Gənclərə fiziki və mənəvi keyfiyyətlər aşılamq vacibdir

Gənclərə fiziki və mənəvi keyfiyyətlər aşılamq vacibdir
İdman məktəblərini uşaqların yalnız bilik və bacarıqlarının yiyələndiyi bir yer kimi qiymətləndirmək düzgün olmazdı. İdman məktəbləri uşaq, yeniyetmə və gənclərin mənəvi cəhətdən formalaşdığı bir məkandır. İdmanla məşğul olan uşaqlar məhz burada həm fiziki sağlamlıq qazanır, həm də onların maraq və meyilləri burada birləşir. İdman məktəblərində gündəlik məşqlərlə yanaşı, yarışlar, yarışlara kollektiv şəkildə baxış, tanınmış idmançılarla görüşlər, idman bayramları, gəzintilər, ekskursiyalar, test yoxlamaları, keçirilən yarışların analizinin aparılması təşkil olunur. Bu isə idmançıların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır.

Uşaq, yeniyetmə və gənclərin kamil insan kimi formalaşmasında, idman klublarının, cəmiyyətlərinin, həmçinin idman məktəblərinin xüsusi rolu var. Belə məktəblərdən biri də 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman Məktəbidir (İOEUGTİM). Bu məktəb ölkəmizə müxtəlif dövrlərdə beynəlxalq dərəcəli idman ustaları bəxş edib. Hazırda bu idman ocağında tennis, stolüstü tennis və badminton növləri üzrə bölmələr fəaliyyət göstərir. Yeniyetmə və gənc idmançılar burada 25 məşqçi-müəllimin rəhbərliyi altında qeyd etdiyimiz idman növlərinin sirlərinə yiyələnirlər. Bu mütəxəssislərdən 4-ü Əməkdar məşqçidir. Məktəbin iki məşqçisi isə Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb.

7 saylı İOEUGTİM-ə təcrübəli mütəxəssis Mahir Quliyev rəhbərlik edir. Məktəb tennisin ölkəmizdə inkişafına kifayət qədər töhfə verib. Bu gün gənc nəslin idmana marağı çox yüksəkdir və Mahir müəllim bu sahədəki bacarığını yeniyetmələrə, gənclərə öyrədir. Təsadüfi deyil ki, təcrübəli mütəxəssis idman sahəsindəki uğurlarına və istedadlı gənclərin yetişməsində səmərəli fəaliyyətinə görə ötən il Əməkdar məşqçi adına layiq görülüb.

Məktəbin idmançıları ötən ili uğurlu nəticələrlə başa vurublar. Onlar iştirak etdikləri bir sıra yarışlarda mükafatalayiq yerlər tutublar.Belə ki, ötən ilin aprel ayında tennis üzrə Bakı şəhər birinciliyində məktəbin yetirmələrindən Rəsul Qocayev və Umayra Həşimova birinci yerə layiq görülüblər. İdman ocağının digər yetirmələri Alina Qavriş ikinci, Amina Dik isə üçüncü yerə sahib çıxıb. 7 saylı İOEUGTİM-in təmsilçiləri elə həmin ay təşkil olunan Azərbaycan birinciliyində dəfərqləniblər. Oğlanların yarışında məktəbin təmsilçilərindən Rəsul Qocayev birinci yeri tutub. Onun komanda yoldaşı Məmmədəli Hüseynov ikinci, Mahmud Mahmudov isə üçüncü yerə layiq görülüb. Qızların mübarizəsində Züleyxa Səfərova fəxri kürsünün 1-ci pilləsində yer alıb. Ötən il məktəbin ən uğurlu nəticəsi isə may ayında Bakıda keçirilən Avropa Tennis turnirdə qeydə alınıb. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda idman ocağının yetirməsi Umayra Həşimova qoşa yarışlarda üçüncü yerə sahib çıxıb. Oktyabr ayında təşkil olunan Bakı şəhər çempionatında məktəbin təmsilçiləri oğlanların mübarizəsində 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər. Eyni nəticə qızların yarışında da təkrarlanıb. Məktəbin komandası, həmçinin qoşa yarışlarda da ilk üç pillədə qərarlaşıblar.

Ötən il 7 saylı İOEUGTİM-in stolüstü tennisçiləri üçün də uğurlu olub. Mart ayının 14-18-də 1998-2000-2001-ci il təvəllüdlü və kiçiklər arasında respublika birinciliyi keçirilib. Şəxsi və komanda xarakterli yarışlarda idman ocağının yetirmələri uğurla yarışaraq mükafatçılar sırasında yer alıblar. Məktəbin yetirmələrindən üçü bütün rəqiblərini üstələyərək birinci yerə sahib çıxıb. Bu yarışdan sonra məktəbin tennisçiləri Bakı şəhər turnirində qüvvələrini sınayıblar. "Təhsil” RİM-in idman zalında keçirilən yarış şəxsi xarakter daşıyıb. Turnirdə 7 saylı İOEUGTİM-in yetirmələri iki medal qazanıblar. Şabranda keçirilən ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş turnirdə bu idman ocağının üzvləri üçün uğurlu keçib. Onlar Şabrandan 2 qızıl və 1 bürünc medalla qayıdıblar. İyunun 10-11-də "Şüa” İdman Kompleksində yeniyetmələr arasında (2004-cü il təvəllüdlü və kiçik) respublika turniri keçirilib. Yarışlarda Bakı, Sumqayıt, Şəki, Salyan, Şabran, Şirvan və Gəncə komandalarının idmançıları güclərini sınayıblar. Şəxsi xarakter daşıyan yarışlarda Emin Məmmədov birinci yeri tutub. Onun komanda yoldaşları isə ikinci və üçüncü pillədə qərarlaşıblar. İyulun 26-29-da Xaçmaz A7i-müəllimlərin bacarığından, onların idmançıları düzgün istiqamətləndirməsindən çox asılıdır. Hər bir məşqçi daim uşaqları ruhlandırmalı, onlarda inam yaratmalı, yarışlarda inamlı çıxışlarının təmin edilməsində onlara təsir etməlidir. Məşqçilər nəzərə almalıdırlar ki, idmançının inamlı çıxışı təmin edilməsə onların maraqları tədricən sönə bilər. Bütün bunlarla yanaşı, məşqçi-müəllimlər unutmamalıdırlar ki, onların istiqamətverici, məsləhətverici köməkləri ilə daim idmançıların sərbəstliyi də təmin olunmalıdır. Sərbəstlik idmançının potensial imkanlarının üzə çıxarılmasına şərait yaradır. Məşqçi-müəllimlər qarşısında duran əsas məqsədin yüksək dərəcəli idmançılar hazırlamaq olmasına baxmayaraq, məşğul olanların əqli və zehni inkişafı həmişə birinci planda olmalıdır. Təhsil sistemində öyrənmənin məzmunu öyrənənlərdən daha çox düşünməyi, onların idrak fəaliyyətlərinin inkişaf etdirilməsini tələb edir. Bunu belə izah etmək olar ki, əgər idmançı məşqdə öyrəndiklərini düzgün, şüurlu dərk etmirsə, keçirilənləri kor-koranə, fərqinə varmadan təkrarlayırsa, bu, onun idrakının inkişaf etməsinə, şəxsiyyətinin lazımınca formalaşmasına, ustalığın düzgün və lazımı dərəcədə artmasına kömək edə bilməz. Məşqçi-müəllimlər bu sahədə, əlbəttə, yeniyetmə və gənc idmançılara daha çox diqqət yetirməlidirlər. Təcrübəli mütəxəssis Mahir Quliyev bildirdi ki, hər bir məşqçi-müəllimin arzusu həmişə yetirmələrini mükafatçılar sırasında görməkdir: "Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, məşqçi öz yetirməsinin uğuru üçün əlindən gələni əsirgəmir. Komandanın bütün üzvləriyarışlarda qarşıya qoyulmuş tapşırığı yüksək səviyyədə yerinə yetirə bilməz. Bütün bunlara baxmayaraq, məşqçi-müəllimlər hər vasitə ilə həmişə yetirmələrini istər məşqlərdə, istərsə də yarışlarda potensial imkanlardan maksimum yararlanmağa ruhlandırmalıdırlar. İdmançılara izah edilməlidir ki, hər bir sahədə müvəffəqiyyət əməksevərlik, zəhmət və özünə qarşı tələbkarlıq nəticəsində əldə edilir.

Həyatda qəhrəman olmaq, ətrafdakıların sevimlisinə çevrilmək, vətənini, xalqını, millətini sevdiyini sübut etmək üçün heç də müharibə meydanı vacib deyil. Bunun üçün hər bir kəs çalışdığı sahədə, məşğul olduğu işdə, təhsil aldığı təhsil ocağında məsuliyyətlə çalışmalı, oxumalı, işini ən yüksək səviyyədə görməyə səy göstərməlidir. Deməli, hər bir idmançı təhsil aldığı məktəbdə yaxşı oxumalı, davranışı, nizam-intizamı ilə yoldaşlarına nümunə olmalı, məktəbin ictimai işlərində fəal iştirak etməli, böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmalıdır. Hər bir idmançının ən böyük arzusu beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında birinci olmaq, dövlət himnimizi səsləndirmək, Azərbaycanımızın bayrağını yüksəklərə qaldırmaqdır. İdmançıların ümdə vəzifəsi dövlətimizi, millətimizi, xalqımızı layiqincə tanıtmaqdır. Bütün bunları uşaqların şüurlu dərk etməsi üçün, valideynlərlə yanaşı, ümumtəhsil məktəbləri, məktəbdənkənar idman müəssisələri, idman klubları böyük işlər görməlidir. Bu sahədə uşaqların yüksək əxlaqı və mənəvi mədəniyyətinin, intellektual səviyyəsinin inkişaf etdirilməsi üçün bütün kollektivin, eləcə də, bilavasitə məşqçi-müəllimlərin üzərinə böyük vəzifələr düşür.

Uşaqlara onu da xatırlatmaq lazımdır ki, onlar cəmiyyət qarşısında məsuliyyət də daşıyırlar. Məktəblilər bilməlidirlər ki, vətənə sədaqət, dövlət rəmzlərinə hörmət, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq bütün vətəndaşlar kimi onların da borcudur. Məhz bu baxımdan uşaqlarda iradı və mənəvi keyfiyyətlərin aşılanmasında vətənpərvərlik mövzusunda aparılan söhbətlər çox böyük əhəmiyyət kəsb edir”.

Sözsüz ki, vətənpərvərlik, vətənə, mənsub olduğu xalqa inam, öz millətinə sədaqət, həyatda tutduğu vəzifə və gündəlik hərəkətləri üçün məsuliyyət hissi, hər bir kəsin müqəddəs borcudur. Bütün bunlar ümumtəhsil məktəbləri ilə yanaşı, idman müəssisələrində də nəzəri məşqlərdə, gündəlik söhbətlərdə uşaqlara aşılanmalıdır. İdman məktəblərində uşaqların fiziki tərbiyəsi ilə yanaşı, iradi və mənəvi tərbiyəsinin də paralel inkişaf etdirilməsi vacibdir. Əlbəttə, iradi və mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri vətənpərvərlik, xalqına, doğma yurda məhəbbətlə bağlılıqdır.

Təsadüfi deyil ki, söz dünyasının korifeyləri vətənin gözəlliyini vəsf etmiş, gəncləri həmişə vətən torpağının qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa çağırıblar. Bu gün məşqçi-müəllimlərin də əsas vəzifəsi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. İşğal altında olan torpaqlarımızı, şəhər və kəndlərimizi tezliklə azad etmək hər bir kəs üçün müqəddəs bir borc, şərəfli bir vəzifə olmalıdır. Məşqçi öz yetirməsinə izah etməlidir ki, torpağını sevən hər bir kəs hər an buna hazır olmalıdır.

Gənclər arasında maarifləndirmə işinin
aparılması çox vacibdir”

7 saylı İOEUGİM-in təmsilçiləri ötən il beynəlxalq yarışlarda da mübarizə aparıblar. Ən böyük uğur ötən ilin iyul ayında Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən stolüstü tennis üzrə Avropa birinciliyində əldə edilib. 46 ölkənin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıblar. Məktəbin yetirməsi Sadıq Sadıqov Zaqrebdə şəxsi görüşlərdə üçüncü yerə layiq görülüb. Ölkəmiz Avropa birinciliyində komanda hesabında üçüncü yerə çıxıb. Məktəb hər il idman ustalığına namizədlərin formalaşmasında böyük rol oynayır. Bu, 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman Məktəbinin fəaliyyətinin düzgün istiqamətdə qurulduğunu göstərir.

Məktəbin direktoru Mahir Quliyev qeyd etdi ki, onların yetirmələrini qarşıda mühüm yarış gözləyir. "May ayında paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu yarışda tennis və stolüstü tennisçilərimizdə iştirak edəcəklər. İslam Oyunlarının tennis yarışlarında məktəbimizin yetirmələrindən Samir Qafarov, Ayxan Manaflı və digər tennisçilərimiz iştirak edəcəklər. Stolüstü tennis yarışlarında isə hansı idmançıların iştirak edəcəyi hələ dəqiqləşməyib. İdmançılarımız IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşırlar. İnanıram ki, təmsilçilərimiz bu yarışda uğurla mübarizə apararaq, yüksək nəticə əldə edəcəklər. Mən Oyunlarda tennis hakimi kimi ədaləti qoruyacağam. Bu il məktəbimizin yetirmələri hər üç növ üzrə ölkədaxili və beynəlxalq yarışlarda da iştirak edəcəklər. Düşünürəm ki, idmançılarımız onlara bəslənilən ümidləri doğruldacaqlar. Yeri gəlmişkən, deyim ki, biz uşaqların təkcə fiziki sağlamlığı ilə deyil, həmçinin onların mənəvi tərbiyəsi ilə də məşğul oluruq. Çalışırıq ki, yetirmələrimiz pis vərdişlərdən uzaq olsunlar, vətənpərvər ruhda böyüsünlər. Hər il iyunun 1-də Bakı Tennis Akademiyasında ənənəvi olaraq uşaqlar gününə həsr olunmuş "Narkomaniyaya yox deyək” devizi altında tennis festivalı təşkil edirik. Yeniyetmə və gənclərimizi ümumbəşəri problemə çevrilən narkomaniyanın fəsadlarından, siqaret və digər zərərli vərdişlərdən qorumağa çalışırıq. Gənclər arasında maarifləndirmə işinin aparılması çox vacibdir. Bu sahədə təhsil müəssisələrinin, idman ocaqlarının və təşkilatların, həmçinin ictimaiyyətin rolu böyükdür. Düşünürəm ki, bu baxımdan belə tədbirlərin keçirilməsi yeniyetmə və gənclər üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq keçirilən tennis festivalında 120-dən çox uşaq iştirak edir. Festival iştirakçılarına diplomlar və qiymətli hədiyyələr verilir”, - deyə məktəbin direktoru əlavə etdi.

IV İslam Həmrəyliyi Oyunları
 tennisçilərimiz üçün sınaq olacaq

Şübhəsiz ki, istənilən idman növünün inkişafında, kütləviliyində təbliğatın mühüm rolu danılmazdır. Təbliğatın düzgün aparılması uşaqların idmana, sağlam həyata həvəsini artırır. 2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunları bu istiqamətdə əhəmiyyətli rol oynadı desək, yanılmarıq. Məhz Avropa Oyunlarından sonra ölkəmizdə idmanın digər növləri kimi, badmintona və stolüstü tennisə də maraq göstərən uşaqların sayı artdı. Oyunlardan sonra bu idman növü ilə məşğul olmaq istəyən xeyli uşaq 7 saylı RİOEUGİM-ə müraciət edib. Məktəbin direktoru Mahir Quliyevin sözlərinə görə, bölgələrdə də badminton idman növünün inkişaf etdirilməsi üçün müəyyən təbliğat işləri aparılıb. O qeyd etdi ki, təbliğat bölgə gənclərinə və yeniyetmələrinə badmintonla daha yaxından tanış olmaq imkanı yaradıb: "Əksər rayonlarda bu növ üzrə mütəxəssislər olmadığına görə uşaqların baminton haqqında məlumatı yox idi. Məktəbimizin müəllimləri ötən il bir sıra bölgələrdə oldular və badminton haqqında yeniyetmə və gəncləri məlumatlandırdılar. Ötən il məktəblilər arasında təşkil olunan "Olimpiya Hərəkatı” proqramı badmintonun kütləviliyində xüsusi əhəmiyyət kəsb etdi. Bu proqram sayəsində məktəblilər bu idman növü üzrə yarışlara cəlb olundular. "Olimpiya Hərəkatı” proqramı bu il də keçiriləcək. Əminəm ki, bu proqram bölgələrdə badmintonun inkişafında öz bəhrəsini verəcək. Bir faktı qeyd edim ki, badminton və stolüstü tennisi inkişaf etdirmək tennis idman növünə nisbətən daha asandır. Ona görə ki, tennisin inkişaf etdirilməsi üçün kortlar və digər avadanlıqlar lazımdır.Tennis kortlarını hazırlamaq asan başa gəlmir. Bunun üçün kifayət qədər vəsait lazımdır. Hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunlarından sonra tennis və stolüstü tennis respublikamızda daha da populyarlaşacaq”, - deyə Mahir Quliyev vurğuladı.
Azər Əlizadə