Heydər Əliyev və Azərbaycan idmanı

Heydər Əliyev və Azərbaycan idmanı

Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət olan Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi bütün illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsi məsələsini daim nəzarətdə saxlamışdır. Dahi şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə - 1969-1982-ci illərdə respublikada bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır.



Ümummilli lider Heydər Əliyevin idman
sahəsində irəli atdığı ilk addım idman meydançaları və zallarının təyinatı üzrə işlədilməsi, onların bərpası haqqında verdiyi göstərişlərdə əksini tapmışdır.
1993-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etmişdi. Bu görüşdə respublika prezidenti qeyd etmişdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. Dövlət başçısı ölkədə idmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirmişdi.
Heydər Əliyev ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər cərgəsində idman nailiyyətlərinin öz dəyəri olduğunu daim qeyd etmişdir. 1995-ci ilin dekabrında beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə Heydər Əliyev bu məsələ ilə bağlı demişdir: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtdırmaqdan ibarətdir”.



Respublika Prezidenti beynəlxalq yarışlar sırasında Olimpiya oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzinə çəkmiş, ona xüsusi qayğı ilə yanaşmış, bu sahə ilə məşğul olanlardan da belə bir münasibət və məsuliyyət tələb etmişdi. Heydər Əliyev Olimpiya Hərəkatının və Olimpiya oyunlarının bütün dünyadakı nüfuzunun nə dərəcədə yüksək olduğunu, bu sahədə respublikada əməli işlərin görülməsinin zəruriliyini daim əsas götürərək demişdir: "Olimpiya oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya oyunlarında təmsil olunsun”. Heydər Əliyev hər hansı bir idman nəticəsinin dəyərini obyektiv qiymətləndirməyi daim təlqin etmiş, idmançının Olimpiya oyunlarında iştirak etməsi faktının özünün böyük nailiyyət olduğunu vurğulamışdır. 1996-cı ildə Atlanta Oyunlarına yola düşən idman nümayəndə heyəti ilə görüşündə demişdir: "Bu, sadəcə, bir nümayəndə heyəti deyil ki, neçə nəfər istəyirsən, təyin et, müəyyən et, göndər. Dünyada yeganə haldır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilər. Olimpiya oyunlarında iştirak etmək hüququ almaq üçün lazimi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmazsa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə etməyən adam yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. Sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir, Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir”.



Atlanta Oyunlarında iştirak etmiş milli Olimpiya komandasının üzvləri ilə görüşdə Respublika Prezidenti növbəti Olimpiya oyunlarına hazırlığa indidən başlamağın vacibliyini vurğulamış, bu hazırlığın xüsusi sənəd əsasında aparılması haqqında göstəriş verərək demişdir: "O sənəddə dörd il müddətində sizin hansı işlər görəcəyiniz müəyyən edilməlidir. Mən bu barədə sizdən təklif gözləyirəm və əmin ola bilərsiniz ki, lazımi sərəncamlar veriləcək, qərarlar qəbul olunacaq və bunun üçün də lazımi vəsait ayrılacaqdır”.
Ölkə başçısı respublikada idmanın inkişafını yalnız dörd ildən bir keçirilən Olimpiya oyunlarında iştirak etməkdə və orada hansısa nailiyyətlər əldə etməkdə görməməyi, ölkədə idmanın geniş yayılmasının təmin olunmasını, kütləvi idmanı inkişaf etdirməyi tövsiyə edirdi. Heydər Əliyev idman obyektlərinin bütünlüklə gənclərin istifadəsinə verilməsini tələb edir, idman qurğularının bərpasına, yeni obyektlərin salınmasına, idmanın bütün növlərini, o cümlədən qeyri-Olimpiya növlərini də inkişaf etdirməyə çağırırdı.
Azərbaycan Prezidenti insanı yalnız fiziki cəhətdən sağlamlaşdıran idman növlərinin deyil, həm də əqli inkişafa, analitik düşüncə tərzini formalaşdırmağa, yaradıcılıq qabiliyyətinə müsbət təsir göstərən şahmatın da inkişafını həmişə diqqət mərkəzində saxlayırdı. Onun təşəbbüsü ilə 70-ci illərin axırlarında və 80-ci illərin əvvəllərində ölkənin bütün bölgələrində şahmat məktəbləri, şahmat klubları açılmışdı. Nəticədə, respublikada şahmat böyük sürətlə inkişaf etməyə başlamış, müxtəlif yaş dərəcələri üzrə qrossmeystrlər, dünya çempionları yetişmişdilər. Həmin dövrlərdə şahmata verilmiş təkanın nəticəsi idi ki, ölkə şahmat məktəbi keçid dövründə, müstəqilliyin ilk illərində ətalət içərisində olsa da, özünü qoruya bilmişdi. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə də yeni dirçəliş başlanmışdı. 1997-ci ilin yanvarında ölkə başçısı şahmat üzrə dünya çempionu Anatoli Karpovu qəbul etmişdi. Bu görüşdə Azərbaycan şahmatının vəziyyəti, onun inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılmışdı. 
Azərbaycan Prezidentinin idmana göstərdiyi diqqət və qayğı beynəlxalq idman və Olimpiya təşkilatlarında da böyük əks-sədaya səbəb olmuşdu. 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyası İslandiyanın Reykyavik şəhərindəki Baş Məclisində Azərbaycan Prezidentini Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətələrinə görə görkəmli dövlət xadimlərinə verilən "Olimpiya ləyaqəti” mükafatı ilə təltif etmişdi. 
Ölkədə idmanın və Olimpiya Hərəkatının inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində atılan addımlar, görülən işlər isə bir-birini əvəz edirdi. 1998-ci ilin fevralında Azərbaycan Respublikası Prezidenti "XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncam imzalamışdı. Bu sərəncam Olimpiya oyunlarına hazırlıq işinə güclü təkan vermişdi. Həmin ilin mayında Azərbaycan Prezidenti Yeniyetmələrin I Respublika Oyunlarının final mərhələsinin təntənəli açılışında da iştirak etmişdi. Ölkədə idmanın kütləviləşdirilməsi, gənc istedadların müəyyənləşdirilməsi istiqamətində irəliyə doğru daha bir addım atılmışdı. Bir sözlə, yeni minilliyin astanasında Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı günbəgün artırdı.
Beynəlxalq Olimpiya Komitəsi bəşər tarixinin yeni əsrinin, yeni minilliyinin başlanması münasibətilə öz ölkələrində Olimpiya Hərəkatının inkişafına, Olimpiya ideallarının yayılmasına rəvac verən, onu dəstəkləyən dövlət başçılarını təbrik etmək üçün xüsusi orijinal hədiyyə hazırlamışdı. Beynəlxalq Olimpiya Komitəsinin o vaxtkı prezidenti Xuan Antonio Samarançın Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə ünvanladığı məktubda göstərilirdi ki, Beynəlxalq Olimpiya Komitəsi 2000-ci il münasibətilə Azərbaycan dövlətinin başçısına məşhur heykəltəraş Naq Arnoldinin "2000-ci ilin Olimpiya qapıları” adlı əsərini hədiyyə edir. Həmin əsər Azərbaycan Prezidenti Heydər Əliyevə onun idmançılarla növbəti görüşündə təqdim edilmişdi.
2000-ci ilin "Olimpiya qapıları” Azərbaycanın üzünə geniş şəkildə açıldı. Həmin il Azərbaycan idmançıları üçrəngli bayraq altında ikinci dəfə yay Olimpiya oyunlarında iştirak etdilər. Milli Olimpiya Komitəsinin apardığı gərgin iş, dövlət başçısı tərəfindən idmana verilən dəstək bu dəfə Azərbaycan olimpiyaçılarının tərkibcə daha çox olmasına imkan yaratdı.
2000-ci il avqustun 25-də Zuğulbadakı "Gənclik” kompleksində XXVII Yay Olimpiya Oyunlarına gedən idmançılarla Prezidentin görüşü olmuşdu. Həmin görüşdə ölkə başçısı olimpiyaçılara xeyir-duasını, tövsiyələrini vermiş, onlara uğurlar arzulamışdı. Olimpiyaçılar ölkə başçısına verdikləri vədə Sidneydə əməl edə bildilər. Olimpiya oyunlarında iki qızıl, bir bürünc medal qazanan idmançılarımız ümumi nəticədə 199 ölkə arasında ölkəmiz üçün 34-cü yeri təmin etdilər.
Olimpiya Oyunlarından sonra, oktyabrın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya Oyunlarında iştirak etmiş qalib idmançılarla, onları bu qələbəyə hazırlayanlarla, ölkənin müstəqilliyini əməlləri ilə təsdiq edənlərlə görüşmüş, onları möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik etmiş, xalqımıza, millətimizə sülh, əmin-amanlıq, rifah, tərəqqi və daimi müstəqillik arzulayaraq demişdir: "Bu gün, eyni zamanda, bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır”.
Bu sözlər, ölkə başçısının idmana qayğısının ifadəsi kimi, idmançıları yeni-yeni qələbələrə ruhlandırmışdır.
Sidney Olimpiya Oyunlarından sonra ölkə Prezidentinin şəxsi təşəbbüsü və qayğısı ilə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsindəki iş daha da sürətləndirildi. Belə ki, 2000-ci il oktyabrın 21-də Azərbaycan Milli Olimpiya Komitəsinin tikdirdiyi idman kompleksi istifadəyə verildi. Azərbaycan Prezidenti kompleksin açılış mərasimində iştirak etdi. Elə həmin gün ölkə başçısı Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti (indiki BOK prezidenti) Jak Roqqu və AOK-un baş katibi Mario Peskanteni qəbul etmişdi.
2001-ci il martın 26-da Milli Olimpiya Komitəsinin yeni inzibati binasının açılış mərasimdə iştirak edən ölkə başçısı MOK üzvləri və mərasimə toplaşmış qonaqlar qarşısında çıxış edərək, Milli Olimpiya Komitəsinin quruculuq işlərinin təqdirəlayiq olduğunu bildirmiş və qarşıdan gələn Afina Olimpiya Oyunlarına ciddi hazırlıq işləri aparmağı tövsiyə etmişdi.
Azərbaycan Prezidenti respublikada idmanın, bədən tərbiyəsinin kütləviləşdirilməsini də öz çıxışlarında dəfələrlə ön plana çəkərək demişdir: "Biz idmanı, bədən tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik. Bu, Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir. Buna nail olmaq üçün, təbiidir ki, lazımi imkanlar da, lazımi şərait də yaratmalıyıq”.
Milli Olimpiya Komitəsi Azərbaycan Prezidentinin tövsiyə və göstərişlərini öz işində əsas götürərək, 2001-ci ilin sonunda Bakının Maştağa qəsəbəsində daha bir idman mərkəzini tikib istifadəyə verdi. Ölkə başçısı Heydər Əliyev Maştağa Olimpiya İdman Mərkəzinin açılışında iştirak etmiş, öz çıxışında belə yüksək səviyyəli qurğuların istifadəyə verilməsinin idmanın inkişafında xüsusi əhəmiyyəti olduğunu, yeni komplekslərin tikilməsinin, bölgələrdə idmanın kütləviliyinin artırılmasının zəruriliyini vurğulamışdı.
Bundan cəmi il yarım sonra - 2002-ci il iyunun 15-də Naxçıvan şəhərində yeni Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi keçirilmişdi. Bu açılış rəsmi dövlət bayramına - Qurtuluş Gününə təsadüf etmişdi. Açılış mərasimində iştirak etmək üçün Naxçıvana gələn ölkə başçısı muxtar respublikaya gəlişinin səbəbini açıqlayarkən demişdir: "Bu gün, bayram günü mənim sizinlə bir yerdə olmağımın bir səbəbi də ondan ibarətdir ki, Naxçıvanda beynəlxalq standartlara uyğun olan, müasir tələblərə cavab verən böyük Olimpiya İdman Kompleksi tikilib və mən də onun açılışına gəlmişəm ki, bu şad günü sizinlə birlikdə qeyd edim”.
İş rejiminin son dərəcə gərgin olmasına baxmayaraq, Heydər Əliyev yeni idman qurğularının istifadəyə verilməsi mərasimlərində iştirak etməyə həmişə vaxt ayırırdı. 2002-ci il sentyabrın 12-də Gəncə Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi də istisna deyildi. Mərasimdə ölkə başçısının iştirakı və geniş nitq söyləməsi idmana dövlət səviyyəsində göstərilən qayğının bariz nümunəsi idi. Elə həmin il avqustun 9-da Şəki Olimpiya İdman Kompleksinin açılışına toplaşmış bölgə ictimaiyyəti nümayəndələri mərasimdə iştirak edən Heydər Əliyevi hərarətlə alqışlamışdılar.
2002-ci il ölkəmizdə Olimpiya Hərəkatının genişləndirilməsində, idmanın inkişafında, onun maddi-texniki bazasının ən müasir dünya standartları səviyyəsinə yüksəldilməsində müstəsna rol oynamış Milli Olimpiya Komitəsinin 10 illik yubiley ili kimi daxil olmuşdur. Təbii ki, bu fakt dövlət başçısının diqqətindən kənarda qala bilməzdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hələ 2001-ci il dekabrın 12-də "Azərbaycan Milli Olimpiya Komitəsinin onillik yubileyi haqqında” fərman imzalamış, yubileylə bağlı vəzifələri müəyyənləşdirmişdi.
Prezident 2002-ci il oktyabrın 11-də böyük təntənə ilə qeyd olunan yubiley tədbirində iştirak etmiş, idmançılar, mütəxəssislər və qonaqlar qarşısında geniş nitq söyləmişdir. "İnanıram ki, bizim yüksək nailiyyətlər əldə edə bilən idmançılarımızın sayı artacaqdır. İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaqdır. İnanıram ki, Azərbaycan gəncliyi fiziki, zehni cəhətdən daha da yüksək olacaqdır”.
İdmançılarımız ən parlaq qələbələrini əsrlər boyu unudulmayacaq ümummilli liderimiz, xalqımızın dahi və sevimli oğlu Heydər Əliyevin əziz xatirəsinə ithaf edəcəklər.
Səadət Hakıyeva