Gənclər milli-mənəvi dəyərlərimizin qoruyucusu, cəmiyyətin aparıcı qüvvəsidir

Gənclər milli-mənəvi dəyərlərimizin qoruyucusu, cəmiyyətin aparıcı qüvvəsidir
Bəşər sivilizasiyasının əsasında duran humanist ideallardan biri də şəxsiyyətin ahəngdar və harmonik inkişafını təmin etməkdir. Bütün fəaliyyət sahələrində (elm, incəsənət, idman və s.) aparıcı rol oynayan bu ideal insanın kamillik zirvəsinə çatmasında əvəzsiz rol oynayır.

Humanist ideallar olimpizmin, Olimpiya Hərəkatının da ən vacib və əsas dəyərlərindən biridir. Məhz bu idealların əsasında formalaşan Olimpiya Hərəkatının Xartiyasında deyilir: "Olimpizm bədən, iradə və ağlın vəhdətini təmin edən və balanslaşdıran, onu yüksəklərə qaldıran həyat fəlsəfəsidir. Olimpizmin məqsədi insan ləyaqətinin qorunub saxlanması naminə sülhpərvər cəmiyyətin yaranmasına kömək etmək üçün şəxsiyyətin harmonik inkişafında idmandan səmərəli istifadə etməkdir”.

Şəxsiyyətin ahəngdar və hərtərəfli inkişafı, heç şübhəsiz, uşaq və yeniyetmə yaşlarından başlanır. Uşaq və yeniyetmə idmanının inkişafı bu gün idmanın və Olimpiya Hərəkatının, dünya idman ictimaiyyətinin diqqətində olan vacib məsələdir. İnsanların mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı üçün uşaq və yeniyetmələrin idmana fəal surətdə cəlb olunması mühüm şərtdir. Bu baxımdan, gələcəyimiz olan gənc nəslin sağlamlığının qayğısına qalınması çox vacibdir. Gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafında, onların sağlamlığının təmin edilməsi, intellektual və mədəni səviyyəsinin yüksəldilməsi, əməyə və vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın, bədən tərbiyəsinin rolu əvəzsizdir. Məhz buna görə də bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək və onun kütləviliyini təmin etmək üçün Azərbaycanda kompleks işlər görülür.

Ölkəmizdə uşaq və gənclərin fiziki sağlamlığına xüsusi diqqət göstərilir. Sözsüz ki, fiziki sağlamlıq mənəviyyatın da inkişafına müsbət təsir edir. Fiziki sağlamlığın əsas amillərindən biri idmandır. Azərbaycan dövləti gənc nəslin idmanla məşğul olmasında maraqlıdır. Ölkəmizdə yaradılan şərait, inşa edilən müasir idman qurğuları məhz gələcəyimiz olan gənc nəslin xoş sabahı üçündür. İstər Bakıda, istərsə də bölgələrdə fəaliyyət göstərən idman ocaqları ən müasir idman avadanlıqları ilə təchiz edilib.

Uşaq və gənclər böyük enerji, milli-mənəvi dəyərlərimizin qoruyucusu, cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvənin fiziki və mənəvi sağlamlığı xüsusi qayğı tələb edir və bu iş ölkəmizdə analoqu olmayan bir səviyyədə həyata keçirilir.

İdmana göstərilən qayğı atletlərimizin 
uğurlu çıxışlarına zəmin yaradıb

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə və inkişafında misilsiz rol oynayıb. Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi məhz ulu öndərin adı ilə bağlıdır.1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra xalqımızın həyatında yeni bir dövr başladı. Respublikanın sosial, mədəniyyət, iqtisadiyyat, təhsil, tibb sahələrində, o cümlədən idman sahəsində köklü dəyişikliyin əsası qoyuldu. Siyasi sabitlik, əmin-amanlıq uşaq və gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində geniş fəaliyyət proqramının həyata keçirilməsinə şərait yaratdı. Gənclərin fiziki və mənəvi inkişafına nail olmaq üçün mühüm qərarlar qəbul edildi. Bir sözlə, Azərbaycanın uşaq və gəncləri bütün sahələrdə dövlətin qayğısı ilə əhatə olundu. Respublikanın paytaxtında, eləcə də bölgələrdə yeni idman qurğuları inşa edildi. Köhnə idman ocaqları əsaslı təmirdən sonra gənc nəsilin istifadəsinə verildi. Dahi şəxsiyətin uzaqgörən siyasəti nəticəsində Azərbaycan idmanı özünün inkişaf dövrünə qədəm qoyub. Atletlərimiz dünyanın ən möhtəşəm yarışlarında uğurla çıxış edərək vətənə medallarla dönüblər. İdmanı dövlət siyasətinin mühüm qollarından biri kimi ayıran, onu ümummilli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirən Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda idmanın maddi-texniki bazası möhkəmlənib, bədən tərbiyəsi və idman kütləviləşib, ölkəmiz Olimpiya Oyunlarında layiqincə təmsil olunub. Ulu öndərimiz idmanın hər bir ölkə üçün beynəlxalq miqyasda da böyük siyasi əhəmiyyət kəsb etdiyini həmişə ön plana çəkirdi.

Azərbaycanın tarixinə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev xalqımızın idmana marağını yüksək dəyərləndirirdi. "Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır”.

Ulu öndər ölkəmizin uşaq, yeniyetmə və gənclərinin fiziki sağlamlığını ən vacib məsələ kimi önə çəkib. Dahi şəxsiyyətin yürütdüyü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Azərbaycanda idmana göstərilən qayğı atletlərimizin uğurlu çıxışlarına zəmin yaradıb. Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi idmanın, bədən tərbiyəsinin kütləviliyinin artırılması üçün respublikada böyük işlər görür. Paytaxtla yanaşı, regionlarda da müəyyən layihələr çərçivəsində uşaq, yeniyetmə və gənclər üçün kütləvi idman tədbirləri həyata keçirilir.

Mütəxəssislərin fikrincə, idmanın inkişafına təkan verən amillərdən biri də onun uşaq, yeniyetmə və gənclər arasında kütləviliyinin təmin edilməsidir. İdmanda kütləvilik, əsasən, ümumtəhsil məktəblərindən və məktəbdənkənar müəssisələr olan uşaq bağçalarından başlayır. Eyni zamanda, ölkəmizdə uşaq-gənclər idman məktəbləri, müxtəlif cəmiyyətlər yaradılıb ki, bunların da üzərinə kütləviliyi təmin etmək kimi böyük vəzifə düşür. Ümumiyyətlə , ölkəmiz müstəqillik əldə etdikdən sonra respublikamızın hər yerində müasir avadanlıqlarla təmin olunmuş idman qurğuları inşa edilməyə başlayıb. İndi ölkəmizin bölgələrində elə şərait yaradılıb ki, hər kəs istədiyi idman növü ilə məşğul ola bilər. Son illər müasir standartlara cavab verən və hər bir şəraiti olan Olimpiya idman komplekslərinin istifadəyə verilməsi idman sahəsinin daha da inkişaf etməsinə səbəb olub.

İdmanda kütləvilik əldə etmək üçün, əlbəttə, yuxarıda sadaladıqlarımızla yanaşı, həvəs və rəğbətin yaradılması da mühümdür. Çünki sağlamlıq insan həyatında mühüm rol oynayan amildir. Elə buna görə də Azərbaycan dövləti idmının kütləvi şəkildə yayılmasına lazımi qədər vəsait ayırır.

"Fiziki hərəkətlər insan həyatının mühüm bir sahəsini, 
yəni idman fəaliyyətini müəyyənləşdirir”

İdmanda uğurların əldə olunmasında məşqçilərin rolu danılmazdır. İdmançının yetişməsində, müxtəli yarışlarda yüksək nəticələr qazanmasında əsas rol məhz məşqçinin üzərinə düşür. Uzun illər 6 saylı Uşaq Gənclər Güləş İdmanMəktəbində təlimatçı metodist kimi çalışan sərbəst güləş üzrə SSRİ idman ustası Hümbət Cavadovun fikrincə, məşqçinin öyrətdikləri idmançılar tərəfindən şüurlu şəkildə dərk edilməlidir. Çünki şüurlu qavrama uğurların başlanğıcıdır: "Məşqçi-müəllimlər idmanın incəliklərini öz yetirmələrinə öyrədərkən əmin olmalıdılar ki, uşaqlar onlara deyilənləri şüurlu şəkildə qavraya bilirlər. Asan hərəkətlərdən, asan fəndlərdən, çətin hərəkətlərə, çətin fəndlərə keçərkən daim uşaqları ruhlandırmaq, onlarda inam yaratmaq, emosiyalarını tənzimləmək, lazımı məqamlarda coşdurmağı bacarmaq önəmlidir. Bütün bunlarla yanaşı, məşqçi-müəllimlər unutmamalıdırlar ki, onların istiqamətverici, məsləhətverici köməkləri ilə daim idmançıların sərbəstliyi də təmin olunmalıdır ki, onların potensial imkanları üzə çıxsın.

İnsanın daim hərəkətdə olması, öz fiziki keyfiyyətlərini yüksəltməyə can atması onun idmanla məşğul olmasına səbəb olur. Bu hərəkətlər müəyyən olunmuş qaydalar əsasında edilirsə, bu, artıq insanın idmanla məşğul olması deməkdir. Maraqlı faktdır ki, fiziki hərəkətlər insan həyatının mühüm bir sahəsini, yəni idman fəaliyyətini müəyyənləşdirir. Fiziki hərəkətlər orqanizmdə əzələlərin möhkəmləndirilməsinə, insanın sağlamlığına, mənəvi saflığına zəmin yaradır. Fiziki hərəkətlər idmançının sistemli fəaliyyətidir. İdmançı məşq prosesində fiziki keyfiyyətlərini - gücünü, cəldliyini, çevikliyini artırır. Həmçinin idmançının xasiyyətində dəyişiklik yaranır: o, cəsarətli, mübariz olur və qələbəyə köklənir”.

Təcrübəsinə söykənən Hümbət Cavadovun fikrincə, yarışlarda xüsusi mübarizə əzmi ilə çıxış edən idmançı öz fiziki gücünü, emosiyasını sərf etməklə yanaşı, psixoloji cəhətlərə də üstünlük verir. Ona görə ki, idmanda psixoloji hazırlıq çox əhəmiyyətli rola malikdir. "İdman nailiyyətləri sistemli şəkildə həyata keçirilən məşq prosesindən asılıdır. Gərgin məşqlər, psixoloji hazırlığın əldə edilməsinə də şərait yaradır. Yarışların böyük və ya kiçikliyindən asılı olmayaraq idmançı psixoloji cəhətdən mübarizəyə hazır olmalıdır. Çünki psixoloji hazırlıq qələbənin yarısı deməkdir. Bu, biri sıra yarışlarda təsdiq olunub. Mübarizəyə psixoloji cəhətdən hazır olan idmançı zədələnsə də, yarışı davam etdirir, mübarizə əzmi onu tərk etmir. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, komandanın üzvlərindən yarışa birinci qatılan idmançının əldə etdiyi nəticə onun komanda yoldaşlarına da öz müsbət təsirini göstərir. Başqa sözlə desək, birinci çıxış uğurlu olursa, qələbələr bir-birini əvəzləyir. Yaxud ilk çıxışın uğursuzluğu komandanın ümumi psixologiyasına mənfi təsir edir”, - deyə o əlavə etdi.

İdmanla məşğul olmaq uşaq və gənclərə zövq verir. İnsanı idmanla məşğul olmağa sövq edən psixoloji hazırlığın aşağıdakı cəhətləri xüsusilə maraqlıdır:
1. İdman fəaliyyəti əzələlərin möhkəmləndirilməsinə olan ehtiyacı ödəyir.
2. Uşaq və gənclər gözəl bədən quruluşu, cəldliyi, çevikliyi ilə öyünürlər.
3. Onlar çətin hallarda, hətta ekstremal vəziyyətlərdə özlərinə güvənirlər.
4. İdmanda ustalığını artırmaq rekordlar əldə etmək arzusu ilə yaşayırlar.
5. Özünü cəmiyyətdə təsdiq etmək, həmyaşıdlarından fərqlənmək istəyirlər.

Uşaq və gənclərin həyatı tələbatı müxtəlifdir

İnsan həyatının hər bir anında müəyyən çətinliklərlə üzləşə bilər. Bu, psixoloji gərginliyin üzə çıxmasına dərhal şərait yaradır. Çatışmazlıqları müxtəlif vasitələrlə aradan qaldırmaq mümkündür. Bəzən qarşıya çıxan çətinliklər insanı özü də bilmədən idman fəaliyyətinə yönəldir. Bu, əvvəlcə adi hərəkətlərdən istifadə etməklə həyata keçirilirsə, daha sonra formalaşmış proqram çərçivəsinə salınır. Psixoloqlardan biri hesab edir ki, uşaq və gənclərin həyatı tələbatı müxtəlifdir. Yəni hər bir uşaq və gənc fəaliyyət, fəallıq, yarış, özünütəsdiq, ictimaiyyət içində tanınmaq və s. tələbatı ilə qarşı-qarşıya gəlir. Uşaq və gənclərin bu tələbatı idmanla ödənilə bilər. Onlar idman nailiyyətləri ilə cəmiyyətdə daha tez tanına, özlərini təsdiq edə bilərlər. Hümbət Cavadov bizimlə söhbətində qeyd etdi ki, idman fəaliyyəti digər sahələrə nisbətən hər zaman fərqli xüsusiyyətləri ilə seçilir: "İdmana uyğunlaşma uşağın hansısa idman bölməsinə gəlişindən sonra başlayır. Zaman keçdikcə psixoloji hazırlığın səviyyəsi uşaq və gənclərin gələcək karyerasına müsbət və ya mənfi təsirini göstərir. Yarışlarda əldə edilən qələbələr onların məşhurlaşmasına, öz yaşıdlarından seçilməsinə imkan yaradır. İdmançının karyerası ərzində adət edilən vərdişlər olmur. Yəni hər mərhələnin öz xüsusiyyəti, öz vərdişi var.Növündən asılı olmayaraq, idmana gəlişin səbəbləri müxtəlif ola bilər. Yenicə idmanla məşğul olmağa başlayan uşaq və ya gənc yüksək zirvələrə çatmaq, özünütəsdiq etmək üçün bu peşəni seçə bilər. Bu səbəblər arasında sosial vəziyyəti yaxşılaşdırmaq, mənəvi və maddi tələbləri ödəmək kimi amilləri də göstərə bilərik. Bunlar idmançının karyerasında özünü biruzə verir.Uzun illər idman sahəsində çalışdığım üçün deyə bilərəm ki, uşaq və gənclərin idmana gəlişi vərdişdən və həvəsdən daha çox asılı olur. Uşaq və gənclər müxtəlif idman növləri ilə məşğul olmaqla daima öz dostlarının və həmyaşıdlarının yanında olmağa səy göstərirlər. Əlbəttə ki, burada psixoloji amil də mühüm rol oynayır. Yəni idman bölmələrinə yazılan uşaq və gənclər təkcə uğurlar haqqında düşünmür, eyni zamanda, bir yerdə məşq etdikləri dostları ilə ünsiyyətdə olmağa can atırlar”.

Təcrübə uşaqların şüuruna müsbət təsir edir

Bəzi mütəxəssislər idmançıları iki ayrı-ayrı qrupda görürlər: hər zaman kollektivlə birlikdə olmaq istəyənlər və fərdi surətdə uğura can atanlar.

Birincilər kollektivin nailiyyətləri üçün əlindən gələni edənlərdir. İkincilər isə şəxsi qələbələri üçün yarışan, özünütəsdiq amilini ön plana çəkənlərdir. Maraqlıdır ki, birincilər komanda oyunlarında, ikincilər isə fərdi yarışlarda daha yaxşı çıxış edirlər.

Uşaq və gənclərin müxtəlif idman növlərinə maraq göstərməsinin səbəbləri də müxtəlifdir. Məsələn, uşaq və gənc idmançılar hər hansı bir komandanın üzvü ola, mövsüm ərzində konkret bir oyunda və yarışda gücünü sınaya bilərlər. Psixoloqlar uşaq və gənclərin idman fəaliyyətinin 3 istiqamətini təyin edirlər:

1. Şüurlu surətdə qəbul edilən psixoloji hazırlıq və ya əksinə.
2. Fizioloji, psixoloji və sosioloji tələbatların mənbəyi olan mənəvi hazırlıq.
3. Uzaq və ya yaxın keçmişdə qazanılan təcrübələr, vərdişlər (insanlarla təcrübəni bölüşmək, ünsiyyətdə olmaq).

Şüurlu surətdə qəbul edilən psixoloji hazırlıq, adından da göründüyü kimi, uşaq və gənclər tərəfindən asan qəbul edilir və qiymətləndirilir. İkinci qrupda yer alanlar psixoloqların təyin etdiyi psixoloji aspektlərlə uyğundur. Üçüncü qrupa aid uşaq və gənclərin ustalığının artmasına təcrübə, düşdüyü vəziyyət və həmyaşıdları ilə ünsiyyət çox kömək edir. Əldə edilən təcrübə onların şüuruna müsbət təsir edir ki, bu da nailiyyətlərin qazanılmasına "yaşıl işıq” yandırır. Uşaq və gənclərin zaman-zaman qazandığı təcrübə şəxsi nüfuzunun artmasına da yardım edir. Təbii ki, idmançı böyüdükcə ona təsir edən amillər də dəyişir. Mütəxəssislərin fikrincə, uşaq və gənclərin uğur qazanmaq istəyi və ya tələbatı müxtəlif yaş dövrlərində üzə çıxır. Məsələn, 6 yaşa qədər olan uşaqlar müxtəlif hərkətləri yerinə yetirməklə özlərini müstəqil hiss edirlər. Məktəbli uşaq sinif yoldaşları və ya digər siniflərdən olan həmkarları ilə yarışır. Bu zaman onun daxilində uğur əldə etmək, nailiyyət qazanmaq tələbatı baş qaldırır. Yuxarı yaşlarda isə müstəqil fəaliyyət göstərmək və sosial tələbləri ödəmək məsələsi ortaya çıxır. Məktəbdə və ya idman yarışlarında fəallıq edən uşağın fəaliyyətində əvvəlcə böyük olmayan dəyişiklik baş verir. Tamaşaçılar və öz yoldaşları qarşısında məktəbli-idmançı daha çox canfəşanlıq edir. O, həvəslənir, uğura can atır. Psixoloqların fikrincə, 6 yaşdan sonra hər bir uşaqda qələbə və məğlubiyyətin sosial təsirini hissetmə qabiliyyəti yaranır. Uşaq və gənclik dövrünü yaşayanlar onlara verilən tapşırıqları böyüklər kimi yerinə yetirməyə cəhd edirlər. Onlar bu və ya digər tapşırığın dəyərini aydın başa düşürlər. Uşaqlar gördükləri işə görə tərifli sözlər eşidəndə daha da həvəslənirlər. Onlar hesab edirlər ki, verilən tapşırığı layiqincə yerinə yetiriblər.

Yuxarıda sadalanan fikirlər uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində idmanın xüsusi rol oynadığını bir daha sübut edir. İdmana maraq göstərən uşaq və gənclərin əksəriyyəti fiziki və mənəvi cəhətdən sağlam böyüyür, onlar öz fəaliyyətlərindən zövq alırlar.

Sağlam olmaq özünü fiziki cəhətdən gümrah
 hiss etmək deməkdir

Pedoqoqlar uşaqların tərbiyəsində ən əsas amil kimi onların sağlam böyüməsini qeyd edirlər. Mahiyyət onun fiziki və mənəvi gücünün harmoniyasında, əsəb sisteminin normallaşmasında, müxtəlif zərərli təsirlərə dözə bilmək qabiliyyətindədir. Müşahidələr göstərir ki, sağlam uşaq daim ətraf aləmlə maraqlanır. Belə uşaqlar çox enerjili olur və onları həyatın heç bir çətinliyi qorxutmur. Təbii ki, sağlam uşaqlarda ətraf aləmi öyrənmək və həyatın sirlərinə baş vurmaq tələbatı çox güclüdür. Psixoloqlar uşaqların fiziki məşğələlərdən yayınmaması üçün onların asudə vaxtlarını şən, əyləncəli proqramlarla zənginləşdirməyi tövsiyə edirlər. Pedaqoqlar isə məktəbdənkənar təhsil sistemini uşaqların və gənclərin maraq, həvəs, qabiliyyət, intellekt səviyyələrinin öyrənilməsini, onların yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılmasını mühüm vasitə kimi qiymətləndirirlər. Deməli, məktəbdənkənar təhsil ocaqları uşaq və gənclərin yüksək fiziki inkişafını təmin etməklə barəbər, həm də onların maraqlı istirahət və asudə vaxtının təşkilinə xidmət göstərir. Belə müəssisələrə uşaq və gənclər üçün nəzərdə tutulan yaradıcılıq sarayları, evlər, klublar, bədii, estetik, texniki, ekoloji, turizm mərkəzləri, uşaq-gənclərin cəlb olunduqları idman və şahmat məktəbləri aiddir. Uşaqların bədən tərbiyəsi və idmana həvəsləndirilməsi yollarından biri də, təbiətin qoynunda təmiz, səfalı, mənzərəli yerlərdə gəzintilərə getmək, turist yürüşləri təşkil etməkdən ibarətdir. Respublikamızda gözəl mənzərəli yerlər çoxdur və uşaqlarla birlikdə belə yerlərə səyahət etmək təkcə fiziki sağlamlığa, fiziki inkişafa müsbət təsir göstərmir, həm də onların mənəvi tərbiyəsinin inkişafında mühüm rol oynayır.
Hürrü Abdullayev