Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini yaşadır

Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini yaşadır
Azərbaycanda yazın gəlməsinin bayram kimi qeyd edilməsi qədim bir tarixə malikdir. Qədim məlumatlarda bu bayram "baharcəşi-bahar” bayramı kimi də adlandırılıb. Orta əsrlərdəki mənbələrdə "novruz” sözü yaz bayramı kimi də izah edilir. Lakin mənbələr bu bayram haqqında danışarkən, təxmini də olsa, bayramın meydana gəldiyini müəyyənləşdirən məlumat vermirlər. İbn Miskəveyh yazır ki, Novruz bayramını Cəmşid yaratmışdı (Cəmşid Pişdadilə sülaləsinin hökmdarlarından biri olmuşdur).

Novruz bayramının Cəmşidin adı ilə bağlı olması haqqındakı məlumat bu bayramın meydana gəlməsi tarixini aydınlaşdırmağa müəyyən qədər əsas verməklə yanaşı, həm də bayramın Azərbaycanla bağlı olması, onun Azərbaycanda meydana gəlməsi məsələsini izah etmək nöqteyi-nəzərindən də maraqlı və əhəmiyyətlidir. İlk mənbələrdən biri hesab olunan "Avesta”da Cəmşid haqqında belə bir məlumat verilir: "Zərdüşt Ahuraməzdadan ondan qabaq kiminlə danışdığını soruşur. Ahuraməzda cavabında deyir: Ey Zərdüşt, səndən qabaq mən Cəmşidlə danışmışam ("Yəsna”, I cild, səh. 96. Burada Cəmşid maldarlıq və əkinçiliyi yayan şəxs kimi göstərilir) və ona hökmranlıq əlaməti olaraq üzük və qılınc vermişəm (Büüstün yazılarında və Sasani abidələrində təsvir edilən Ahuraməzda qarşısında dayanan hökmdara üzük və ya hökmranlıq simvolu hesab edilən halqa verir). Ona dünya səltənəti tapşırmışam”. Kitabda daha sonra deyilir: "Ahuraməzdanın əmri ilə Cəmşid Əryanəvyucdə, Daytiya çayının kənarında məlakələrin iştirakı ilə məclis düzəltmiş və Ahuraməzda da bu məclisə gəlib Cəmşidi dünya hadisələrindən xəbərdar etmişdir”. Deməli, Novruz bayramının banisi kimi tanınmış Cəmşid Araz çayı kənarında məclis qurmuş, burada məskən salmış və burada da dünya hadisələrindən xəbərdar olmuşdur. Əl Biruni "Asar əl-Baqiyyə” adlı əsərində bu haqda belə yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş şüaları həmin taxta düşdü, camaat bu şöləni görüb həmin günü bayram etdi (Əlbiruni, "Asar əl-Baqiyyə”. səh 242)”. Digər bir mənbədə isə deyilir ki, Cəmşid dünyanı seyrd edirdi. Azərbaycana çatdıqda, o, həmin gün taxta oturdu, camaat şadlıq etdi və dedilər ki, bu gün novruzdur - yeni gündür (M. Müzəffər. "Şərhe bistbab Molla Müzəffər fi mərfətə əl-Təqvim”. 1330, h:q.)”.

Novruz bayramının Azərbaycanla bağlı olması fikirləri əsrlər boyu davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramların hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilmişdir. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki orta əsrlərdə alim və şairlərin, demək olar ki, əksəriyyəti müəyyən hökmdarların tabeliyində və ya himayəsi altında olmuşdur.

Yaz bayramı haqqında yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur. Uzun əsrlər keçsə də, bu bayram getdikcə təkmilləşmiş, kütləviləşmiş və indiyə qədər də öz aktuallığını saxlamaqdadır. Novruz bayramı ənənəvi şəkildə hər il respublikamızın bütün bölgələrində böyük təmtəraqla qeyd olunur. Novruzu bir ay əvvəldən qarşılamaq Azərbaycanda bir adət olub və bu gün də həmin adət yaşamaqdadır. Novruza qədər hər çərşənbə axşamı evlərin həyətində tonqal qalanar, tonqala üzərlik töküb belə sözlər oxuyardılar:

Üzərriksən havasan
Cəmi dərdə davasan.
Hər yerdə sən yanarsan,
Qada, bala apararsan.

Bayram günlərində cavanların və uşaqların ən çox sevdiyi və geniş yayılmış oyunlardan biri də "Kosa-kosa”dır. Cavanlar bir yerə toplaşaraq, bir nəfər zirək və hazırcavab oğlana tərsinə kürk geyindirir, üzünü möhkəm-möhkəm unlayır, başına uzun motal papaq qoyur, ayaqlarının altına ayaq formasında ağac sarıyırlar. Boynuna zınqrov salır, paltarlarının altından qarnına yastıq bağlayır, qırmızı bəzənmiş bir çömçə götürən kosanı qapı-qapı gəzdirib oynadaraq pay toplayırdılar. Kosanı gəzdirənlər bu mahnını oxuyurdular:

A kosa-kosa gəlsənə,
Gəlib salam versənə.
Çömçəni doldursana,
Kosanı yola salsana.

Novruz bayramında evlərin üstünə çıxıb torba sallamaq adəti də vardır. Qədimdə evlərin əksəriyəti alçaq, birmərtəbəli olduğundan küçədən onların üstünə çıxmaq asan idi. Evin üstünə çıxan adam uzun ipin ucuna kiçik bir toba bağlar, onu evin damındakı bacadan içəriyə sallayar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla səs çıxarıb ev yiyəsini xəbərdar edərdi. İçəriyə atılan torbaları qətiyyən boş qaytarmaq olmazdı. Torbanın içinə hökmən novruz payı qoymaq lazım idi.

Novruz şənliklərində milli xalq oyunları xüsusi yer tutur. Asudə vaxtlarda oynanılan bir çox oyunlar bayram günlərində daha təntənəli keçirilərdi. Uşaqlar və böyüklər məhəllələrdə, kəndlərdə, həyətlərdə, dalanlarda Novruzun gəlişinə sevinər, nəğmə oxuyaraq şənlənərdilər.

Xalq arasında çox qədimdən yaranan "Qurd oyunu”, "Motal-motal”, "Qurd basdı”, "Qurdlar səni yeyər”, "Çövkən”, "Cızıq turnası oyunu”, "Gizlənpaç” (gizlən, qaç), "Oğru-oğru”, "Şuma qədər”, "Aşıq-aşıq”, "Qoz-qoz”, "Pula-pula”, "Zorxna”, "Sino”, "Mil”, "Qəpəq”, "Fincan-fincan” oyunlarında həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərdilər. Novruz bayramının ən yaxşı və yadda qalan atributlarından biri, ən çox tamaşaçı cəlb edən hissəsi milli xalq oyunlarıdır. Bayram günlərində keçirilən oyunlardan biri - "Çövkən” oyunu yaşıl çəməndə, yaxud xüsusi meydançada at üstündə oynanılır. Oyunçular yerə atılan kiçik topu xüsusi düzəldilmiş ağacla rəqibin qapısına vurmağa çalışırlar. "Çövkən”in özünəməxsus qaydaları vardır: Atdan düşmək, topa əl ilə toxunmaq olmaz və s. Orta əsrin atüstü oyunları içərisində ən şöhrətlisi və geniş yayılanı məhz bu oyundur.

"Cızıq turnası”

Geniş küçələrin birində, yerdə 5-6 kvadrat metr dövrə çəkərdilər. "Cızıq turnası” oyununda iştirak edənlər iki dəstəyə bölünərdi. Çevrənin kənarında olan uşaqların əlində turna olardı (uşaqlar qurşaqlarını bellərindən açıb eşər, düyünlərdilər ki, buna da turna deyərdilər). Çevrənin içində olanlar çalışmalı idilər ki, kənardakılara təpik vursunlar, kənardakılar isə əllərində olan turna ilə içəridəkiləri döysünlər. Bu zaman hər kəs ayağını cızıqdan kənara qoysa, onu vurardılar ki, içəri girsin və yaxud ayağını içəri qoysaydı, onu da döyərək çölə qovardılar. Yəni çevrədəkilər kənara çıxa, kənarda olanlar isə içəri girə bilməzdilər. Əgər kənarda olanlardan birinə təpik dəysə idi, o zaman dəstələr yerlərini dəyişərdilər. Cızığın içinə birinci girməyə heç kəs razı olmazdı. Bu səbəbdən cızıq turnası oyununun mahnısı vardı. Həmin mahnının axırıncı kəlməsi hansı dəstəyə düşsə idi, o dəstə azad sayılar, digər dəstə isə cızığın içərisinə girərdi. "Cızıq turnası” oyununun mahnısı bu cür oxunardı:

Motal-motal tərsə motal
Yağ atar, qaymaq tutar
Hacı oğlu Mustafanın
Qoltuğunda bir top atar.

"Kosaldıqaç”

Novruz şənliklərinin maraqlı oyunlarından biri də xalq arasında çox sevilən "kosaldıqaç” (kosu (top) aldın, qaç) adı ilə məşhur olan oyundur.

Bu oyunda bir istiqamətdə üç ayrı-ayrı məhəllə iştirak edirdi: birinci kosu alan, ikinci isti məhəllə, üçüncü isə qaçan məhəllə adlanırdı. Kos alan məhəllədən isti məhəlləyədək məsafə 12 metr olardı. Qaçan məhəllə isti məhəllədən 90 metr aralıda durardı. Kos alan məhəllədə iki nəfər dayanardı. Bunlardan biri kosu alar, ikincisi isə sağ əli ilə kosu üfüqi istiqamətdə güclü zərbə ilə atar, özü isə yüyürüb isti məhəllədə dayanardı. Oyunda iştirak edənlərdən bir neçə nəfər də isti məhəllədə olardı. Bu məhəllənin iştirakçılarından biri kosu yuxarı atıb-tutmalı idi. Bu zaman isti məhəllədəkilər fürsət tapıb qaçan məhəlləyə yüyürərdilər. Kosu atıb-tutan oyunçu qaçanlardan birini bu kosla vurmalı idi. Kos dəyən oyunçu məğlub sayılardı.

"Gizlənpac” (gizlən, qaç)

Bu oyunda 10-15 nəfər iştirak edərdi. Uşaqlardan biri mahnı oxuyardı. Mahnının axırıncı sözü kimə düşsə idi, o, azad hesab olunardı. Sona qalan uşaq gözlərini yummalı, digərləri gizlənənədək gözləməli idi. Oyunçular gizləndikdən sonra gözlərini açıb, onları tapmalı idi. Ən tez tapılan uşaq gözlərini yumardı. Oyun bu qayda ilə davam edərdi.

"Şumaqədər”

"Şumaqədər” oyunu yumşaq şumlanmış yerdə oynanılardı. Əvvəlcə bir parça yeri qazıb, şumaqədərin ucunu sındırmasın deyə, qazılan yerdəki daşları təmizlərdilər. Sonra onu ayaqları ilə tapdalayıb, bərkidərdilər. Uzun ağac parçalarının ucunu yonub iynə kimi edərdilər. Hər adam, əlində üç ağac olmaq şərtilə, qazılmış yerə gələrdi. Oyunçu əlindəki ağaclardan birini yerə vurardı. Digər oyunçu isə öz ağacını elə vurmalı idi ki, yoldaşının yerə sancılmış ağacı yerindən çıxsın. Ağacın bir dəfə yerdən çıxarılması kifayət deyildi. Bu iş iki dəfə təkrar edilərdi. Birinci cəhdə "borc”, o birinə "xərc” deyərdilər. Bəzən ağacı yerə vuranda digər ağaclar da yerindən çıxardı. Buna "cağ” deyərdilər. "Cağ” salan adam yenidən vurmalı idi. Ağacı yerindən oynadılmış adam üzünü qalib gələnə tutar və deyərdi: "Cağ salmısan, yort”. Oyun bu qayda ilə davam edərdi.

"Aşıq-aşıq”

Bayram günlərində uşaqların ən çox sevdiyi oyunlardan biri məhz "aşıq-aşıq”dır. Bu oyunda uşaqlar həvəslə iştirak edərdilər. Aşığın böyüyü və balacası olardı. Balaca aşıq öz adı ilə adlanar, bir qədər irisinə isə "maça” deyərdilər.

Bəzən aşığın dik üzünü oyub oranı ərinmiş qurğuşun ilə doldurardılar ki, ağır olsun. Bəzən isə aşığın dik üzünü sürtərdilər ki, atılan zaman tez sürüşüb yerdə düzülmüş aşıqlara bərk dəysin və onları sıradan çıxarsın.
Bu oyun belə başlanırdı: 3 metr diametrində dövrə çəkərdilər. Onun lap ortasında kiçik və düz bir cızıq çəkib aşıqları onun üzərinə düzərdilər. Oyunçular böyük cızıqdan 5 və ya 6 addım kənarda toplaşardılar. Aşıqlar buradan atılmalı idi. Hər şey hazır olandan sonra aşığı birinci kimin atması məsələsinə aydınlıq gətirilərdi. Bu oyunda belə adlar var idi: şah, ardıcıl, danaqovan. Bunlardan birincisi şah, ikincisi ardıcıl, üçüncü isə danqovan hesab olunardı və onlar həmin qayda ilə də aşıqları vurmalı idilər. Oynayanlardan biri maçaları yığıb ovcunda qarışdırıb yerə tullayardı. Birinci dəfə kimin maçası "alçı” dursa idi, o, şah hesab olunardı. İkinci dəfə "alçı” duran aşığın sahibi "ardıcıl”, üçüncü isə "danaqovan” adlanardı. Oyun başlarkən təyin edilmiş məsafədən aşığı atıb, cızığa düzülmüş aşıqları sıradan çıxarardılar. Əgər birinci dəfə atan uşaq aşıqların bir neçəsini sıradan çıxarsa idi, o, şahlığına davam edərdi. Əgər şah bu işi bacara bilmirdisə, o zaman aşıqları daha tez sıradan çıxaran oyunçu (ardıcıl və ya danaqovan) şah elan edilərdi.

"Zorxana”

İçərişəhərdə, Yuxarıbazarda, Qoşa karvansaranın altında tağ bir zirzəmi var idi. Qapısı bazarın içindən açılardı. Ortada sementlə suvanmış böyük bir hovuz vardı. Bütün oyun məşğələləri bu hovuzun içində keçirilərdi. Hovuza "süfrə” deyərdilər. "Süfrə”nin eni və uzunu 10 metr, dərinliyi isə 1,5 metr idi. Zorxana oyunu alətlərinin ən çox istifadə olunanı zorxana mili idi. Bu alət şümşad, azad və yaxud palıd ağacından düzəldilərdi. Bu alətin başı nazik idi, lakin getdikcə qalınlaşırdı, ucu isə yumru olardı. Zorxana alətlərindən biri də metr yarım uzunu, yarım metr eni, üç santimetr qalınlığı olan qapıya oxşar, dəstəli taxta - ekbagirlər (səng) idi. Ekbagirlərdən başqa, üç santimetr yarım qalınlığında, bir metr uzunluğunda girdə, ucları zəncirlə birləşdirilmiş dəmir alət də var idi. Zəncirin ucu qarmaq kimi olub, özü də iti dəmir parçalara bənd edilmişdi. Belə ki, o aləti bir əllə dəmirin ortasından, digər əllə zəncirin ortasından yapışıb, başlarının üstünə qaldırardılar. Sağa və sola aparıb sonra başlarına keçirərdilər. Bu proses, dumbulun sədaları altında əvvəlcə ağır, sonra bir qədər sürətlə davam edərdi. Bu aləti başına geyindirən adam zəncirin ucundakı iti qarmaqları üzünə toxundurmamalı idi. Yoxsa üzü yaralanardı. Bədənini və üzünü yaralamayan adam oyun qurtarandan sonra məharətli sayılardı. Bunlardan başqa, oyunda iştirak edənlər bir pudluq, iki pudluq daşları da havaya atıb bir əllə tutardılar. Ekba oynayanlar hovuzun içində arxası üstə uzanıb ekbagirlərin hərəsini bir əlinə alar və bütün bədən ilə sağa və sola hərəkət edərdi. Bu hərəkət zamanı sağdan sola, arxası üstə hərəkət edərkən, sağ qol yuxarı qalxmalı, sol qol aşağı enməli idi. Soldan sağa hərəkət edən zaman isə həmin hərəkət əksinə təkrar edilməli idi. Bu oyun da dumbul çalınması ilə davam edərdi. Dumbul əvvəl ağır, sonra sürətli templə çalınırdı. Hərəkəti iyirmi dəfə təkrar edən adam böyük pəhləvan sayılardı. Bu oyunun xüsusi bir mahnısı da var idi. Dumbulçu həmin mahnının tempi ilə dumbulu çalar, iştirak edənlər də aşağıdakı mahnını oxuyardılar: Əlif allah, adın eylədim əzbər

"Sino”

Novruz bayramında daha çox sevilən oyunlarından biri də "sino” oyunu idi. Oyunda iştirak edənlər cərgə ilə "süfrə”nin içində üzüqoylu uzanıb, ayaqlarını divara dayayardılar. Sonra iki əllərinin üstündə yerdən bir qarşı yuxarı qalxar, əvvəl sağa, sonra sola, ən axırda isə aşağı enər, yerə çatar-çatmaz təkrar qalxardılar. Lakin onların sinələri yerə dəyməməli idi. Hərəkət 120 dəfə təkrar olunardı. Hər kəs bu rəqəmi yerinə yetirsə idi, bədəni sağlam hesab olunardı. Yaxşı, məşhur oyunçular sino oyunu zamanı kürəyində xırda bir uşaq oturdardı. Bu, adamın qüvvətli olduğunu göstərərdi. Zorxanaya kim yazılsa idi, o, hər gün məşqə gələrdi. Cavanlar təkcə daş oyunu ilə kifayətlənməyib, mil oyunu da oynayardılar.

"Mil”

Novruz bayramında pəhləvanlar hər əlinə bir mil alıb başının üstünə qaldırardı. Bu zaman dumbul çalınmağa başlardı. Dumbul, əvvəlcə, lap ahəstə, sonra get-gedə sürətlə çalınardı. Mil oynadan adam da həmin templə başının üstə milləri hərləyərdi. Oyun qurtardıqdan sonra camaat oyunçuları alqışlayardı. Bəziləri camaatın xahişi ilə mili tək əllə yuxarı atıb dəstəyindən tutardı. Yaxşı mil oynadanlar mili ayağının altından da atıb-tutardı. Axırda qurşaq (güləşmə) tutardılar. Güləşmədə iştirak edənlər - Şonu oğlu Həsən, Məmməd Hüseyn, Şah İsmayıl, Pəhləvan Məhəmməd Hənifə, Cəro Süleyman, Altıaylıq Əbdüləli, Xiləli pəhləvan (Əli Hümmət), Zorba Rzaqulu, Hapış Məhəmmədəli, Qatırçı Mirzə, Axmaq nəvəsi İsrafil, Çopur Sayad oğlu, Məmməd Hənifə, Tarta nəvəsi Kəbləhüseyn, Balabançı oğlu Məmməd, Xəlifə Süleyman (adamlara ləqəb qoymaq keçmişin adətlərindən idi) dövrünün tanınmış pəhləvanları sayılardılar.

Bu adamlar hər gün məşğələdən sonra hamama getməli idilər. Oyunun axırına bir qədər qalmış camaat pəhləvanların birindən xahiş edərdi ki, gənclərlə güləşsin. Bu zaman Altıaylıq Əbdüləli papağını başından yerə qoyar, sarı ipək qurşağını açar, ipək köynəyini çıxardar, sonra onun qabağına bir tünükə qoyardılar. Gənc həvəskarlar da soyunardılar. Altıaylıq "süfrəyə” tullanardı. Onu hər tərəfdən tamaşaçılar alqışlayardılar. Məşhur musiqişünas, xanəndə Hacı Zeynal oğlu Ağa Kərim Altıaylığın şəninə pişro deyərdi.

Altıaylıq ləqəbi ilə tanınan adam nazik, uzun qara bığlı, hündürboylu, enlikürəkli, üzügülər bir pəhləvan idi. Dodaqaltı gülə-gülə əllərini sinəsinə qoyub camaata baş əyərdi. Əliaçıq tamaşaçılar ona "üçlük”, "beşlik”, "onluq” əskinas (kağız pul) bağışlayardılar. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu, adlı-sanlı qurşaq tutanlar da gələrdi. Novruz bayramında həmin pəhləvanlar da zorxanada iştirak edirdilər. Bakıda yaşayan iranlı pəhləvanlar - Şatır Məmməd, Kankan Rza, Qənnatı Kərim, Pinəçi Məmi və digərləri Novruz bayramında qurşaq tutardılar. Yığılan pullardan zorxanaya xərc çəkilər və iştirak edənlərə hamam pulu verilərdi.

"Qəpəq”

Qəpəq adlanan altı metrlik uzun ağacın başına alma, qarpız və ya qızıl sikkə ilə doldurulmuş bardaq bərkidilirdi. Onu meydanın ortasında yerə sancırdılar. 5-6 atlı meydanın kənarından qəpəyə doğru çaparaq ox atırdılar. Nişanı vuran süvari qalib hesab edilirdi. Qeyd edək ki, bu oyun Səfəvilər dövründə geniş yayılmış oyunlardan olmuşdur. Şah İsmayılın qəpəq oyununda iştirakını təsvir edən avropalı müəlliflərdən biri yazır: "Şah İsmayıl əmr etdi ki, meydanın ortasında hündür bir dirək basdırsınlar və onun başına qızıl alma qoysunlar. Kim çaparaq onu oxla vurub salarsa, qızıllar onun olsun. Oyun başlandı. Şahın iştirak etdiyi bu oyunda dirəyin başına on qızıl, on gümüş alma sancıldı. Şah da oyunda iştirak edirdi. Burada 30 minə yaxın tamaşaçı var idi”.

Novruz bayramından söhbət açan bəzi müəlliflər "kosa-kosa”, "kəndirbaz”, "sim pəhləvan”, "masqara”, "gözbağlıca”, "cıdır” tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq yarışları, bənövşə, və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyini göstərmişlər. Sadaladığımız bu xalq oyunları uzun yol keçərək bu günümüzədək gəlib çatmışdır.

Bir məsələni qeyd etmək yerinə düşər ki, bu oyunların bəziləri artıq müasir beynəlxalq idman növünə çevrilmişdir. Məsələn, güləş, atçılıq, atıcılıq, ağırlıqqaldırma, qaçış və digər idman növləri məhz xalq oyunlarının kökləri əsasında yaradılmışdır. Sevindirici haldır ki, beynəlxalq aləmdə fərqlənən idmançılarımz xalqımızın keçmiş adət-ənənələrindən, xalq oyunlarından bəhrələnərək bu gün dünyada şöhrət qazanmışlar. İnanırıq ki, bu tendesiya bundan sonra da davam edəcək, idmançılarımız ən nüfuzlu beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, başqa mötəbər idman tədbirlərində əldə etdikləri qələbələrlə xalqımızı sevindirəcəklər.

Hər il olduğu kimi, bu il də xalqımızın Novruz bayramından bir arzusu, bir diləyi var. Gələn Novruzu qədim Oğuz elinin bir parçası olan Qarabağ torpağında qarşılayaq, Qarçiçəyini, Novruzgülünü, Xarı Bülbülü Şuşanın dağlarından dərək.

Dilqəm Quliyev