"11-ci dəfə Avropa çempionu tituluna sahib olduğum üçün çox sevinirəm".
Bu sözləri Latviyanın paytaxtı Riqada keçirilən usta cüdoçular arasında Avropa çempionatında M-8 kateqoriyasında qızıl medal qazanan Azərbaycan idmançısı Fərhad Rəcəbli (-90 kq) Olimpnews.az saytına müsahibəsində deyib.
Usta cüdoçular arasında 11 qat Avropa, 12 qat dünya çempionu olan Azərbaycan komandasının kapitanı budəfəki yarışın da gərginliyi ilə yadda qaldığını qeyd edib. "Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Demək olar ki, Las-Veqasda keçirilən dünya çempionatından sonra bu yarışın hazırlıqlarına başladıq. Nəticə də gözlənildiyimiz kimi oldu. Çıxışımdan razı qaldım. Artıq 65 yaşım var. Azərbaycanda bu yaşda belə stabil şəkildə çıxış edən və bu qədər nailiyyət qazanan az idmançı var. Bunları heç vaxt şöhrət xatirinə etmirəm. Cüdoya olan sevgim və ölkəmə olan bağlılığım mənim üçün hər şeydən önəmlidir. Hər dəfə tatami üzərinə çıxanda ölkəmi təmsil etdiyimi düşünürəm və bu mənə sonsuz qürur verir", - deyə Fərhad Rəcəbli qeyd edib.
O, söhbət zamanı gələcək hədəfləri barədə də məlumat verib:
"Artıq 23 ildir ki, veteranların müarizəsində dünya və Avropa çempionatlarında iştirak edirəm. Məndən sonra veteranlar hərəkatına qoşulan cüdoçularımız da kifayət qədərdir. Nəticələr də yüksəkdir. Əsas odur ki, peşəkar karyeramızı başa vursaq da, hər zaman cüdo ilə nəfəs alırıq. Bu yarışdan sonra isə noyabrın 4-7-də Parisdə keçiriləcək usta cüdoçular arasında dünya çempionatına hazırlaşacağıq. İnanıram, həmin yarışa da yüksək səviyyədə hazırlaşaraq növbəti çempionluğumuzu qeyd edəcəyik".
Usta cüdoçumuz bu gün komandamızın daha 4 medal qazandığını qeyd edərək qarşıdakı günlərdə də təmsilçilərimizdən uğurlar gözlədiyini bildirib.
"Bu gün komandamızın üzvlərindən Babək Hacıyev, Vaqif Kərimov və Emil Hüseynov Avropa çempionu adını qazandı. Samir İsmayılov isə çıxışını bürünc medalla başa vurdu. Sabah isə titullu qadın cüdoçumuz Zülfiyyə Hüseynova mübarizəyə başlayacaq. Bundan başqa digər yaş kateqoriyalarında çıxış edən kişi cüdoçularımız tatami üzərinə çıxacaq. İnanıram ki, həmin usta cüdoçularımız da Vətənə medallarla qayıtmağı bacaracaqlar", - deyə Fərhad Rəcəbli bildirib.
Qeyd edək ki, komandamız hazırda 4 qızıl və 1 bürünc medalla ümumi komanda hesabında dördüncü pillədə qərarlaşıb.
Fərhad Rəcəbli: "Cüdoya olan sevgim və ölkəmə olan bağlılığım mənim üçün hər şeydən önəmlidir"



