Heydər Əliyev: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”

Heydər Əliyev: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”




Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni və idman həyatının bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçiləndən sonra dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində qətiyyətli addımlar atmağa başladı. Bu müsbət dəyişikliklər ölkə həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də öz bəhrəsini verdi. Respublikanın bədən tərbiyəçilərinin və idmançılarının hazırlığının yaxşılaşdırılması işində respublika fəallarının bədən tərbiyəsi və idmana həsr olunmuş 21 iyun 1974-cü il tarixli yığıncağı həlledici rol oynadı. Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP Siyasi Bürosunun üzvü Heydər Əliyev respublika fəallarının yığıncağında çıxış edərkən demişdir: "Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir. Çünki xalqın sağlamlığına bizim dövlət həmişə böyük əhəmiyyət vermişdir və indi də verir. Ona görə də, bədən tərbiyəsi və idman həmişə bütün təşkilatların diqqət mərkəzində olmuşdur”.
Həmin dövrlərdə ali təhsil müəssisələrinin idmançıları respublikamızda bədən tərbiyəsi və idman hərəkatının əsas və kütləvi dəstələrindən birini təşkil edirdi. 1975-ci ildə respublikanın 17 institutunda 53 mindən çox tələbə təhsil alırdı. Onların arasında kütləvi bədən tərbiyəsi işini bədən tərbiyəsi və idman kafedralarının ştatında olan 347 ali təhsilli müəllim aparırdı. 1975-1976-cı ilin tədris dövründə respublikanın məktəblərində ixtisaslaşdırılmış siniflər çoxalmış, rayonlarda idman kompleksləri, qurğular, zallar tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.
Ölkədə idmanın maddı-texniki bazasının yaradılması üçün kifayət qədər iş görülmüşdü. 1971-1977-ci illərdə respublikada 36 stadion, 2600 futbol və voleybol meydançası, 6400 basketbol və tennis meydançası fəaliyyət göstərirdi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (ADBTİ) əsas binası (1972), Azərbaycan Dövlət Universitetinin (1976), Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (1975), Neft Kimya İnstitutunun tədris-idman komplekslərinin (1976), Bakı İdman Sarayının (1973), veloterk (1974), örtülü avarçəkmə hovuzu (1974), respublika stadionunun atletika meydanı, idmanın atıcılıq növləri üçün idman qurğuları kompleksi (1975), üç vannalı açıq üzgüçülük hovuzu (1976) istifadəyə verilmişdi. Razin (indiki Bakıxanov) qəsəbəsində at idmanı meydanı (1977), Bakı şəhərində örtülü atletika meydanı (1976), üzgüçülük hovuzu (1979), idman kompleksi (1977), Gəncə şəhərində üzgüçülük hovuzu olan ikisalonlu idman kompleksi (1977), Bakı şəhərində respublika idman məktəbi (1976), uşaq-gənclər idman məktəbləri yanında idman kompleksləri tikilmişdi. 1976-cı ildə Gəncə, Naxçıvan, Lənkəran, Yevlax, Ağdam, Quba, Xankəndi, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı (indiki Şirvan), 1978-ci ildə Şəki, Qazax, Göyçay, Salyan (1978) və başqa şəhərlərdə idman komplekslərinin təməli qoyulmuşdu. 1975-ci ilin iyul ayında gənclərin 2-ci Ümumittifaq idman oyunları keçirildi. Bu yarışda Azərbaycanı 347 idmançı (95 nəfər qız) təmsil etdi. İdmançılarımız 1 qızıl, 9 gümüş, 8 bürünc medal qazanaraq, ümumkomanda hesabında 12-ci yeri tutdular.



1975-ci ildə İdman Komitəsinin nəzdində bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən elmi-tədqiqat işinin koordinasiya mərkəzi, iki laboratoriyası olan elmi-metodik kabinet yaradılmışdı. Elmi-metodik kabinet hər kvartalda bir dəfə metodik tövsiyələr məcmuəsini dərs etməyə başladı ki, bu da təbii olaraq elmi adı və dərəcəsi olan ixtisasçılar hazırlanması işində məşqlərin elmi əsaslar üzərində aparılmasında irəliyə doğru atılan mühüm addım idi. Onu da qeyd edək ki, 1970-1982-ci illərdə bədən tərbiyəsi və idman sahəsində elmi tədqiqatlar xeyli genişləndirilmişdir.
1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda fiziki tərbiyə və ibtidai hərbi hazırlıq şöbəsinin açılması respublikada fiziki tərbiyə sahəsində pedaqoji tədqiqatlarda, fiziki tərbiyənin cəmiyyətdə roluna böyük təkan verdi. Burada məktəblilərin fiziki tərbiyə sahəsinin elmi əsasları, ümumtəhsil məktəbləri üçün fiziki tərbiyə üzrə metodiki vəsaitlər hazırlanırdı.
Elə həmin ildən başlayaraq "Azərbaycan məktəbi” jurnalına əlavə olaraq "Məktəbdə bədən tərbiyəsi” məcmuəsinin nəşrinə başlanıldı. Burada bədən tərbiyəsi və idmanın tarixi, nəzəriyyəsi və metodikası, ümumtəhsil məktəbləri ilə bağlı məsələlər işıqlandırıldı.




1978-ci ildə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunun bazasında bədən tərbiyəsi və idman problemləri üzrə ilk dəfə respublika elmi konfransı keçirildi. 1980-ci ildə tələbələrin fiziki tərbiyəsi və onların idman ustalığının artırılması problemləri üzrə ikinci respublika elmi konfransı, habelə "Azərbaycan SSRİ-nin ali məktəblərində bədən tərbiyəsi və idman” mövzusunda birinci respublika sərgisi təşkil edildi. 1979-cu ildə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində elmin inkişafına xüsusi diqqət verilirdi. Respublikada 13 idman növü üzrə kompleks elmi qruplar yaradılmışdı.1980-ci ildə respublikanın ali məktəblərində çalışan 265 bədən tərbiyəsi müəlliminin ixtisasını artırmaq sistemi xeyli təkmilləşdirilmişdi. Azərbaycan Dövlət Universitetinin nəzdindəki müəllimlərin ixtisasını artırmaq fakültəsində 1978-1979-cu dərs ili ərzində ali məktəblərin 42 müəllimi öz ixtisasını artırmışdı.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1970-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki AzDBTİA) 37 idmançı kadrı Moskva və başqa ölkələrdə təhsil almış, müxtəlif mövzularda fəlsəfə üzrə doktorluq dissertasiyaları müdafiə etmişlər.
Ümumiyyətlə, XX əsrdə Azərbaycan idmanına göstərilən diqqət və qayğı, respublikanın demək olar ki, bütün idman qurğularının tikilməsi, ölkəmizdə idmanın geniş vüsətlə inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə bədən tərbiyəsi və idmana münasibət də kökündən dəyişdi. Ümummilli lider Azərbaycanı xaos və anarxiya girdabından çıxardığı kimi, idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsini də dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirdi. Heydər Əliyev idmanın xalqın və dövlətin həyatında böyük əhəmiyyət kəsb etdiyinə diqqət yetirərək, idmanın inkişafını vacib bir vəzifə olaraq qarşıya qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda idmanın inkişafında mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtdılar.
1993-cü ilin 24 noyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmanşılarını qəbul etdi.
Heydər Əliyev Azərbaycan Respublikasında idmanla bağlı beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev 19 aprel 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Xuan Antonio Samarançı, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Ranani və Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu, 23 dekabr 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini, 10 fevral 1998-ci ildə isə öz iqamətgahında Türkiyənin Ədirnə şəhərinin bələdiyyə başçısı Hamdi Sədəfçini və Ədirnənin tarixi Kırkpınar ağası Hüseyn Şahini, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçev başda olmaqla assosiasiyanın nümayəndə heyətini (3 avqust), 21 oktyabr 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu və baş katibi Mario Reskanteni qəbul etdi.
Bu görüşdən sonra 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin 861 saylı fərmanına əsasən Gənclər və İdman Nazirliyi yaradıldı. Ümumiyyətlə 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Heydər Əliyevin fərmanına əsasən, 1995-ci ildə Azərbaycan Respublikasında İdman Fondu yaradıldı. Azərbaycan Respublikası Prezidentinin Fondundan, müstəsna hal kimi bu fonda 2 milyard manat vəsait ayrıldı. Həmin fərmana Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədi ilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxması üçün real zəmin yaratdı.
Dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində Milli Olimpiya Komitəsi Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri ilə seçilən veteran idmançılar üçün də xüsusi təqaüd təyin etdi (1998-ci ildən bəri bu təqaüdlər ödənilir). 1998-2000-ci illərdə idmançılara və onların məşqçilərinə 2 milyard 220 milyon 350 min manat məbləğində təqaüd vermişdir. Bu təqaüdlər 1998-ci ildə 309 milyon 600 min manat olmuşdursa, sonrakı illərdə onun miqdarı üç dəfəyə yaxın artmışdır.
Dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1995-2002-ci illərdə 24 "Şöhrət” ordeni, 45 "Tərəqqi” medalı, 21 "Əməkdar müəllim”, 10 "Xüsusi Olimpiya təqaüdü” və 21 "Fərdi təqaüd” verilmişdir.
1994-2003-cü illərdə Azərbaycan idmançıları Olimpiya idman növləri üzrə Avropa və dünya çempionatlarında 89 medal qazanmışlar (onlardan 32 qızıl, 22 gümüş, 35 bürünc).
1972-2000-ci illər ərzində Xalqımızın ümummilli lideri Heydər Əliyev bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində beş dəfə Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza xeyir-dua verərək yola salmışdır (XX Yay Olimpiya Oyunları, 1972-Münhen, XXI Yay Olimpiya Oyunları, 1976-Monreal, XXII Yay Olimpiya Oyunları, 1980-Moskva, XXVI Yay Olimpiya Oyunları, 1996-Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000-Sidney). Həmin Olimpiya oyunlarında olimpiyaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazanmışlar. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsi göstərir ki, dövlət himayəsi və təminatı olmadan bədən tərbiyəsi və idmanın inkişafının tələb olunan səviyyədə həyata keçirilməsi qeyri mümkündür. Bu məsələnin respublikamızda müsbət həlli məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlət rəhbərliyinə gəldiyi dövrə təsadüf edir. Onun bu sahədə atdığı əməli addımların qanunauyğun nəticəsi kimi ‘’Bədən tərbiyəsi və idman’’ haqqında ilk dəfə olaraq 23 dekabr 1997 -ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş qanunu göstərmək olar. Bu qanun xalqımızın sağlamlığının möhkəmləndirilməsi, yüksək səviyyəli idmançıların hazırlanması sahəsində dövlət orqanlarının və ictimai təşkilatların vəzifəsini və səlahətlərini müəyyən etmişdir. ’’Bədən tərbiyəsi və idman haqqında’’ Azərbaycan Respublikası qanununun birinci maddəsinə əsasən respublikada bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissələrindən biridir.
Ümummilli lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlar əldə edən cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı.