştirak etdim. Yeri gəlmişkən, bildirim ki, Ağdamın, Füzulinin, Qubadlının müdafiəsində fərqləndiyimə görə fəxri fərmanla təltif olunmuşam. Bunları deməkdə məqsədim odur ki, əlbəyaxa döyüş növlərini dərindən bilmək, səngərdə əsgərin köməyinə çatır. Bunu təcrübəmə əsaslanaraq deyirəm. Məni sevindirən odur ki, bu gün Azərbaycanda fiziki və mənəvi cəhətdən sağlam, bütün varlığı ilə xalqına, vətəninə bağlı olan bir nəsil yetişib. Sözsüz ki, bütün bunlar Azərbaycan dövlətinin gənc nəslə qayğısından qaynaqlanır. Qayğı ilə əhatə olunan hər bir gənc mənəvi cəhətdən saf olur, pis əməllərdən çəkinir, göstərilən qayğıdan müsbət yararlanmağı özünün mənəvi borcu hesab edir. Uşaq və gənclərə göstərilən əvəzsiz qayğı ölkəmizin, millətimizin gələcəyi olan nəslin güclü xarakterə, sağlam ruha malik olmasında başlıca rol oynayır. Gənclərimizin fiziki və mənəvi cəhətdən formalaşması, dünyəvilik prinsipləri əsasında tərbiyə olunması Azərbaycan dövlətinin əsas ideologiyalarından biridir”, - deyə Teyub Əzizov vurğuladı.

Döyüş idman növlərində o idmançı yaxşı nəticə göstərə bilir ki...

Son illərdə Azərbaycanda inşa olunan müasir idman qurğuları ölkəmizin ən mötəbər idman yarışlarına ev sahibliyi etməsinə şərait yaradır. Gənclərin istifadəsinə verilən idman qurğuları ən müasir tələblərə cavab verir. Azərbaycanı idman ölkəsi kimi dünyaya tanıtdırmaq dövlətimizin idman sahəsində həyata keçirdiyi siyasi kursun əsas hissəsini təşkil edir. Sevindirici haldır ki, respublikamızda gənc nəslin sağlam ruhda böyüməsinə çəkilən zəhmət öz bəhrəsini verməkdədir. Ölkəmizdə idmanın geniş vüsət alması, bu sahənin inkişafı gənclərin sağlam ruhda böyüməsinə, vətənpərvərlik vərdişlərinə yiyələnməsinə şərait yaradır. Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən klublarda gənclərimiz əlbəyaxa döyüş idman növünün sirlərinə yiyələnirlər. Paytaxt və regionlarda bu idman növünün maddi-texniki bazası gücləndirilir, yeni idman zalları istifadəyə verilir. Ölkəmizdə əlbəyaxa döyüş növlərinə marağın artması da yaradılan şəraitdən bəhrələnir.

Teyub Əzizov qeyd etdi ki, bu növlər də gənc nəslin maraq dairəsindədir: "Məni ən çox sevindirən kyokuşin idman növündə kütləviliyə nail olunmasıdır. Bu növü təbliğ etməkdə əsas məqsədlərimizdən biri də uşaq və yeniyetmələrin pis vərdişlərdən çəkinmələrinə nail olmaqdır. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan Kyokuşin Karate Federasiyasının əsas ideyası uşaqların hərbi-vətənpərvər ruhda tərbiyəsi, pis əməllərdən çəkinməsi, sağlam böyüməsi, vətənə layiqli övlad kimi yetişməsidir.

İdman hər bir atletdən məsuliyyət, inam, iradə, məşqlərə həvəslə yanaşmağı tələb edir. Döyüş idman növlərində isə o idmançı yaxşı nəticə göstərə bilir ki, həm vətənpərvərdir, həm fiziki cəhətdən hazırlıqlıdır, həm də yaxşı intizama malikdir. Bu prinsiplərə riayət edən döyüşçünün uğurları mütləq olacaq. Bununla yanaşı, əsl döyüşçü özünə inanmalı, psixoloji cəhətdən güclü olmalıdır. Qəlbində döyüş ruhu olmayan idmançı heç bir nailiyyət əldə edə bilməz. Elə həyatda da belədir. Mübariz insan böyük uğurlar qazanır.

Milli qəhrəmanlarımız, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn döyüşçülərimizin göstərdikləri qəhrəmanlıq, şücaət xalqımızın qəlbində daim yaşayacaq. Biz şəhidlərimizi unutmuruq və unutmamalıyıq. Çünki onlar bizim bugünümüzü, firəvan həyatımızı, əmin-amanlığımızı qoruyublar. Qəhrəmanlarımızı yad etmək bizim müqəddəs borcumuzdur. Azərbaycan xalqının qəhrəman övladları hər zaman olub, var və olacaq. Biz şəhidlərimizlə fəxr edirik. Bu şəhidlər müasir gəncliyə örnəkdir.

Azərbaycan Kyokuşin Karate Federasiyası tarixi günlər, bayram günləri münasibətilə, seminarlar, görüşlər, müxtəlif idman tədbirləri təşkil edir. 20 Yanvar, Xocalı soyqırımı, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin gənclərə çatdırılması məqsədilə mərasimlər, milli qəhrəmanlarla görüşlər, milli qəhrəmanların xatirəsinə həsr olunmuş yarışlar keçiririk.

Mən Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının prezidenti kimi, tez-tez xarici ölkələrdə oluram. Beynəlxalq aləmdə Azərbaycanı layiqli təmsil etməyə çalışıram. İdmançılarımız da hər zaman yarışlarda ölkəmizin bayrağını ucaltmaq uğrunda mübarizə aparırlar. Əminəm ki, Azərbaycan özünün idman uğurları ilə gələcəkdə də bütün dünyaya öz töhfələrini verəcək”.

Anar Əhmədov