Fiziki inkişafın təməli uşaqlıq dövründən qoyulur

Fiziki inkişafın təməli uşaqlıq dövründən qoyulur

Gələcəyimiz olan gənc nəslin fiziki sağlamlığının qorunması, onların fəal həyat tərzi keçirməsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Gələcəyimizin etibarlı əllərdə olması üçün dövlətimiz tərəfindən kompleks tədbirlər görülür. Valideynlər, təhsil müəssisələri, elm ocaqları əl-ələ verərək bu mühüm və əhəmiyyətli məsələnin həllində böyük səy göstərirlər. Uşaqların və gənclərin sağlam ruhda tərbiyə alması, sağlam mühitdə böyüməsi, fiziki və mənəvi inkişafı, zərərli vərdişlərdən uzaqlaşdırılması, vətənə, xalqa layiqli övladlar kimi yetişməsi çox vacibdir.

İnsanın fiziki və mənəvi inkişafı bir-biri ilə sıx bağlıdır və qarşılıqlı surətdə inkişaf edir. Çünki hər iki inkişaf prosesinin dinamikasında sinir sisteminin və psixoloji funksiyaların formalaşması durur. Tədqiqatlar göstərir ki, insanlar arasında mövcud olan fərqlər, hər şeydən əvvəl, onların intellektual fəaliyyəti, təfəkkür tərzi, tələb və maraqları, mənəvi və əxlaqi, eyni zamanda, sosial inkişaf səviyyəsində özünü büruzə verir. İnsanın mənəvi inkişaf prosesinin müəyyən qanunauyğunluqlara tabe olduğu da məlumdur. Yəni insanın yaşı və mənəvi inkişaf tempi arasında bərabər, qarşılıqlı asılılıq vardır. Bu, onu göstərir ki, insan erkən yaşlarında mənəvi və fiziki inkişafa doğru daha meyilli olur. Uşaqların fiziki cəhətdən zəifliyi onların inkişaf prosesinə təsir edən neqativ təsirlərlə izah olunur. Şübhəsiz, uşağın sürətli inkişafı, valideynlərin maraq dairəsindədir. Yəni hər bir valideyn öz uşağının daha tez böyüməsinə, mənəvi və fiziki inkişafına, savadlı, hərtərəfli olmasına çalışır. Əslində, orqanizmin özünün qanunauyğun fizioloji inkişaf prosesi var. Lakin bəzən valideynlər tələsirlər, hər şeyin qısa zamanda baş verməsini istəirlər. Araşdırmalar göstərir ki, bu zaman uşaqlarda özünə inamsızlıq yaranır. Mütəxəssislər uşağın mənəvi inkişaf prosesinin böyük əhəmiyyət daşıdığını deyirlər. Çünki onun gələcəkdə necə insan (xeyirxah, səmimi, başqasının fikirlərinə hörmət edən) olması, kamil bir insan kimi formalaşmasında bu prosesin rolu danılmazdır. Təcrübə göstərir ki, insana biliklərdən başqa, həyatda çətinliklərə dözmək, qarşısına çıxan maneələrdən keçə bilmək üçün təcrübə, dözüm, iradə kimi yüksək keyfiyyətlər də lazımdır.

Təsadüfi deyil ki, məşhur pedoqoqlar şəxsiyyətin hərtərəfli və harmonik inkişafında idmanın, fiziki tərbiyənin rolunu yüksək qiymətləndirirlər.

Pedoqoqlar bədən tərbiyəsi və idmanı insanın mənəvi, psixoloji və əxlaqi obrazının formalaşmasında əvəzsiz vasitə hesab edirlər. İdman, fiziki tərbiyə şəxsiyyətin hərtərəfli inkişafını təmin etməklə bərabər, dostluq, yoldaşlıq, kollektivçilik kimi humanist hisslərin aşılanmasında mühüm və həlledici rol oynayır. Sağlamlıq və güc, bədən quruluşunun mütənasib inkişafı, zahiri gözəllik və dözümlülük kimi keyfiyyətlər məhz idman və fiziki tərbiyənin məhsuludur. Mənəvi keyfiyyətləri uşaqlara lap kiçik yaşlarından aşılamaq lazımdır. Gözəlliyi dəyərləndirmək, insani münasibətləri qiymətləndirmək, insanlara dəyər vermək, xeyirxahlıq etmək kimi müsbət keyfiyyətlərin uşaqlara aşılanması onların vətənə, xalqa, millətə layiq vətəndaş kimi yetişməsində mühüm rol oynayır.

Şəxsiyyətin ahəngdar və hərtərəfli inkişafı daha çox uşaq və yeniyetmə yaşlarından başlanır. Uşaqların və gənclərin hər bir millətin gələcəyi olduğunu düşünəndə bu məsələ daha önəmli xarakter alır. İnsanların mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı üçün uşaq və yeniyetmələrin idmana fəal surətdə cəlb olunması aktual məsələdir. Gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafında, onların sağlamlığının təmin edilməsi, intellektual və mədəni səviyyəsinin yüksəldilməsi, əməyə və vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın, bədən tərbiyəsinin rolu əvəzsizdir. Yeniyetmə və gənclərin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan idmanın inkişafını daha da sürətləndirmək, kütləviliyini təmin etmək üçün Azərbaycanda məqsədyönlü və kompleks işlər görülür. Məlum məsələdir ki, əksər idman növlərində böyük nailiyyətlər qazanmaq üçün uşaq və yeniyetmə idmanına xüsusi diqqət və qayğı göstərilməlidir. İdmanın intibah dövrünü yaşadığı bir zamanda ölkəmizdə bu sahə xüsusilə dövlət qayğısı ilə əhatə olunub.

Çox hərəkət edən uşaqlar daha sağlam olurlar

Məktəbəqədər və məktəbyaşlı uşaqların ətraf mühiti qavramalarında, onu fəal dərk etmələrində idman mühüm rol oynayır. Adətən, idmana meyilli uşaqlar həmişə birinci olmağa, liderliyə can atırlar. İdman, bədən tərbiyəsi uşaq və yeniyetmələrin yaxşını pisdən ayırmasında, necə deyərlər, qədəmlərini yerə möhkəm basmasında yardımçı rol oynayır. Bunun üçün uşaq və yeniyetmələrin idmana cəlb olunması istiqamətində görülən işlər təqdirəlayiqdir. Əyləncə xarakterli idman oyunları uşaqlara qətiyyət, cəsarət, çeviklik kimi keyfiyyətlər aşılayır, onlara təmkinli olmağı öyrədir. Təcrübə göstərir ki, çox hərəkət edən uşaqlar daha sağlam olurlar. Az hərəkət edən uşaqlarda isə, adətən, əzginlik müşahidə edilir. Uşaqlar kiçik yaşlarından tullanma, dırmanma, qaçma və digər hərəkətləri müntəzəm məşq etdikcə onların gələcəkdə fiziki cəhətdən sağlam olmaları üçün zəmin yaranır. İdman kiçikyaşlı uşaqlara sağlamlıq və cəsarət bəxş edir. Məhz bu baxımdan kiçikyaşlı məktəblilərin fiziki fəaliyyətə cəlb olunmaları son dərəcə əhəmiyyətli məsələlərdəndir. Bu problemlə bağlı uşaq bağçaları, məktəblər öz işlərini müasir tələblərə uyğun şəkildə qurmağa çalışırlar. Respublikamızda idmanın və Olimpiya Hərəkatının yüksək səviyyədə inkişafı, olimpizm ənənələrinin təbliği, "sağlam bədəndə sağlam ruh olar” prinsipinin təmin edilməsi üçün bu müəssisələrdə idmana münasibət kökündən dəyişmişdir. Uşaq hələ birinci sinfə qədəm qoyanda fakt və hadisələr haqqında, həmçinin idman haqqında müəyyən təsəvvürə malik olur. Uşaq bədən tərbiyəsindən zövq almalı və özünün cəmiyyət üçün yararlı olduğunu hiss etməlidir. Ancaq bütün bunların həyata keçməsi heç də asan deyil. Çünki uşaqlar fiziki inkişaf səviyyələrinə görə bir-birindən fərqlənirlər. Uşaqlar ilk idman təcrübəsinə və bəzi vərdişlərə evdə yiyələnirlər. Evdə uşaqların məşğul olmalarından ötrü onlar üçün idman guşələrinin yaradılması onların təlim-tərbiyəsində əhəmiyyətli rol oynayır. İdman alətlərinin köməyi ilə uşaqlar ilkin bədən tərbiyəsi vərdişlərinə daha asanlıqla yiyələnirlər. Bu da onların ahəngdar yetişməsi üçün son dərəcə vacibdir. Beləliklə, həyatda ilk kövrək addımlarını atan balaca uşaqlar idman məşğələlərini müxtəlif əyləncəli oyunlar və təhsillə növbələşdirmək imkanı əldə edirlər. Araşdırmalar göstərir ki, idman alətləri haqqında təsəvvürü olmayan uşaqlar məktəbdə və küçədə müəyyən çətinliklərlə qarşılaşırlar. Digərləri isə öz yaşıdlarından cəldliyi, çevikliyi və müstəqilliyi ilə fərqlənirlər. Qeyri-normal həyat tərzi keçirən uşaqların isə idmana, bədən tərbiyəsi ilə məşğul olmağa nə vaxtları, nə həvəsləri var. Heç kimə sirr deyil ki, həddi-buluğa çatmayan, təhsildən yayınmağa çalışan, asudə vaxtlarını səmərəli təşkil etməyən uşaq və yeniyetmələrin sayı çoxalarsa bu, istər-istəməz, intellektual səviyyəli gənclərin də sayının azalmasına gətirib çıxarar. Azərbaycanda uşaq və gənclərin təlim-tərbiyəsi və onların təhsili, sağlam həyat tərzi keçirməsi üçün hər cür şərait vardır. İndi ölkəmizdə gənc nəslin həyatda özünə düzgün yol seçməsi, ümumi və peşəkar təhsil səviyyəsinin, maddi şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Xalqımızın sağlam genofondunun qorunub saxlanması üçün uşaq və yeniyetmələrin təhsili, fiziki və mənəvi tərbiyəsi sahəsinə ciddi fikir verilir.

Müvazinəti inkişaf etdirən oyunlar da çox əhəmiyyətlidir

Elə bir oyun tapmaq olmaz ki, burada uşaqdan hərəkət, müəyyən fiziki və ya zehni səy tələb edilməsin. Bu baxımdan, mütəhərrik idman oyunları məqsədyönlüdür və onlara təkcə əyləncə kimi baxılmamalıdır. Məktəbəqədər və məktəbyaşlı uşaqların fiziki hazırlığı, qamətinin düzgün inkişafı, yeriş, qaçış vərdişlərinin təkmilləşdirilməsi üçün mütəhərrik oyunlardan geniş istifadə olunur. Bu oyunların sayəsində onlar sıraya düzülmə, sağa, sola, geriyə dönmə, bir cərgədən iki cərgəyə, dörd cərgəyə və əksinə olan hərəkətlər, ahəngdar yüngül qaçış vərdişlərinə yiyələnə bilirlər. Belə oyunlar zamanı "rəqiblərə” müqavimət göstərmək, çətinliyi aradan qaldırmaq, təhlükəyə qarşı getmək və s. lazım gəlir. Uşaqlar yeriş, yürüş, dırmanma, tullanma və s. hərəkətləri yerinə yetirir ki, bu zaman onlarda əsas hərəkətlərin inkişafı təmin olunur. Bu isə orqanizmdə fizioloji prosesin düzgün getməsinə səbəb olur, ürəyin və tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırır, qan dövranını və maddələr mübadiləsini tənzimləyir. Bu cür əyləncəli idman oyunları uşaqların sağlamlığına müsbət təsir edir.

Uşaqlar oyuna başladıqları zaman qarşılarına məqsəd qoyur və həmin məqsədə doğru hərəkət edirlər.

Mütəhərrik idman oyunlarının əsasını təşkil edən belə oyunlar zamanı əllər fəal iştirak edir, uşaq topu tutmaq üçün yuxarı hoppanır, yan tərəflərə müxtəlif hərəkətlər edir. Belə məşğələlər zamanı uşağa qaçmaq, əyilmək, sürüşmək, qolları yana və yuxarı qaldırmaq və s. hərəkətlər etmək lazım gəlir. Bu da uşaqların döş qəfəsinin genişlənməsinə, onurğa sütununun düzgünlüyünə, çiyinlərinin, qollarının, biləklərinin, əl barmaqlarının inkişafına səbəb olur, belə oyunlar zamanı onlarda yeni vərdişlər və qıvraqlıq əmələ gəlir.

Müvazinəti inkişaf etdirən oyunlar da çox əhəmiyyətlidir. Uşaqların çoxu bu hərəkətləri həvəslə yerinə yetirir, hətta bir-biri ilə yarışmaq təşəbbüsü də göstərirlər.

Mütəxəssislərin fikrincə, sağlam uşaqlar çox hərəkət edir, az hərəkət edən uşaqlar isə əzgin, halsız olurlar. Uşaqların fiziki və psixoloji inkişafına mane olan, passivliyi aradan qaldıran, onların əqli inkişafına böyük təsiri olan oyunlar məktəbəqədər müəssisələrdə geniş tətbiq edilir. Ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarında, əsasən, öyüdverici və sujetli oyunlara diqqət ayrılır. Belə oyunlar uşaqlar üçün həmişə maraqlı olub, yalnız onların fiziki inkişafına deyil, həm də mənəvi, zehni inkişafına təsir edir.

Gimnastika
3-4 yaş. İki əli və iki ayağı üzərində düzünə (6 m məsafəyə), əşyaların arası ilə; döşəməyə əlləri toxunmadan; maneənin altından keçmək; halqadan keçmək; tir üzərindən aşmaq; gimnastika divarına dırmanma (1,5 m).
4-5 yaş. İki əli və iki ayağı üzərində düzünə (10 m məsafəyə); ilanvari; əşyaların arası ilə; üfüqi və maili skamya üzərində sürünmək; gimnastika skamyasında əlləri ilə dartınaraq qarnı üstündə sürünmək; iki əli və ayağı üzərində pəncələrə və ovuclara dayaqlanaraq sürünmək; ipin, qövsün altından (hündürlüyü 50 sm) sağ və sol tərəflə irəliləmək. Halqadan keçmək; gimnastika tiri, skamya üzərindən aşmaq.
5-6 yaş. İki əli və iki ayağı üzərində ilanvari əşyaların arası ilə sürünmək; maneələr üzərindən sürünə-sürünə keçmək; iki əli və iki ayağı üzərində başı ilə topu itələməklə sürünmək (3-4 m). Gimnastika skamyasında dirsəklər və dizlərə dayaqlanaraq əllərlə dartınaraq qarnı üstündə sürünmək. Ardıcıl olaraq bir neçə əşya üzərindən sürünərək keçmək; halqadan müxtəlif üsullarla keçmək; gimnastika divarına (hündürlüyü 2,5 m) eyni və müxtəlif üsullarla tempi dəyişməklə dırmanmaq.

Akrobatika hərəkətləri
3-4 yaş. Arxası üstə uzanaraq başı və ayağı sinə tərəfə dartmaq; Oturaraq kürəyi üstə yuvarlanma. Bir ayaq üzərində duruş - qolları yanlara açmaqla.
4-5 yaş. İrəli mayallaq aşmaq; kürəklər üzərində duruş; Arxası üstə uzanaraq körpü yaratmaq; bir ayaq üzərində duruş - qolları yanlara açmaqla.
5-6 yaşlı uşaqlar da eyni hərəkətləri icra edə bilərlər.

Əşyasız və əşya ilə ümuminkişaf hərəkətləri
3-4 yaş. Qolları yuxarı, yanlara qaldırıb aşağı salmaq (eyni vaxtda və növbə ilə). Əşyaları sinə qarşısında, arxasında, baş üzərində bir əldən digərinə ötürmək. Qolları irəli, yanlara, ovucları yuxarı çevirmək, biləkləri qaldırıb aşağı salmaq, barmaqları tərpətmək; pəncələr üzərinə qalxmaq; növbə ilə ayaqların pəncəsini irəli, yanlara qoymaq. Dayaqdan tutmaqla və tutmadan oturuş; qolları irəli aparamaqla oturuş; qolları geri aparmaqla oturuş.
4-5 yaş. Qollar irəli, yanlara, yuxarı (növbə ilə); əlləri aşağı, beldə, sinə qarşısında arxaya aparmaq; qollar irəli - arxaya yelləmək; qolları dirsəkdən bükərək dairəvi hərəkətlər. Əlləri başın arxasına qoymaq, onları yanlara, aşağı salmaq.
5-6 yaş. Əlləri sinə qarşısında yanlara açmaq; baş arxasından qolları yuxarı qaldırmaq və ovucları yuxarı və yanlara; barmaqlar bir-birinə "qıfıllanmış” vəziyyətdə qolları irəli, yuxarı arxaya aparmaq. Barmaqları sıxıb-açaraq biləkləri qaldırıb-endirmək. Yerində addımlamaq, pəncələri dayaqdan ayırmamaq.

Alətlərdə hərəkətlər
3-4 yaş. Turnikdə, gimnastika divarında, kəndir və ya halqalarda sallanma; gimnastika skamyası ilə yeriş.
4-5 yaş. Turnikdə, gimnastika divarında, kəndir və ya halqalardan sallanma. Turnikdə və ya halqalarda qruplaşma. Gimnastika skamyası ilə yeriş; sıçrama və yerə enmə.
5-6 yaş. Turnikdə, gimnastika divarında, kəndir və ya halqalarda sallanma. Turnikdə və ya halqalarda qruplaşma və yellənmə. Gimnastika skamyasında, tirində yeriş; sıçrama və yerə enmə.

Fiziki və mənəvi tərbiyənin icrasına uşaq 
dünyaya gələn andan başlamaq lazımdır

Mütəxəssislərin fikrincə, hərtərəfli inkişaf etmiş müasir insanın fiziki tərbiyəsi öz başlanğıcını uşaqlıq illərindən götürməlidir. Məhz bu illər ərzində orqanizmin ən vacib sistemlərinin intensiv artımı və inkişafı, onların funksiyalarının təkmilləşdirilməsi həyata keçirilir. Fiziki və mənəvi imkanların hərtərəfli inkişafının təməli uşaqlıq dövründə qoyulur. Bu məsələ ilə bağlı fikirlər tədqiqatçılar tərəfindən belə ifadə edilib: "Orqanizmin, sağlamlığın möhkəmləndirilməsi, düzgün qamətin formalaşması, həyatı vacib hərəkətləri bacarmaq və gigiyenik vərdişlər vacibdir. Sokratdan "Üç günlük uşağın tərbiyəsi ilə nə vaxtdan məşğul olmağa başlamaq lazımdır?” soruşan ana, cavabında məhz üç gün gecikdiyini eşidib. Yəni, fiziki və mənəvi tərbiyənin icrasına uşaq dünyaya gələn andan başlamaq lazımdır, yoxsa sonra çox şeyi itirmək olar”.

Ölkəmizdə dövlət səviyyəsində fiziki tərbiyə sistemi həyata keçirilir. Bunlar artıq məktəbəqədər uşaq müəssisələrində, körpələr evi və uşaq bağçalarında, ümumtəhsil məktəblərində, orta ixtisas və ali təhsil ocaqlarında, orduda, istehsalat və müalicə müəssisələrində davam etdirilir. Məktəbəqədər təhsil müəssisələri ailələrlə birlikdə uşaqların fiziki və mənəvi cəhətdən formalaşmasının ən vacib dövründə onların düzgün fiziki inkişafını təmin etmək iqtidarındadır. Fiziki tərbiyənin zəruriliyini, onun əhəmiyyətliliyini üç mühüm müddəadan ibarət olan nəzəri konsepsiya əsaslandırır və izah edir:
1. Orqanizmlə ətraf mühitin vəhdəti. Bu, ən vacib amildir.
2. Mərkəzi sinir sisteminin tiplərində özünü büruzə verən insanın fərdi xüsusiyyətləri ilə bağlılıq;
3. İnsanın ömür boyu etdiyi hərəkət fəallığının səviyyəsinin əhəmiyyəti.

Fiziki hərəkətlər vasitəsilə insan orqanizminin funksional imkanlarının mühüm artımına, genişlənməsinə və təkmilləşməsinə nail olmaq mümkündür. Araşdırmalar göstərir ki, bədəni möhkəmləndirmə prosedurları ilə əlaqəli fiziki hərəkətlərin yerinə yetirilməsi insan orqanizminin ətraf mühit dəyişikliyinə dayanıqlığını artırır və bununla orqanizmin müxtəlif əlverişsiz şəraitlərdə (soyuq, yüksək hərarət, oksigen çatışmazlığı, həddindən artıq yorulma) uşaqların fəaliyyət diapazonunu genişləndirir. Təhlillər göstərir ki, uşaq dünyaya sinir sisteminin müəyyən əlamət və xüsusiyyətləri ilə gəlir. Bu irsi yolla keçən xüsusiyyətlər həmişə fərdidir. Bəzi uşaqlar davranış və hərəkətlərində təmkinli, digərləri çılğın, ya da zəif reaksiyalı, qeyri-fəal olur. Buna baxmayaraq, bütün bu irsi əlamətlər tamamilə intellektual və ya fiziki inkişafın son səviyyəsini müəyyən etmir. Anadangəlmə əlamətlər insanın tam inkişafına ciddi təsir edə bilər, lakin burada tərbiyənin sosial və pedoqoji vasitələri heç də az rol oynamır. Tərbiyəçi və valideyn fiziki tərbiyə prosesinin gedişində uşağın mərkəzi sinir sisteminin fərdi xüsusiyyətlərini maksimal dərəcədə nəzərə aldığı zaman, ən yaxşı nəticəyə nail olunur. Buna görə də, uşaqların fiziki tərbiyə prosesinin gedişində fərdilik prinsipi, fəallıq və bədəni möhkəmləndirmə prosedurunun dərəcəsi müəyyənləşdirilərkən fərdi fəaliyyət və istirahət rejimləri xüsusilə nəzərə çarpır.

Tədqiqatçılara görə, fiziki tərbiyə təcrübəsində məktəbəqədər yaşlı uşaqlar yaş dövrlərinə ayrılır. Onlar yaşlarına görə bir neçə qrupa bölünür. Ən geniş yayılmış və fiziki tərbiyə təcrübəsində qəbul olunmuş yaş qrupları aşağıdakılardır:
1. Erkən yaş dövrü - anadan olandan 3 yaşa kimi. Bu dövr ərzində uşaq ailədə valideynlə, ya da körpələr evində tərbiyəçi ilə fiziki tərbiyə prosesi keçir.
2. Məktəbəqədər yaş dövrü - 3-6 yaş arası, yəni məktəbə gedənə kimi. Adətən, bu dövrdə onlar uşaq bağçasına gedirlər. Bu yaş qruplarında uşaqların fiziki tərbiyə məşğələlərinin daha optimal qurulması, onların psixoloji və bioloji inkişafına tam kömək edir.
3. Uşaqların hərəkətlilik imkanları. Bu dövr ərzində uşağın orqanizmi böyüyür və çox sürətlə inkişaf edir. Buna baxmayaraq, ətraf mühitin mənfi təsirlərinə onun dözümlülüyü çox aşağı olur və uşaqlar çox asanlıqla xəstələnirlər. Buna görə də bu yaş dövründə onların sağlamlığının qayğısına qalmaq daha vacibdir.
Dilqəm Quliyev