Birinci Avropa Oyunlarının keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

Birinci Avropa Oyunlarının keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

Azərbaycan idman ölkəsi kimi tanınır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Günü-gündən inkişaf edən Azərbaycan müxtəlif mötəbər yarışların təşkilini yüksək səviyyədə həyata keçirir. Ölkəmiz ən mötəbər idman yarışlarından birinə-Birinci Avropa Oyularına 12-28 iyun tarixində ev sahibliyi edəcək. Qitənin idman tarixində ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinin ölkəmizə həvalə edilməsini Azərbaycanın dünya ölkələri arasında tutduğu yerin, nüfuzun göstəricisi kimi qiymətləndirmək olar. Avropa Oyunlarında qitənin 49 ölkəsindən 6 mindən çox idmançı 17 gün ərzində 253 dəst medal uğrunda mübarizə aparacaq. Atletlər idmanın 20 növündə güclərini sınayacaqlar.


Tarixi qərar ölkəmizin beynəlxalq nüfuzunu əks etdirir
Qeyd edək ki, Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Avropa Olimpiya Komitəsinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul olunub. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilən gizli səsvermədə Azərbaycan 38 səs toplayıb. Bununla da Bakı tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu qazanıb.
Bakı-2015-in proqramına daxil olan idman növlərindən 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növləridir. Oyunlarda yer alan doqquz idman növü (kamandan oxatma, taekvondo, stolüstü tennis, voleybol, triatlon, atıcılıq, üzgüçülük, velosiped idman növü və atletika) 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Olimpiya oyunlarına təsnifat xarakterli olacaq.
Bakı-2015-ə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Oyunlara hazırlıq məqsədi ilə Bakıda ciddi şəkildə yenidənqurma işləri aparılır. Binaların, yolların, müxtəlif idman obyektlərinin təmiri, yeni idman qurğularının yaradılması ölkəmizin Avropa Oyunlarına hansı səviyyədə önəm verməsinin göstəricisidir. Xatırladaq ki, Avropa Oyunlarına hazırlaşan paytaxtımızda yüksək standartlara cavab verən 18 idman kompleksi istifadəyə verilib. Bu komplekslərdən 5-i məhz Avropa Oyunları üçün inşa olunub. Digər idman obyektləri isə əsaslı şəkildə təmir edilib və ya yenidən qurulub. Avropa Oyunlarının yarışları yalnız paytaxtımızda deyil, həmçinin gözəlliyi ilə qəlbləri oxşayan Mingəçevir şəhərində də keçiriləcək. İyunun 14-16-da "Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə yarışlar təşkil ediləcək. Yarışda 37 ölkədən 350-dən çox kişi və qadın avarçəkəninin iştirakı gözlənilir.

Atletlər kəndi və Media kəndi dünya standartlarına cavab verir
Paytaxtımıza gələcək idmançıların, nümayəndə heyətlərinin və media mənsublarını rahat yerləşməsi üçün Atletlər kəndi və Media kəndi yaradılıb. Qeyd edək ki, Atletlər kəndi 8-13 mərtəbəli 18 binadan ibarətdir və qonaqların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün burada hər bir şərait yaradılıb. Oyunları işiqlandıracaq jurnalistlər üçün də yüksək səviyyəli şərait yaradılıb. Avropa Oyunları zamanı jurnalistlərin operativ işləməsini təmin etmək üçün sürətli internet və pulsuz "Wi-Fi” xidməti yaradılacaq. Yeri gəlmişkən deyək ki, Oyunları işıqlandırmaq üçün 1300-ə yaxın yerli və xarici jurnalist akkreditasiya olunub. Avropa Oyunlarının bütün dünyaya yayımlanması üçün Avropa Oyunları Əməliyyat Komitəsi dünyanın 47 ölkəsi ilə müqavilə imzalayıb. İspaniyanın RTVE, Estoniyanın ERR, Sloveniyanın RTV, Latviyanın LTV və s. telekanalları Oyunları yayımlayacaqlar. Müqavilənin şərtlərinə görə, kanallar Avropa Oyunlarını bütün gün ərzində və ya müəyyən saatlar çərçivəsində yayımlayacaqlar.



Sərnişinlərin daşınması diqqətdən kənarda qalmayıb
Oyunlar zamanı yollarda yaranacaq sıxlığı nəzərə alaraq Azərbaycan Nəqliyyat Nazirliyi bir sıra tədbirlər həyata keçirib. Birinci Avropa Oyunlarının əsas marşrut xəttinin Ziya Bünyadov prospektindən keçəcəyi səbəbi ilə prospektdə yenidənqurma işləri aparılır. Oyunlar zamanı həm turistlərin, həm də paytaxt sakinlərinin rahat hərəkət etməsi üçün də addımlar atılır. Bununla əlaqədar paytaxta 50 ədəd avtobus və 200 ədəd London taksisi gətirilib. Mötəbər tədbirin başlanmasına qədər ölkəmizə yeni nəqliyyat vasitələrinin gətirilməsi planlaşdırılır.

Ceyran-qonaqların bələdcisi
Qitə Oyunlarını daha da maraqlı edən onun loqosu və simvollarıdır. Oyunların rəsmi loqosu 2014-cü ildə elan edilib. Loqonu 35 yaşlı Adəm Yunisov hazırlayıb. Loqoda alov, su, simurq quşu, xalı və nar elementləri yer alıb. Bakı 2015-in loqosu Azərbaycanın gözəlliklərini, irsini və mədəniyyətini əks etdirməklə yanaşı, paytaxtımızı dünyada sürətlə inkişaf edən şəhərlərdən biri kimi təsvir edir. Avropa Oyunlarının rəsmi simvolları isə Ceyran və Nardır. Ceyran Oyunlar müddətində paytaxtımıza gələn qonaqlara ölkəmizin zəngin irsini nümayiş etdirməklə yanaşı, Oyunların mədəni elçisi qismində çıxış edəcək. Zərifliyi, gözəlliyi ilə fərqlənən Ceyran qonaqların bələdcisi olacaq, onlara Azərbaycanın təbii gözəlliklərini nümayiş edəcək. Vətəni Göyçay olan Nar isə birlik, bərabərlik simvolu hesab olunur.
İdman elçiləri və "alovqoruyanlar”
Avropa Oyunlarında yerli və qitə idmançıları qələbə uğrunda mübarizə aprmaqla bərabər, idman elçisi qismində də fəaliyyət göstərəcəklər. Bu, idmançıların Avropa Oyunlarını dünya ictimaiyyətinə daha yaxın çatdırmasında mühüm rol oynayacaq. Bu şərəfli vəzifəni yerinə yetirmək üçün ölkəmizdən Amil Həmzəyev (basketbol 3x3), Səbinə Mikina (qılıncoynatma), Nazim Babayev (yüngül atletika), Suğra Müqabilzadə (oxatma), Elgün Əlizadə və Murad Sultanov (velosiped idman növü), Marina Durunda (gimanstika), Rövşən Bayramov və Mariya Stadnik (güləş), Elmar Qasımov (cüdo) və Ceyran Əliyeva (voleybol) seçiliblər. Avropa Oyunlarında rəsmi şəxslərə, idmançılara, media mənsublarına və tamaşaçılara kömək etmək üçün könüllülər cəlb olunublar. Bakı-2015-in könüllüləri "alovqoruyanlar” adlandırılır.Oyunlarda 16 mindən çox könüllünün xidmətindən istifadə olunacaq.

Təqdimat mərasimləri Bakı-2015-i daha yaxından tanıdır
Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Bakı-2015 Təşkilat Komitəsi Birinci Avropa Oyunlarına demək olar ki, tam hazırdır. Təşkilat Komitəsinin təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunan Avropa Oyunlarının təqdimat mərasimləri Bakının dünyaya daha da yaxından tanıdılmasında əvəzsiz rol oynayıb. Oyunların qitənin ən nüfuzlu şəhərlərində (Roma, Brüssel, Berlin, London, İstanbul və s.) təqdimatı keçirilib. Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın da iştirak etdiyi bu mərasimlərdə qonaqlar Azərbaycanın zəngin mədəniyyəti, idman ənənələri ilə yaxından tanış olublar.
Avropa Oyunlarının açılış və bağlanış mərasimləri yeni inşa olunan Milli Stadionda keçiriləcək. Açılış mərasimi Afina-2004 Olimpiya Oyunları mərasimlərinin bədii direktoru, xoreoqraf və aktyor Dimitris Papaioannounun rəhbərliyi altında təşkil olunacaq. Mərasimin həyata keçirilməsini ABŞ-ın "Fire-Current” şirkəti öhdəsinə götürüb. Açılış və bağlanış mərasimlərində ölkəmizin mədəniyyəti, tarixi, idmanda qazandığı nailiyyətlər nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, Milli Stadionun təməli 2011-ci il iyunun 6-da qoyulub. 2015-ci ilin martın 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə stadionun açılışı olub. 50 hektar ərazidə inşa olunan stadionun hündürlüyü 62 metirdir. 6 mərtəbədən ibarət olan bu arena ən müasir texnologiyalara uyğun tikilib. 68 min tamaşaçı tutumuna sahib olan stadionun sahəsinə 4, tribunalara isə 26 giriş mövcuddur. Ətrafında 82 min kvadratmetirlik yaşıllığı olan Milli Stadionda 3 min 100 yerlik avtomobil parkı da yaradılıb. Beynəlxalq standartlara tam cavab verən idman qurğusunda tamaşaçılar, qonaqlar və media mənsublarının rahatlığı üçün hər bir şərait yaradılıb.
Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb olacaq, ölkəmizə gələn idmançılar və turistlər xalqımızın qonaqpərvərliyinin şahidi olacaqlar. Olimpiya oyunlarının paytaxtı Afina şəhəridir. Avropa Oyunları dedikdə isə, ilk ağıla gələn Odlar yurdunun paytaxtı Bakı olacaq. Birinci Avropa Oyunlarından bir il sonra ölkəmiz Ümumdünya Şahmat Olimpiadasına və Formula-1 üzrə Avropa Qran-Pri yarışlarına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Belə nüfuzlu yarışların təşkili yalnız ölkə idmanını deyil, həmçinin Azərbaycanın tarixini, adət-ənənəsini, mədəniyyətini, milli dəyərlərini və məxtbəxini bütün dünyada təbliğ etməyə imkan yaradır. Hələlik isə ölkəmizin qarşısında duran əsas məsələ Avropa Oyunlarının keçirilməsi kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməkdir. Əminik ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlar ölkəmizdə yüksək səviyyədə keçiriləcək, atletlərimiz doğma azarkeşlər önündə uğurla yarışacaqlar.

Türkay Niftəliyeva

Yazı Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.